Sözün doğrusu, ölən qızımın anası bizim Nabat daha köhnəlmişdi. Yəni, elə belədir: arvad ki, bir evdə dörd, ən çoxu beş il yaşadı, bəsdir. Onu dəyişib özgəsini gətirmək lazımdır.

Mən də helə beləyəm. Nabatı dəyişməmiş, yerini gözaltı eləmişəm. Özü də Nabatdan çox-çox gözəldir. Və bir də kişinin qızı adamın Allahı var, cavandır; belə lap təzə vaxtıdır. Yəni yeni yetişir. Lap mənim fənnimdir. Hər bir danışığımız, işimiz qurtarıb gedibdir.

Qalmışdır, bircə, Nabatın talağını verib, başdan rədd eləmək işi...

Bunun fikri başımı lap gicəlləndirmişdi. Hər nə fənd qurdum ki, bəlkə, canı inciyə, “malım həlal, canım azad” deyə, başımdan rədd ola. Olmurdu ki, olmurdu...

Neçə gün küsülü qaldım, danışdırmadım, haçan danışırdı, savaşdım, dalaşdım, hətta srağa gün, evdə qaş-qabaqlı oturmuşdum; bu işin çarəsini düşünürdüm, – tərs qızı tərs kimi birdən bir tək səbir gətirdi. Ağzıma gələni dedim. Bu da bir bəlanın birisidir, dilini kəsmədi.

Hər nə ağır söz dedimsə, hamısını özümə qaytarıb cavabımı verdi.

Axırda bir-iki təpik sayəsində kəsilmiş dilini saxladı; amma zalım balasının dilindən “malım həlal, canım azad” sözü çıxmadı. Qaldım mat-məəttəl. Bir tərəfdən bunu boşadıqda: kəbin, cehiz haqqını vermək, o biri tərəfdən də təzə toy xərcini çəkmək, bu bahalıq vaxtında heç bacardığım iş olmayacaq idi.

Düşündüm, çarəsini tapdım; bəxtimə dedim, bəlkə tuta...

Cibimə bir dənə onluq qızıl qoydum. Sonra Nabatı çarşabını başına örtdürüb, söyə-söyə saldım yanıma. Düz gətirdim Hacı Molla Sadıq axundun yanına.

Qızıl onluğu qoydum ağzıma və dişlərim arasında tutdum.

Dedim:

– Hacı axund! Bu mənim əyalımdı, məni incidir, mən ilə yola getmir; oruc-namazımı da mənə həram eləyibdir. İndi təlağını verib boşamaq istəyirəm.

Hacı axund, Nabatdan, boşanmaq barəsində nə sözü olmağını soruşdu.

“Şəriət cəhaqqımı versin, boşasın” – deyə Nabat cavab verdi.

Qabaqca dişlərimin arasında qızıl onluğu görməyən, Hacı axunda bu dəfə lap yaxşı görsətdim və məsələni qaş-gözüm ilə anlatdım. Dedim: – Hacı axund! O axundluğuna and olsun, mümkünüm yoxdur; bu bahalıqda başımı ancaq dolandırıram.

Nabat istədi, yalanımı çıxartsın və razı olmasın, Hacı axund macal verməyib üstünə qışqırdı və:

– Kəs səsini, məlunə! Kişi ağzında qızıl kimi söz danışır, and içir. O yalan deyir, sən doğru deyirsən? Yaramaz, sözün şəriətcə məqbul deyil.

Və talağını kəsib, kağızını əlinə verdi, işi bitirdi.

Təmənləşib, Hacı axunddan ayrılanda qızıl onluğu dişlərimin arasından çıxarıb, ovcuna basdım: dua eliyə-eliyə çıxdım, getdim işimə.

Atası rəhmətlik Hacı axund canımı o biimanın əlindən əcəb asandca qurtardı getdi.

Cüvəllağı

“Yeni yol”, 12 may 1923, №15

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Molla Nəsrəddin

Nankorluq yaxşı sifət deyil. Millətimizin bir neçə zəhmət və xidmətini danmaq təcrübəli yazıçımıza yaraşmasa gərək. Hərçənd hey eşidirik ki, Molla Nəsrəddin niyə həmişə öz millətinin qüsurunu yazır, amma ermənilərin, firənglərin, ingilislərin əskikliklərini heç yazmır, – deyirlər. Amma bunları zarafat hesab edirik, çünki biz millətimizi illər uzunu mədh edib durmuşuq.Bu dörd ildə müsəlmanlar çox şey qazandılar: müsəlman-erməni davası oldu, çox şəhərlər, kəndlər qazandıq. Hətta bu sayədə aclara yığılan puldan çox adamlar sərvət qazandılar.

1 dəq
Qənimət

Amma bu zalim Orenburq tatarlarının içindən qəribə şairlər törüyüb. Məsələn, ayıb olmasın, “Din və məişət” jurnalının birinci nömrəsində “Sədiqül-əmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,

1 dəq
Mətbuat

Misirdə çıxan erməni qəzeti ”Yeni fikir”dən:İndiyə qədər osmanlı tayfalarının yekdigərindən mütəfərriq qalması məhzən “müsavat” sızlıqdan irəli gəlib, ya əfrad arasında şəxs etibarilə və ya tayfalar arasında irq etibarilə müsavatsızlığa dəlalət edəcək əhvalın cümləsi ittihadi-osmanlının qüvvətlənməsi əməlinə müxalifdir.

1 dəq
Zəncir

“Tərcüman” qəzetinin dediyi kimi, bilmirəm bizim Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada, hər yerindən qalxan millətin qabağa getməsini müsəlmanların əlifbasına, imlasına isnad edərək, bunların başına gətirdikləri oyun qalmır. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə törüyorlar.Bu sözləri yazır “Tərəqqi”nin 31-ci nömrəsində Əlibəy Hüseynzadə cənabları.

4 dəq

Başqa şairlərin şeirləri · Satira