Oyunbazlar
Həsənov – müəllim
Aban bəy – qumarbaz
Qulu bəy
Şagirdlər
Əvvəlinci məclis
1
Əvvəlinci məclis başlanır uçitel Həsənovun otağında. Otağın iki qapısı var: biri yandan, biri də qabaqdan. Otağın bir küncündə bir yazı stolu, bir tərəfdə sarı şkaf. Stolun üstə on-on beş şagird dəftəri, bir şarsız lənpə, bir tərəfdə taxt, üstündə yorğan-döşək. Divardan bir köhnə yay paltosu asılıb. Həsənov oturub stolun bir tərəfində, başında yay furajkası, bir az geri verilmiş. Onun yanında Aban bəy başıaçıq. Həsənov əlində kart kağızlarını tutub qarışdırır. Şkafın üstə bir qlobus. Qapının biri açıqdı və uşaq Mirtağı gəlir.
Həsənov (üzünü tutub qapıya ucadan). Əhməd, sən oxu. (Üzünü tutub Aban bəyə). Mən oldum səkkiz, sən oldun dörd.
Aban bəy. Ay sən öləsən. Ədə, necə dörd? Huşun dağılıb? Bayaq dörd idim. İndi də ikisini getdim. Bu altı dənə. Deyirsən üzünə tüpürüm?
Həsənov (kartları yenə bir çalır, papiros ağzında). Olsun! (Üzünü qapıya) Ədə, demədim oxu? (Kartları paylayır).
Səs. Uçitel, s naçalo?
Həsənov (kart əlində). Yox, paprovodnıy odevayetsdən oxu.
Aban bəy. Ey, meyidini görüm. At yerə qızıl onluğu. Doğruluğunan aparır kürzə!
Həsənov. Gözünü sil!
Səs. Uçitel, axı, orada qalmışdıq. “Solnışko və okno” Burdandı.
Həsənov. Hey di yaxşı oxu!
Səs. Çelovek i zver i putaşka vse beryotsya za dela, s naşey taşitsya bıkaşka, za metkoy letayet piçela.
Aban bəy. Çərrə, bu da xaç. İkilik getdi. Sən öləsən, başını qaşısan, udacıyam.
Həsənov (üzünü tutub qapıya). Hey…başla!
Səs. Uçitel oxudum da.
Həsənov. Yaxşı elədin. Bir də oxu!
Səs. Opyat?
2
Həsənov. Hey, xorom, bir yerdə (klas qapısına səmt əyilib sol əlində kart, sağ əliylə işarə edib, deyir). Xorom, hey, hey…
Uşaqların xor səsi kəsiləndən sonra Aban bəy hər bir kartı apardıqca deyir: “Hey… xorom, bir yerdə, hey, xorom, bir də”
Həsənov. Bala, bir də xorom oxuyun. (Uşaqlar başlayırlar bir də qışqırmağa).
Aban bəy. Əşi, sən Allah bunları az ulaşdır. Boşla, getsinlər evlərinə.
Həsənov. Tələsmə, bu saat rədd eləyirəm. Qoy bir dərslərin soruşum hələ.
Aban bəy. Əh, bir də gedəcəksən ora?
Həsənov. Əşi, kimdi ora gedən. Bir dəfə soruşub ötürəcəyəm. Hələ götür bir papiros qayır. (Özü də papiros qayırır. Sonra üzünü qapıya) Ədə, dünən yazdığınızı bir oxuyun görüm, (klasa səmt) Quluzadə. (Cavanlar oxumaqdadırlar).
Səs. Ya idu v şkolu. Staruxa kupila kuvşin moloko. U menya brat i sestra.
Həsənov. Ədə, bircə modsk oxuyacaqsan? Bəs, mənası necə oldu? Başdan.
Səs. Ya – mən, idu – gedirəm, v şkola – şkola, staruxa – qoca övrət, kupila– satın aldı, kuvşin – səhəng, moloko – qatıq.
Həsənov. Yalan danışma, otur yerə, qulaq as, bir deyim, özünüz də əzbərləyin. Ya – mən, idu – gedirəm, v – içinə, şkolu – məktəbin, staruxa – qoca övrət, kupila – satın aldı, kuvşin – bir səhəng, moloko
– süd. Mişe – balaca Mişa, buna Mixail də demək olar. Bejal – qaçdı, v – içinə, sadmbağ, i – və, Volqa – çay adı, kriç – səs eləyir.
Səs. Uçitel İvolqa bir yerdə yazılıb kitabda.
Həsənov. Nağıl danışma! Çapxanada qələt düşüb. Üstünə bir nöqtə qoy yadından çıxmasın. Evdə dədən soruşsa, deynən çapxanada qələt düşüb. Sabaha bunu yaxşı əzbərlərsiniz.
Aban bəy. Prosba, hey, mən ölüm belədimi?
Həsənov. Əşi, yavaş danış da. Uşaqlar eşidər.
Aban bəy. Ay qarğabeyin, qaşqabağını bir az da tök.
Dalan qapısı taqqıldayır.
Həsənov. Kimsən? Gəl.
Teleqraf raznosşiki girir içəri.
Raznosşik. Qasanov vı?
Həsənov. Ya, çto qovariş?
Raznosşik Həsənova bir teleqram verir. Həsənov qəbzə qol çəkib raznosşiki rədd edir və sakit məşğul olur teleqrafı oxumağa. Aban bəy səbr etməyib soruşur:
Aban bəy. Kimnəndi?
Həsənov. Yavaş, qoy görüm. (Gah oxuyub, gah fikir edir).
Aban bəy. Şüurun tökülsün. İki kəlməni səhərdən oxuyanmır. Ə, yoxsa qulluqdan qovalayıblar. Sən öləsən belədir. Çox girrənirsən.
Həsənov. Yox, oxumağına oxuyuram. Amma bir şey başa düşmürəm.
Aban bəy. Bə sən ki, bir teleqramı oxuyanmırsan, bu uşaqları niyə burada avara eləyib adını uçitel qoymusan?
Həsənov. Yox, başa düşürəm, amma ona təəccüb edirəm ki, niyə başa düşmürəm.
Aban bəy. Ə, uşaqlara da elə sözü belə qandırırsan?
Həsənov. Yox, başa düşməyinə düşürəm. Amma mən elə bilirəm ki, bu teleqramı mənə səhv yetiriblər. Bu teleqraf gərək özgəsinin ola.
Aban bəy. A kişi, mən ölüm axmaxlama, axı, bir oxu, görək, nə yazıblar. Çox məzədi ha!
Həsənov. Sən bir mənə de görüm, burda məndən savay yenə Həsənov var?
Aban bəy. Olmağına var. Amma sənin kimi axmaq yoxdur. (Qəh-qəhə çəkib gülür).
Həsənov. Ədə, mən ölüm az hırılda. Qulaq as, bir oxuyum, bəlkə sən başa düşəsən.
Klas otağından uşaqların birisi deyir:
Səs. Uçitel gedək?
Həsənov (üzünü klas qapısına tutub). Tişe, tişe. (Teleqrafa
3
baxır). Hə, bunu Təbrizdən Kərimbəyov göndərib. Yazır ki, Təbriz bankında dilmanc yeri açılıb. İldə min səkkiz yüz manat məvacibi. Əgər farsca savadın var, teleqraf elə. Upravliyayuşiyə deyim səni təyin eləsin. Vəssəlam.
Aban bəy. Yaxşı, bu bir çətin mətləb deyil ki, axı başa düşmürsən. Yerdi açılıb. Kişi də sənə xəbər verir də!
Həsənov. Yox, axı iş onda deyil. Axı, belə Kərimbəyov ilə mənim bir elə yaxınlığım yoxdur. Buna hər nə deyirsən de, amma qorxuram ki, bu teleqraf mənim olmaya.
Aban bəy. Ay qardaş axır özgənin teleqrafını niyə sənə verirlər? Yaxşı, teleqrafın üstə sənin adın yazılmayıb? (Üzünü tutub camaata). Deynən ki, oxuya bilmirəm ki, görüm nə yazılıb.
Həsənov. Nə deyirsən?
Aban bəy. Heç, sənnən deyiləm.
Həsənov. Ə, bə necə eləyək deyirsən?
Aban bəy. Mirzə Səfər, vallah incimə məndən. Amma çox gütah adamsan. Qardaş, adam işıq gələn yerə papağını tıxmaz. Hazır yer açılır. Sənin də adına teleqraf gəlib, ta niyə durubsan? Bir mənə de görüm burda sən beş-altı uşaqdan ayda ayrı-ayrılıqda beş manatdan artıq almazsan. Götür bu saat tel ver ki, razıyam, təyin eləsinlər. Bu keçəlküçəli başdan elə. Qoy, get Təbrizə. Ta sən gedəndən sonra teleqraf sənə də olmasa, səni ki, dübarə geri göndərməyəcəklər. Əyləşərsən Təbriz kimi yerdə. İldə əlinə gələr min səkkiz yüz manat məvacib. Bir arvad siğə eləyərsən. O qədər çilov ye ki, qarnında çəltik göyərsin. (Hər ikisi gülür). Vallah, doğru deyirəm get, fürsəti fövtə vermə. Yoxsa, yer qulaqlıdır. Teleqraf sahibinin xəbəri olar, gəlib teleqrafı əlindən alar. Əlin qalar boşda.
Həsənov. Sən öləsən, doğru deyirsən. Yazıram ki, razıyam (Tez kağız götürür, əlində tutub, fikir eləyir).
Aban bəy. Əşi, çox fikirdən fayda yoxdur, yaz qoy getsin. Hey, xorom! (Uşaqlar ”xorom” səsi eşidib başlayırlar bir yerdə oxumağa. Aban bəy uğunur. Həsənov hirslənib durur ayağa).
Həsənov (Aban bəyə). Əh, əşi, bəsdi da! Şuluq eləmə. (Tez qaçır klas qapısına və deyir). Tişe. (Uşaqlar səslərini kəsir).
Aban bəy (udqunub Həsənova deyir). Balam, uşaqların baş aparır.
Həsənov teleqrafı yazıb qurtarır, uşaqların birini qapıya çağırıb teleqrafı pulla verib, deyir.
Həsənov. Tez apar bu kağızı teleqrafxanaya və qəbzi gətir. Yubanma, qoçum. Adə, yolda soruşub eləyən olsa o nədi, göstərmə. Di tez. (Aban bəyə) Ayə, sən öl, işim tutsa, çox yaxşı olacaq. (Əllərini bir-birinə sürtür, Aban bəyə tərəf gəlib onun qollarından tutub silkələyir. ) Kefdi, kef! (Sonra tez qapıya qaçıb deyir) Uşaqlar, gedin evinizə.
Aban bəy. Keyfin şeş çəkdi ha. Amma sən öləsən, bir qonaqlıq borcundur.
Həsənov. Verməyən namərddi. Amma, Aban bəy, canım qurtardı, sən öləsən. Vallah, bilmirsən ki, necə qaragünçülük ilə çörək qazanıram. Bax, bu uşaqları görürsən, ömrümün kankanıdırlar. Bax, bunların hərəsindən ayda iki manat yarım pul alıram, onu da ataları can çəkirlər versinlər. Sən öləsən bəzisi var ki, şaha-şaha gətirir aylığı. Qara geyim həyə birini artıq-əskik deyirəmsə! Bu uşaqların birisinin atası baqqaldı. Aylıq əvəzinə keçən ay yağ göndərmişdi. Amma nainsaf oğlu sarı yağ əvəzinə quyruq yağı göndərmişdi, qoxum-qoxum qoxurdu. Bu da bunların haqq verməyi. Bu indiki oğlan ki, telin cavabını apardı, dəllək oğludur. Keçən ay göndərmişdim ki, aylığı gətirsin. Atası cavab vermişdi ki, heç eybi yoxdur, uçitelə deynən ki, başını qırxaram haqlaşarıq. Hələ biləsən ki, umu-küsüləri nə qədərdi? Bir gün həmin dəllək gəlib uşkola deyir ki, oğluma heç zad öyrətməyibsən. Deyirəm, necə yanı heç zad öyrətməmişəm? Başlayıb ki, həyə yaxşı örgədirsən, bu iki aydı gəlib-gedir, niyə ərizə yazmağı bacarmır? Durursan qandırmağa başa düşmür. Deyəsən oğlunu götür get, işin keçmir. Qalırsan mat-məəttəl və həmişə də ataları görəndə başlayırlar məndən soruşmağa ki, uşqoldan qurtaranda uşaqlarımız nə olacaq? Deyirəm ki, nə olacaqlar? Fərasətləri olsa, adam olarlar. Deyir ki, Mirzə, sənin deməyindən bir adam deyillər? Ancaq biz deyirik ki, qulluqçu olsunlar. (Bir az yavaş səslə) Öz aramızdı çoxusuna deyirəm ki, qardaş oğlun silistçi olacaq. Sən öləsən dincəlmişəm. Heç dinmə, canım qurtardı. Aban bəy, sən Təbrizə getməmisən? Görəsən, qostinsa var ki, adam gedəndə özünə yer tapınca düşə?
Aban bəy (kəlmə-kəlmə). At almamışdan axurun tikirsən?
Həsənov. Əşi, iş tutub ey! Kefdi ey! (“Kefdi, kefdi, kefdi” sözlərini oxuya-oxuya deyir). Min səkkiz yüz manatdı ey!.. Kefdi, kef!... (Stolun üstə bir yumruq vurub börkünü başından götürür, atır küçəyə. Bu heyndə Həsənov Qulu bəy tələsik və kəhildəyə-kəhildəyə özünü salır içəri və üzünü tutur Mirzə Səfərə ).
Qulu bəy. Hanı mənim teleqrafım?
Həsənov Mirzə Səfər özünü itirir. Aban bəy hələ baxır, gah əvvəlinci Həsənovun, gah ikinci Həsənovun üzünə. Bir dəqiqə sükutdan sonra Aban bəy qəh-qəh çəkib gülür.
Son
1921-ci il
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-oyunbazlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sağ və salamat İrəvan şəhərində varıq. Sənin İrəvana gəlmək məsələn barəsində Məhəmmədqulu bəy və Məşədi Qurbanəli ilə bahəm çox və bir neçə dəfə söhbət eləmişik. Təfsilatı Məşədi Qurbanəli, – bu günlərdə ki, gələcək Naxçıvana, – özü sənə deyər. Amma mən də bunu ərz edə bilərəm ki, indi ilin ortası olmaq səbəbə heç bir vəchlə mümkün olmur sənə yer eləmək. İrəvan rus-müsəlman məktəbində mümkündür, söz yox, sənə yer təyin eləmək, amma söz burasındadır ki, indi bu saat yer yoxdur və əgər sənə zor ilə yer eləməyə dursaq, lazımdır ki, bais olmaq müəllimlərin birisinin xaric olmağına. Odur ki, məsləhət belə görüldü ki, hələlikdə sən orada öz işinə məşğul olasan və səbr eləyəsən, çünki Allah səbr eləyənləri dost tutur və səbr fərəclərin müftahıdır.Dəxi nə yazım?
Qardaşım Qurbanəli! (İrəvan. Fi 22 mahi-mart 1902)Kağızın vüsul oldu. Upravleniyadan rasçotu və talonu alıb, xəzinədən yüz otuz bir manat altmış üç qəpik aldım. Lazım gəldi xəzinədən pul almaqdan ötrü bir vəkilnamə də yazdırmaq və bu vəkilnaməyə həştad beş qəpik xərcim çıxdı və dünən Kərbəlayı Məhəmməd ağaya yüz otuz manat yetmiş səkkiz qəpik (130 r. 78 k. ) verdim və şalların satılmağı barəsində soruşdum. Belə məlum oldu ki, hələ satılmayıblar və mən öz tərəfimdən təvəqqe elədim sənin Xanzadov ilə olan hesabını qurtarsın və Kərbəlayı Məhəmmədağa söz verdi qurtarsın. Mən irəlicə Naxçıvanda olanda xalqdan eşidirdim ki, sən podratda qazandığını qoyursan alış-verişin ziyanına. İndi yadıma düşür haman sözlər və mən özüm də istəyirəm bu rəyə şərik olam.Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin. Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər “çox razıyam”, bu həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...
Bəradərim Qurbanəli! (Fi 22 aprel 1905)Tiflis*Qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı bir qolay eşitmişəm, amma təfsilatı mənə məlum deyil. Əlbəttə, əlbəttə, tez kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəlir.
Redaksiyaya məktub (13 avqust 1905, № 165)Təşəkkür edirəm cəmi o şəxslərə ki, Azərbaycan dilində qəzet nəşrinə icazə almağım münasibətilə mənə təbrik göndəriblər və özümə borc bilirəm ərz edəm ki, bəzi səbəblərə görə, mənə verilmiş hüquqdan əl çəkib, avqustun 11-də bu barədə rəsmi məlumat təqdim etmişəm.Cəlil Məmmədquluzadə*
Başqa şairlərin şeirləri
Könül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,