Qəza müxbiri
Hekayəni başlamazdan əvvəl bunu demək lazımdır ki, bizim qəzetçilikdə bir mühüm məsələ var ki, o məsələyə indiyə kimi, necə ki, lazımdır, diqqət verilməyibdir və qaydaya qoyulmayıbdır.
O məsələ də qəza müxbiri məsələsidir. Necə ki, məlumdur, bir də görürsən, uzaq qəzaların birindən bir nəfər cavan qəzet idarəsinə yazır ki, “Mən filankəsəm, filan yerdə yaşayıram, filan qədər savadım var, o filan yoldaşlar da məni tanıyır”. Bu qədərcik məlumatla kifayətlənib qəzet idarəsi həmən cavana müxbirlik vəsiqəsi göndərəcək və bundan sonra təzə müxbirimizdən gələn məktub və məqalələr “daşdan keçəcək”; ağına-bozuna baxılmayıb çapa veriləcək. Axırda məlum olacaq o cavanın yazıçılığa heç bir ləyaqəti yox imiş; özünü bu dona salmaqdan onun məqsədi bir para qonşuları ilə hesablaşmaq imiş. Onu bu yola vadar edən onun qərəzi-şəxsisi imiş. Nəticədə ortalığa elə bir böhtan atılır ki, qəzet idarəsi üçün böyük bir məyusluq və peşmanlıq üz verir.
Belə olan surətdə bu cür vicdansız müxbirlərin belə bir layiqsiz hərəkəti həqiqi və doğru-düzgün müxbirlərin də adını xarab edir; “yaşlar da qurunun oduna yanır”. Bundan sonra qəzet idarəsi özü də məəttəl qalır ki, kimə inansın və kimə inanmasın.
Hal-hazırda mənim bu məsələyə əl vurmağıma bais, həmən Kazımın “Sünnət toyu” məsələsidir ki, neçə ay bundan qabaq möhtərəm oxucularımız qəzetlərdə bunu oxumuş olsunlar gərək.
Əhvalat bu qərar ilədir.
“Növbahar” qəzetinin 16 fevral tarixli və 33 nömrəli bir nüsxəsində “Kazımın toyu” sərlövhəsilə bir məqalə dərc olunmuşdu.
Məqalə sahibi yazır ki, Qarabağda, Ağdam qəzasında, Kəhrizli kəndində iki nəfər elə yaxın məhəbbətli dost var idi ki, bunların arasından qıl da keçməzdi. Bu iki dostun birinin adı kənd şura sədri Əkbər Qurbanov və digərinin adı məzkur kənd sakini Kazım Məmməd oğludur.
Bunların dostluğu çox da köhnə və o qədər də təzə deyil; ancaq ki, ya üçjə il qabaq o vaxtdan başlayır ki, Əkbər Qurbanov hələ şura sədri deyildi. Ancaq bir sadəcə zəhmətkeş rəncbər idi.
Amma o zaman ki, bu zəhmətkeş yoldaş görür ki, hər bir şura sədrinə “kəndlilər baş əyirlər, itaət edirlər və bundan əlavə hər bir fürsət düşəndə peşkəşdən-zaddan da alırlar.
Bunların hamısını tərəziyə qoyub, öz xəyalında samballayandan sonra Əkbər Qurbanov yoldaş bu əqidədə qərar tutur ki, şura sədri olmaq hər cür əkinçilikdən mənfəətlidir: nə afət və bəlası var, nə naloq-maloğu var, nə yanğısı və nə də həftələrlə növbəyə durub, aj heyvanların dərdini çəkmək var ki, görüm nə vaxt mənə bu növbə çatacaq ki, pambığımı qapana qoysunlar, növlərə (sortlara) ayırsınlar, ağırı yüngül çəksinlər, yüngülü ağır çəksinlər. Nə vaxt kefləri istədikdə məni və ac heyvanlarımı yola salsınlar.
Bunların hamısını mülahizə edəndən sonra Əkbər Qurbanov yoldaş kənd şura seçkisi yavıqlaşanda özünü verir kənd qolçomaqlarının yanına, necə ki, atalar deyiblər: “Koxanı gör – kəndi çap” və burada Əkbər yəqin edir ki, qolçomaqsız iş keçməyəcək. Hər kənddən özünə bir “arxa” gözaltı eləyəndən sonra Əkbər Qurbanovun işi lapca düzəlir. Kazım Məmməd oğlunun köməyi [ilə] Allah tək bircə Kəhrizli kəndindən Əkbərə səs verən olur ki, şura sədrliyi Əkbər Qurbanovun üstündə qalır.
Bu münvalla Əkbər Qurbanov kənd şurası sədri olur.
Şura sədri olandan sonra Əkbər Qurbanov yoldaş baxıb görür ki, indi daha o, adsız-sansız bir rəncbər deyil; indi o çox böyük bir adamdır. Hər yanda hörmət, itaət, qapısı ağzında bütün günü şikayətçi və gahdan bir quzu mələyir, toyuq-cücə də qaqqıldayır, puldan-paradan da olur. Bəs bunların müqabilində şükrani-nemət lazım, yaxşılığı itirməmək lazım, çünki bu işlər bihudə deyil. Kazım Məmməd oğlu kimi dostları bugünkü gündə yaddan çıxarmamaq, bivəfa olmamaq və atalar deyən kimi: “Yaxşılığa yaxşılıq mərd adamın işidir”, “Hər nə əkərsən, onu da biçərsən”, “Qoy ovcuma, qoyum ovcuna”, “Dostun səni aş ilə, sən onu bozbaş ilə” və qeyriləri...
Bir gün Qurbanov dadaş qulluq işindən sonra gəlir Kəhrizli kəndinə və atını sürür düz Kazımgilə. Çay-çörək və şirin söhbət arasında məlum olur ki, Kazımın təzəliklə bir oğlu olubdur.
– Ay kişi, nə söylüyürsən?
– Bəli, Allah mənə bir oğul kəramət edib.
– Ay gözün aydın, bəs adını nə qoymusan?
– Sevdimalı.
– Ay, Allah onu pir eləsin, Allah onu sənə çox görməsin.
Çay-çörək yığışandan sonra ispalkom yoldaş çubuğunu sora-sora rəfiqi Kazıma belə deyir:
– Kazım, mənim xəyalıma bir şey gəlir.
– Nə gəlir?
– Sevdimalıya gərək sünnət toyu eləyək.
Kazım bir qədər gülümsünür və deyir:
– Nə ərz eləyim? Amma uşaq balaca deyilmi?
– A kişi, mən toy deyirəm. Uşağın balaja olmağının bura nə dəxli var?!
– Nə deyirəm məsləhət sənindi. İstəyirsən toy elə, istəyirsən yapış uşağın əlindən apar başını kəs, ya apar sal quyuya. Uşaq sənindi, sənin nökərindi.
Və həmin gün axşam vaxtı kəndin toy podratçısı Həsən Nəsir oğlunun evində məsləhət qurulur, toy tədarükü görülür, siyahı tutulur. Ağdama yağ, düyü üçün adam gedir, toyçuların dalınca atlı çapır və ayın iyirmi dördündə Kazımın həyətində toy başlanır. Qazanlar qurulur, qoyunlar kəsilir, bəy tikilir və qonaqlar da bir ucdan gəlməkdədirlər; belə ki, iki-üç günün müddətində Kəhrizli kəndində at kişnəməsindən qulaqlar tutulur.
Toyun rejissoru (toy babası) Həsən Nəsir oğlu özü idi. Onun “zam”ı (köməkçisi) Əlibala oğlu Şahmar idi. Toyun “özündən bəyi” Camal Məmməd oğlu idi. Onun yasovulu İmran idi.
Çalmaq, çağırmaq, oynamaq, gülüşmək, yallı getmək... “Ura-ura” asimana bülənd olmuşdu. Yaxşı da pul yığılırdı; çünki hamı bilirdi ki, bu toy ispalkom Qurban dadaşın dəsgahıdır, onun qorxusudur və bu səbəbə heç bir kəs artıq pul verməyi müzayiqə etmirdi, çünki itən yerə getmirdi. Pulun yığılmağı da “cərimə” üsulu ilə icra olunurdu; məsələn: Əbdül Kərim filankəsin yarasını yaxşı bağlamayıb, on manat cərimə cəld alınır. Fətəli kişi Sevdimalıya qaymaq göndərməyib, beş manat cərimə cəld alınır. Əliş toyun buğdasını dəyirmanda üyüdəndə “şahad” alıb, on manat cərimə. Filandan on beş manat cərimə, kasıb-kusubdan kimidən beş manat, kimidən üç manat, lap kasıblardan bir manat, iki manat, yarım manat. Hallı-halına görə.
Və üç günün müddətində bu minvalla cəm olan pulların miqdarı beş yüz altmış bir manat on dörd qəpik oldu.
Allah bərəkət versin!.. Kəndlilərin iqtisadi vəziyyətini nəzərə alanda, – bir surətdə də ki, heç hökumət vergisini vaxtlı-vaxtında verə bilmirlər, – bir bu qədər pulun cəm olmağı yenə böyük işdir; yəni “Allah bərəkət versin”dir.
Bu məqalə “Növbahar” ruznaməsində çap olunandan sonra, ispalkom yoldaş və onun rəfiqi Kazım Məmməd oğlu başlayır məqalə yazanı axtarmağa ki, onunla bacardıqları kimi hesablaşsınlar. Zənləri də bir-iki yerə gedir: əvvəl kənd müəllimindən bədguman olurlar və bir qədər onu incitməyə başlayırlar. Belə ki, onun əkininə su vermirlər, məktəb nazirinə ondan şikayət edirlər: “tez-tez Ağdama gedir”. Və hələ bir qədər də “Məmmədli” tayfasının məktəbə gedən uşaqlarını məktəbdən götürürlər (yəni: məktəbi baykot edirlər). Amma “Növbahar” idarəsindən məqalə sahibinin adını soruşduqda oradan cavab gəlir ki, məqaləni yazan bir nəfər “Qəzi”dir. Qəzi də həmən kənddə qədim mülkədar oğludur ki, indi komsomoldur. Bu da başlayır and içməyə ki, o məqalədən mənim xəbərim yoxdur.
Hər halda iş-işdən keçib: məqalə yazılıb və məqalə sahibi məlumdurmu, Qəzidirmi, bizim üçün əhəmiyyəti yoxdur. Ancaq bizim sözümüz o yerdədir ki, hər bir müxbir ki, qələmi alır əlinə və kənd məişətindən yazmaq istəyir, heç vaxt iki şərti unutmasın:
Birinci budur ki, böhtan, böhtan yazmasın.
İkinci də budur ki, böyüklərə sataşmasın.
Və Kazımın sünnət toyuna gəldikdə biz güman edirik ki, belə bir fəqərənin təfsilatını qəzetlərə yazıb çap etməyin mənası yoxdur. Buna da iki səbəb var: birisi budur ki, ispalkom kimi və Kazım Məmməd oğlu kimi hörmətli şəxslərə toxunur. İkincisi də budur ki, həmin toy əhvalatı doğru da olmuş olsa, burada məzəmmət olunası bir şey yoxdur; o səbəbə ki, hər bir kəsdən beş manat, on manat yığmaqla ki, bir adam dövlət sahibi olacaq, – nə eybi var, bu da iqtisadi qanunların bir növüdür.
Necə ki, atalar da deyiblər: “Hər kosasaqqaldan bir tük çəkib topasaqqala versək, bunun saqqalı daha da top olar” və genə atalar deyiblər ki, “Hər lütdən bir sap çəksən, köynəkli adama artıq bir göynək də çıxar”.
Gülübəy
“Kəndli” qəzeti, 10 may 1926, №26
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-qeza-muxbiri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ovuc yazısı İranda indiki əsrdə yenə davam etməkdədir.Ovuc yazısı nə deməkdir?
İki cür rəvayətQəzalardan və mahallardan bizə gəlib çatan xəbərlər iki cürdür: bu xəbərlərin bir qismini biz gəlib-gedənlərin ağzından eşidirik, bir qismini də qəzetlərdə oxuya bilirik.Və bu iki qism xəbərlərin arasında nədənsə həmişə böyük təfavüt olur.
Məhərrəmül-həramMəhərrəmül-həram, yəni haman məhərrəm ayı ki, o ayın ərzində və o ayın varlığı ilə bir neçə şey haramdır.Haman ayın müddətində haram olan şeylərin bir neçəsi qabili-istirahət, ruhani dinclikdir ki, məhərrəmül-həramda hər bir qeyrət və vicdan əhlinə haramdır. Nə üçün haramdır? O səbəbə ki, biçarə xalq dünyada misli olmayan vəhşiliyi heç bir vicdan və namusa sığışdırmır. O səbəbə ki, qonşu millətlərin bizim oyunbazlığımıza şahid olmasına insafım dözmür. O səbəbə ki, məhərrəmül-həram günləri küçələrdə atılıb-düşən və yırtıcı heyvan kimi nərə təpən bambılıları özümə millət qərar verməyə həya edirəm.
BəyanMəcmuəmizin 35-ci nömrəsində birinci səhifədə biz belə şəkil çəkmişdik: Xalq Maarif Komissarlığından bir neçə teatr və qeyri tamaşagah müdirləri dallarında pul yükü aparırlar, aşağıda kasıb kəndli oturub baxır və deyir:– Maarif Komissarlığının yuxarıda göstərilən idarələrinə bu qədər pul daşınanda, əlbəttə, kənd məktəbləri pulsuz qalacaqdır.
Başqa şairlərin şeirləri
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
HicvKavə-peşə kişi, ey mərdək Ağa Həsənə,Çox təvazö eylədin bilmədin axır Həsənə.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,