Müsəlman ürəfa və danişməndlərinə
Səhifə 1 / 2
Xitabnamə
Müsəlmanlar!
Budur, tamam iki aydır ki, “İrşad” qəzeti tətil olunmuş, haman o “İrşad” ki, bizim bu qədər geri qalmış, bu qədər cəhlü cəhalətə düçar olunmuş millətimiz üçün bir mənbəi-nicat və fəlah, bir mövqeyi-ümmid və xilas idi! Haman o “İrşad” ki, bizi tərəqqi və təali, mədəniyyət və insaniyyət caddəsinə daima dəvət etməklə bizim səadət və xoşbəxtliyimizə rəhbər idi!
Ümum camaat qəzeti olub da bu ruznamə bir qəribə cürət və fədakarlıqla millətimizi oyatmağa başlamışdı. Və bunun üçün heç bir şeyi və heç bir kəsi mülahizə etməyib hər bir sinfin, hər bir təbəqənin, hər bir fərdin eyiblərini biduni-riya və qəl-qəş aşkar edərdi. Ən əvvəl, ən çox biz ürəfa danişməndlərin eyiblərin zahir edirdi. Ümumən hər bir millətin, xüsusən müsəlman millətinin tənəzzül və puç olmasına səbəb ədəbi-elm və fənn, ədəmi-mədəniyyət və tərəqqi olduğunu düşünüb də bu qəzet bir daiyi-həqq kimi ələddəvam bizi bu mədəniyyəti, bu ülum və fünunu əxz etməyə dəvət edərdi.
Bununla bərabər, məzkur qəzet əsl mədəniyyət nədən ibarət olduğunu və mədəniyyətin ənasiri nə olduğunu qəlbən və əqlən ehsas etdirib camaatımızı onlar ilə məftun edərdi. “İrşad”ın sayəsində camaatımız başlayıb düşünür idi ki, islamın və millətin səadət və nicatını bir taqım müzəxrəfat və övhamatı, bir taqım təsisat və səfsətələri mühafizət etməkdə olmayıb bərəks haman səadət və nicat, haman bu müzəxrəfat və övhamatı, haman bu təsisat və səfsətələri bitərəf edib də qədim müsəlmanların malı olan və əlan yevropalıların əlində bu dərəcədə tərəqqi və fəali etmiş ülum və fünunu əxz edib sürəti-tamam ilə qabağa hərəkət etməkdən ibarətdir! Bununla bərabər, “İrşad” bizə sübut edirdi ki, əsl islam, əsl Quran, əsl dini-Məhəmməd bu tərəqqi və fəaliyə mane olmayıb bərəks özləri məzkur ülum və fünunu əxz etməyi müsəlmanlara fərizə etmişlər! Ancaq Quranda xəbər verilmiş gözü korlar, qulaqları karlar, qəlbləri daşlar və islamı və Quranı öz namusları kimi mətai-dünyaya satanlar dini-mübini Məhəmmədini qeyr bir tərzdə bəyan edərlər!!
Bu millət daisinin bu qədər cəhd və səyi sayəsində millətimiz yavaş-yavaş cünbüş və hərəkətə gəlib başladı min illərdən bəri uyqu tutmuş gözlərini açmağa və ən əvvəl biz oxumuş ürəfa və danişməndlər millətimizə olan borclarımızı başladıq düşünməyə. Biz ilə bərabər bizim pişrövlərimiz ki, ibarət olsun bəylərimizdən və xanlarımızdan və ruhanilərimizdən millətin ehtiyac və dərdlərini düşündülər. Millət özü də bir dərəcədə ayılıb öz gələcəyinin fikrinə qalmağa şüru etdi. Hər yerdə şuralar, məclislər tərtib olundular. Məktəblər, qiraətxanalar, nəşri-maariflər, darül-ehsanlar güşad olunmağa başlandı. “İrşad”ın nüfuzu günbəgün, saatbasaat artırdı. Onun təsiri Qafqaz dairəsindən çıxıb da qonşumuz islam vilayətlərinə də sirayət etmişdi və hər yerdə ümum islam millətinə qəribə bir feyz, qəribə bir bərəkət vermək idi.
Təbiidir ki, bu haləti görüb də cümlə o kəslər ki, islam millətinin tərəqqi və fəalisinə, səadət və xoşbəxtliyinə düşməndirlər, cümlə o zatlar ki, öz səadət və xoşbəxtliklərini, öz şən və ehtiramlarını, öz mal və canlarını, öz sitvət və hökmdarlıqlarını millətimizin cəhl və cəhalətinə məğruq olub da zillət və xarlıqla yaşamasından əxz edirlər, “İrşad”a hücum edib “İrşad”ı məhv və nabud etməyə əllərindən gələni etdilər. Osmanlıda cümlə islamın nöqteyi-ümidgahı olan osmanlı millətini soyub yeyən hakimlər “İrşad”ı qədəğən etdilər. İranda İran hakimlərinin təvəqqe və xahişinə görə “İrşad”ın müdirindən iltizamnamə aldırdılar ki, min bəd İran barəsində yazmasın. Öz evimizdə, yəni Qafqaz dairəsində “İrşad”ın və müdirinin barəsində danoslar yağış kimi yağıb çapxanasını, evini axtarıb, hətta müdirini Qafqaz dairəsindən xarici-bələd etmək fikrinə düşdülər.
Lakin “İrşad” dayanmadı və heç bir şeyi nəzərə almayıb öz məsləkində davam etdi. Bu qəzetin sidqü səfası, camaata olan bitəmənna fədakarlığı, mədəniyyət və tərəqqiyə xülusi-millətimizin mənafeyini mühafizət etmək üçün heç bir şeyi nəzərə almayıb ələddəvam mühəyya olması bu qəzeti millət qəzeti etmişdi. Məgər yaddan çıxıb o halətlər ki, camaat “İrşad”ın nömrələrin həsrət və intizar ilə gözləyirdi! Məgər yaddan çıxıb o halətlər ki, camaatımız “İrşad”ı nə həvəs və sövq ilə oxuyub hər sətrinə, hər bir sözünə və hətta hər bir nöqtəsinə diqqət edirdi. Bu qış Qafqazda etdiyi səyahət əsnasında “İrşad”ın müdirinə olan ehtiram heç bir camaat işinə məşğul olan müsəlmana şimdiyədək olubdurmu? Biz o vaxt bu halətləri görüb də qəlbən şad olurduq və güman edirdik ki, “İrşad” yavaş-yavaş böyüyüb də axırda müsəlmanlar üçün haman tövr olacaq, necə ki, gündə altı milyon nömrə çap olunan “Tayms” qəzetəsi ingilislər üçündür!
Lakin va əsəfa!
Haman “İrşad” bu gün yoxdur!!
Əvvəl dəfə bu xəbər qulağımıza çatdıqda biz bavər etmədik! O qədər bu xəbər qəribə, qeyri-mümkün hesab olurdu! Bizim təəccüb və heyrətimizə intəha yox idi! Və doğrusu, əvvəllərdə bizim cümlə hiddət və qəzəbimiz, cümlə açıq və nifrətimiz “İrşad” qəzetinin müdir və sahibi-imtiyazı olan Əhməd bəy Ağayevin tərəfinə oldu! Biz əvvəlcə belə güman etdik ki, əgər “İrşad” yoxdur, səbəb haman cənab Ağayevdir! Yəqin ki, bu cənab işini apara bilməyib!
Lakin bir az keçdi! Əhməd bəy Ağayev Qafqaz qəzetlərində “İrşad”ın bağlanması barəsində bəyanat yazdı, biz bu bəyanatı oxuduq! Oxuyub da həm utandıq, həm də xəcalət çəkdik! Həm özümüzün yerinə, həm də millətimizin yerinə!
Bir fikir edin! Bu qədər camaat sevgilisi qəzetin müdiri və sahibi-imtiyazı özünə müalicə etmək üçün beş yüz manat tapmayıb da on iki prosent ilə pul götürüb müalicəyə gedir! Ar və eyib deyilmi bu! Əgər bir kəs moltanıya belə qulluq etsə əqəllən müalicə pulundan möhtac olmazdı! On dörd ildən bəri cənab Ağayev kimə qulluq edir? Bizə deyilmi? Hankı bədəni, hankı əsəbləri, hankı qanı müalicə etdirir?! Haman o bədəni, o əsəbləri, o qanı deyilmi ki, bizim yolumuzda fəda edib! Bircə bu üç ildən bəri Ağayev çəkdiyini yad-bud edək! Millətimiz bəlayi – nagəhanə düçar olduğu günlər Tiflisə, Peterburqa, cürbəcür məclislərə, millət işlərinə haman Ağayevi göndərmirdikmi! Buna da kifayət etməyib tərəfi-müqabil yazdıqları mətləblərə paytaxt və Qafqaz qəzetlərində cavablarını genə haman Ağayevdən gözləmirdikmi?! Bəli!! O vaxtlar onun yazdıqlarını, onun nitqlərini oxuyub xoşumuz gəlirdi, afərin deyirdik, ürəyimiz arxayın olurdu!! Pəs şimdi?! Yox! Yox! Ağayev öz borcunu, öz vəzifəsini millətə nisbət axıradək və hətta gücündən artıq əncama gətirib! Onun bəyannaməsi ürək qanı ilə yazılmış bir nalədir! Təngə gəlmiş və yorulmuş bir ruhun əfğanıdır!! Ağayev əlindən gələni edib! Hər qapını döyüb, hər kəsdən kömək istəyib! Axirüləmr heç yerdən, heç kəsdən bir mədəd görməyib, naümid olub işdən geri durmuş!
Lakin əsl günah, əsl eyib biz müsəlman ürəfa və danişməndlərində deyilmi?! Biz günahkar deyilikmi ki, Ağayevi meydani-mübarizədə tək qoyub vaxtında köməyə gəlmədik?! Ağayevin bəyannaməsi bizim üçün böyük bir tənbehnamə deyilmi?! Haman bu bəyannamə bizim və millətimizin vicdan və insafının üzərində dünyalar durduqca daimi bir damğa olmayacaqmı?!
Müsəlmanlar!
Oxudunuzmu və yainki eşitdinizmi Qafqazda və Rusiyada çap olunan xarici qəzetlərdə “İrşad”ın bağlanması xüsusunda yazılan məqalələri?! Oxudunuzmu, eşitdinizmi bizə xaricilər tərəfindən olan məzəmmətləri, töhmətləri?! Və əgər oxudunuzsa, eşitdinizsə sizin qeyrət və namusunuz bunlara tab gətirəcəkmi?!
Məgər bizdə o qədər qeyrət və namus-milliyyə olmayacaq ki, əqəllən bu töhmətlərin, bu məzəmmətlərin altından çıxaq və aləmə sübut edək ki, bizdə qeyrət, həmiyyət var!!
“İrşad” qəzetinin gələcəyi böyükdür! Heylə bağlanan günü bu qəzetə üç min altı yüz çap olunurdu. Bizim yəqinimizdir ki, iki-üç ilin əsnasında bu ədəd birə iki olub öz-özünü saxlar!
Pəs cümlə mətləb, cümlə məsələ bundadır ki, bu qəzetəyi iki-üç il himmət edib saxlayaq!!
Və bundan ötrü ən diqqətli hesaba görə ancaq ildə on beş min manat lazımdır.
Bu məbləğ ilə həm “İrşad”ı və həm onun həmməsləki olan və xaricilər müqabilində müsəlmanları mühafizət etmək üçün bina olunmuş rus dilində çap olunan “Proqress” qəzetini aparmaq olar.
Pəs bu məbləği hüsula gətirmək üçün biz zeyldə dəst-xətt yazan firqeyi-ürəfa və danişməndlər bu fikrə düşdük ki, bir “Nəşri-mətbuat” şirkəti qayırıb məzkur qəzetləri ehya edək.
Bu şirkət ibarət olacaq əqəllən iki yüz adamdan; hər bir üzv üç ilin müddətində ildə yetmiş beş manat üzvlük haqqı verəcək: bu yetmiş beş manatın yarısı ilin bu başı, o biri yarısı ilin o biri başı veriləcək. Qəzetlərin cümlə maliyyə və idarə cəhəti şirkət tərəfindən intixab olunmuş heyətin əlində olacaq.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-muselman-urefa-ve-danismendlerine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Amma bu zalım Orenburq tatarlarının içindən qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın. “Din və məişət” jurnalının birinci nömrəsində “Səddiqüləmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,
ÜləmaBəndə ömrümdə çox moizələr, çox xütbələr eşitmişəm; lakin tasua günü “Səadət”də fəxrül-islam olan Axund Molla Ələkbər cənablarının moizəsi kimi bir moizə hələ eşitməmişəm. Bu moizə insanın ruhunu guya quş qanadları üstünə alıb, cümlə avam insaniyyəti seyr etdirir idi və insan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb, özündə bir ülviyyət, bir əzəmət hiss etməyə məcbur edirdi.Bilmirsiniz axund həzrətləri nədən danışırdı?
Küflə qurdu“Tərəqqi”nin 25-ci nömrəsini oxuyanlarla bir az söhbət edək.Bəli, Aşqabadda mərsiyəxan Hacı Molla Əbdüləli camaata söz verir ki, şami-qəriban gecəsi qabaqca Firudini və Müzəffəri məktəblərinə pul yığsın, sonra özünə pul istəsin.
Bisavad“Bisavad” bəzi vaxt pis sözdü, bəzi vaxt yaxşı sözdü. Elə adam var ki, ona “bisavad” desən – inciyər. Elə adam var ki, sən deməsən də özü döşünə döyə-döyə deyər “Mən bisavadam”.Adamına baxar və yerinə baxar.
Başqa şairlərin şeirləri
Rübailər**Ey mərifətin baği-səhanın səməri,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat