Farsların türklərdən götürüb mənimsədikləri sözlərdən biri də “Pənd” yəni nəsihət kəlməsi olub, əsli türkcədir. Farsca “Pənd” kəlməsi türkcə “Pəndim” sözündəndir ki, dəyirmançılıq aləmində istemal olunur. Habelə təbabətdə də işlənir və axır vaxtlarda hətta nəşriyyat dairələrində də gözə çarpmaqdadır.

Dəyirmançılıqda “Pənd” kəlməsi məsələn: Şagird dəyirmanın boğazına dəni həddindən ziyadə tökəndə və dəyirmanda dəni öyüdə bilməyəndə işlənir. Görürsən usta şagirdə pənd və nəsihət eləməyə başlayır ki, a balam, bu qədər dəni dəyirmanın boğazına tökməmiş bir qabaqca mülahizə eylə gör o dəni öyüdüb un eləməyə dəyirmanın gücü çatacaq ya yox. Çünki məlum şeydir ki, gücü çatmasa, dəyirman pəndim olub dayanacaq.

Təbabət aləmində də həmçinin həzm və təhlil şəraiti heç bir vaxt pozulmamalıdır. Əks surətdə mədədə pəndimlik üz verəcək və təbib çağırmaq lazım olacaqdır ki, gəlsin xəstəyə qabaqca pənd və nəsihət eləsin ki, ay qardaş, gərək dəyirmanı qabaqca mülahizə edəsən və ona görə də yemək yeyəsən.

Nəşriyyat aləmində də farsca pənd və nəsihət və türkcə pəndimlik kəlmələri axır vaxtlarda habelə istemal olunmaqdadır. Nəşriyyat idarələri tərəfindən işçi və kəndlilər üçün hey bir ucdan kitab çap olunmaqda və hambalların dalında doruğlarda daha daşınmaqdadır.

Söz də yoxdur ki, bu kitabların çoxusu az savadlı işçi və kəndlilər üçün çap olunur.

İndi bir çoxları soruşurlar ki, yarı kəlmələri ərəbcə, yarı farsca və yarı rusca çap olunan bu kitabları, yəni bu dəni həmən az savadlı yoldaşlarımız öyüdə biləcək və həzmə verə biləcəklərmi ya yox?

Bizim qorxumuz burasındadır ki, indi də başlayarlar pənd və nəsihət etməyə ki, qardaş niyə dəyirmanın qüvvəsini mülahizə eləmədin, axırda pəndimlik əmələ gəldi.

Müxtəsəri-kəlam, mən görmək istəyirdim ki, farsca pənd kəlməsinin əsli türkcə pəndim kəlməsindən alınmışdır ki, bunu da misallarla sübut elədik.

Cırcırama

“Molla Nəsrəddin”, 23 yanvar 1926, №4

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Pambıq qiyməti

Qəzetlərdə pambıq qiyməti haqqında arabir məqalələr gedir.Bizim idarəmizdə də bəzi yerlərdən kağızlar gəlir, bizim nə fikirdə olduğumuzu soruşurlar ki, bugünkü pambıq qiymətini artıqmı hesab edirik, əskikmi, ya yerindəmi?

2 dəq
Zarafat

Rza şahın şah olmaq söhbətini qabaqlarda mən zarafat sanırdım və indi də zarafat sanıram. Səbəbi budur ki, indiki əsrdə təzədən taxta çıxıb, tac qoymaq söhbətini bir yanda eşidəndə adam elə bilir ki, küçə uşaqları küçədə şah-şah oyunu oynayırlar.Amma İranın işi çox məzəlidir. Bir neçə ay bundan qabaq İranın bıvşi (keçmiş) padşahı Əhməd şah Firəngistandan İrana gəlməyə hazırlaşanda İran azadixahları Əhməd şaha kağız yazmışdılar ki, sənin indiki əsrdə Tehrana qayıtmağın bicadır. Çünki dünyada cəmi hökumətlər cümhuriyyət şəklini aldığı halda, biz iranlılar özümüzü bundan sonra bir nəfər şahın istibdadı altına salmarıq. Hətta Rza şah özü də axırıncı məktubunda bu məzmunda Əhməd şaha bir vəsiyyət yazmışdı. İndi belə məlum olur ki, bunlar hamısı biclik imiş. Demək, beləliklə, biçarə Əhmədin başının altına yasdıq qoymuşlar və qoydular da.

2 dəq
Əsil məqsəd nə imiş

Bu günlərdə məscidlərin birində böyük yığıncaq var idi: cəm olanlar hamısı Bakıda yaşayan iranlılar idi. Mən də özümü bir sayaqla məscidə saldım. Məlum oldu ki, camaatın buraya toplaşmağına səbəb Təbriz azadixahlarından Məhəmmədhəsən Əli Zənuzinin təzəlikcə Tehrandan qaçaq surətində bir növ Gilandan keçib özunü Bakıya salmasıdır. Bunun gizli gəlməyinin səbəbi Rzaşahın hər bir nüqatda qoçularının tərəfindən bunun təqib olunmağıdır. Saat 12-də Məhəmmədhəsən Əli Zənuzi minbərə çıxdı və qoltuq cibindən bir nüsxə ruznamə çıxardıb camaata salam verdi və başladı:– Mən bu dəqiqə özümü xoşbəxt hiss edirəm ki, bir çox qorxulardan sonra burada vətən qardaşlarımla görüşmək və dərdimi onlara açıb söyləmək mənə müyəssər oldu. Ərz edirəm ki, qəlbimdə və ruhumda olan mənim mənəvi yaram nə qədər təhlükəli də olmuş olsa idi, bu məclisdə mənim cəmi dərdlərim şəfayab olacaqdır.

2 dəq
Moizə

– Biz aciz bəndələrə heç bir vəch ilə ixtiyar verilmir çox arvadlılığın yaxşılığı və pisliyi barəsində fikir və xəyalata düşmək və mübahisəyə girişmək.– Sənin borcundur bu məsələləri eşidəsən və öyrənəsən. Qasım bəy məscidində, oranın vaizlərindən.

1 dəq

Başqa şairlərin şeirləri · Satira