Pəh-pəh, Bakı dönmüş necə gör, xuldi-bərinə,çıx eylə səyahət.Aç gözlərini, eylə nəzər dövri-bərinə,canın ola rahət.

Hər kuçədə bir məclisi-meyxanə açılmış,əhsən, bu məkanə!Ovbaşların şöhrəti dünyaya saçılmış,gəldim dəxi canə.

Hər tində görürsən ki, valaylar xuliqanlar,əxlaqı yamanlar,Növrəstə xanım qızlara daim dolaşanlar,nahəq dalaşanlar.

Bəzi siyirib tutmuş ələ qanlı bıçağı,vurmaq dilər adəm.Bəzi o qədər içmiş aşıb başdan ayağı,nifrət qılır aləm.

Hər yanda təzə yaxşı qumarxanə olub saz,qarətgah ocağı.Onlar hamısı dopdolu quşbazla qumarbazvəhşilər otağı.

Hər ləhzə görürsən ki, olur mərəkə peyda,başlandı dalaşma.Bəzi söyüşür, bəzi edir yox yerə dəva,onlara yanaşma.

Vardır aşağı hissədə çox nazlı madamlar,min işvəli canan.Kastumlu, kraxmallı, bığıburma adamlar,paltarları əlvan.

Bu hissəyə hər ləhzə “Kommunxoz” edir imdad,onlar ola rahət.Onlar da gəzib seyr eləyir bulvarı dilşad,çəkməzlər əziyyət.

Şəhrin yuxarı çastına var, eylə tamaşa,diqqət yetir hər an,Cəmdək qoxusu, mal başı hər tində mühəyya,nifrət qılır insan.

At dırnağı, tazı ölüsü palçığa batmış,həm yolları bərbad.Bilmərrə “Kommunxoz” oranın daşını atmış,etməz nə səbəb yad?

Çünki orada ömr sürür işçi, əkinçi,paltarları yırtıq.Kankənçi, dəmirçi, pinəçi, köylü, dilənçi:üz-gözləri palçıq.

İşlərsə tramvay yerinə bir neçə furqon,qəm çəkmə dayan, dur.Orda yaşayanlar gərək olsun da cigərxun,dillənmə amandır,Bu sirri-nihandır.Yazma bunu, Mülhid,Kəndinə ziyandır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira