İrəvan şəhərinin yavıqlığında Toxmaxangöl adlı müsəlman kəndinin dağılmaq xəbərini “Zaqafqaziya” qəzetində oxuduq.

Əhvalat belədir ki, otuz il bundan qabaq bir neçə müsəlman, şəhər yerini icarəyə götürüb, başlayıblar əkinçiliklə güzəran eləməyə və həmin yerdə dam-daş tikdirib, bir balaca kənd salıblar. İndi şəhər idarəsi müsəlmanlara deyir ki, “çəkilin gedin buradan!”. Kəndlilər soruşurlar ki, “biz ki, icarə pulunu tamam-kamal veririk, nədir bizim günahımız ki, bizi kəndimizdən qovursunuz?”. Şəhər idarəsi cavab verir ki, “kefimiz belə istəyir”. Müsəlmanlar möhlət istəyirlər ki, özlərinə bir özgə yer tapsınlar və evlərini öz əllərilə söküb dirək-pərdilərini və akoşkalarını çıxardıb aparsınlar. İdarə möhlət vermir və bir neçə gün bundan qabaq bir dəstə adam göndərib kəndi dağıdır.

Müsəlmanlar qaçırlar İrəvana ki, İrəvan müsəlmanlarından haray istəsinlər. Amma görürlər ki, cavan bəyzadə və xanzadələr dəstə-dəstə faytona minib, gedirlər vağzala ki, Tiflisdən gələn rus qızlarını faytona mindirib aparsınlar kefə. Kəndlilər hər bir tacirin və hacı-məşədinin yanına gedirlər ki, sözlərini desinlər, – hamısı bunlara cavab verir ki, “itil cəhənnəmə!”.

Sonra kəndlilər gedirlər məscid çarsusuna və görürlər ki, camaat məscidə tərəf hücum çəkib. Kəndlilər də camaatın dalınca gedirlər göy məscidə ki, bəlkə orada bunlara bir tədbir tökən ola. Şəhərin vaizi çıxır minbərə və üzünü camaata tutub deyir:

“Taleyi cövza – yəni müsəlman bəndələrin bəzisi cövza taleyində olurlar; yəni hər kəs ki, cövza taleyindədir, xoşbəxt adamdır və həmişə xoşbəxtlik ilə gününü keçirir, amma bu şərt ilə ki, ürəyində olan dərdini heç kəsə söyləməsin; ondan ötrü ki, dərdlərə dərman edən tək bir Allahdır və bəndəyə dərdi söyləməklə heç bir əlac ola bilməz!”.

Toxmaxangölü dağıtdılar. Deyirlər ki, həmin gün yağış yağırdı, hava da bərk soyuq idi. Övrətlər əmcək uşaqlarını bağırlarına basıb tökülmüşdülər küçəyə. Balaca uşaqlar ayaqyalın, titrəyə-titrəyə və ağlaya-ağlaya pərən-pərən düşmüşdülər.

İrəvanda yaşayan müsəlman qardaşlar bunu bilirlər; dəxi onlara bizim deməyə bir sözümüz yoxdur. Amma biz qeyri yerlərdə olan müsəlman qardaşlara istəyirik bir neçə söz deyək:

– Kəndlilər İrəvan şəhərini başdan-axıra kimi gəzib hər bir müsəlmana ki, pənah gətirdilər, hamısı cavab verdi ki, “itil cəhənnəmə, mənə nə borcdur!” Amma bu saat İrəvanda çox mömünlər var ki, “Molla Nəsrəddini” ehtiyatla bükür kağıza və bir cavan adam tapıb deyir ki, “al bunu, oxu görək Molla nə yazır”. Cavan soruşur ki, “niyə özün oxumursan?!”. Mömün cavab verir ki, “murdardı”.


Yer üzündə mənim xəyalıma heç bir millət gəlmir ki, onun gözünün qabağında qardaşlarının kəndini dağıdıb övrət-uşağı çölə tökələr və o millət kənardan durub baxa.

Ölmədik, bunu da gördük!..

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 30 mart 1908, №13

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Müsəlla

Necə ki, bu il Azərbaycanın hər bir guşəsindən quraqlıq xəbəri gəlirdi, Cavanşirdə də bu il yağış olmadı. Və taxılların çox hissəsi və ot-ələf habelə susuzluqdan yanıb tərk oldu.Və heç bir yandan bir çarə gözləmək mümkün olmadı, Allahdan başqa. Çünki bunlar hamısı xaliqa-ləm-yəzəlin öz ixtiyarındadır: istər yağışı yağdırar, istər yağdırmaz. Əgər durub soruşsan ki, niyə bu qədər öz yaratdığın aciz bəndələrin çörəyini məhv-nabud edirsən və ac qoyursan və əgər soruşsan ki, göylərdə saxladığın yağış anbarlarının müftəcə suyundan niyə yer üzünə çalamırsan ki, onlar da sirab olsun, heyvanat da sirab olsun və əgər sən bu taxılları bir neçə nəfər binamazın ya komsomolun, ya üzüaçıq dərsə gedən islam qızlarının acığınamı yandırırsan, elədə bəs min-minlərlə mömin və dindar qırmızı saqqal hacı və kərbəlayıların taxıllarının günahı nədir?

2 dəq
Peyğəmbərlik, ya ki kişmiş davası

Mən qabaqlarda mollalardan çox şikayətçi və narazı idim; çünki görürdüm ki, bu fırıldaqçılar, doğrudan da, dünyada hər bir insan peşəsini tullayıb özlərini qoyublar adam aldatmağa ki, nə bilim cənnət belə gəldi və cəhənnəm belə getdi.Hətta, Allah şahiddir ki, mən həmişə öz qələmimlə hər yeri düşəndə və fürsət vaxtı gələndə mollaları pislərdim.

2 dəq
Ədəbli təziyə

Məhərrəmlikdə çığır-bağır salan və başlarını yaran bambululardan mənim xoşum gəlmir. Çünki onlar savadsız və nadandırlar. Mənim xoşum elmli və ədəbli intelligentlərdən gəlir. Çünki bunlar məhərrəmlikdə başlarını yarmayırlar. Çünki bunlar oxumuş adamlardırlar. Ancaq bunlar bir yüngülvarı yas saxlayırlar. Çox ədəbli və üslublu təziyədarlıq edirlər.Doğrudan da nə vəhşilik, baş yarmaq və nə cana qıfıl keçirmək, bunların heç birinə nə Allah razıdır, nə imam.

2 dəq
Aşura oğruları

İki ildir ki, Şura hökuməti küçələrdə dəstə tutub baş çapmağa mane olur. Təəccüb burasındadır ki, həmin bu iki ilin aşura günlərində çox evlərdə oğurluq olmuşdur. Məsələn, bildir aşura günü ki, baş yaran olmadı, Təzəpir məhəlləsində və habelə qeyri məhəllələrdə on yeddi yerdə oğurluq müşahidə olundu. Məşədi Orucun evindən xalça oğurlandı, bir evdən qaynar samavarı lotular aparmışdılar. Keçəllər məhəlləsində axund Cəfərin evini yarmışdılar. Ərdəbillilər məscadindən mücavirin başmaqlarını aparmışdılar. İmamverdi məhəlləsindən Fatma xalanın corablarını oğurlamışdılar.Xülasə, belə-belə on yeddi yerdə oğurluq baş vermişdi. Bu hələ müsəlman məhəllələrinin oğurluğudur, yəqin ki, qeyri məhəllələrdə də o gün belə işlər törəyibdir.

3 dəq

Başqa şairlərin şeirləri · Satira