Keçməz işə bu əsrdə hürriyyəti-nisvan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!

Arvad gərək heyvan kimi çöldə otarılsın,Gördükdə ərin vahimədən bağrı yarılsın.Hər gün döyülüb baş-gözü dəsmalla sarılsın,Tədbirinə doktor da qala acizü heyran.Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!

Var bir neçə dinsiz kişi, bilməz nədi qeyrət,Arvadlar edir bağçada, bulvarda səyahət.Amma bizə çatmış belə bir hökmi-şəriət,Arvad gərək evdə otura hali pərişan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!

Arvad nədir öz həqqını dünyada düşünsün,Yox, bir də gəlib öz ərinin boynuna minsin.Əz qol-qıçını, həddi nədir, bir kərə dinsin,Bu bidəti tərk eyləməz heç pak müsəlman,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!

Hər yerdə qadın zəhmətinin həqqi kötəkdir,Sınmaz dəyənək, arvad üçün şanlı bəzəkdir.Düz söz də desə, baxma, işi məkrü kələkdir,Yar baş-gözünü, eylə onu qanına qəltan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira