Usta Zeynal
Səhifə 3 / 3 · 67%
– Usta, mən bir şeyə mat qalıram. Yaxçı, ermənilər bu aşkarlıqda zadı görmüllər? Bunlar niyə bəs dönüb musurman olmullar?
Usta Zeynal gəci mala ilə səqfə vurub dedi:
– Qurban, bu işlər hamısı sirrdir. Bunları heç başa düşmək olmaz. Bunlar hamısı Allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsəlman oldu, – onda cəhənnəmi Allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək? Bu işlərin hamısının bir səbəbi var; yoxsa ermənilər çox yaxçı bilirlər ki, bizim məssəbimiz olarınkından yaxçıdı. Xüdayi-əzz və cəll…
– Usta, sözünü də kəsirəm, hələ deyək ki, musurman olmasınlar. Mən bilmirəm bunlar hələ necə donuz ətindən irgənmirlər?
Usta Zeynal malanı qoydu taxtanın üstünə; çubuğu götürüb başladı doldurmağa və alçaq səslə dedi:
– Mən deyirəm ki, ermənilər özləri də görürlər ki, donuz ətində bir ləzzət yoxdu; amma boyunlarına düşüb, ta əl çəkə bilmirlər… Neyləsinlər yazıqlar? Adamın adam xörəyi olar, heyvanın da heyvan xörəyi. Və bir də bunlar hamısı Allahdandır. Gəl ləyəni götür, gəc qayır.
Qurban çıxdı nərdibana və başladı:
– Bəli, qıl körpüdən keçəndədi tamaşa!..
Usta Zeynal çubuğunu tüstülədib başladı:
– Qurban, bilirsən nə var? İşin əsli, haqq yolu tanımaqdadır; insan ki, haqq yolu tapdı, insan ki, xüdayi-taalanın…
Muğdusi Akop içəri girib, dinməz-söyləməz baxdı Usta Zeynalın üzünə. Usta Zeynal üzünü Muğdusiyə tutub soruşdu:
– Ay xozeyin, səni and verirəm İncilə, bir mənə de görüm, o zəhrimarda nə ləzzət görübsünüz ki, yeyirsiz?
Muğdusi Akop hirslənib, iki əlini yuxarı qalxızıb qayımdan dedi:
– A kişi, bir mənə de görüm, sən bura mollalığa ki, gəlməmisən?
– Xozeyin, qadan alım, ta niyə hirslənirsən? Bir sözdü ağzıma gəldi soruşdum. Qurban, gəc qayır!
Muğdusi dinmədi. Usta Zeynal çubuğu taxtanın üstə qoyub götürdü malanı və başladı işləməyi.
Muğdusi əvvəl istədi ki, işi yarımçıq qoyub, ustaların hesabını kəsib, rədd etsin; amma övrəti razı olmadı və dedi ki:
– Daha bundan sonra haradan özgə usta tapılıb səqfi axşama kimi qurtara biləcək. Daha işi natamam qoymaq olmaz. Ya lazım idi təmirə heç başlamamaq; indi ki, başlanıb, – qurtarmaq lazımdır.
Ər və arvad məsləhəti bu yerə qoydular ki, Muğdusi Akop gedib hacı Rəsula əhvalatı söyləsin ki, hacı Rəsul ya özü gəlsin və ya bir adam göndərsin Usta Zeynalın yanına və təkid etsin ki, şərt olunan haqqından bir manat da artıq alıb, Usta Zeynal axşama kimi əlbəttə işini tamam etsin.
Muğdusi Akop getdi hacı Rəsulun yanına və dərdi-dilini ona söylədi. Hacı Rəsul zahirən Usta Zeynalın rəftarından nəhayət dərəcədə narazı qalıb, oğluna dedi ki, durmayıb getsin və flan-flan şüdəyə desin ki: “Əgər bu gün axşama kimi işini tamam etməsə, nə onun haqqı yetişəcək və nə də daha bundan sonra onu bir özgəsinə tərif edəcək”. Hacının oğlu yarım saatdan sonra qayıdıb gəldi və cavab gətirdi ki, Usta Zeynal atasının qəbrinə and içib ki, hacı ağa heç ürəyini sıxmasın; əgər Allahın iltimatı olsa, bu gün axşama kimi səqfi tamam edəcək və əgər etməsə, bir qəpik də haqq istəməyəcək.
Muğdusi Akop bu sözlərin qabağında daha bir söz söyləmədi və başını aşağı əyib, istədi dükandan çıxıb gedə. Hacı Rəsul Muğdusini çağırıb ona bu sözləri dedi:
– Hara gedirsən, Muğdusi kirvə? Gəl bir az söhbət elə görək nə var, nə yox? Davadan-zaddan nə danışırlar?
Muğdusi dükanın qapısında durub, bir cavab vermədi və saatı çıxardıb və cibinə qoyub dedi:
– Hacı, gərək gedəm bazara, bir az işim var. Evə də gərək gedəm, görüm ustalar nə qayırırlar.
– A kişi, sən məssəbin, boşla qoysun getsin. Muğdusi kirvə, görükür ki, mənim sözlərimi zarafat hesab eliyirsən. Mən ki, Usta Zeynala sifariş elədim, o ki, mənə söz verdi, eliyə bilməz sözünə əməl eləməsin. Lap arxayın ol və gəl otur, bir az söhbət eliyək.
– Doğrusu, hacı, mənim ustalardan gözüm su içmir, qorxuram işi yarımçıq qoyalar.
– Ay Muğdusi, səni dinin, boş-boş danışma, gəl otur görək.
