Həmişə rus kilsəsinin qabağından keçəndə görürsən ki, kilsədə ibadət sovuşandan sonra oradan uzunətək bir keşiş çıxır və rus camaatının da qocaları kişi və övrət, – çoxusu qədimdə Nikolay dayının çinovnikləri, – həmin keşişi əhatə edib, dalınca gedirlər. Bəzi dindarlar küçədə getdikləri yerdə keşişin ətəklərini də və əllərini də öpürlər; hələ çox vaxt torpağa səcdəyə də düşən olur.

Həmin möhtərəm keşiş ən böyük xəlifədir. Bundan kiçikləri adi keşişlərdir ki, onların hörməti mömin xaçpərəstlər içində yenə öz qaydasıncadır.

Keşişlərdən rütbədə kiçik yenə bir çox kilsə xadimləri var: şam yandıran, zəng çalan və qeyriləri.


Sözün müxtəsəri, bunlar cəmi İsanın nökərləridirlər.

Əgər bir gün, yəni beş-on gün bundan qabaq, birdən-birə, durduğum yerdə desə idim ki, bu söylədiyim kilsə xadimləri lotu və uşaqbazdırlar, o vədə dindar, xaçpərəst camaatı hay-küy sala bilərdi ki, ay haray, Molla Nəsrəddin xaçpərəst keşişlərinə böhtan deyir, Molla Nəsrəddin kilsəni təhqir edir, Molla Nəsrəddin İsa əleyhüssəlama ehtiramsızlıq izhar edir.


Mətləbi açıq söyləyək. Əgər birisi oturduğu yerdə götürə qələmi və bir nəfər nəinki xəlifə barəsində, bəlkə sadə bir vətəndaş barəsində yaza ki, filankəs lotudur, ləvvatəçidir, o vədə belə sözləri yazandan dəlil-sübut istərlər və dəlil-sübut oldu–heç və əgər bu deyilən sözlər yalan çıxsa, o vaxt o böhtanı yazanın və söyləyənin atasını yandırarlar.

Onunçün də rus xəlifə və keşişləri barədə biz söylədiyimiz sözləri bu növ haray-dadla “Molla”nın baş səhifəsində söyləyirik və deyirik ki, xaçpərəst kilsəsinin bir dəstə xadimləri, – xəlifə də onların içində – ali məhkəmənin hüzurunda etiraf etməyə məcbur oldular ki, onlar bir dəstə oğlan uşaqlar ilə bir uzun vaxtın fasiləsində siğəbazlıq edirmişlər.

Burada siğəbazlıq mən ona deyirəm ki, necə ki, bizim islam xəlifələri və fazilləri də kefləri qalxanda istədikləri sahibsiz bir qadını öz mənzillərinə salıb, onunla bir gecə, ya çox gecə kef çəkirlər və buna da şəriətcə “siğeyi-mütə” adı qoyurlar (Nəcəfdə, Məşhəddə, Bakıda və hər yanda).


İstəyirdim qələmi qoyam yerə və sözümün dalını “mabədə” saxlayam; ancaq burada bir əhvalat yadıma düşdü: bir ay bundan qabaq Qaraşəhərdə rus zəhmətkeşləri rus kilsəsini uçurdanda (ki, yerində qiraətxana bina etsinlər) – haman Nikolay dayının ümmətinin bir parasını qəmgin və narazı gördüm. Kaş bilə idim ki, o narazı və qəmginlər indi ali məhkəmənin təhqiqatının nəticəsi müqabilində aya nə bir vəziyyətdədirlər?

Və indi nə xəyala düşürlər.

Aman Allah!!!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 15 noyabr 1928, №46

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira