Mən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim.

Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir.

Məsələn, mən istəyirəm yazam ki, “keçmiş əsrlərdə osmanlı padşahları millət ilə çox görüşərdilər və bu cəhətdən hər işdə bu qədər milyon osmanlı millətinin başında padşah görünürdülər”. Amma qorxuram belə yazam, qorxuram məni ərəb və fars dili bilməyən hesab edələr, qorxuram elə xəyal eləyərlər ki, mən fars və ərəb dilini bilmirəm. Odur ki, yazanda belə yazmıram, özgə cür yazıram, yəni “ədəbi” dil ilə yazıram; məsələn bedə yazıram: “Osmanlı padşahları əsarisalifədə millətlə təması sevdikləri cəhətlə ünvani-xanədani-səltənətə müzaf olan “Osmanlı” nami-cəlili onaltı, onyeddi irq və nəslə mənsub bu qədər milyon osmanlının ünvani-milləti və nöqteyi-ittihadıdır”.

Bax, belə yazsam, əlbəttə dəxi hamı biləcək ki, mənim fars və ərəb dilindən də xəbərim var. Odur ki, belə yazıram.

Yəqin ki, qeyri yazıçılarımız da mənim kimidilər və hər kəs desə ki, “xeyr”, – lap qırmızıca yalan deyir.

Və bir də doğrudan “eyib”dir, sadə yazmaq “eyib”dir. Açıq yazmaq savadsızların peşəsidir və tarixdə də görürük ki, böyük alim və mütəşəxxis adamlar sadə yazmağı eyib tutublar. Katolik papaları deyərmişlər ki, “dil sadə və açıq olsa – fəsih olmaz”; rusun qədim yazıçıları yazı yazanda elə bir kəlmə və ibarətlər tapıb işlədərdilər ki, xoruz səsi eşitməmiş olsunlar. Rusun qədim şairi Derjavinin şeirlərini indi adam oxuyanda elə bilir ki, guya bu sözlər göydən yerə düşüblər.

Amma aylar və günlər dolandı, – axırda nə bilim puşkinlər, jukovskilər dili lap xarab elədilər; elə sözlər yazdılar ki, kəndlilər də başa düşürdülər.

Bəli, keçək öz işlərimizə.

Mən yenə deyirəm ki, yazımızın yüzdə doxsan doqquzu ərəb və fars ibarəsi olmasa, – türk dili xarab olub gedəcək, türk dili ləzzətdən düşəcək və bunlar keçəndən sonra, hər kəs yüzdə doxsan doqquz ərəb və fars kəlməsi işlətməsə, – heç kəs ona alim deməyəcək.


İndi mən burada bir söz demək istəyirəm; amma təvəqqə edirəm məqaləmi oxuyub qurtarmamış heç kəs “bay!” deməsin və təəccüb eləməsin.

Mən deyirəm ki, indi bu saat Osmanlının xristiyan millətləri qəzetlərinin bərəkətindən bilirlər ki, ətrafında nə işlər əmələ gəlir və nə vüquat üz verir; bu millətlərin ümumiyə əfkarı bir-birinə məlumdur. Amma on beş milyon türk millətinin üç-dörd min aliyyə məktəblərdə oxumuşlarını çıxandan sonra, qalanları dünyadan bixəbərdirlər. Ondan ötrü ki, İstambulda çıxan qəzetlərin dilini başa düşə bilmirlər və bu cəhətdən, məsələn, Anadolu türklərinin mində bir nəfəri bilmir ki, İstambulda nə var.

Hər kəs bu sözlərə şəkk gətirsə, əvvələn “Siratül-müstəqim” məcmuəsini tapsın və bu mətləbləri öyrənsin. Ələ gətirə bilməsə, möhtərəm “Tərcüman” qəzetinin 30-cu nömrəsində kazanlı Əyaz cənabları Türkiyə mühərrirlərindən Süleyman Nəzif bəyə verdiyi cavabı oxusun.

Və bunu oxuyub əhvalatdan xəbərdar olandan sonra, bunu bilsin və eşitsin və yenə eşitsin və yenə bilsin ki, sadə və açıq yazmaq eyibdir. Avamın və kəndlinin canı cəhənnəmə! Mənə çox lazımdır ki, o mənim yazdığımı başa düşəcək, ya düşməyəcək!

Mənə ancaq bu lazımdır ki, mənim yazılarımı oxuyanda desinlər: “Pəh-pəh, gör ərəb dilini nə yaxşı bilir!”.

Mənə ancaq bu lazımdır.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 9 avqust 1909, №32

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira