Bir neçə gün bundan əvvəl türk qəzetlərinin birində oxudum ki, rus ədibi məşhur Krılov “Abirin və kilab” adında bir təmsil yazıb. Çünki mən rusca az-çox oxumuşam və məlumdur ki, Krılovun təmsillərini mübtədi məktəblərdə oxudurlar, çox təəccüb elədim ki, bu təmsildən mənim xəbərim yoxdur. Açdım Krılovun məcmuəsini və vərəqləyib, “Abirin və kilab” adında bir təmsil tapa bilmədim. Sonra öz-özümə ha fikirləşdim ki, görəsən, “Abirin və kilab” nə deməkdir?

Axırı ərəbi bilənlərin birisi məni başa saldı ki, “abirin” – yəni ərəbcə keçənlər, yolçular; “kilab” – yəni itlər.

Burada mən barmağımı dişlədim: “a kişi, bu təmsili biz rus dərsi oxuyan vaxt əvvəlinci il oxuyub əzbərləmişik”.

İndi mən çox heyifslənirəm ki, ərəbcə savadım yoxdur; əgər olsaydı, ömrümdə bircə kəlmə türkcə nə oxuyardım, nə yazardım, nə tərcümə edərdim.

Mənim xəyalıma bir şey də gəlir: rusca oxuyanlara məlumdur ki, Krılov təmsillərini sadə rus dilində yazıb ki, rus milləti yaxşı başa düşsün. Əgər Krılov bilsəydi ki, türklər onun təmsillərini türk dilinə tərcümə edəndə yolçulara “abirin” və itlərə “kilab” adı qoyacaqlar, yəqin ki, Krılov da təmsillərini frəng, ya nemsə dilində yazardı.

Heyif ki, mən də özgələr kimi ərəb dilini dərin oxumamışam.

Hop-hop

“Molla Nəsrəddin”, 25 avqust 1906, №21

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Böhtan

Fevral ayının iyirmi altıncı axşamı iyirmi nəfər türk mamasının birinci buraxılışı münasibətilə “Əli Bayramov klubu”nda tərtib verilmiş müsamirədə, haman yeni türk mamaları tərəfindən verilən əhdü peymanlardan hazır olanların heç biri üçün şəkkü şübhə yeri qala bilməzdi ki, bu iyirmi nəfər türk maması canü dil ilə kəndlərə dağılıb, kəndli hamilə arvadlara növ-növ müsibətdən nicat verməkdə olacaqlar.Bununla bərabər axır vaxtlarda bir para şərirlər tərəfindən bir para böhtanlar intişar olunmaqdadır ki, guya bu iyirmi nəfər türk mamasının ancaq üç nəfəri kəndə getməyə hazırdır və qalan on yeddi nəfəri guya şəhərdə qalmağı kəndə getməkdən əlzəm bilirlər; yəni lap açığı: kəndə getmək istəmirlər.

2 dəq
Qatıq ağdırmı, qaradırmı?

Türkoloji qurultayından bir ay yarıma qədər keçibdir. Bununla bərabər həmin qurultayın çağırılması və qurultay tərəfindən təsdiq olunmuş yeni türk əlifbası məsələsi türklərin istiqbalı üçün o qədər əhəmiyyətli bir tarixdir ki, bu ay yarımın ərzində ruznamələr bizim həmin milli bayramımızı səmimi qəlbdən alqışlamaqdadırlar.Mən, yəni Molla Nəsrəddin əmi, aşağıda söylədiyim məsələlərə əbədən əl vurmaq istəməzdim və qabaqlarda da əl vurmamışam. Amma bu dəfə ürəyimdə bircə söz var ki, onu da burada söyləmək istəyirəm.

2 dəq
Siyasət

Siyasət cürbəcürdür.Hər şeyin özünə görə siyasəti vardır. Bu siyasətlərin içində bir də ticarət siyasəti vardır.

1 dəq
Xəstəxanaya

Dağıstan mətbuatında bu axır vaxtlarda bir qəribə əhvalat üz vermişdir ki, onu biz də məcmuəmizdə qeyd etmək istəyirik.Necəki oxucularımıza məlumdur. Dağıstanda bir neçə ay bundan qabaq ərəb dilində “Bəyan ül həqayiq” adında bir məcmuə çıxmağa başlamışdır. Məcmuəni çıxardan altı nəfər Dağıstan üləmasıdır. Şüar və məsləkləri dünyanın mömin bəndələrini pak olan İslam dininə hidayət etməkdir. Keçən nömrələrimizdə bu barədə yazılmışdı. Ona görə mətləbə keçirik.

2 dəq

Başqa şairlərin şeirləri · Satira