Oğru inək
Səhifə 1 / 2
Atı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini.
Atalar sözü
Qaraqılçıq kəndində bizim yaxın qohumlarımız yaşayır. Onun üçün də mən il olmaz ki, oraya qonaq getməyəm.
Şəhər yerində qara-quraya baxmaqdan insanın hövsələsi daralır; ona görə də bir bəhanə axtarır ki, böyük şəhərdən bir neçə gün uzaq olsun. O biri tərəfdən də, kənd aləmində gahdan bir elə bir zövq və səfa üz verir ki, onu böyük və qalmaqallı şəhərdə heç vaxt tapa bilməzsən.
Uzun aylarnan şəhərdə beynini yazı-pozu ilə yorandan sonra, birdən görürsən ki, səhranın ortasında, təmiz və saf havada, quşların və heyvanların içindəsən. Əkinlər, sular, ağaclar və yarpaqlar… Gör hara gəlib çıxıbsan? Harada qaldı böyük şəhərin dar küçələri ki, camaatın əlindən səkidə yol tapıb, keçmək mümkün deyil.
Xülasə.
Qaraqılçıq kəndində pambıqlar hələ yığılmaqda idi. Hava çox xoş keçirdi və sübh tezdən durub, tüfəngləri götürüb gedirdik dovşan ovuna. Dovşan ovu deməkdə, məqsəd dovşanı vurub, onun ətini yemək deyil; bir surətdə ki, bizim müsəlman arasında dovşanı heç layiqincə bişirib ortalığa çıxarmağı bacaran yoxdur. Ancaq ovun da ləzzəti bir canlı şeyi candan salıb onu ələ gətirməkdir ki, evə qayıdıb gələndə oğul-uşaq sənə gülüşüb deməsinlər ki, “bah, buna bax; maşallah ovçularımıza!..”.
On üç gün mən Qaraqılçıq kəndində qaldım və bu on üç günün bir həftəsinə kimi dovşan vurub gətirmək və onları parçalayıb köpəklərə verməklə keçirtdim. Qalan həftəni də bizim qohumların “oğru inək” adlı bir inəyi ilə məşğul oldum.
Əhvalat bu qərar ilədir:
Bir neçə gün kənddə vaxt keçirdəndən sonra gördüm ki, səhərlər çayın yanına yekə bayda dolusu qaynar süd gələndə “oğru inəyin südü” deyib danışırlar.
Mən bu söhbətə diqqət verdim. “Oğru” sözünü insanlar barəsində eşitmişik və heyvanların da bir parasının barəsində eşitmişik; necə ki, məsələn, oğru pişik, oğru it. Quşlardan da sağsağan və qeyriləri də oğru ola bilər. Amma bunu bilmirdim ki, inək necə oğru ola bilər və nəyi oğurlaya bilər.
Bir gün sabah çayını içəndən sonra əmoğlumla həyətə çıxdıq və mənim xahişimə görə o məni apardı inəyi göstərsin və onun oğurluğu barəsində məlumat versin. Həyətin kənarında, bağın qapısının yanında, uzaqdan bir boz inək görsənirdi. Əmoğlum mənə dedi ki, “oğru inək” dediyim – haman o inəkdir.
Gəzə-gəzə getdik yaxınlaşdıq. İnək qoca idi. Bir buynuzu da dibindən qırılmışdı. Bir buynuzunun yarısı da sınmışdı. Bir gözü lap yumulu idi; kimsə vurub çıxartmışdı. Əmoğlum inəyin o tərəfinə ötüb heyvanın dal qılçasında bir çapılmış yer göstərdi: keçən vaxtlarda hansı nainsaf dəhrə, ya xəncərlə yaralamış imiş.
Bunların hamısı öz qaydasınca. Ancaq mən onu bilmək istəyirdim ki, indi gündüz vaxtı inək nə səbəbə çölə otlamağa getməyib, evdə qalıbdır? Bağlarda da bir şey yoxdur ki, heyvanın qarnı doysun; bir surətdə ki, indi heyvanlar çölə gedirlər və biçilmiş taxıl yerlərində, sovulmuş pambıq yerlərində, çör-çöpdən-zaddan tapıb qarınlarını doyuzdururlar.
Əmoğlum cavab verdi ki, inək toxdu, ona görə də qeyri heyvanlarımızla çölə getmək istəmir. Soruşdum:
– Necə yəni toxdur və nə yeyir ki, tox olur? – Əmoğlum cavab verdi ki:
– Həmin oğru inək gecələr xəlvətcə xalqın pambıq əkininə girir, qarnını doyuzdurur və səhər tezdən hava işıqlanmamış, qayıdıb gəlir. Payızın bu gödək günlərini də burada həyət-bacada gəzib dolanır və yatıb dincini alır.
Mən soruşdum ki:
– Pəs pambıq sahibi məgər gecələr pambığı başına buraxır? Məgər o pambığını heyvandan və oğru-əyridən gözləmir? – Əmoğlum belə cavab verdi. Dedi:
– Əvvələn, bu sözləri sən yavaş danış; çünki o pambıqlar ki, onların bərəkətindən, bax, bu kor inəyimiz gündə bir dolu sərnic süd verir, – o pambıqlar hamısı bizim qonum-qonşunun pambığıdır. Onlar hərçənd ki, bizim bu oğru inəyin hünərindən xəbərdardırlar, amma Allaha təvəkkül edib, bizim inəyin oğurluğunu uzaq pambıqlara isnad verirlər; yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapı-bir qonşularımızın pambığının bərəkətinə bağlıdır. Ona görə də mən səndən xahiş edirəm ki, indi biz ehtiyat üçün gərək yavaş danışaq.
Gəldik evə. Hava qarınlıqladı və çıraqlar yandı. Axşam çay ortalığa gələndə, genə bir kasada qaynar süd ortalığa gəldi və burada oğru inək gəldi durdu gözümün qabağında və mən çox istədim biləm ki, indi oğru inək haradadır və nə işə məşğuldur. Əmoğlum dedi ki, hələ həyətdədir; çünki hələ vaxtı deyil, yəni hələ oğurluğa getməyibdir. Soruşdum:
– Bəs nə vaxt cedəgək? – Dedi:
– Adamlar yatışandan sonra. – Dedim:
– Əmoğlu, bax, doğrusu, mən bir yazıçı adamam və bu bir neçə gün ki, burda sənə qonaq olub gəzib dolanıram və yağlı süd-qatıqlardan yeyib içirəm, bu öz qaydasınca. Və əlbəttə ki, şəhərə gedəndən sonra bu gözəl günləri həmişə arzu edəcəyəm. Amma burası var ki, biz bir yazıçı millətik, bizə yağ və pendirdən, süd və qaymaqdan da əfzəl yaxşıca tanımaq, təcrübə görmək lazımdır. Bizə gör-götür lazımdır. Bizə tema və mövzu lazımdır; yəni müxtəsər, bizim yazıçılıq karxanasında həmişə xammal lazımdır ki, karxanamız işləsin, bikar qalmasın. Bu gecə məndən yatdı yoxdu. Gərək bir bürüncək götürəm və sənlə gedəm, oğru inəyi səhərətək pusam və onun “fənd-felini” öyrənib sonra yazıya götürəm; ta ki, hər bir kəs bilmirsə, bilsin və eşitməyibsə eşitsin ki, inəkdən də oğru olarmış.
Elə də elədik. Qabaqca əmoğlum tənbəlləşib getmək istəmirdi. Mən çox təkid elədim və istər-istəməz razı oldu; birlikdə getdik.
Hərçənd ay işığı yox idi, amma hava o qədər də qaranlıq deyildi. Həyətin dibinədək getdik. Amma inək orada deyildi. Bağa girdik. Orada da inəyi görmədik. Əmoğlum dedi ki, inək yəqin ki, özünü veribdir pambıqların birinə. Amma hansı pambığa getməyini bilə bilmədik. Bağdan çıxdıq. Pambıq əkinlərinə tərəf gedirdik. Hava bir az soyuq idi. Mən üşüməyə başladım. Amma inəyin xasiyyəti məni o dərəcədə maraqlandırırdı ki, soyuqdan donsaydım da, genə inəyi tapmamış evə qayıtmayacaqdım.
Burada əmoğlum mənə dedi:
– Dayan.
Baxdıq ki, qabaqda bir heyvan qaraltısı görsənir. Əmoğlum dedi:
– Bu bizim inəkdir. Yəqin ki, burada Hüseynqulunun pambığına özünü vermək istəyir. Amma deyəsən pambıqda da adam var və adamın olmağını inək də duyubdur.
Biz bu sözü danışanda pambıq zəmisinin içindən spiçka işığı gəldi. Məlum oldu ki, doğrudan da pambıqda adam var imiş. Demək, oğru inək durub güdürmüş ki, Hüseynqulu pambıqdan çıxıb evinə getsin, sonra bu da özünü pambığa versin, ta səhərə kimi orada otlayıb qarnını doyuzdursun.
Söz yox ki, qonşuluqda bir belə mərdümazarlıq əmoğluma yaraşan şey deyildi; onun üçün də mən ona bir söz deməmiş, özü getdi inəyi qaytardı, gətirdi həyətə və istədi aparsın qeyri heyvanlarını saldığı pəyəyə salsın. Amma çox əlləşdi, inək ora getmək istəmədi; çünki vəhşi bir heyvan kimi çöldə “kallahı” dolanmağa çoxdan adət edibdir. Və bir də dedilər ki, pəyəyə onu zornan qatsan da qapısını-divarını uçurub dağıdacaq və qaçıb baş alıb gedəcək çöllərə otlamağa.
Mən özüm də bir qədər yorulmuşdum. Yatdıq. Və səhər dedilər ki, gecə oğru inək hara isə əkilib və qarnını doyuzdurub, sübh tezdən qayıdıb gəlibdir.
Oğru inəyin macərası bununla qurtarmadı. Mən kimi yazıçıya bu kifayət deyil ki, bir oğru inəyə rast gəldim, bir gecə də onun oğurluğunu gördüm və sonra gəldim yıxıldım yatdım, səhər də durdum, oğru inəyin oğurluqla yağlanan südünü çaya qarışdırıb ləzzətlə içdim, ayağa durdum.
Çox maraqlı, çox qəribə və çox bilməli bir məsələ budur ki, həmin Allahın heyvanı harada, nə vaxt və kimdən bu oğurluğu öyrənibdir.
Əmoğlum həmin oğru inəyi, yanında balası ilə iki il bundan qabaq qaraqılçıqlı Məşədi Nəcəfdən səksən bir manata almış imiş. Getdim, Məşədi Nəcəfi tapdım. O, inəyi bir il ondan qabaq qiyamədinli məşhur “oğru Musadan” almış imiş. Amma Məşədi Nəcəf, inəyin gecələr pəyəni dağıdıb oğurluğa getməyindən və kəndlilərin şikayətindən bezikib inəyi əmim oğluna satmış imiş.
İndi oğru Musanı tapmaq mənə lazım oldu. Qiyamədinli kəndi ilə Qaraqılçıq kəndinin arası təqribən altı-yeddi vers olar. Evə qayıtdım və əmoğlumdan xahiş etdim ki, bir at-yəhər özünün var, bir at-yəhər də qonşudan borc alsın.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ogru-inek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir il keçir, o biri il gəlir; 1329-cu il keçdi, 1330-cu il daxil oldu. Xaçpərəstlərin 1911-ci ili getdi 1912-ci ili başlandı.Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqələr hərəkət eləyir. Əbrü badü məhü xurşidü fələk dər karənd.
Pək eyiMənim dava-mərəkəynən işim yoxdur; mən bir fağır adamam… Ancaq bunu gücnən qəzetdə oxudum ki, İskəndərbəy Məlikov deyir: gərək biz türk dilimizdən “çox yaxşı” sözlərini ataq, onun əvəzinə osmanlının “pək eyi” sözlərini işlədək.Mən elə hazır idim İskəndərbəyin nəsihətini qəbul eləyəm və yenə elə hazıra yavığam, amma bir iş qabağımı kəsib.
ÇiçəkBir müsəlman kəndinə, müsəlman məhəlləsinə “çiçək” kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırlar qırılmağa. Çox vaxt olur ki, naxoşluq elə o vədə qurtarır ki, dəxi o kənddə, o məhəllədə bir nəfər də uşaq qalmır.Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara “çiçək” döyülməyibdir.
Tök!– Tök, mən ölüm tök, şəriət sahibinə qurban olum: namazımı öz vaxtında qılıram, orucumu tuturam, bu bir stəkan çaxırımı da, əlbəttə, Allah mənə bağışlar, günah yazmaz. Götür, götür stəkanı. Sağ ol, içirəm sənin sağlığına!Ata və anam sitayiş etdiyi dini mən də müqəddəs tuturam və arzu edirəm ki, cəmi müsəlman qardaşlarım Allah-taala göstərdiyi yolla gedib müsəlmançılıqda bərqərar olsunlar. Amma bununla bərabər, piş əzvəqt camaatımızın tərəfindən üzr istəyirəm və şəriət sahibinə iltica edirəm ki, bir para ümmətlərinin günahından keçib, qeyri mömün qardaşlara bağışlasın.
Başqa şairlərin şeirləri
Gəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng
Sübhün çağı bir hikmətə tuş oldumSübhün çağı bir hikmətə tuş oldum,Desəm inanmazlar, sirri-sübhandı.
Əlvida, Qaqra!Əlvida, gözəl Qaqra!Həmişə yaşıl olan
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni