“Tərəqqi”ruznaməsinin 152-ci nömrəsindən başlamış bir neçə nömrələrdə baş məqalələrin cərgəsində Bakı rus-müsəlman şkolaları və müəllimləri barədə bir neçə uzun məqalə dərc olunub. Məqalələri yazan bir nəfər “Sabiq müəllim”dir. Məlumdur ki, “Tərəqqi” qəzeti “Molla Nəsrəddin” kimi məzhəkəli cəridə deyil və bu qəzetdə yazılan baş məqalədə zarafatnan yazılmış bir söz və söhbət gərək olmaya. Lakin yuxarıda ad verdiyimiz şkolalar mübahəsəsinin bir yeri bizim üçün məzəli və gülməli nəzərə gəldi.


Ruznamənin 153-cü nömrəsində məqalənin mabədində cənab “Sabiq müəllim” yazır ki: “Tamam Qafqazda türk dilini bilən bir şəxs vardır ki, o cənab da bu dili İstambulda öyrənibdir. Bu cənabı ortalıqdan çıxandan sonra görərik ki, tamam altı milyon Qafqaz müsəlmanları hamı ürəfa qismi ilə bir yerdə ana dilini necə ki, lazımdır, bilmirlər. Doğrudur, bəzi yazı-pozu bilənlərimiz bu iddiaya düşüblər ki, guya onlar türk dilinə aşinadırlar; lakin bu bir xam xəyaldır… Nə mollalarımız türk dilini necə ki, lazımdır bilirlər, nə mühərrirlərimiz, nə müəllimlərimiz və nə də qeyri savadlılarımız… Türk dilini bilmək üçün gərək onun sərf və nəhvinə, ədəbiyyatına, əruzuna, tarixinə, dilin təbiətinə və bir çox lüğəvi kəlmələrinə bələd olasan…”.

Yəni sözün qurtaranı, bir yolluq deyinən “lailahəilləllah”. Məsələn, üsuliddin neçədir? “Üuliddin beşdir: əvvələn tövhid, yəni bir Allahdan başqa, özgə bir Allah yoxdur. Dəlili? Bəli, dəlili lailahəilləllah. Bu dəlili-nəqli. Bəs dəlili-əqli? Dəlili əqli də budur ki, əgər Qafqazda bir nəfər türk dili bələndən savayı yenə bir nəfər türk dili bilən olsaydı, dəxi onda bunların heç biri, nəüzübillah, türk dilinin Allahı ola bilməzdi.


Cənab “Sabiq müəllim”in sözündən bu çıxır:

Əvvələn mollalarımızın heç biri türk dilini bilmir. Yəni bu bilməyənlərin içinə mərhum molla Əbdüssəlam Axunzadə də daxildir ki, türk dilində neçə cild kitablar yazıb və hətta bu kitabların biri də türk dilinin sərf-nəhvindən, təbiətindən və bir çox lüğəti kəlmələrdən bəhs edir.

Cənab “Sabiq müəllim”in fərmayişindən belə başa düşmək lazımdır: qeyri mollaların da heç biri türk dilini bilmir: nə quranı türk dilinə tərcümə edən axund Mir Məmmədkərim və axund molla Məhəmmədhəsən, nə İrəvanda Mirzə Abdulla Qazızadə, nə Axalsixdə Əli əfəndi Əfəndizadə, nə molla Həsən Tahirzadə, nə Talıbzadə və bunlardan savayı neçə-neçə qələm sahibləri mollalarımız.

Sonra mühərrirlərimizdən nə Əhməd bəy Ağayev türk dilini bilir, nə Haqverdiyev, nə Məmmədəmin Rəsulzadə, nə Nərimanov, nə Əliskəndər Cəfərzadə, nə Üzeyir cənabları, nə Faiq Nemanzadə (hərçənd İstambulda təhsil eləyib, amma görünür ki, məqalə sahibi Nemanzadəni də bilməyənlər cərgəsinə qatır).

Bəli, müəllimlərin də heç biri türk dilini bilmir: nə Firudin Köçərli cənabları bilir, nə Sultanməcid Qənizadə, nə Rəşidbəy Əfəndizadə, nə Bakıda kitab yazan müəllimlər, nə Gəncədə axundovlar, nə İrəvanda və qeyri şəhərlərin müəllim və qəzet müxbiləri. Şairlərdən nə keçənlər, nə də indiki sabirlər, tahirlər, nə Abbas ağa Qayıbovlar.

Xülasə, bir Allahdan başqa qeyri bir Allah yoxdur və bunun dəliliəqlisi budur ki, belə fərz edək ki, Allah ikidir, onda biri hökm eləyəndə o biri buna razı olayacaq idi, o vədə bunların arasında həmişə niza əmələ gələcək idi.


“Sabiq müəllim” cənabları buyurur ki, “Qafqazda türk dili yoxdur, çünki Qafqazın müxtəlif nöqtələri bir çox zaman fars və ya ərəb tayfası nüfuzunda qaldığı üçün o mahalların dili farslaşıb və ərəbləşib və yaxud ayrı bir libasa geyinibdir”. İndi lazımdır bu kəlam tamam eləyək, yoxsa bu sözləri oxuyan, əlbəttə, səndən soruşacaq: “Çox əcəb, bəs türk dili harada ərəbləşməkdən öz yaxasını qurtamaqla xoşbəxt olub?” Sən deyəcəksən ki, “İstambulda”. O vədə biz bu sözə gülərik, dadaşım”! Həqiqət, yenə biz “Sabiq müəllim”in sözlərini zarafat hesab eləmək istəyirik; çünki inana bilmirik ki, türk dili barəsində filosofluqdan dəm vuran bunu bilməsin ki, əgər dünyada türk dilini ərəbləşdirən bir yer varsa, o da İstambuldur.

Axırıncı dəfə and içirəm ki, cənab “Sabiq müəllim” özünü zarafata qoyub. Və əgər desə ki, “yox”, onda mən də ona bir belə təklif edərəm: ya iqrar eləsin ki, “Tərəqqi”nin 153-cü nömrəsinin üçüncü səhifəsinin əvvəlinci sütununda yazdığı sözləri o, qəsd ilə yazıb ki, yay vaxtı aranda istidən boğulanlar oxuyub gülsünlər ki, istinin acısı bir az yaddan çıxsın. Əgər buyursa ki, “xeyr”, o vədə mən də belə deyərəm: hərçənd məqalədə bir neçə yerdə “şol vəqt” ibarəsi gözümüzə sataşdı, amma söz yox ki, “Sabiq müəllim” cənabları özü də İstambulda təhsil eləməyənlər və türk dilini bilməyənlər cərgəsindədir. Belə olan surətdə “Tərəqqi” kimi bir böyük türk ruznaməsində türk dili bilməyən bir zatın türk dilində baş məqalə yazmağı böyük cürətdir. Xırda-mırda mühərrirlər üçün bu ötüşər, amma “filosoflar” üçün mümkün deyil.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 19 iyul 1909, №29

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira