Cəmiyyəti-xeyriyyə
Dəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Təzə həyat”ın nəsihətinə əməl eləyək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlib Bakı cəmiyyəti-xeyriyyəsi barəsində möhtərəm oxucularımızla bir az söhbət eləyək.
Pənah Allaha, – deyib başlayaq.
Bəli, indi qəzetlərdə Bakı cəmiyyəti-xeyriyyəsi elan edir ki, cəmiyyətə üzv olmaq istəyənlər 5 manatlarını gətirib versinlər cəmiyyət xəzinədarına və qəbzlərini alsınlar, yəni qəbzlərini almamış getməsinlər.
Hələ buradan bir haşiyə çıxaq və qəbz barəsində bir az danışaq.
Yəni bu qəbz nədir? Yəni necə qəbz?
Mən çox fikirləşdim və bilmədim ki, Bakıda cəmiyyəti-xeyriyyəyə üzv yazılanda niyə adamın əlinə qəbz verirlər; yəni bilmirəm ki, nədən ötrü qəbz verirlər.
Özgə millətlər içində qəbz çox lazımlı şeydir; məsələn, birisi gedə Moskvada, ya qeyri bir kənar məmləkətdə cəmiyyəti-xeyriyyəyə üzv yazıla, əlbəttə gərək qəbz alsın: ondan ötrü ki, əlində qəbzi olmasa isbat eləyə bilməz ki, o, üzvdür və cəmiyyəti-xeyriyyənin nə məclislərində danışmağa ixtiyarı olar, nə də cəmiyyəti-xeyriyyənin özgə bir işinə qarışa bilər.
Amma doğrudan-doğrusu Bakıda mən qəbzbazlığı artıq bir şey bilirəm.
Dəlilim budur.
Bəli, birisi aparıb 5 manatını verir ki, cəmiyyəti-xeyriyyənin bir məclisi baş tutanda qəbz sahibi çıxardıb qəbzini nişan versin və həmin məclisdə danışmağa səsi və ixtiyarı olsun.
Bəli, məclis qurulur, “mənəm-mənəm” deyənlər əyləşirlər yuxarı başdan, dəstə başıları düzülürlər bir tərəfdən. Qoçular və daşkəsənlər doluşurlar məclisə. Güclülər düşürlər meydana, səs ucalır, “nöşün, nöşün” sədası asimana bülənd olur. Əllər hərəkət eləyir revolverlərə, xəncərlər başlayır parıldamağa və axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə.
Dəxi burada qəbz nəyə lazımdır? Mən ölüm, lotu-lotuyana deyiniz görüm, burada qəbzin nə mənası var?
İndi mətləbin özgə tərəfini söyləyək.
Mən özüm də əvvəl xam düşdüm və keçən il getdim Bakıya, 5 manat verdim, qəbz aldım və qəbzi bərk-bərk saxladım; çünki mən özgə millətlərin içində, belə bilmişdim ki, hər kəsin əlində qəbz olsa, cəmiyyəti-xeyriyyənin hesab kitabına qarışmağa ixtiyarı olar.
Bir gün qəbzi qoydum cibimə və istədim cəmiyyətin işlərindən xəbərdar olam. Əvvəl getdim xəzinədarın yanına və soruşdum ki, cəmiyyəti-xeyriyyənin nə qədər pulu var?
Xəzinədar mənə cavab verdi ki, cəmiyyətin iyirmi altı manat pulu var. Dedim:
– Mümkündürmü kitab və dəftərləri görmək? – Dedi:
– Sənin nə ixtiyarın var? – Dedim:
– Əlimdə qəbzim var. – Dedi:
– Qəbz lazım deyil. – Dedim:
– Bə nə lazımdı? – Dedi:
– Revolver lazımdır.
Qoydum getdim.
Bəli, mətləbdən uzaq düşdük. Görüm nədən danışırıq?.. Hə, qəbzdən…
Bəli, qəbz. Özgə tayfaların içində qəbz sahibləri əgər bir yerə yığışıb bir şeyə qərar versələr, gərək xəzinədar həmin qərardada əməl eləsin; amma Bakıda belə deyil: necə ki, məsələn, Bakıda cəmiyyətin üzvləri keçən il yığışıb qərar verdilər ki, flan tələbəyə bu qədər pul verilsin, amma xəzinədar razı olmadı və vermədi. Üzvlər də dedi ki:
– Eybi yoxdur, fədayət şəvəm.
Sözümüzü qurtardıq.
Və “Təzə həyat”dan təvəqqə edirik ki, əgər qüsurumuz olsa, bizi bağışlasın; çünki qəzetçi gərək heç kəsi özündən incitməsin. Doğrusu, biz bir az xamıq və o cür yazmağı başarmırıq ki, bir para adam bizdən inciməsin. Lap yaxşı olardı ki, “Təzə həyat” Bakı cəmiyyəti-xeyriyyəsi barəsində bir məqalə yazaydı və bizim üçün də bir nümunə olaydı. Biz də görəydik ki, necə lazımdır yazmaq ki, heç kəs inciməsin.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 14 aprel 1907, №15
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-cemiyyeti-xeyriyye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oktyabr inqilabı bayramı münasibətilə*Xəcil onkəs ki, rəft kar nəsaxt,
Şura qadınlarıOktyabr ayının ikisində, Bakıda şura qadınlarının və zəhmətkeş qadınların bir böyük yığıncağını gördüm.Və hamısını üzü açıq gördüm.
Üzr istəyirəmSənayeləşmə istiqrazı barəsində mən keçən həftə üzümü müsəlman qardaşlara tutub təklifdə bulunmuşdum. Yazmışdım ki, hər bir vətən evladının borcudur öz hökumətinin məmləkətinin təmiri yolunda ona əl uzatsın və hal-hazırda da hər bir şuralar vətəndaşının borcudur ki, sənaye istiqrazına yazılmaqla Şuralar hökumətinin səsinə səs versin.Bu xüsusda idarəmizə bir çox yerdən cavablar gəldi. Bu cavablar iki qisimdir: bir qismi zəhmətkeşlər tərəfindən gələn cavablardır. Bir qismi də iman əhllərindən gələn cavablardır.
Din söhbətləriKeçən vaxtlar Molla əminin səhifələrində bəndəyi-həqir hərdən bir din və etiqad dairəsində söhbət elərdim ki, bəlkə bir para cahillər və əvamünnas mütənəbbeh ola və bir para siratülmüstəqimi azanlar rahirasti tapalar, ta ki, xəllaqül-aləmin yanında ruzi-qiyamətdə xəcil olmayalar.Amma mən bunu görürəm və eşidirəm, yəni qəzetlərdən xeyr, ağızdan eşidirəm ki, axır vaxtlarda yenə islam dininə özlərini mənsub qılanlardan elə bir hərəkət baş verir ki, mən bunun müqabilində məəttələm və bilmirəm ki, Allahın haman bədbəxt bəndələri heç gördükləri işlərin dal və qabağını yoxlayırlar?
Başqa şairlərin şeirləri · Satira
“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
«Kefsiz»ə nəzirəYarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.
TövbəTövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Bir mühərrir ki, cybü nöqsanıBir mürərrİr kİ, eybü nöqsamYazdığı cümləde pədid olsun,