Bizim qulağımız qızışıb, onçun çox şeyləri görmürük, amma kənardan baxan çox təəccüb eləyir və çox da gülür.

Mən bizim yazıları deyirəm. Əvvəl götürək dükanlarda və idarələrdə küçə qapısının başından asılan lövhələri. Pəh-pəh pəh!... zalım oğlu, nə gözəl yazıb! Hərflərin bir cərgəsi qızıl suyu ilə, bir sətri gümüş suyu ilə, bir sətri bir xəttlə, o biri hərfləri bir ayrı xəttlə – pəh-pəh, nə gözəl yazı, .... Amma... , vallah oxunmur, bilmirəm nə yazılıb.

Başdan bir hərf yazılıb, “cim”ə də oxşayır, “çim”ə də, “hey”ə də. Alt və üst doludu nöqtələr ilə, ilan-çayan və qeyri lazım olmayan “zer”, “zəbər” və “puş” ilə. Sonra – “çim”in quyruğu, gedib lövhənin lap axırında burulur qalxıb yuxarı, oradan da qayıdıb sətirlərin arasında yox olub. Həmin “cim” ilanın qarnına genə qızıl suyu ilə yazılmış bir ayrı ilan dolaşıb, bunun da başı “qaf” hərfinə oxşayır. Genə altda bir neçə lazım olmayan qarışqa şəkli, soxulcan şəkli, kərtənkələ şəkli, lazım olmayan nöqtələr, çalmalar, “püş”lər, “şə”lər və “zer”lər, üst də həmçinin.

Pəh-pəh-pəh, zalım oğlu gör nə göyçək yazıb, .... . amma vallah, billah oxunmur.


Söhbət burasındadır ki, qulaqlarımız çox bərk qızışıb. Axır-dürüst fikir edəndə bu dükan sahibi əlbət bu lövhəni ondan ötəri buradan asıb ki, camaat bilsin ki, bu dükan kimin dükanıdır və nə dükanıdır. Amma, gör bu biçarənin qulağı necə qızışıb ki, heç fikrinə də gətirmir, ya nəqqaşa desin – a balam, bunu belə yaz ki, oxuya bilsinlər, ya da ki, lövhəni bir yolluq yeni türk əlifbası xəttilə yazdırsın.

Çünki qulağı bərk qızışıb.

Kitablarımız da lövhələr kimidir.

Mən indi burada bir gülməli söz istəyirəm deyəm: mən deyirəm ki, nə qədər dünyada ərəb hərfilə kitab yazılıb, onların heç biri indiyə kimi oxunmayıb.

Mən səndən soruşuram və mərd-mərdana de görüm – sən hansı bir müsəlman kitabını oxuyub axıra kimi çıxmısan? Vallah, billah heç birini.

Bizim kitablar qəşənglikdən ötəri yazılırlar, nəinki oxumaqdan ötəri. Bizlər kitabı şöhrətdən ötəri alırıq, nəinki oxumaqdan ötəri. Sən “Gülüstan”ı oxumusan? Vallah yalan deyirsən. Mən Firdovsini oxumuşam? – yox, vallah yalan deyirəm. Sən Füzulini oxumusan? – yox. Hafizi yox – və gərək bunu biz yəqin edək ki, əl ilə yazılmış və daşda çap olunmuş kitabların heç biri müsəlman aləmində başa kimi oxunmayıblar (və çox yaxşı da olub ki, oxunmayıblar).

O ki qaldı, qurşun hərflərilə çap olunan kitablarımıza – onları da istəmişik hıqqına-hıqqına oxuyaq, amma yorulub yarı yolda tullamışıq.

Odur ki, maşallah, savadsızlıqda dünyanın birinci mərcini udmuşuq.

Amma duymuruq, çünki qulağımız qızışıb.

Vızvıza

“Yeni yol”, 13 – 20 yanvar 1923, №2 – 3

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Vətən məhəbbəti

Vətəndən bəzi səbəblərə görə uzaq düşən qarabağlılar bəlaya giriftar olan vətəndaşlarının əhvalını hər bir vasitə ilə yoluxub izhariməhəbbət və təəssüf etməkdədirlər.Peterburq darülfünununun tələbələrindən bir Qarabağ ermənisi “Novoye vremya” qəzetində üzünü Şuşa şəhərinə tutub deyir: “Ax, mənim qardaşlarım, yox olaydı o gün və o saat ki, mən vətəndən uzaqlaşdım, niyə mən bilmədim ki, siz bir belə dərdə düçar olacaqsınız? Niyə mən orada olmayaydım ki, sevgili qardaşlarıma əlimdən gələn qədər köməklik göstərib məzlumlara təsliyyət verəydim! Ax! Bu sözləri yaza-yaza uşaq kimi ağlayıram, dəxi səbr edə bilməyib əvvəlinci dəmir yol qatarı ilə gəlirəm vətənə!”.

2 dəq
Müsəlman içində gördüklərim

Lemsə tayfasından Reynqart adlı bir şəxs miladi tarixinin 1892-ci ilində yer üzünü başladı piyada dolanmağa və dörd ilin müddətində belə məşəqqətli səyahətini tamam edib, səfərdə gördüklərini yazıb, bir kitab cəm etdi. Həmin kitabın bir cildini cənab Reynqart idarəmizə göndərib, təvəqqə edir ki, kitabın intişarı naminə onu oxucularımıza tərif edək. Müsənnifin kağızından belə məlum olur ki, kitabdan bir cild “İrşad” və “Həyat” idarələrinə dəxi göndəribdir.Kitabın 895-ci səhifəsindən “Müsəlman içində gördüklərim” sərlövhəsi ilə Qafqaz və İran səyahətnaməsi başlanır. 912-ci səhifə Salahlı qəryəsindən danışır. Səyyah yazır: “Günorta vaxtı iki min əziyyətlə çatdım Salahlı kəndinə və küçədə bir uşaq görüb soruşdum:

3 dəq
İfratın mənfəəti

(“Həyat”ın 176-cı nömrəsini oxuyanlarla bir balaca söhbət)Cənab H.K.“Həyatın” söylədiyimiz nömrəsində “İfratın məzərrəti” adında yazdığı məqalədə deyir:

3 dəq
Bir gürcüyə cavab

Gürcü mühərrirlərindən bir rəfiqim dünən gəlmişdi bizə söhbətə. Danışıq millətlərin qabağa gəlməyindən düşdü. Rəfiqim başladı ki, hər bir millət üçün nicat yolu tapmaq balaca uşaqları məktəbə göndərib tərbiyə verməklə əmələ gəlir. Əgər belə olmasa, heç bir şey fayda bağışlamaz: nə hürriyyət, nə məşrutiyyət, nə cümhuriyyət, nə zənburiyyət, nə çənçuriyyət…Qərəz rəfiqim bunlardan bir neçəsini də saydı və bu sözləri deyəndən sonra mənim rəyimi soruşdu. Mən cavab verdim ki, hələ sözünü de qurtar, mən axırda birdən cavab verərəm.

3 dəq

Başqa şairlərin şeirləri · Satira