Bu zülm doğrudan da, nə yerə sığışar, nə göyə.

Əhvalat belədir:

İki ay bundan müqəddəm Nuxa məclisinin üzvü Hacı Fəzlulla əfəndi dari-fənadan dari-bəqaya rehlət buyurdu. Deməli ki, məzkur məclisdə bir üzvlük yeri açıldı, yəni bir adam buraya təyin olunası oldu.

Mərhum Hacı Əfəndinin vəfatı Nuxa camaatını artıq dərəcədə kədərlətdisə də, genə Nuxa əhli özlərinə bir qədər təsəlli verdilər, bu mülahizə ilə ki, bəli, idareyi-ruhaniyyə bu yerə bir elə ləyaqətli adam təyin edər ki, nuxalıların qəlbi bir qədər sakit olar və qüssələri yavaşyavaş yaddan çıxar.

Balacah müfti tərəfindən qubernatora göstərildi ki, o yer verilsin qazi Əbdürrəhim əfəndinin yeznəsi Nurməhəmməd əfəndiyə Nuxaya bu xəbər çatan kimi bir böyük mərəkə qopdu. Bir tərəfdən Nuxa camaatı Nurməhəmməd əfəndiyə xəbər verdilər ki, “biz səni istəmirik. Ondan ötrü ki, sən Salahlı xəlçələrinin üstündə namaz qılırsan, sən xaçmazlı oğlundan sarı kürən oğurluq atı minib ikinci Cümə məscidinə namaz qılmağa gedirsən, nə bilim Molla Məhəmmədin övrətinə nə qədər zülmlər eləmisən, bəli, filan eləmisən, filan işi tutmusan”.

Yazıq Nurməhəmməd əfəndi də and-aman eləyir ki. “mən heç bir yeri istəmirdim, ancaq müfti əfəndi məni yerə zornan təyin eləyib”.

Demək, bir tərəfdən camaat Nurməhəmməd əfəndinin üzv təyin olunmağına narazıdır, bir tərəfdən də Nurməhəmməd əfəndi özü də bu işə razı deyil.

İndi bəs bu yazıq Nurməhəmməd əfəndi nə eləsin? Axırda götürüb idareyi-ruhaniyyəyə teleqraf göndəriblər və idarədən də cavab gəlib ki, “Nurməhəmməd əfəndidən savayı özgə bir kəsin üzv təyin olunmağına razı deyilik, o səbəbə ki, qərara görə gərək məclis üzvləri bir-biri ilə qohum olsunlar”.

Doğrudan, mənim yazığım hamıdan artıq Nurməhəmməd əfəndiyə gəlir: bir tərəfdən müfti əfəndi onu zor ilə üzv təyin edir, bir tərəfdən də camaat yapışıb yaxasından ki, “gərək çıxasan”.

Yəni nə idareyi-ruhaniyyə özgə bir kəsin təyin olunmağına razıdır, nə Nurməhəmməd əfəndi burada qalmağa razıdır, nə də camaat razıdır, xülasə, heç kəs razı deyil.

Çox əcəb, bəs Nurməhəmməd əfəndinin günahı nədir?

Sözün doğrusu, kişiyə zülm oldu.

Dəli

“Molla Nəsrəddin”, 26 iyul 1909, №30

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dili tutulub

Göyçay şkolasında iki yüz şagirdin çoxu müsəlmandır. Bununla belə elmi-ilahi müəllimi ayda səkkiz manat on dörd şahı üç qəpik məvacib alır: yəni müsəlman uşaqlarına ayda səkkiz manat bir neçə qəpiklik dərs verir.Bəzi külfətdə uşaqların biri gözüac olar, anası balalarına aş bişirib paylayanda bu gözüac uşaq hələ payını yeyib qurtarmamış elə hay deyər:

2 dəq
Şükür

Bir şey yadıma düşdü: keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. Mərhumun adını da yazmışdılar, amma mənim yadımda deyil. Yazmışdılar ki, İrəvan camaatının beli qırıldı; çünki mərhum çox şikəstə-nəfs bir adam idi. Yazmışdılar ki, İrəvan müsəlmanları üçün mərhumun ölməyi bir böyük bədbəxtçilikdir; o səbəbə ki, bu vücud çox səlamət və özgə ilə işi olmayan sakit bir vücud idi. Bir də yazılmışdı ki, mərhum millətin cibindən getdi; çünki mərhum dövlətli mülkədarlardan hesab olunardı və cibində həmişə çox pulu olardı. Müxbir cənabları bu xəbəri yazandan sonra, axırda bunu yazmışdı ki: “inna lillahi və inna ileyhi raciun”.Həqiqət, bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. Çox danışıqlar oldu və yenə olmaqdadır.

3 dəq
Ruhanilər yığıncağı

İndi mən bu sözləri yazıram və bilmirəm ki, mənim bu sözlərimi oxuyan başa düşəcəkmi ki, nə yazıram və nə deyirəm, yainki başa düşməyəcək. Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin onbeş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq. Vay bizim halımıza, vay mürəttiblərimizin gününə, heyif oxucularımızın gözlərinin işığına.Hələ bu belə.

2 dəq
İdarədən

Möhtərəm oxucularımıza məlumdur ki, jurnalımız iki il dayanıb çıxmır.Burada iki mətləb var ki, oxucularımız əlbəttə onu bilmək istəyəcəklər: biri jurnalın dayanmağının səbəbi, biri də budur ki, aya, bu iki ilin müddətində ki, jurnal çıxmırdı, bəs, mən Molla Nəsrəddin harada idim və nə işlə məşğul idim, ya bəlkə bikar gəzib dolanırdım, ya ki, müftəcə yeyib yatırdım?

7 dəq

Başqa şairlərin şeirləri · Satira