Bəlkə də səhv edirəm, qoy desinlər!
Qocalmışam, bəlkə də gözlərim yaxşı görməyir. Ola bilər ki, səhv edirəm. Qoy “Çorni və beli qorod” işçiləri cavab versinlər!
Əhvalat belə idi:
Üç gün qabaq yolum “Çorni qoroda” düşmüşdü. 4 nömrəli tramvaya oturacaq idim. Vaqzalda tramvay dayanan yerdə böyük, qaranlıq və çox natəmiz və üfunətli bir ala qapı vardır. Fabrik –zavod rayonlarına gedən işçilər oranı çox yaxşı tanıyırlar. Axşamlar o qapının içində çox böyük həngamələr törənir. Gəlib-gedənlər burada yığılıb çox maraqlı mənzərələrə tamaşa edirlər. Görürsən ki, bir dəstə batsanlar buraya yığışıb, vodka vururlar və keflənib toy qururlar. Hərdən bir bəzi əxlaqsız arvadlar da bu qaranlıq yerdə toplanıb min cürə pisliklər əmələ gətirirlər. Bu cəhətdən də buranın natəmizliyi, üfunəti və bir əxlaqsız yuvası olması bu rayonda hər kəsə məşhurdur.
Qaranlıq qovuşmuşdu. Tramvayı gözləyənlər çox idi. Ala qapıda həmişəki kimi izdiham var idi. Xüsusən, bir neçə sərxoş qadınların söyüşmələri adamların nəzərini cəlb etmişdi. Mən də qapıya yavuqlaşdım. Bir qara şey qapının ağzında yumrulanmışdı. Sərxoşlardan birisini hesab etdim. Gördüm ki, sərxoş deyil. Yekə başlı bir adamdır. Yaxınlaşdım, üzünə baxdım, qara saqqallı, enli qaşları, qırmızı yanaqlı, təsirli baxışı mənə tanış göründü. Gördüm ki, başında böyük əmmaməsi vardır. Boynunda dəvə yunu şərfi vardır, çiynində Xorasan əbası, əlində yüsür təsbehi, belində şal qurşağı...
Bu cənab Hacı Miribrahim ağa imiş. Xəyanəti üzə çıxmış bir adam kimi üzünü camaatdan gizlətmişdi. Üzünü örtmüşdü. Ala qapıda gizlənmişdi.
Hazırlanıb xəbərsiz toyuq-cücə dəstəsinin üzərinə atılacaq bir tülkü kimi pusquda durmuşdu. Və ya ki, aranı xəlvət edib, sadədil adamların ciblərinə girməyə hazırlanan bir oğru kimi özünü kənara çəkmişdi. Və ya ki, böyük süfrədən atılacaq sür-sümüyü yığışdırmağa quyruğunu altına yığdırmış çaqqal kimi xəlvətə çəkilmişdir. Və ya ki, daha doğrusu gözüaçıq düşüncəli işçilərimizin az bir səhlənkarlıqlarından istifadə edərək, son dəfə iranlı işçilərinin ciblərini soymağa fabrika-zavod rayonunda gedən bir həyasız, şarlatan və cibgir kimi bu mərsiyəxan tramvayı gözləyirdi.
Qocalmışam. Bəlkə də çox şeyləri zahirdən görüb, işin batinini bilməzdən ona qiymət vermişəm. Ola bilər ki, ağa Miribrahim ağa fabrika-zavod rayonunda Mərsiyəxanlığa getməyib, mövhumat toxumunu işçilər arasında yaymağa çalışmır. Orucluq münasibətilə otuz gecə işçiləri min cürə yalan və quraşdırmalarla aldadıb, onların zəhmət ilə qazandıqları pullarını qarət etməyə səy etmir.
Bəlkə də..
İstərdim ki, mən böyük səhv etmiş olaydım.
İstərdim ki, fabrika-zavod fəhlələri, xüsusən iranlı qardaşlarım mənim bu barədə böyük səhv etdiyimi tezliklə mənə xəbər vermiş olsunlar.
İstərdim ki, ən qısa bir müddətdə fabrika-zavod rayonundakı bütün türk işçiləri hərə öz qrupunda, öz təşkilatları vasitəsilə, bəlkə də rəhbərliyi ilə ümumi bir etiraznamə yazıb, öz imzaları ilə möhkəmlədib mənə və bütün Bakı proletarlarına məlum etsinlər ki, bütün fabrika-zavod dairəsində heç bir təziyədarlıq məclisi yoxdur.
Molla və mərsiyəxanlar bu rayondan qovulmuşlar.
O vaxt mən deyirəm ki, mən hələ cavanam, qocalmamışam. Ən gənc və daşqın vaxtım hələ bu gündən başlanır. Çünki bu mənim ən birinci və çoxdankı arzumdur.
“Molla Nəsrəddin”, fevral 1930, №6
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-belke-de-sehv-edirem-qoy-desinler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İrandan Rusiya torpağına iki mötəbər qonaq gəlib: biri təqribən on il bundan qabaq Culfa yolu ilə Tiflisə varid olub, Qafqaz canişini Voronsov-Daşkovla görüşüb öpüşəndən sonra Qafqaz mədən sularına müalicəyə müşərrəf olubdur. O pəhlivanın adı Hacı Səməd xan Mərağayi Şücaüddövlədir ki, Nikolay hökumətinin İran Azərbaycanında sağ əli idi; həmin Hacı Səmədxan Rusiya konsullarının kölgəsində Rusiya qoşunlarının köməkliyi ilə yüzlərcə iranlı başı kəsdi və minlərcə günahsız əhalinin evini dağıtdı.O əjdahanın misli bu günlərdə Astara tərəfindən Bakıya varid oldu və çeka tərəfindən həbsxanaya göndərildi.
TicarətQədimül-əyyamdan ticarətin tərəqqisi İrandan başlanıb və onunçün də İran tacirlərinin qabağında hətta ingilis tacirləri də məəttəldirlər.Bu saat İran seçki ticarəti böyük meydan qazanmış. Bir buna təəccüb edirəm ki, Bakıda əyləşən İran tacirləri niyə vaxtlarını Bakıda zay edib Tehrana özlərini yetirmirlər ki, seçki yarmarkasında çox pullar qazansınlar.
Hara düşüm?Bir müşkül məsələyə rast gəlmişəm və hər kəsə də deyirəm, mənim kimi məəttəl qalır.Azərbaycan kəndlərinə mənim tez-tez yolum düşür: qulluq işlərindən ötrü gah o kəndə gedirəm, gah bu kəndə gedirəm. Bunun eybi yoxdu; doğrudur, səfərin özünün əziyyəti var, amma səfası da az deyil.
“Molla Nəsrəddin” aeroplanıAxır vaxtlarda çün kəndli və fəhlələr arasında yazıb oxumaq o qədər yuxarı dərəcəyə qalxıb ki, dəxi gündəlik poçt ilə jurnalımızı kəndlərə göndərəndə bu gün Bakıdan çıxanda sübh tezdən, sabahı günü ancaq Qazaxa və Qaryaginə və Gəncəyə çatır; belə olanda “Molla Nəsrəddin” jurnalının Bakıdan mahallara gedib çatmağı 24 saat çəkir.Məlumdur ki, kəndlilər buna razı ola bilməzlər; ondan ötrü ki, savadsızlığı ortalıqdan qaldıran idarələrin dövlətindən indi dəxi gündəlik qəzetlər kəndlilərin iştəhasını söndürə bilməz və lazım gəlir ki, kəndlərə qəzet karvanı bir dəfə səhər daxil ola, bir dəfə günorta daxil ola, bir dəfə də axşam daxil ola.
Başqa şairlərin şeirləri · Satira
Bildir ehyayi-Səmərqənd etdi İran taciri,Məktəb açdı, xəlqi xürsənd etdi İran taciri;
Əhsən, əhsən!Derlər, düşübdü İran səhmanə, əhsən, əhsən!Əhsəntü barəkallah İranə, əhsən, əhsən!
Üç dostluqMənzum hekayə**Qulaq as, duzlu bir hekayətdir,
Ramazan həsrətiRamazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,