Hekayə

Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.

Bunlar bir gün bəhs elədilər ki, indiki zəhmətkeş əsrində bunların hansının hörməti artıqdı?

Əlbəttə, xurcun özünə çox arxayın idi; çünki əlbəttə ki, indiki zəhmətkeş əsrində həmişə kəndlinin çiynində olan xurcun şəhərlilərin yaraşıqlı hesab olunan çamadanından hörmətli gərək nəzərə gələ.

Bəli, belə ittifaq düşdü ki, bunların ikisinə də dəmir yolda balaca düşərgahların birində vaqona minmək lazım gəldi.

Elə ki, maşın dayandı, xurcun bir yandan və çamadan da bir yandan vaqonların qabağına qaçdılar. Vaqon naziri çamadanı görən kimi fori vaqonun qapısını açdı və çamadana dedi: “buyur” və hətta çamadana əl uzadıb onu qalxızdı vaqona.

Amma xurcun qaldı yerdə yalvara-yalvara.

– Mestov net.

– Yer yoxdur.

– Değ çika.

– Arari, arari. Katso arari.

Bu yazdığım bir balaca hekayədir ki, onu oxuyan bilər ki, mən nə deyirəm. Mən onu deyirəm ki, bir paraları lap yalandan öz adlarını yoldaş qoyub, yalandan hər rast gələnə “yoldaş” deyirlər.

Həqiqi yoldaşlıq odur ki, yeri düşəndə heç kəsə təfavüt qoymasın: nə cındır xurcuna, nə də qiymətli çamadana. Hələ bu sənə peşkeş. Ona nə deyirsən ki, hələ sənin vəzifən xurcunu çamadandan qabağa salmaqdır.

Xülasə, bu bir hekayədir ki, indiki yaylaq ərzində bunu oxumaq dəmiryolçularımıza çox vacibdir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 23 may 1929, №21

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məhərrəmlik

“Məhərrəmlik yaxınlaşır” sözlərini indidən eşidən həqiqi müsəlman qardaş, bu vilayətdən baş alıb qaçmağı hər bir şeydən əfzəl (yaxşı) hesab edir.Demək ki, bu nə ibadətdir və nə də təziyədir. Bu bir biyabırçılıq, bircə iftizahdır. Çünki küçələri bambılı kimi atılıb düşə-düşə dolanmaq, öz əli ilə öz başını-gözünü qana boyamaq, nəinki avamlıq, vəhşilik, bəlkə dəlilikdən də dəlilikdir.

1 dəq
Məhərrəmlik

Bu gün məhərrəmlik ayının yavıqlaşmağı münasibətilə əmələlər içində və qeyri yerlərin camaatı arasında yığıncaqlar qərar verilir və məhərrəmlik barəsində müəyyən natiqlər tərəfindən nitqlər söylənir.Bu yığıncaqlardan və bu danışıqlardan murad odur ki, camaat təziyənin nə olduğunu başa düşsün və məhərrəmlikdə təziyə saxlamalı olsa, məscidə və qeyri ibadətxanaya daxil olub imamı layiqincə və təmkinlə yad etsin və dəxi küçələrə düşüb nərə etməklə dünyanı öz vəhşiliyinə şahid çəkməsin.

2 dəq
Təziyədarlar

Keçən il yox, altdakı 1292-ci il məhərrəmlik təziyəsində Bakıda yüz iyirmi dörd min nəfər müsəlman cavanları küçələrdə iyirmi yeddi gün “Ya Əli, ya Hüseyn” deyə-deyə nərə çəkib, şaxsey getdilər və Aşura günü başlarını yardılar.Həmən il tutulan statistik hesaba görə, həmin bu qədər cavanlar bu siniflərə təqsim olunurlar.

1 dəq
Keçən günlər

Bir vaxt var idi ki, türk cavanları öz doğma ataları adlarının quyruğuna ”ski” sözünü yapışdırmağı özləri üçün fəxr hesab edirdilər.Bir vaxt vardı ki, ”Naxçıvanski”lər, ”Yerevanski”lər, və ”Qadcinski”lərə desəydin gəl adını ”Naxçıvanlı” elə – onu hörmətsiz eləmiş kimi olardın.

1 dəq

Başqa şairlərin şeirləri · Satira