Keçən rəbbiyəl-əvvəl ayının 18-də saat xoş olmağa səbəb Qafqaz müsəlmanlarının içində iki xeyir iş əmələ gəlib: biri Kürdəmirdə, biri Tiflisdə. Kürdəmir müsəlmanları bu məzmunda bir razılıq kağızı yazıb, hökumətə pişnəhad ediblər: “Biz, Kürdəmirdə sakin olan müsəlmanlar, Kürdəmirdə beşinci duxanın açılmağına razıyıq; çünki burada olan dörd dənə duxan bizlərə kifayət vermir. Və bu barədə qol qoyuruq”. Tarix flan və qırx dörd müsəlmanın imzası.

Tiflis müsəlmanları da yazdıqları razılıq kağızı bu məzmundadır: “Ax, keçən günlər! Doğru deyiblər ki, “keçən günə gün çatmaz”. Hanı o günlər ki, bizim gözəl məhəllədə, Sumbatov küçəsində fahişəxanalar başdan-başa düzülüb, məhəlləmizi zinətləndirirdi: gələn, gedən, fayton, alış-veriş… Xülasə, bir şənlik idi ki, şəhərimiz həqiqətdə London şəhərinə bir təpik də vurmuşdu. Amma Allah baisin evin yıxsın! O gözəl, nazənin-sənəm, sərvqəd və laləüzar qonşularımız məhəlləmizdən köçəndən bəri məhəlləmizdən xeyir-bərəkət də bilmərrə köçüb. Bu səbəbdən biz müsəlmanlar canü-dildən razılıq izhar edirik ki, fahişəxanalar dübarə bizim məhəlləyə təşriflərini gətirsinlər”. Tarix flan və altmış müsəlmanın imzası.

Ax, ax!.. Vay, vay!.. Ay bu kağızlara qol qoyan müsəlmanlar!..

Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,
Məxluqu inandır;
Xasiyyətin od olsa da, ətvarda xam ol,
Sök aləmi, yandır;

Xalqın nəzərin cəlb elə qurşağa, qəbayə,
Məclubi-üyun ol;
Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə,
İmanə sütun ol;

Səy eylə ki, saqqal uzanıb üç çərək olsun,
Papaq ona nisbət;
Qurşaq da, bilirsən ki, on arşın gərək olsun.
Təfsilə nə hacət…

Qoyma yerə təsbihini, əl çəkmə duadən,
Övrad oxu daim;
Məclisdə çəkib tut özünü, ol nücəbadən,
Söz söylə mülayim.

İştə geyinib məzhəbi, imanı büründün,
Pək möhtərəm oldun,
İndi nəzəri-xəlqdə sən pak göründün,
Əhli-kərəm oldun;

Başdan-ayağa əmnü əman oldu vücudun,
Zöhd ilə bitişdin;
Nolmaq diləyirdinsə haman oldu vücudun,
Məqsudə yetişdin!

Vəqt oldu ki, indi edəsən aləmi talan,
Tut, qoyma qaçanı!

Hökm indi sənindir, dəxi çək işlərə saman,
Yığ müşkül açanı.

Dul övrətə bidad elə, eytamə xəyanət,
Xövf etmə əcəldən;
Məkr isə özün qıl, oxu şeytana da lənət!
Şad ol bu əməldən,

Əl çəkmə hiyəldən,
Təzvirü dəğəldən,
İmanı da versən,
Vermə pulu əldən!

Hop-hop

“Molla Nəsrəddin”, 28 iyul 1906, №17

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Savad məktəbləri

Mən bu məqaləni o qəsd ilə yazmıram ki, savad məktəblərinə əmələ və kəndlilərimiz həvəs göstərsinlər və həmin məktəblərə şövq ilə doluşub savad öyrənsinlər.Niyə o qəsd ilə yazmıram?

2 dəq
Bəxt

İnsanın gərək bəxti ola: əgər oldu – xoşbəxt olacaq, əgər bəxti olmadı, hər qədəmdə ona bədbəxtlik üz verəcək.Götürək Gəncə kitabxanasını: bu yazığın bəxti əzəldən qara imiş. Neçə aylarınan çalışıb vuruşub, qulyanyadı nədir – bir bəhanə düzəltmişdilər ki, bu yazıq kitabxana üçün bir qədər pul yığsınlar və bir qədər kitab alsınlar.

1 dəq
İspalkom imtahanı

Həmən bu otuz ikinci nömrədən məcmuəmizdə “İspalkom imtahanı” sərlövhədə səhifə açmağı qərar qoyduq.“İspalkom” – rus sözüdür, bunun mənası “icraiyyə komitəsi sədri” deməkdir.

2 dəq
Dəmir yol

Dünən getmişdim Bakı vağzalına. Bilet sandığının qabağında düzülən cərgənin quyruğu gəlib küçəyə çıxmışdı. Deyirdilər ki, bu qədər adamın hamısı səhərdən növbəyə durublar.Birinci zəng vuruldu, həmin cərgədə duranlar tərpəşmədilər, ikinci zəng vuruldu, yenə həmin halət: heç kəs yeridən tərpənmir. Üçüncü zəng vuruldu, yenə duranlar yerində durublar. Amma söz burasındadır ki, çox-çox cavanlar gördüm ki, cərgədə duranlara baxmayıb hərə cibindən bir möhürlü kağız çıxartdı, uzatdı bilet satana ki, “mən məsul işçiyəm”. O dəmdə kağıza peçat basıldı və kağız sahibi keçdi getdi vaqonun istədiyi yerində özünə yer tutdu və maşın hərəkət elədi. Dünən mən cərgədə gördüyüm camaatın hamısı qaldı; çünki maşın ancaq məsul işçiləri götürdü apardı.

1 dəq

Başqa şairlərin şeirləri · Satira