Keçən vaxtlarda ramazan ayı hələ daxil olmamış başlardıq orucluqdan yazmağa.

O vaxtlar yazmağın da çox mənası və əhəmiyyəti var idi. Səbəb bu idi ki, camaat çox avam idi. Bikar mollalar fürsət tapıb, gündüzlər mömin müsəlmanları “Ya Əli, ya əzim” və gecələr “Bəy ya Allah” ibadət və riyazətə məşğul edirdilər ki, onları həmişə qaranlıqda saxlamaq ilə öz mövqelərini təmin etsinlər.

Amma indi uzun-uzadı orucluq söhbətlərinin mənası yoxdur. Çünki indi zaman o zaman deyil. Dəxi indi camaat bir növ ayılıb, mollaların da indi o qədər nüfuzu yoxdur ki, camaatı əldə saxlaya bilsinlər. İndi bir gör dünyanın nə vaxtıdır.

Gör bir sair millətlər nə işdədirlər, hamı elm və təməddün dalınca getməkdə, təzə-təzə kəşfiyyat və ixtiraat axtarmaqda, texnika və təbabətdə təzə əsaslar və təzə üsullar aramaqdadırlar. Radio bir yandan, zəmin və asiman həngamələri o biri yandan.

Sən də burada başlamısan ki, ramazan belə gəldi, orucluq elə getdi, eydi Fitr belə getdi.

Bəli, keçən vaxtlar orucluqdan yazmağa haqqımız var idi. Səbəb bu idi ki, o vədələr hamı oruc tuturdu. Hətta ürəfamızın da bir çoxu avam camaata xoş gəlmək babətindən oruc tuturdular. Küçədə bir başı əmmaməli görəndə yanan papiroslarını ciblərinə soxurdular.

Amma indi oruc tutan kimdir?

Heç kəs. Beş-on hambal-humbal ilə beş-on molla, seyiddir.

Bunların da vaxtına bir-iki il qalıbdır. Bunlar da görəcəklər ki, səhərdən axşamadək ac qalmaqla adama öləndən sonra nə huri verələr, nə qılman verərlər (qılman, yəni kiçik oğlan uşağı).

Onun üçün bu il biz orucluqdan heç bir şey yazmağa lüzum görmürük. Çünki oruc tutan, əhya saxlayan kimdir ki?

Beş-on keçəl-küçəl, hambal-humbal. Bunların da ömrü gəldikcə azalacaqdır. Səbəb budur ki, elm və texnika artdıqca orucluğumuz xürafatını bilmərrə aradan çıxardıb çölə tullayacaq. Buna görə də bu il orucluq söhbətlərini məcmuəmizin səhifələrində daxi lüzumsuz görürük. Əlbəttə, hər bir mömin müsəlman bəndəsi balaca uşaqları və xəstə qoca kimilər və arvadları oruc tutmağa vadar edəndə, onun şəklini məcmuəmizdə çəkib, göndərəcəyik vəhşi heyvanlar muzəxanasına ki, dərya kənarındadır. Özü də balaca uşaqlardan aldadıb, üç abbası alırlar. Kəndlərdə gördüyümüz eşşək və qatırdan savayı bir özgə heyvan göstərmirlər.

Lağlağı

“Molla Nəsrəddin”, 6 mart 1926, №10

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira