Biz elə bilirdik ki, Məhəmmədəli şah millət vəkillərinə zülm eləyib. Biz eşitmişdik ki, Məhəmmədəli şah qurana and içəndən sonra məşrutəni pozub. Bizə xəbər gəlmişdi ki, neçə millət mücahidlərini Məhəmmədəli şah boğdurub və neçə-neçə günahsız müsəlmanların uşaqlarını gözüyaşlı qoyub. Biz eşitmişdik ki, Məhəmmədəli şah İrana edən zülmü heç Neron eləməyib.

Amma Peterburqda işlər özgə surətdədir. Peterburqda bu saat hər kəsi dindirsən millət vəkillərinə iki min yaman deyər, hər kəsi danışdırsan cavab verər ki, Məhəmmədəli şah kimi adil padşah hələ yer üzünə gəlməyib.

Peterburqda bu əqidədədirlər ki, İranın iğtişaşına səbəb Zilli Sultandır ki, istəyir Məhəmmədəli şahı taxtdan salıb özü onun yerində əyləşsin və millət vəkillərinin də bir paraları Zilli Sultana əl altından kömək eləyirdilər və Zilli Sultan vəkillərə çox rüşvət verib və axırda Zilli Sultanın qoşunu gəlib Tehranı mühasirə eləyib və Tağızadə qoşunun qabağına qırmızı bayraq çıxardıb. Xülasə, zalım vəkillər və namərd Zilli Sultan az qalmışdılar şahi-məzlumi padşahlıqdan salalar və Allah rast saldı kazaklar bu tərəfdən çıxdılar və zalımların qabağını kəsdilər. Amma Allah şahiddir ki, kazaklar nə məclisə güllə atıblar, nə də uşaqları qırıblar.... Məclisi dağıdan və uşaqları qıran Zilli Sultanın qoşunudur, vəssalam. Yoxsa nə şahın burada günahı var, nə kazakların, nə də Əmiri-Bahadırın.

İndi Peterburqda bu sözləri danışandan soruşarsan ki, “sən bu sözləri haradan eşidibsən?”. Cavan verəcək ki, “bu xəbərlərin hamısı teleqraf xəbərləridir”.

İşin əsil həqiqəti belədir ki, Tehrandan bir özgə məmləkətə hər kəs politika işlərinə dair teleqraf göndərmək istəyirsə, gərək teleqraf sahibinin rəyini soruşsun, sonra teleqraf göndərsin.

Tehranda da kimdir teleqrafın sahibi: haman Məhəmmədəli şah, kazaklar, haman Əmiri-Bahadır. Dəxi aşkardır ki, Peterburqa Tehran xəbərləri məhz o mənada çata bilərdi ki, yuxarıda nağıl eləmişik ki, ondan ötrü qələm mənim öz əlimdədir, nə cür istəsəm, elə də yazaram.

Cırcırama

“Molla Nəsrəddin”, 4 avqust 1908, №31

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əzizim Həmidə! (2 fevral 1924)

Yanvarın 27-də yazdığın kağızı mənə İsmayıl bəy gətirdi. Aptekçidən də kağız aldım.Bir neçə gün bundan əvvəl sənə özümün və uşaqların məktubunu göndərmişdim.

1 dəq
Əzizim Münəvvər! (7 fevral 1924)

Məktubunu aldım və sənə iki cüt fitil, 15 dənə limon, Həmidə xanıma isə bir girvənkə qəhvə, iki paçka sikori göndərdim. Limonun bir neçəsini də ona göndər.Bu yaxınlarda mən Həmidə xanıma kağız yazıb Bakıya gəlməsini xahiş eləmişdim, çünki uşaqlar onun üçün çox darıxırlar.

1 dəq
Həmidə! (6 mart 1924)

Əgər sən buraya bayramdan qabaq, yaxud bayramdan sonra gəlsən, onda (... ) axırında biz hamımız kəndə yığışıb, oradan Lısoqorska gedərik. Uşaqlar səni gözləyəcək. Heydər Naxçıvandan gəlib, bizdə qalır. O tamam dəyişib. Sakit, qıvraq və güclüdür. Midhətlə birgə qalmalı və onunla fransız dilindən məşğul olmalıdır. Günlərimiz xoş keçir. Səni gözləyəcəyik.Cəlil

1 dəq
Əzizim Həmidə! (2 iyul 1924)

Georgi məktubu mənə verdi və indiyəcən onu görmədiyimə görə sənin tapşırdığın şeyləri poçta iki bağlamada təhvil verdim: birinci bağlamada 1 put seçmə sədri düyü, o birində isə – 10 girvənkə qənd, 1 girvənkə çay, sənin üçün qaloş, Münəvvər üçün tənzif və paltodur.Sən indi uşaqlarla haradasan və yayda qalmağa haraya gedəcəksən? İşim çox olduğuna görə, mən, deyəsən, heç yerə tərpənə bilməyəcəyəm.

1 dəq

Başqa şairlərin şeirləri · Satira