Bir gürcüyə cavab
Gürcü mühərrirlərindən bir rəfiqim dünən gəlmişdi bizə söhbətə. Danışıq millətlərin qabağa gəlməyindən düşdü. Rəfiqim başladı ki, hər bir millət üçün nicat yolu tapmaq balaca uşaqları məktəbə göndərib tərbiyə verməklə əmələ gəlir. Əgər belə olmasa, heç bir şey fayda bağışlamaz: nə hürriyyət, nə məşrutiyyət, nə cümhuriyyət, nə zənburiyyət, nə çənçuriyyət…
Qərəz rəfiqim bunlardan bir neçəsini də saydı və bu sözləri deyəndən sonra mənim rəyimi soruşdu. Mən cavab verdim ki, hələ sözünü de qurtar, mən axırda birdən cavab verərəm.
Qonağım başladı:
– Üç yüz il bundan irəli Frəngistanda da uşaqlar 18 yaşına kimi küçələrdə aşıq oynardılar, qızlar qıcmadaş və beşdaş oynardılar. Hürriyyət, cümhuriyyət [sözü] danışanın qulaqlarını kəsərdilər. O vədə Frəngistan padşahı on dördüncü Lüdovik həmişə deyərdi: “Hökumət ibarətdir tək mənim vücudumdan” və kimin hünəri var idi irad etsin və bunun səbəbi budur ki, uşaqlar 18 yaşına çatan kimi küçələrdə aşıq oynardılar. Amma elə ki, camaat elm və mərifət vasitəsilə başladı gözünü açmağa, Frəngistan padşahları da yavaş-yavaş təşriflərini apardılar. Odur ki, indi Frəngistan hökumətini məhz camaatın öz vəkilləri idarə edir. Odur ki, Frəngistan millətlər içində olan şöhrəti ilə fəxr etməkdədir.
Bu sözləri deyəndən sonra gürcü rəfiqim genə mənim rəyimi soruşdu. Dedim:
– Hələ sözünü qurtar. Mən axırda birdən cavab verərəm.
Rəfiqim başladı:
– Bir vaxt var idi ki, Germaniya imperatorları, nəuzübillah, Allah iddiası edirdilər və onların rəftarı üçün heç bir qanun yox idi. Bunun da səbəbi o idi ki, uşaqlar on səkkiz yaşına kimi küçələrdə aşıq oynayırdılar, qızlar da habelə. Amma di gəl indi gör ki, işlər necə olub: indi Germaniya padşahı şikara gedəndə də camaat vəkillərindən izn istəyir. Məhz məktəblər və genə məktəblər Germaniya millətini bu mərtəbəyə yetiribdir.
Genə bu sözləri deyib, rəfiqim mənim rəyimi soruşdu. Dedim:
– Sözünü qurtar, rəyimi axırda deyərəm.
Qonağım başladı:
– Ay Molla, and verirəm səni dərviş Ağabalanın canına! Sənə mən indi bir söz deyəcəyəm. Sən mənim bu sözümü əlbəttə yetir iranlılara. – Dedim:
– Baş üstə.
Rəfiqim başladı:
– İranlılar indi şadlıqlarından mayallaq aşırlar. Amma bunu bilirlərmi ki, ingilis məmləkətində məşrutiyyət fərmanı miladi tarixinin 1215-ci ilində elan olunub və həmin tarixdən 1689-cu ilədək ingilis milləti ilə ingilis padşahlarının mabeynində hürriyyət üstə hədsiz davalar əmələ gəlib, hədsiz qanlar tökülüb, üç dəfə böyük inqilab zühurə gəlib və məhz 1689-cu ildə ingilis məşrutiyyəti bərqərar olub? Camaatın padşaha güc gəlməsinin səbəbi məhz o oldu ki, uşaqlar küçələrdən yığışıb və aşıqlarını İrana göndərib doluşdular məktəblərə.
Sözünü tamam edib qonağım rəyimi soruşdu. Mən dostuma belə cavab verdim və güman edirəm ki, yaxşı cavab vermişəm; dedim:
– Rəfiq, əvvəla, çox uzun müşərrəf oldun. Bizim Lağlağı da çox danışandı, amma danışanda genə başa düşmək olur ki, nə dedi və lakin sən o qədər hədərən-pədərən nağıl elədin ki, indi də qulaqlarım taqqıldayır. Nə bilim Frəngistan belə gəldi, məşrutiyyət belə getdi. İkinci də budur ki, sən nahaq yerə xəyal edirsən ki, bizim oğlanlar və qızlar oxumurlar.
Qonağım hirslənib tez durdu ayağa. Dedim:
– Yavaş! Heç hirslənmə! O ki oğlan uşaqlarımızdı, onlar on səkkiz yaşına kimi oxuyurlar: əlif zəbər-ə. Be zən be. Cim zəbər ce…
Rəfiqim sözümü kəsib dedi:
– Çox əcəb. Bunu oğlan uşaqları oxuyur. Bəs sən dedin ki, qızlar da oxuyurlar?
Tez cavab verdim:
– Əlbəttə, qızlar da oxuyurlar. Qızların da üç-dördü bir yerə cəm olanda, biri götürür qavalı, biri düşür oynamağa və qalanları da çəpik tutub oxuyurlar:
Bu gecə yemişəm bir dənə qarpız,
Balam ey, balam ey! Balam ey!..
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 25 avqust 1906, №21
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-bir-gurcuye-cavab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məsələn, Rusiyada Samara vilayətində qəhətlik ittifaq düşür. Sabah qəzetlərdə oxuyursan ki, ingilis camaatı ianə yığırlar ki, çörək alıb, göndərsinlər Samara aclarına. Frəngistanda mədənlərdə tələf olan əmələlərin əhli-əyalına Yaponiya əmələləri dünyanın o başından bu başına pul yığıb göndərirlər.Mədəni millətlərin içində bu bir adət olubdur. Amma bizə gələndə baxıb görürük ki, Arazın bu tayında olanlarımız Arazın o tayında olanlardan bixəbərdirlər.
PeterburqBiz elə bilirdik ki, Məhəmmədəli şah millət vəkillərinə zülm eləyib. Biz eşitmişdik ki, Məhəmmədəli şah qurana and içəndən sonra məşrutəni pozub. Bizə xəbər gəlmişdi ki, neçə millət mücahidlərini Məhəmmədəli şah boğdurub və neçə-neçə günahsız müsəlmanların uşaqlarını gözüyaşlı qoyub. Biz eşitmişdik ki, Məhəmmədəli şah İrana edən zülmü heç Neron eləməyib.Amma Peterburqda işlər özgə surətdədir. Peterburqda bu saat hər kəsi dindirsən millət vəkillərinə iki min yaman deyər, hər kəsi danışdırsan cavab verər ki, Məhəmmədəli şah kimi adil padşah hələ yer üzünə gəlməyib.
Məzəli xəbərlərBuxara vilayətində Qurğan şəhərində Peterburqdan təzə təyin olunmuş hakim şəhəri dolanan vaxt gəlir müsəlmanların məscidinə. Müsəlmanlar namaz qılırmışlar. Hakim müsəlmanlara deyir: “Durun ayağa, biədəblər. Görmürsünüz mən gəlmişəm?” Hakim görür ki, müsəlmanların kimi əyilir, kimi oturur, kimi qalxır ayağa.Hakim qalır məəttəl, çünki elə xəyal eliyir ki, müsəlmanlar dəli olublar. Sora ağanı başa salırlar ki, müsəlmanlar namaz qılırlar. Bu günlərdə məşhur gürcü yazıçısı Nikoladze “Novoye vremya” qəzetində yazır ki, Peterburqdan savayı heç bir özgə yeri görməyən, eşitməyən və tanımayan sahibmənsəblər Qafqaza təyin olunub gəlirlər ki, vilayətimizi idarə etsinlər. Amma baxırsan ki, hələ analarının südü ağızlarından qurumuyub. Bunlar uzaqdan eşidiblər ki, müsəlmanların haması, məsələn, quldurdular. Və əhalinin adətlərindən və xasiyyətlərindən bixəbər olmaqları cəhətə hər qədəmdə min səhvlər eləyirlər.
Bu nədir?Çox şeylər dünyada var ki, mən onu bilmirəm. Mən bilmədiyim şeylərin biri də budur ki, aşağıda ərz edəcəyəm.Osmanlıda qanuni-əsasi yolunda çığır-bağır eləyənlərin çoxu arvadlardır. Biz qəzetlərdə oxuduq ki, osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, payimal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. Və hamı görür ki, minlərcə osmanlı arvadları bir meydana yığışıb, utanmaya-utanmaya və heç bir kişidən qaçmaya-qaçmaya, kişi kimi bir uca stolun üstünə çıxıb, kişilərin içində səslərini ucaldıb, nitqlər söyləyirlər.
Başqa şairlərin şeirləri · Satira
İndi ölənin, Kirpi dayı, hörməti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.
Yoxsa yoxBu yuxudan, bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?
Nuşirəvanü Hatəmi Qanuni dəhrdəHəcv*Nuşirəvanü hatəmü Qanuni dəhrdə,
Barişnalara dairEy gül, nə əcəb silsileyi-müşki-tərin var,Ahu nəzərin var!