Hacı Rəsulun oğlu, Muğdusi Akopa bir stul təklif etdi. Muğdusi oturdu və hacı Rəsul genə başladı and içib Muğdusini inandırmağa ki, Usta Zeynal sözünün üstündə möhkəm adamdır; Usta Zeynalı o çoxdan tanıyır ki, Usta Zeynal mömindir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, artıq dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıbdır.
Usta Zeynal haman vaxt Qurbanla belə söhbət edirdi:
– Qurban, görürsən bu erməni millətini. İstiyirsən yüz min dəfə imama, peyğəmbərə and iç, qəsəm elə, heç vaxt sənin sözünə inanmayacaq. De ki, ay kafir oğlu kafir, burda nə bir o qədər iş var ki, sən mənim sözümə inanmayıb, hacı Rəsulu iltimasçı salırsan? Gəl ləyəni götür, gəc qayır!
Qurban nərdibana qalxa-qalxa başladı:
– Usta, birisi Allahı dandı, laməzhəb oldu, heç bir şeyə qayıllığı olmadı, çətindi onu inandırmaq.
Qurban küpəni götürdü ki, ləyənə su töküb gəc qayırsın və gördü ki, küpənin suyu qurtarıb və bir az diqqət edəndən sonra gördü ki, su axıb tökülüb yerə. Küpənin o tərəfinə-bu tərəfinə diqqətlə baxıb gördü: küpə bir tərəfdən çatlayıb. Qurban üzünü Usta Zeynala tutub soruşdu:
– Usta, küpəniz irəlidən çatdaq idi, ya təzəlikdə sınıb?
Usta Zeynal cavab verdi:
– Yox, bizim küpə sınıq deyil, yoxsa sən sındırmısan?
Usta Zeynal başladı aşağı yenməyi və küpəni əlinə götürüb üzünü tutdu Qurbana:
– Qurban, bu küpə bizim deyil, bizimki köhnədi və bir az bundan yekədi.
Qurban bir az fikir edib çıxdı balkona və əlində bir küpə gətirdi. Usta Zeynal haman küpəni Qurbanın əlindən alıb, mat-mat baxdı Qurbanın üzünə və dərin ah çəkib dedi:
– Qurban, Allah sənə lənət eləsin!
Bu sözləri deyib, Usta Zeynal genə mat-mat baxdı Qurbanın üzünə. Qurban da habelə dinməz-söyləməz baxırdı Usta Zeynalın üzünə. Usta Zeynal bir ah çəkib dedi:
– Qurban, Allah sənə lənət eləsin! Erməninin küpəsində su gətirib gəc qayırdın və dünya-aləmi mırdar elədin. Allah sənə lənət eləsin!
Qurban dinməyib mat-mat baxırdı Usta Zeynalın üzünə. Usta Zeynal üzünü turşudub iki dəfə tüpürdü yerə, bir dəfə Qurbanın üzünə və həyətə çıxıb getdi oturdu arxın kənarında və başladı əllərini yumağı və sonra otağa gəlib Qurbana dedi ki, şeyləri yığışdırsın. Və akoşkanın içindən paltarını götürüb, genə Qurbanın üzünə bir dəfə tüpürdü və üz qoydu çıxıb getməyə. Qurban da kor-peşman başını saldı aşağı və xurcunu götürüb, düşdü ustanın dalına. Muğdusinin arvadı elə bildi ki, ustalar çörəyə çıxırlar.
Haman dəqiqə hacı Rəsul dükanda Muğdusi ilə söhbət edirdi və Muğdusini inandırırdı ki, Usta Zeynalı o çoxdan tanıyır ki, Usta Zeynal mömindir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, nəhayət dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıb.
Bu gün axşama kimi Muğdusi Akop, övrəti və kiçik oğlu otaqda nərdibanları, taxtaları və gəci eşiyə daşıyıb, otağı təmizləməyə məşğul oldular. Muğdusi hərdənbir yarımçıq səqfə baxıb Usta Zeynalı yad edirdi.
Bu gün axşama kimi Usta Zeynalın arvadı ərinin paltarlarını yuyub qurutmağa məşğul oldu. Usta Zeynal çılpaq oturmuşdu evində və gözləyirdi ki, paltarları quruyandan sonra getsin hamama və təmizlənsin.
Sübh saat doqquzda dəmir yol ilə Muğdusi Akopun oğlu gəldi vətənə.
İyul 1905-ci il, Tiflis
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-usta-zeynal
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əcayibül-məxluqat*Rəvayətdir ki, bir gün Yəhya bin Ziyad xahiş elədi ki, şeytanı gətirsinlər onun yanına. Şeytan hazır oldu, amma şeytan nə şeytan: tükləri meymun tükünə oxşar, bədəni donquz bədəni kimi, ağzı və gözü əyri, dörd əli var, ikisi sinəsində və ikisi də çiyinlərində, amma ayaqları boynundan asılmışdı və otuz ayaq barmaqları var idi, amma boynundan bir yekə zəng asılmışdı.
FitvalarAltı müctəhidin imzaları ilə təsdiq olunmuş hər cür fitvalar Tiflisdə “Qeyrət” mətbəəsində bir neçə min nüsxə çap olunub satılır və xahiş edənlərə “naloj” ilə göndərilir. Bu aşağıda yazılan qərar ilə:Məşrutiyyət ziddinə verilən fitvalar... nüsxəsi yarım qəpik
LəpəMən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam.Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!..
KüpBir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.
Başqa şairlərin şeirləri
Hər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Bir parça torpaq qalmadıBarmağın hər yanə qoydu əldə barmaq qalmadı,Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.
پیرم و آرزویِ وصلِ جوانان دارمخانه ویران بوَد و حسرتِ مهمان دارم