İkinci məclis
Səhifə 3 / 4 · 50%
Ş e y x Ə h m ə d (camaata). Şeyx cənablarının fərmayişindən belə məlum olur ki, cəhənnəm əhlinin çoxsu siğeyi-mütədən məhrum olan kişi və övrətlərdir.
Ş e y x N ə s r u l l a h (Şeyx Əhmədə). Ucadan de, ucadan de. (Çığıra-çığıra). Dü rükət nəmazi ki, mütəzəvvic güzarəd behtər əst əz həftad rükət nəmazi ki, əzəb miküzarəd. (Birdən ayağa qalxıb və sağ əlini camaata tutub, çox ucadan). Təzvic kon və gər nə əz cümleyi rəhbanani-nəsarayi və gər nə əz bəradərani-şeytani.
H a c ı H ə s ə n (qabağa yeriyib, düşür Şeyx Nəsrullahın qabağında səcdəyə). Şeyxəna, bizə rəhmin gəlsin; biz yazığıq. Biz hər halda sizin əmrinizə itaət etməyə hazırıq. Bizə yazığın gəlsin.
Ş e y x N ə s r u l l a h (bir qədər Hacı Həsənin üzünə baxandan sonra başlayır ağlamağa). Həzrət Davudra bə qəbristani güzar iftadə, mələki əzabra did ki, mürdəra əzab mikünəd. Həzrət fərmud. (Dayanıb oturur yerə və camaat başlayır ağlamağa). Şeyx Əhməd, danışmağa taqətim yoxdur.
H a c ı H ə s ə n. Allah şəfa versin!
A d a m l a r. Allah şəfa versin!
Adamların içindən "çəkil oyza yol ver" səsi gəlir. H e y d ə r a ğ a, Ə l i b ə y və müəllim M i r z ə H ü s e y n girirlər içəri. Şeyx Nəsrullah bunlara göstərilən hörməti görüb, durur ayağa.
Ş e y x N ə s r u l l a h. Şeyx Əhməd, bu ağalar kimdirlər?
H a c i H ə s ə n. Şeyxəna! Bu Heydər ağadır, telğrafxanada sahibmənsəb və əhli-elm bir vücuddur. Bu ağa--Əliqulubəydir. Məşhur Cahangir bəy mərhumun oğlu; özü də hakim yanında dilmancdır. Bu cənab--Molla Hüseyn müəllimdir.
Ş e y x N ə s r u l l a h (əli ilə gələnlərə yer göstərir, onlar da otururlar). Məzaci-şərifiniz inşallah səlamətdir?
H e y d ə r a ğ a. Allah-taala siz tək üləmanın sayəsini bizim üstümüzdən əskik eləməsin.
Ə l i q u l u b ə y. Allah sizə ömür versin.
Ş e y x N ə s r u l l a h. Çün adəmira bə cənazə güzarənd və raqimani-kitabxaneyi-qeybi ibrətxaneyi-kalbudi-insanra baxameyi-əcəl bər lövhi-təxteyi-tabut nigarənd həqq-təala…. (Şeyx Nəsrullah birdən "uy-uy" eləyib, üzünü qırışdırır və sol əlini qoyur böyrünə).
Adamlar təəccübə gəlib dinmirlər. Şeyx Əhməd genə bir söz deməyib, durur
ayağa və Hacı Həsənə işarə eləyib çıxır. Hacı Həsən Şeyx Əhmədin dalınca çıxandan sonra Şeyx Nəsrullah yenə başlayır moizəsini.
Çehl sual əz u nümayəd. Əz cümleyi on sual: yeki anəst ki, fərzəndi-alim, zahiri xudra balibashayi-kafiran zinət dadi və batini xudra ki, məhəlli-nəzəri-mən büvəd vagüzaşti. Nədanəm ki, dər cəvabi-in sual çe guyənd?
H e y d ə r a ğ a. Bəli, cənab şeyx, biz hər halda allah-taalanın günahkar bəndələrindənik. (Üzünü adamlara çöndərib bir az yavaş). Maşallah, cənab elm dəryasıdır; mən belə alim görməmişəm.
A d a m l a r ı n b i r n e ç ə s i. Maşallah, qəribə danışır, lap allah vergisidir.
Ə l i q u l u b ə y (adamlara). Maşallah olsun şeyxin elminə! "Malades!".
Ş e y x N ə s r u l l a h (Heydər ağaya). Ağayi-mən, bu şəhərdə sizdən savayı da əcnəbi dərsini oxuyan var, yainki siz iki nəfərsiniz?
H e y d ə r a ğ a. Xeyr, şeyxəna, yoxdur. Ancaq bir neçə nəfərik. Doğrudur, Hacı Həsən ağanın oğlu da Firəngistanda oxuyub; amma çifayda ki, axırı peşimanlıq olub. Həqiqət, cənab şeyx, əcnəbi millətlərin dilini insan bir az öyrənsə, heç eyib deyil.
Ş e y x Ə h m ə d və H a c ı H ə s ə n girirlər içəri.
Amma bir surətdə ki, müsəlman uşağı illərlə gedib kafirlər içində qaldı, əlbəttə, etiqadı dəyişiləcəkdi.
