Ömrünün əvvəlindən axırınadək İranın tərəqqisinin arzusunda olan məşhur prins Mirzə Məlküm xan yazdığı neçə-neçə cild kitablarının birisində deyir: “Ma əgər Azərbaycanra xərab besazim, rus məcbur xahəd şüd ki on məmləkətra hər tövr həst əz dəsti-ma birun beyavərəd. Əgər dövləti-İran on həmə nəəmati-Gilan və Mazəndaranra misliimruz bərayi-dünya biməsrəf bedarəd, əz qüdrəti-dövləti-rus xaric xahəd bud ki, betəvanəd əz təsərrüfi-on vilayət sərfi-nəzər nümayənd”.

Bu sözləri yazandan bir neçə il sonra mərhum Müzəffərəddin şah başladı yenə Culfa yolu ilə Avropaya səfər eləməyə və qayıdıb Tehrana gələndən sonra hökm elədi ki, səyahətnaməsini çap eləyib dağıtsınlar. Haman səyahətnamənin hər bir səhifəsində yazılıb: “Bəli, flan tarixdə və flan saatda varid olduq flan şəhərə. Maşallah, gözəl şəhərdir. Mənzilə düşən kimi rövzəxan gözəl sövt ilə bir yaxşı mərsiyə oxudu. Bir qədər ağlayıb feyziyab oldum və sonra bir qədər dincələndən sonra çıxdım şəhəri səyahət eləməyə”.


Mərhum və məğrur şahın Azərbaycan və Gilanı əldə saxlamaq bir dəfə də fikrinə gəlməyib. Əgər gəlsə idi, Almaniyada ya Frəngistanda faytonçudan da soruşsaydı ki, “nə eləyim məmləkəti qonşular parçalamasınlar?” – o vədə Allahın faytonçusu da cavab verərdi ki, “məmləkətə qanun qoydur, arvadları əsirlikdən qurtar, qızları oxut və ticarəti qabağa gətirməkdən ötrü yolları təmir etdir ki, heç olmasa, Təbrizdən Tehrana barı qatırnan getmək olsun”.

Xeyr, mərhuma bu məsələlər lazım deyildi; onun fikri məhz o yerdə idi ki, bəlkə imam yolunda bir az ağlamaqla axirətdə də özü üçün gözəl qızlardan və oğlanlardan tədarük eləsin.

Belə olan surətdə dəxi iki işi bir yerdə görmək olmaz; birisi ki, səhərdən axşamadək mərsiyəxanla oturub durdu, – dəxi onun yadına politika işləri düşə bilməz; çünki bir əldə iki qarpızı tutmaq olmaz.


İndi gələk iranlılara. Bunlar kimlərdir? Bunlar müzəffərəddin şahın halal oğlanlarıdır. Bütün İranda beş-on nəfər Frəngistan elmi oxumuş əşxası çıxandan sonra hər nə qədər ki, məxluq gözümüzə sataşır, bunlar hamısı ibadət əhli və ağzıdualı müsəlmanlardır ki, hər biri sübh yerindən qalxan kimi qulağı səsdə olur ki, görsün haradan minacat səsi gəlir. Müsəlman məmləkətində heç elə bir şəhər yoxdur ki, bazara çıxıb çarsuda böyük bir yığıncağa rast gəlməyəsən. Bazarın bu başından o başına keçmək mümkün olmur. Soruşursan ki, “bu nə qiyamətdir?”; cavab verirlər ki, “hacı İsmayıl mərsiyə oxuyur”.


Hələ bunu görə-görə və bilə-bilə bəziləri deyirlər ki, İranı almaq asan deyil; buyururlar ki, iranlıları təsxir eləmək mümkün deyil; buyururlar ki, əgər bir belə iş olsa, vətən yolunda fəda olmağa hazır olan İran balaları vətənə əl uzadan hökumətə o qədər dərdi-sər verərlər ki, axırda peşiman elərlər; necə ki, Finlandiya, Polşa, Elzas-Lotaringiya və qeyriləri.

Bəli, iranlıları frənglərə, polyaklara və finlərə oxşatdıq, qurtardı qoydu getdi Elzasdan üç nəfər frəng əmələsini gətirib, qeyrətini qoyaram tərəzinin bir qapağına, bütün İranı qalxızar yuxarı; Polşadan üç nəfər övrət gətirərəm ki, bütün İrana cavab versin; Finlandiyanın üç nəfər hammalını Gilana gətirsəm, Rəştdə və Ənzəlidə hərəsi bir professor olar.

Müxtəsər, dünyada insanlar hamısı bir-birinə oxşayırlar; onlar da özlərinə görə bir adamdırlar, biz də özümüzə görə bir adamıq. Amma bircə təfavütümüz burasındadır ki, biz ibadət əhliyik… Lakin zəmanəmizin təqazasından belə məlum olur ki, dünyanı axtaran gərək ibadəti də bir az yumşaq eləsin; ibadətə gecə və gündüz məşğul olan gərək dünyaya dəxi aşiq olmasın; yoxsa, bir əldə iki qarpızı saxlamaq olmaz.

Kəlküttə “Həblül-mətin”i Türkiyə Azərbaycandan yana axırıncı nömrədə belə məsləhət görür ki, “Sərçeşmə bayəd giriftən bəbil”. Amma deyəsən fürsət fövtə verilib: çeşmə aşıb-daşıb, dünyanı götürüb; bəlkə Nuhun “ittihad” gəmisi ilə bu “seylabeyi-əşki” bir tövr keçmək ola.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 28 iyun 1909, №26

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məhəmmədəli şah və bütpərəstlər

Məhəmmədəli şah İran təxtü-tacını qəbul edəndən bəri idarəmizə Təbrizdən bir neçə dəfə kağız yazıb soruşublar ki, nə səbəbə biz təzə padşahın şəklini məcmuəmizdə çəkmirik? Kağız sahiblərinə biz cavab verdik ki, təzə padşah İran millətinin yolunda nə xidmət göstərib ki, biz onun şəklini məcmuəmizdə çəkək?Bu barədə bizə Təbrizdən yazdılar ki, bundan artıq dəxi nə xidmət olar ki, Məhəmmədəli şah nə qədər ki, Təbrizdə vəliəhd idi, göyçək uşaqlar küçəyə çıxa bilməzdilər? Kağız sahiblərinə biz cavab verdik ki, bunun eybi yoxdu.

3 dəq
Tapmaca

“Dəbistan” jurnalının əvvəlinci nömrəsinin 16-cı səhifəsində bir belə tapmaca yazılıb:Üçü bizə yağıdır

1 dəq
Baş yarmaq

“İrşad” qəzetini oxuyanlar həmin qəzetin 18-ci nömrəsində ikinci səhifənin üçüncü sütununda yazılan sözləri, əlbət ki, oxudular. Orada belə yazılıb: “Baş yarmaq, zəncir vurmaq, Qasim otağı gəzdirmək adətlərinin cümləsi artıq bir günahdır və bunlar islam şəriətində heç bir kitabda və qanunda yoxdur və hər kəs, bu işləri əmələ gətirsə, böyük günahkar hesab olunur”.Bu sözlərə şəhər qazısı Mir Məhəmməd Kərim ağa, axund hacı molla Ruhulla, axund Cavad, axund Ələkbər, axund şeyx Məhəmmədcavad, axund hacı Qəvam, axund hacı molla Ağa, hacı Mirmöhsün, axund molla Əbülqasım cənabları yekdil razı olub, imza etdilər”.

3 dəq
İrəvan seminariyası və qazının nitqi

İrəvan müxbirimiz “Anaş qurbağa” İrəvan qazısı Axund Molla Məhəmməd Bağır Ağa Qafqaz canişininə söylədiyi nitqin surətini göndərib idarəmizə ki, 7-ci nömrədə çap edək. Nitqin surəti:“Ey qraf ağa, sən Allah bir insaf elə, axır bu seminariya ki, İrəvanda var, axır buyur görək bunu kimdən ötrü hökumət açıb? Əgər buyursanız ki, İrəvan camaatından ötrü açıb, elədə bəs di buyur gedək seminariyaya və dəftəri tökək qabağımıza, baxaq görək ildə müsəlmanlardan neçə uşaq müəllimliyə çıxır. Di buyur zəhmət çək, gedək bax. Mən özüm bu seminariyada qırx səkkiz ildir şəriət dərsi deyirəm və nə zəhmətlər çəkmişəm. Mən gündə seminariyada iyirmi-otuz kafir və murdar uçtellər ilə əl-ələ vermişəm! Vallah, belə bilsəydim ki, axırı belə olacaq, heç vaxt bu zəhmətlərə qatlaşmazdım. İndi gör işin axırı nə yerə çatıb. Bir yerdə ki, müsəlman istəyir məktəb açsın – müəllim yox. Odur “Quylarda” mədrəsə müəllimi dərs əvəzinə uşaqlara əfsun yazıb paylayır ki, ilan sancmasın.

3 dəq

Başqa şairlərin şeirləri · Satira