Ey yari-bivəfa Qoloşapov! Bu imiş məgər dostluğun şəraiti? Biz məgər sənlə belə danışmışdıq? Heç bilirsənmi ki, kimi qırırsan, kimin evlərini topa tutursan, kimin məhəlləsinə od vurub yandırırsan? Məgər Qarabağ müsəlmanlarını tanımırsan? Məgər qeyri müsəlmanları tanımırsan? Məgər müsəlmanlar sənin padşahın barəsində etdiyi rəftarının əvəzidir ki, sən müsəlmanlar barəsində eləyirsən?..

Məgər bu, onun əvəzidir ki, Rusiya dövləti bina tutandan indiyə kimi hər bir müsəlman küçədə getdiyi yerdə bir rus görəndə tez qaçıb düşüb onun ayaqlarına və deyib: “Fəda olum sənə, ey rus”?

Məgər bunun əvəzidir ki, rus-yapon davası başlanandan axıra kimi müfti və şeyxülislamlarımız dəxi minbərlərdən aşağı yenmirdilər və müsəlman camaatını məscidlərə yığıb, yaponiyalıların basılmağına gecə və gündüz dua edirdilər? Bəlkə qazılarımız bu duaları eləməyəydilər, onda canını hara qoyacaq idin? Yəqin bil ki, bir nəfər rus əsgəri Mancuryadan sağ və səlamət geri qayıtmayacaq idi. Məgər belə sədaqətin əvəzidir ki, indi sən eləyirsən, ey vəfasız Qoloşapov?

Bu məgər onun əvəzidir ki, sənin padşahın yolunda Sultanov kimi müftilərimiz Peterburqa cəm olan müsəlman vəkillərinin barəsində şipyonluq, şeytançılıq ediblər ki, padşah ona “spasibo” göndərsin?

Məgər bu, onun əvəzidir ki, neçə ağıllı və zəkavətli vəzirlər yığılıb dumanı dağıda bilmədilər, axırı Şamaxıdan hacı Əbdürrəhim əfəndi çörək paralarına tilsim yazıb və padşaha təqdim edib, bir həftənin içində dumanı dağıtdı?

Bu məgər onun əvəzidir ki, yetmiş iki millət baş qaldırıb yapışıblar sənin padşahının yaxasından və deyirlər: “Canın üçün, ey padşah, dəxi bəsdi bura kimi! Dəxi qoymayacağıq ki, sənin vəzirlərin və qubernatların bizi boğsunlar”! Amma biz müsəlmana növbət gələndə deyirik: “Bu işlər hamısı Allah yanındadır, bizə dəxli yoxdur”.

Yoxsa, ey bivəfa Qoloşapov, bu işləri ondan ötrü eləyirsən ki, müsəlmanları yaxşı tanıyırsan? Yoxsa ondan ötrü eləyirsən ki, bilirmişsən ki, müfti və şeyxülislam gedib sərdara səndən şikayət edəndə sərdar onları görmək də istəməyəcək?

Yoxsa ondan ötrü eləyirsən ki, müsəlmanın həmiyyət və qeyrətindən xəbərdarsan?

Yoxsa ondan ötrü eləyirsən ki, sənə qabaqca yəqin imiş ki, müsəlman vəhşi bir millətdir, birinin-birindən xəbəri yoxdur, gəncəlinin bakılı ilə, bakılının iranlı ilə, irəvanlının şirvanlı ilə işi yoxdur?

Yoxsa qabaqca sənə məlum imiş ki, sən Qarabağı topa-tüfəngə tutan vaxt Bakıda müsəlmanlar sazəndə məclisi quracaqlar, Tiflisdə Vəzirov və Ağalarov kimi millət başçıları fahişəxana açmaq fikrinə düşəcəklər, kəndlərdə və şəhərlərdə qazılar və mollalar camaatın yuxusunu səkkiz qəpik alıb təbir edəcəklər?

Yoxsa bunları sən qabaqca bilirmişsən, ey vəfasız Qoloşapov?

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 28 iyul 1906, №17

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Biz

Biz nəyik?Bəzi vaxt mən öz-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”. Amma qəribə burasındadır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa. Bəlkə elə belə də lazımdır; bəlkə elə lazımdır ki, bizi bir şey hesab edib, bizdən ehtiyat eləsinlər?!

2 dəq
Altı milyon

Osmanlı qəzetləri yazırlar ki: “İstambul şeyxülislamı fitva verib Kərbəla mövqufatı satılsın və vüsul olan altı milyon manata Kərbəlada bir xəstəxana və Bağdadda bir darülfünün təsis olunsun”.Qəribə budur ki, qəzetlərimizin çoxusu bu xəbərə sevindilər və hətta “Bürhani-tərəqqi” belə yazır:

1 dəq
Teatr

Təəccüb etməli işdir ki, hələ indiyə kimi eləyə bilmirik teatr işində də özgə millətlərə möhtac olmayaq.Hələ müsəlman xanımlarının səhnəyə çıxmağı qalsın kənarda; müsəlman qızına nə biz, nə də “İşıq” izn verir ki, teatr oyunbazlarının içinə girib səhnədə oynasın. Biz hələ kişiləri deyirik: Allahın kişiləri də teatrdan qaçırlar, oynamaqdan qaçırlar və bizi o günə qoyurlar ki, gedirik ruslardan, ermənilərdən yalvarıb artist gətiririk ki, bizə müsəlman teatrı çıxartsınlar.

1 dəq
Zina

Hər adam istəyir hirsini yesin, dinməsin, insanı öz başına qoymurlar, dindirirlər.Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. Yenə bir para yeddi arxadan dönənləri tünbətün düşmüşlər qələmi murdar əllərinə alıb müsəlman qardaşları mədəniyyət aləminə dəvət eləyirlər, maarif yoluna çağırırlar, oxumaq və yazmaq dünyasına itələyirlər və bunun kimi bizlərə yaraşmayan əməlləri nişan vermək istəyirlər.

4 dəq

Başqa şairlərin şeirləri · Satira