H a c ı H ə s ə n. Şeyxəna, doğrusu, mən övladdan yana bədbəxt olmuşam. Bir qələtdir eləmişəm.
Ş e y x N ə s r u l l a h. Hacının oğlu da burada camaat içindədir?
H a c ı H ə s ə n. Xeyr, cənab şeyx, xəcalətindən sizi görcək qaçıb gizlənib. Allah onun üzünü qara eləsin.
Ş e y x N ə s r u l l a h. Əmr bəməruf hər müsəlmana vacibdir. Hacı Həsən ağa, çağırın oğlunuzu gəlsin; mən onu görmək istəyirəm.
Adamlar hərəkətə gəlir, Hacı Həsən qapıya tərəf gedir, bir övrət başlayır ucadan ağlamağa.
Nə istəyir övrət?
M ə ş ə d i O r u c (bir az qabağa yeriyib). Şeyxəna, bu mənim anamdı; oğlundan ötrü ağlayır. Oğlu haman Kərbəlayı Fətullahdır ki, sizin mərhəmətiniznən Xorasanda dirilib.
A ğ l a y a n ö v r ə t (çadra başında, bir az ağlaya-ağlaya qabağa gəlir). Belə sənə qurban olum, ay şeyx! Mən oğlumu səndən istəyirəm.
Ş e y x N ə s r u l l a h (çox ucadan). Hər süxən cayi, hər nüktə məqami darəd.
Ş e y x Ə h m ə d (övrətə). Ay bacı, çəkil get, şeyxə başağrısı vermə; hələ o söhbətin vaxtı deyil.
Hacı Həsən yapışıb İ s k ə n d ə r i n əlindn gətirir. İskəndər gəlib durur Şeyx Nəsrullahın qabağında və əllərini ciblərinə qoyub baxır onun üzünə.
Ş e y x N ə s r u l l a h. Bəyin ismi-şərifi nədir?
H a c ı H ə s ə n. Nökərinizin adı İskəndərdir.
Ş e y x N ə s r u l l a h. Pəh, pəh! İskəndər! İskəndər! İskəndəri-Rumi! İskəndəri-Zülqərneyn! Nə gözəl ismdir! İskəndər, İskəndər! Hiç yek əz ahadi-xəlqra təkmili-nəfsi
Hacı Həsən Hacı Bəxşəlini işarə ilə çağırır və hər ikisi çıxır eşiyə.
və təhzibixülq zəruritər əz mülki-səlatin nist ki, məmləkət səddi möhkəm bəstə kişvəri-xatir süknəra zi şəri-yəcuci təşvişi düşmənani-şum eymən kərdanəd.
Əz əsəri söhbətəst,
Hər çi dər in aləməst.
Vərzi küca yafti
Bid bəhayi-nəbat.
İ s k ə n d ə r. Bəli, cənab şeyx, başa düşdüm.
H e y d ə r a ğ a (Əliqulu bəyə). Görürsən şutit eləyir.
Ş e y x N ə s r u l l a h (İskəndərə). Cənabınız da bir mənsəb sahibisiniz ya yox?
İ s k ə n d ə r. Xeyr, mən heç bir şey sahibi deyiləm. Mənsəb sahibi bu ağalardır. (Heydər ağanı və Əliqulu bəyi göstərir). Mən ancaq bu meyvələrin içində itburnu gülüyəm.
Ə l i q u l u b ə y (Heydər ağaya). Yəqin genə keflidi.
Ş e y x N ə s r u l l l a h (İskəndərə). Belə məlum olur ki, sizin dərsiniz bu ağaların dərsindən azdır ki, bir mənsəbə çata bilməmisiniz.
İ s k ə n d ə r. Bəli, bəli, bunlar elm dəryasıdırlar. İndi də ki, inşaallah, siz cənabdan ölü diriltmək elmini öyrənərlər, onda daha lap alim olarlar, inşaallah!
Ş e y x N ə s r u l l a h (hacılara). Hacı Həsən ağa, təvəqqe edirəm bu biədəbi buradan kənar edəsiniz! Bu mürtəd allah-taalanın hikmətinə istehza eləyir.
Hacı Həsən və qeyriləri İskəndəri hədələyib, salırlar eşiyə.
H e y d ə r a ğ a. Şeyxəna, onun ağlı başında deyil, çünki gecə-gündüz keflidir.
M i r B a ğ ı r a ğ a. Hələ kefliliyi qalsın kənarda, hələ hicabı da danır. Deyir ki, gərək övrətlər üzüaçıq gəzələr.
Ş e y x N ə s r u l l a h (çox ucadan). Necə?
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-oluler-ikinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hekayə*Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.
Dinsizdirlərmi Azərbaycan kəndliləri?Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?
Mədfən“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.
Qarabağda aşuraBu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular.Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi.
Başqa şairlərin şeirləri
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Əmoğlu(Sabirə nəzirə)*Beş gündü cahan, dövləti neylərsən əmoğlu?
İranlılar deyir kiBunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,Yarın İranımız, əlbəttə ki, bir babət olur;
ای به درگاه تو نیاز همهکرم تست چاره ساز همه