Bu gün məhərrəmlik ayının yavıqlaşmağı münasibətilə əmələlər içində və qeyri yerlərin camaatı arasında yığıncaqlar qərar verilir və məhərrəmlik barəsində müəyyən natiqlər tərəfindən nitqlər söylənir.

Bu yığıncaqlardan və bu danışıqlardan murad odur ki, camaat təziyənin nə olduğunu başa düşsün və məhərrəmlikdə təziyə saxlamalı olsa, məscidə və qeyri ibadətxanaya daxil olub imamı layiqincə və təmkinlə yad etsin və dəxi küçələrə düşüb nərə etməklə dünyanı öz vəhşiliyinə şahid çəkməsin.


Mənim sözüm orasında deyil; sözüm orasındadır ki, indi haman yığıncaqlarda natiqin biri ki, məsələn deyir – qardaşlar! Baş yarmayın və bədəninizi zəncirlə yaralamayın, çünki başı insana Allah-taala ondan ötrü verməyib ki, baş sahibi öz əli ilə öz başını yaralasın, ondan ötrü veribdir ki, məsələn, birinin başına yara toxunanda, o biri insan başını işlətsin və bu yaraya bir dərman tapsın. Bədəni ondan ötrü Allah-taala öz mömin bəndələrinə verməyib ki, mömin bəndə öz yumruğu ilə öz döşünü zədələsin; ondan ötrü verib ki, insan döşünü qabağa verib, bir tərəfdən əhlü əyalına çörək qazansın və lazım olan yerdə də döşünü qabağa verib vətənini mühafizə eləsin.

Mən çox istərdim biləm ki, həmin natiqlərin və vaizlərin nəsihətini eşidən camaat bu sözləri danışanlara nə cavab verir.

Amma, mənim zənnimcə, gərək bu sözlərin cavabını camaat bu cür verə: Gərək deyə: – Ey bizim əziz natiqlərimiz! Bu sözlər ki, burada danışdınız – bu sözlərdən biz çox rəncidəxatir olduq. O səbəbə ki, bu sözləri məhz vəhşilərə demək olar; çünki ancaq vəhşi adam öz başını və döşünü yaralar; ancaq dəli və divanə küçələrə düşüb əlinə bir dəyənək alar və nərə təpə-təpə dünyavü aləmi öz nadanlığına tamaşaçı qərar verər.

Vaqeən çox ağır sözdür. Elə qanıram ki, bu nəsihətləri eşidən camaatda bir az-maz naziklik olsa, gərək bir az həya edə.

Çünki belə nəsihətləri bircə dəli-divanəyə edərlər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 11 avqust 1923, №29

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məzhəb azadlığı

Müsəlman vəkillərinə nəsihətEy dumada olan müsəlman vəkilləri, and verirəm sizi öz insafınıza, bircə dəqiqəliyə mənim bu sözlərimə qulaq verin və qoca Mollanın nəsihətini qəbul edin.

3 dəq
Mövqufat məsələsi

Məlumdur ki, mövqufatımızın ixtiyarı Rusiya hökumətindədir və mövqufat pullarımız rus xəzinəsindədir. Mövqufatın gəlirinə və gedirinə hökumət özü yetişir. Müxtəsər, mövqufat işlərimizi Rusiya hökuməti dolandırır.İndi baxaq bunun nəticəsinə; mövqufatın mülkləri və qeyri tərpənməyən var-yoxu öz yerində qalır və nəqd pulları xəzinədə durur və lazım olan vaxt ruhani rəislərimizin razılığı ilə xərclənir, necə ki, məsələn, vəqf pulları ilə mədrəseyi-ruhaniyyə tikiləcək.

3 dəq
Xoş təqrir

İnsan həmişə danışanda gərək elə danışa ki, içindən bir şey çıxa, nəinki hədərən-pədərən. Bir məsəl var deyərlər: “Hər nə salarsan aşına, o çıxar qaşığına”. Doğrudan da belədir. Birinə bir yaxşılıq eləsən, söz yox ki, zad olar, bu... adı nədi... zad kimin... nəstə kimin... Şair deyib ki, “Hər dəm əz-ömr mirəvəd nəfəsi”. Söz yox ki, anlayan bir tükdən də anlar. Hərçənd bir az başağrısı olur, amma nə eləmək, xudavəndi-aləm insanı və xanları xoş gündə xəlq eləyib. Məsələn, əgər onlar xoş gündə xəlq olmasaydılar, onların barəsində bu qədər danışmazdılar. Sözüm bunda deyil. Sözün canı gərək olsun. Söz nə qədər gödək olsa, o qədər yaxşı olar. Allah ölənlərinizə rəhmət eləsin, bir zad var idi... adı nədi... hə.. Kərbəlayı İmamqulu əmi. Bu Kərbəlayı İmamqulu əmi deyirdi ki, biri var idi, biri yox idi, bir qarı var idi, tumancığı dar idi, bir gün bu qarı getdi Arazdan su gətirməyə, şappadan dəydi buz üstünə, dedi – Ay buz, sən nə yamansan! Dedi ki, mən yaman olsaydım Arazda donmazdım! Dedi – Ay Araz sən nə yamansan? Dedi – Mən yaman olsaydım, İrana sərhəd olmaz idim! Dedi – Ay İran, sən nə yamansan? Dedi – Mən yaman olsydım xanlar əllərinə ülgüc-bülöv alıb məni qırxmazdı! Dedi – Ay xanlar, siz nə yamansız? Dedi – Biz yaman olsaydıq, nəinki ayda, bəlkə gündə bir ləqəb almazdıq! Dedi – Ay ləqəblər, siz nə yamanmışsız! Dedi – Biz yaman olsaydıq, bizi ləbləbi qiymətinə satmazdılar! Dedi – Ay ləbləbi sən nə yamansan? Dedi – mən yaman olsaydım, İranda duma qurulmazdı. Dedi – Duma, sən nə yamansan! Dedi – “Yamanam” hay yamanam, buğlarımı buraram, xanları mən vuraram (Bıy, Molla əmi, şeir çıxdı). Hə, sözümün ucu necə oldu? Hə, məsələn, belə işləri adam görəndə təccüb edir. Söz yox ki, bu nağıldı, amma genə necə olsa yaxşı zaddı. O.. deyir ki... Allah şairin qəbrini nurnan doldursun: “Mayeyi-eyşiadəmi şikəməst”, bu söz yəni belə olmasaydı, bizim bəzi mollalarımız yeməkdən başqa bir özgə iş də görərdilər. Molla əmi, qurban olum sənin gözlərinə, incimə məndən, bir zad yadıma düşdü, qoy onu deyim, yəni hərçənd onun da mətləbə dəxli var, bu hacılar pulu yığıb görəsən nə eləyəcəklər?!Amma bu “şansonetkalar” ay İrəvandan pul çəkdilər ha! Bir az keyfim olaydı, başım yaxşı işləmir, heç bilmirəm ki, nə yazıram. İnsanın həmişə, ələlxüsus ki, zadların danışığı və yazısı gərək püribarə ola, məsələn, demək bu kağız kimi. Mənada yəni bir o qədər iş yoxdur. Mən bu işi yaxşı bilirəm. Cənabınıza məlumdur ki, gərək elə danışasan ki, heç zad qanmayalar. Belə adama “xoştəqrir” deyirlər. Məsələn, zad kimi, adı nədi.. Qoy qalsın sonra yazaram. Hə bir də, Molla əmi, sən Allah bu elanı yaz qəzetində.

3 dəq
Cəmiyyəti-xeyriyyə

Dəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Təzə həyat”ın nəsihətinə əməl eləyək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlib Bakı cəmiyyəti-xeyriyyəsi barəsində möhtərəm oxucularımızla bir az söhbət eləyək.Pənah Allaha, – deyib başlayaq.

3 dəq

Başqa şairlərin şeirləri · Satira