(“Həyat”ın 176-cı nömrəsini oxuyanlarla bir balaca söhbət)

Cənab H.K.“Həyatın” söylədiyimiz nömrəsində “İfratın məzərrəti” adında yazdığı məqalədə deyir:

“Bir millətin heyəti-camiəsi nə qədər məsrur və şad və azad olsa, o qədər tərəqqi edər, o qədər iş görər, o qədər də şəci, rəşid, aqil və alim olar. Böyük Napalyon bir vaxt düşündü ki, Fransa millətinin birinci səbəbi-tənəzzülü hüzn və qəmdir, özü klublar açdı, rəqs etdi, xalqı müaşirətə təhrik etdi. Həmçinin böyük Pyotr, həmçinin sair Avropa mucibi-tərəqqiləri. Və lakin bizim İran millətini dövlət, üləma, sadat, əşraf, rüəsa – hamısı ağlamağa dəvət edirlər. Həzrəti- Hüseyn əleyhüssəlamın şəhadəti dünyanın böyük müsibətlərindəndir. Hər sənə on gün məhərrəmi o büzürgüvar üçün məhzun olmaq müstəhəbb, müəkkəd və savabdır və lakin il on iki ay məhzun olmaq, ağlamaq, baş yarmaq, əlli milyon tümən xərcləmək milləti mərsiyəxan surətində gəda eləyib, çöllərə salmaq, əlbəttə, müzürrdir, bişübhə milləti fəlakət və əsarətə salar. Bir yerə nə işdən ötrü olursaolsun cəm olanda, toy məclisində, bayram görüşündə, qonaqlıqda və hər növ şadlıq və qeyri-şadlıq məclisində və hətta ticarətxanalarda və bəlkə tərəqqi edib şüareyi-müabirdə, xalqın tərəddüdünü kəsib, işgücdən qoyub, başına vurub ağlatmaq, əlbəttə, milləti bu hala yetirər”.

Cənab “H.K.”nın bu sözlərinin cavabında deyə bilərik ki, bütün yer üzündə yetmiş iki millətin içində heç bir məmləkət tapılmaz ki, müsəlman içində olan xeyir və bərəkətin yüzdən bir hissəsi orada ola bilsin.

Ax, fəda olum sənə, ey müsəlman aləmi! Nə gözəl imişsən!..

Allah o günü heç kəsə göstərməsin ki, birisi gedə düşə özgə millətlərin içinə, əlindən də bir iş gəlməyə, bir sənət və qabiliyyət sahibi olmaya! Yəqin ki, belə bir adamın dilənməkdən savayı bir çarəsi olmayacaq.

Amma di gəl müsəlman aləminə Allah min-min bərəkət versin! Əgər müsəlman içində “ağa” olmaq, çörək sahibi, hörmət-izzət sahibi olmaq istəyirsən, meydan genişlikdir, hər nə istəyirsən ol, Allah bərəkət versin. Əgər uşaqlıqdan arzu eləyibsən dövlət və cəlal sahibi olasan və özün də heç bir zəhmət çəkməyəsən, get mərsiyəxan ol; bu şərtlə ki, uca səsin ola; özgə bir şey lazım deyil.

Buradan bir haşiyə çıxaq.

Uşaq vaxtı, Molla Heydərin məktəbində oxuyan vaxt, mənim bir yoldaşım var idi; adı Qafar idi. Çox yaxşı oğlan idi. Amma dərs oxumağa bircə tikə həvəsi yox idi. Bir gün axund, Qafarın ayaqlarını fələqqəyə qoymaq istəyirdi. Amma Qafar bunu başa düşüb dərsdən qaçdı. İndi Molla Qafar Danabaş kəndində şöhrətli mərsiyəxanaların biri hesab olunur.

Bəli, Allah müsəlman aləminə bərəkət versin! Meydan vüsətlidir, hər nə istəyirsən ol: sinəzən ol, növhəxan ol, məşəl yandıran ol, dəstəbaşı ol, şəbihgərdan ol… hər nə kefin istəyir – ol!..

Buradan da bir haşiyə çıxaq.

Avropa kitablarında və səyahətnamələrində müsəlmanlardan söz düşəndə yazırlar ki, müsəlmanlar il on iki ay ağlamaqla vaxtlarını keçirirlər.

Tutaq ki, bu sözlər səhvdir, çünki hərdənbir mərsiyədən sonra məsciddən çıxıb mütrüb məclisinə də gedirlər. Amma bunilə belə, o yerlərdə ki, mütrüb yoxdu, vaqeən il on iki ay müsəlmanlar ağlamaqla vaxtlarını keçirirlər.

Buradan da bir haşiyə çıxaq.

Qabaqca ərz elədiyim Molla Qafar mərsiyəxanla bildir bir dəfə görüşən vaxt mən ondan soruşdum:

– Ay Molla Qafar sən Allah, məni bir başa sal görüm, nədən ötrü bir ilin ərzində üç yüz altmış beş gün xalqı ağlamağa dəvət edirsən və halonki, müsəlmanın müsibət əyyamı məhərrəmül-həram ayıdır?

Molla Qafar əvvəl sözün doğrusunu demək istəmədi. Amma sonra and verdi ki, bu sirri mən heç kəsə açmayım və başladı:

– Ay Molla Nəsrəddin, əgər biz mərsiyəxanlar durub bircə məhərrəm ayına iktifa eləyib qeyri ayları bekar qalsaq, pəs onda bizim ruzumuz haradan və kimdən yetişəcək?

Bir qədər fikir edib gördüm ki, rəfiqim doğru deyir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 18 avqust 1906, №20

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bir əldə iki qarpızı tutmaq olmaz

Ömrünün əvvəlindən axırınadək İranın tərəqqisinin arzusunda olan məşhur prins Mirzə Məlküm xan yazdığı neçə-neçə cild kitablarının birisində deyir: “Ma əgər Azərbaycanra xərab besazim, rus məcbur xahəd şüd ki on məmləkətra hər tövr həst əz dəsti-ma birun beyavərəd. Əgər dövləti-İran on həmə nəəmati-Gilan və Mazəndaranra misliimruz bərayi-dünya biməsrəf bedarəd, əz qüdrəti-dövləti-rus xaric xahəd bud ki, betəvanəd əz təsərrüfi-on vilayət sərfi-nəzər nümayənd”.Bu sözləri yazandan bir neçə il sonra mərhum Müzəffərəddin şah başladı yenə Culfa yolu ilə Avropaya səfər eləməyə və qayıdıb Tehrana gələndən sonra hökm elədi ki, səyahətnaməsini çap eləyib dağıtsınlar. Haman səyahətnamənin hər bir səhifəsində yazılıb: “Bəli, flan tarixdə və flan saatda varid olduq flan şəhərə. Maşallah, gözəl şəhərdir. Mənzilə düşən kimi rövzəxan gözəl sövt ilə bir yaxşı mərsiyə oxudu. Bir qədər ağlayıb feyziyab oldum və sonra bir qədər dincələndən sonra çıxdım şəhəri səyahət eləməyə”.

3 dəq
Üç qara xəbər

Bu gün mən üç xəbər eşitmişəm. Doğrusu, başımdan deyəsən, bir ağrı tutub, az qalıram özümü öldürəm.Biri budur ki, Məhəmmədəlini taxtdan yendirdilər. Hələ bu məlum. İkinci xəbər budur ki, Bakıda hər nə qədər adlı müsəlman var, – hamısını bir-bir qatıblar “qazamata”. Ay, vay, nə yaman günə qaldıq! Dəxi Bakının nə ləzzəti? Dəxi bundan sonra ümidimizi hara bağlayacağıq? Heyif, heyif, evimiz yıxıldı. Dünyada az-çox şöhrətimiz Bakı ilə idi. Tamam yer üzündə Bakı yada düşəndə hamı bilirdi ki, bəli, yer üzündə müsəlman da var imiş. Amma indi, amma indi? Vaveyla! Əgər bir az belə getsə, dəxi heç, heç və heçdən də heç.

1 dəq
Tövhid

“Tərəqqi”ruznaməsinin 152-ci nömrəsindən başlamış bir neçə nömrələrdə baş məqalələrin cərgəsində Bakı rus-müsəlman şkolaları və müəllimləri barədə bir neçə uzun məqalə dərc olunub. Məqalələri yazan bir nəfər “Sabiq müəllim”dir. Məlumdur ki, “Tərəqqi” qəzeti “Molla Nəsrəddin” kimi məzhəkəli cəridə deyil və bu qəzetdə yazılan baş məqalədə zarafatnan yazılmış bir söz və söhbət gərək olmaya. Lakin yuxarıda ad verdiyimiz şkolalar mübahəsəsinin bir yeri bizim üçün məzəli və gülməli nəzərə gəldi.Ruznamənin 153-cü nömrəsində məqalənin mabədində cənab “Sabiq müəllim” yazır ki: “Tamam Qafqazda türk dilini bilən bir şəxs vardır ki, o cənab da bu dili İstambulda öyrənibdir. Bu cənabı ortalıqdan çıxandan sonra görərik ki, tamam altı milyon Qafqaz müsəlmanları hamı ürəfa qismi ilə bir yerdə ana dilini necə ki, lazımdır, bilmirlər. Doğrudur, bəzi yazı-pozu bilənlərimiz bu iddiaya düşüblər ki, guya onlar türk dilinə aşinadırlar; lakin bu bir xam xəyaldır… Nə mollalarımız türk dilini necə ki, lazımdır bilirlər, nə mühərrirlərimiz, nə müəllimlərimiz və nə də qeyri savadlılarımız… Türk dilini bilmək üçün gərək onun sərf və nəhvinə, ədəbiyyatına, əruzuna, tarixinə, dilin təbiətinə və bir çox lüğəvi kəlmələrinə bələd olasan…”.

4 dəq
Halal

Axır vaxtlarda bəzi müsəlmanların öz halal övrətlərini evdə qoyub, gedib əcnəbi övrətlərindən rəfiqə tutmaqları başlayıb artmağa. Cənab Mirzə Abdulla “Tərəqqi”nin 160-cı nömrəsində bu məsələyə əl vurub, müsəlmanların bu hərəkətlərinin adını qoyur “xəbt gətirmək”, yəni dəlilik.Söz yox, o cür ki, cənab Mirzə yazır, – bu bir dəlilikdir, “aqilə, kamilə və mütəşəxxisə övrəti evdə gözüyaşlı qoyub, gedib ağılsız və kamalsız əcnəbi övrətini rəfiqə tutmaq” dəlilikdən də dəlilikdir. Amma yaxşı olardı ki, məqalə sahibi bizi başa salaydı ki, görək, aya, ağıl və kamalın mənası nədir və bizim halal övrətlər nəyin bərəkətindən o dərəcəyə qalxıblar ki, əcnəbi övrətləri bunların əlinə su tökməyə layiq deyildir. Bircə şərtimiz bu olsun ki, bu mübahisədə ortalığa murdarlıq söhbəti gətirməsin; çünki sən elə bircə bunu deyəsən ki, əcnəbi övrətləri əgər bizim xanımların əlinə su töksələr, xanımlarımızın pak əlləri murdarlanar, onda dəxi mən cavab verməyə aciz olaram.

3 dəq

Başqa şairlərin şeirləri · Satira