Qardaşım Qurbanəli! (İrəvan. Fi 22 mahi-mart 1902)
Kağızın vüsul oldu. Upravleniyadan rasçotu və talonu alıb, xəzinədən yüz otuz bir manat altmış üç qəpik aldım. Lazım gəldi xəzinədən pul almaqdan ötrü bir vəkilnamə də yazdırmaq və bu vəkilnaməyə həştad beş qəpik xərcim çıxdı və dünən Kərbəlayı Məhəmməd ağaya yüz otuz manat yetmiş səkkiz qəpik (130 r. 78 k. ) verdim və şalların satılmağı barəsində soruşdum. Belə məlum oldu ki, hələ satılmayıblar və mən öz tərəfimdən təvəqqe elədim sənin Xanzadov ilə olan hesabını qurtarsın və Kərbəlayı Məhəmmədağa söz verdi qurtarsın. Mən irəlicə Naxçıvanda olanda xalqdan eşidirdim ki, sən podratda qazandığını qoyursan alış-verişin ziyanına. İndi yadıma düşür haman sözlər və mən özüm də istəyirəm bu rəyə şərik olam.
Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin. Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər “çox razıyam”, bu həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...
Teleqrafda yazmışdım ki, kağız gözlə. Haman kağızda sənə yazacaqdım ki, ağam haman günlərdə mənə yazmışdı ki, ona xərclik göndərim. Mən də mümkün eləmədim göndərmək. Axır gəldi oldu axır çərşənbənin günü və ağam yadıma düşdü. Ürəyim o qədər sıxıldı ki, az qaldım ağlayam. Axırı sən yadıma düşdün və sənə teleqraf elədim və bu teleqrafı da mən çox çətinliklə göndərdim. Çünki, yaxşı bilirdim ki, heç haqqım yoxdur səndən pul istəməyə. Hələ mən səndən on iki manat da bir almışam və Naxçıvandakı borcumu da heç bilmirəm Məşədi Heydər verib, ya yox?
Müxtəsər, əhvalat bu tövrdür.
Bəs nə işlə məşğulsan? Satıb qurtardın dükanı, ya yox? Sidqi necədir? O cənabdan təvəqqe elə özgələrin namələrinin üstündə notariusluq eləməsin və mənə əlahiddə kağızlar yazsın. Məgər o bilmir ki, onun kağızları necə şirin töhfədir? Nə səbəbə müzayiqə edir? Qoy o məndən kağız gözləməsin. Mənim müsəlmanca yazmağa həvəsim azdır.
Bizim qohum-əqrəbamız necədir? Məşədi Yusif haman halətdədir, ya təğyir tapıb haləti? Ağam nə qayırır və Ələkbər haradadır?
Məşədi Heydərin, söz yox, əhvalı pərişandır. İndi necədir Nəsir, varmı yaxşı olmağa ümidi, ya yox? Allah şəfa versin.
Mən Dəlmə bağlarının əhvalatını, – necə ki, sənə bir vaxt oxumuşam, – “Kaspi”nin 53-cü nömrəsində çap etmişəm. Amma, heyf ki, “Kaspi” qəzetini İrəvanda azdır oxuyan. Xəyalım “Kavkaz” qəzetinə məktublar göndərməkdir və bir də Əlimərdan bəyin mənə heç vəchlə qəzet göndərməyə xəyalı yoxdur. Allah ona insaf versin!
Axır vaxt mən bardilləri Dəmirbulaq məhəlləsindən və məscidin qonşuluğundan köçürtmək fikrinə düşmüşəm. Tapdığım fəsillərə görə lazımdır ümid bağlamaq ki, qubernator bu vasitəni qəbul edə. İrəvan əhlinə bu xüsusda yaxşı ərizə yazmışam. Bu gün camaat qol qoyur.
Bu kağız ilə bahəm sənə göndərirəm divanxanadan aldığım rasçotu və bundan əlavə bir sovqat göndərirəm ki, olsun İrəvandan “Novoye vremya”ya verilən teleqraf sən qayırdığın dəmir yol barəsində. Bu əhvalatı mən oxudum “Kaspi” qəzetində və cırıb sənə göndərdim ki, oxuyasan.
Sabah martın 23-cü günü, İrəvan okrujnoy sudunda haman işə baxacaqlar ki, iki il bundan əqdəm okrujnoy suddan bir neçə dokument oğurlanmışdı ki, bu xüsusda sudun bir çlenini və Qayıbovu günahkar elədilər. Deyirlər ki, Tiflisdən böyük vəkil gəlib. Sabah tamaşa edərəm, sənə xəbər yazaram.
Təzə xəbər yoxdur. Hava çox xoşdur. İşim çoxdur.
Xəyalımız var bir Naxçıvana gələk. Əgər barama qurdu bəsləmək mane olmasa, yayda Dərəçiçəyə gedəcəyik. Hələ imtahan verməmişəm.
İndi xoş sənin halına ki, Sidqi ilə bir şəhərdə olursan. Bəs niyə mənim Münəvvərimin əksini götürüb göndərmədin? Əgər ağamgilin tərəfindən maneçilik varsa, mənim dilimdən təvəqqe elə mane olmasınlar və tez əksi göndər. Hazırlaş və yığış gəl İrəvana. Şurov xahiş edir Hacı Mirabbas ağanın kəhrizini alsın İrəvan vağzalından ötrü. Vurşel də hələ gəlməyib Tiflisə və yəqin ki, sənə bir cavab yoxdur göndərdiyiniz ərizələrə görə. Söz yox ki, kəhriz ərizəsinə Vurşel gəlincə baxmazlar. Bəs ərz edirəm ki, Şura Hacı Mirabbas ağanın kəhrizini almaq təklifini edir, mən də haman yer sahiblərini – ki, onların yerlərindən kəhriz quyuları vurulub–örgədirəm ki, haman kəhrizə yer sahiblərinin də ixtiyarları çatar. Çünki rus zakonu belədir ki, yer sahibinin izni olmasa, heç kəs onun yerindən kəhriz vura bilməz və bu işlərdə “davnost”, yəni təsərrüf qoyulmayıb. Məsələn, Hacı Mirabbas ağa deyə bilməz yer sahibinə ki, mənim kəhrizim sənin yerindən otuz ildir gedir. Çox da ki, otuz ildir! Mən otuz il sənə ixtiyar vermişəm kəhriz aparasan, amma indi vermirəm bu ixtiyarı və bir neçə yer sahibi – ki, mən onları bu tövr başa saldım, – gedib Şurova ərz elədilər ki, bizi də lazımdır nəzərdə tutmaq kəhrizi almaq vaxtında. Çünki haman kəhriz bizim yerlərimizdən keçir və bu xüsusda plan çəkildi və yer sahiblərinin hamısının adlarını yazdılar haman planda. Görək axırı nə olur?
Hələ Rəhimova pul göndərməyiblər. Podrat babətindən çox giley edir.
Hələ xudahafiz. Sənə xeyir-dua edirəm.
Cəlil Məmmədquluzadə
Tez cavab yaz. Mənə baxma və Sidqiyə baxma.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-qardasim-qurbaneli-irevan-fi-22-mahi-mart-1902
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam.Zəlzələdən dağılan Badamlı qəsəbəsi idi. Doğrudur, Badamlı ilə bizim fasiləmiz uzaq idi, amma orada üz verən müsibət o dərəcə ağır idi ki, mən və bir nəfər də yoldaşım araba qoşdurduq və Sarvanlar meşəsindən keçdik, kəsə yol ilə axşam vaxtı yetişdik Badamlıya. Orada müəllim Mirzə Əliquludan savayı bir kəsi tanımırdıq və arabanı qəsəbənin içinə sürüb Mirzə Əliqulunu soraqlaşdıq. Məlum oldu ki, məktəb binasının bir tərəfi zəlzələdən uçub və Mirzə Əliqulu oradan özgə yerə köçübdür.
Qoşa balıncAvqust ayının iyirmi üçündə mənə məlum oldu ki, Zaqatala ünas darülmüəllimatında imtahanlar tezliklə başlanacaqdır. Bunu eşitcək qızımı götürdüm və avqustun iyirmi dördündə sübh tezdən özümü yetirdim Yevlax stasionuna. Burada qızımla bərabər və bir neçə qeyri miniklərlə mindik avtomobilə və saat on birdə yetişdik Nuxaya. Burada karvansarada bir saata qədər təxir elədik və günorta zamanları haman avtomobillə yola düşdük və saat 3-də yetişdik Zaqatalaya.Xəyalım mehmanxanada qalmaq idi, səbəb budur ki, burada bir nəfər də tanış xəyalıma gəlmirdi. Olsa idi də, genə mehmanxananı qoyub bir kəsə zəhmət verməyəcəkdim. Onunçun da avtomobildən şeylərimi məndən izinsiz dalına alan hambala heç bir söz demədim və qızla bərabər hambalın dalına düşüb başladıq getməyə. Bir az gedəndən sonra genə ehtiyat üçün soruşdum:
ToyMənim adətimdir: bir yerdə dustaqxana adı gələndə gərək iki ağaclığından qaçam, yox olam.Mən dustaqxanadan çox qorxuram. Və əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nağıl eləsəm və siz də hövsələ ilə oxuyub başa çıxsanız, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam.
Eydi-rəməzanŞükür və süpas haman pərvərdigari-aləmə ki, dünyanı altı günün ərzində xəlq etdi: iki günün ərzində yeri, iki gündə göyü və iki günün müddətində də yer üzündə yaşıyan və göydə uçan heyvanları.Mənim bu şükür və sənama əlbət bir illət var ki, bu barədə möhtərəm oxucular ilə bir qədər söhbət etmək mənim indiki məqaləmin mövzu və məqsədidir.
Başqa şairlərin şeirləri
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Bu yerlərƏzəldə sultan yeridir bu yerlər,Qeysər ü xaqan yeridir bu yerlər,
CahanaEy gözəllər şahı, şuxi-nazənin,Yetişibdi hökmün külli-cahana.
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,