Dedilər: Kəndlərdə mal azarı var.

Bunu gördüm.

Amma deyirdilər: Bu azarın dalına düşüb, qovalıyan mal

həkimləri də var.

Vallah bunu mən görmədim.


Deyirdilər: Azərbaycanın bu başından başlamış o başına kimi

kəndlilərin malı qırılmaqdadır.

Bunu gördüm.

Amma o ki, deyirdilər: Mərkəzdən kəndlərə mal həkimləri göndərilib, dava-dərman göndərilib, feldşerlər göndərilib və pul göndərilib.

Vallah, görmədim.

Varmışsa da, hər yana getdim, soruşdum, bir sorağ verən olmadı.

Biri deyirdi: Eləcə bu saat qabağından getdi. O biri dedi: Eləcə bu saat qabağından getdi. Ancaq mən görmədim.

Deyirdilər ki, mal həkimləri mallara iynə vururlar ki, daxi azarlamasınlar. Bunu gördüm və eşitdim.

Ancaq o yerlərdə ki, mallara iynə vurulub, o yerdə ki, gözləmək olardı ki, mal azarı daxi yox olsun, yainki azalsın.

Vallah, bunu görmədim.


Bir də eşitmişəm ki, bir yanda ki, mal xəstəliyi ittifaq düşdü. Həmən xəstə malı lazımdır öldürmək. Dərin xəndək qazmaq və elə quylamaq ki, o heyvandan bir qoxu və əsər qalmasın. Beləliklə, özgə mala bu azar daxi toxunmasın.

Ancaq bu yay fəsli mən dağları, daşları gəzdim, dolandım və hər qədəmdə və hər kənddə və hər obada gördüm ki, burada-orada eləcə azarlı maldar ki, yıxılıb ölür.

Tək bircə dəfə də ittifaq düşmədi ki, bu xəstə mal cəmdəyini quyluyub, puç edələr ki, qeyri-salamat mallar gəlib bunu qoxulamasınlar.

Yandım-yaxıldım, görmədim.

Ancan hərdən quluğıma çatırdı ki, filan kəndin mallarına iynə vuruldu və iynə vurulan mallardan ölən də oldu, qalan da qaldı və bala salan da oldu.

Amma o qədər ki, “Çuma” deyilən azarının dalına düşmək və onunla mübarizə aparmağa kitablarda yazırlar.

Elə bu bir mübarizəni və mübarizə edəni mən üç ay yayın müddətində görmədim.

Yandım-yaxıldım, görmədim.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, sentyabr 1926-cı il, №37

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira