İdarədən
Möhtərəm oxucularımıza məlumdur ki, jurnalımız iki il dayanıb çıxmır.
Burada iki mətləb var ki, oxucularımız əlbəttə onu bilmək istəyəcəklər: biri jurnalın dayanmağının səbəbi, biri də budur ki, aya, bu iki ilin müddətində ki, jurnal çıxmırdı, bəs, mən Molla Nəsrəddin harada idim və nə işlə məşğul idim, ya bəlkə bikar gəzib dolanırdım, ya ki, müftəcə yeyib yatırdım?
Qabaqkı suala cavabımız yoxdur; ondan ötrü ki, jurnalın dayanmağının səbəblərini axtarsaq, çox səbəb tapılar, ya bəlkə heç bir səbəb tapılmaz. Amma söz burasındadır ki, bu barədə danışmağı burada hələlikdə lazım görmürük.
O ki qaldı, ikinci mətləbə, yəni əgər məndən soruşursunuz ki, bu iki ilin müddətində nə iş görürdüm, mən özümü cavab verməyə borclu bilirəm. Ondan ötrü borclu bilirəm ki, bikar qalmaq hamı üçün yaxşı bir iş deyil, xüsusən Molla Nəsrəddin əmiyə indiki zəmanədə dinməmək, söyləməmək yaraşmaz.
Xeyr, bikar deyildim, xudanəkərdə! Hər necə olmuş olsa, mən bikar qalmanam; ondan ötrü ki, müsəlmanam.
Müsəlmanın təklifi çoxdur.
Əvvəl götür bizim xeyir və şər işlərimizi; götür müsəlmanın şadlıq və qəmlik günlərini və bir yaxşıca mülahizə elə və əgər insaf əhlisən, sən özün görəcəksən ki, əsil müsəlman (mən əsil deyirəm, yoxsa qəlp müsəlmanla işim yoxdur), bəli, əgər insaf əhlisən, görəcəksən ki, əgər durasan el içində qayda ilə, ata və babadan qalan yol ilə camaatın xeyir və şər adətlərinə tabe olmağa və bu adətləri necə ki, lazımdır layiqincə yerinə yetirməyə ki, heç bir qüsuru qalmasın və el səni töhmətləndirməsin, o vədə görəcəksən ki, dəxi sənin özgə bir işə getməyə, nə sənətə, nə sövdəyə, nə xidmətə, nə qeyri bir zəhmətə (hələ təhsili-elm və fünun demirəm – bunlar hələ uzundur), xülasə görəcəksən ki, dəxi qeyri bir işə nə vaxtın var və nə macalın.
Və söz yox, hər bir mətləbi sübuta yetirməyə şahid və isbat lazımdır, biz də dediyimiz sözü sübuta yetirək.
Sən əvvəl-qabaqca götür məhərrəmlik qabağı toyları. Məlumdur ki, məhərrəm ayı daxil olan gündən səfər ayının axırınadək şad olmaq və xeyir iş başlamaq caiz deyil. Hər bir kəsin bir xeyir işi olsa, gərək onu zilhiccə ayının axırıncı gününə kimi tamam eləsin ki, məhərrəm ayına keçməsin.
Onda, bəs, müsəlman camaatının təklifi nədir? Budur ki, toyları və kəbinləri məhərrəmin qabaqkı günü, yəni aşuraya on gün qalanda qurtarsın ki, dəxi məhərrəmlikdə qəm və qüssədən savayı özgə fikri olmasın.
Əlbəttə, belə olanda cəmi müsəlman toyları düşür məhərrəm ayının qabağı zilhiccə ayının axırlarına. Baxıb görürsən ki, qonşuların, qohumların, dost və aşnaların hər yandan səni toya dəvət edirlər və necə də getməmək olar və niyə də getməmək?
Bir vaxt baxıb görürsən ki, sağ tərəfdə toy, sol tərəfdə toy, çalğı, tarzən, ney, düdük, xanəndə, çəpik. Xüsusən axşamlar olanda görürsən ki, bu saydığımız eyşü işrət sədaları qarışıblar şaxseyə; çünki hamı bunu bilir ki, məhələlərdə şaxsey getmək hələ məhərrəmliyə on beşiyirmi gün qalanda başlanır, gecələr, ələlxüsus mehtab gecələri, yəni ay işığı olanda, bir tərəfdən Lütfəlibəyin oğlunun toyundan xanəndə Həmidin səsi gəlir, bir tərəfdən də eşidirsən: şaxsey!
Bir tərəfdən eşidirsən: uxxay! Bir yandan xanəndə oxuyur: “Təaləllah çe dövlət darəm im şəb”.
Bir yandan dəstəbaşı bir cavan bığıburma dəyənəyi qalxızıb zahirdə doğrudur çığırır “Heydər”, amma batində xanəndə dediyini deyir. Çünki bu cavanın gəlini dünən gəlib, bu da elə batində deyir: “Ke aməd nagəhan dildarəm im şəb”; çünki keçən gecə bunun zifaf gecəsi idi, bu gecə şaxsey dəstəsinə yapışıb, imama təziyə saxlayır.
Gərək indi bunu da bilmək və yadda saxlamaq ki, məhərrəmlik günləri gah şaxsey dəstəsinə yapışan, gah növhə dəstəsində sinə vuran, gah şəbeh məclisində gözyaşı tökən cavanların çoxu həmin bir-iki gün bundan qabaq evlənən və gəlin gətirənlərdi. Məsələn, bir cavan ki, görürsən yalandan gözünün yaşını silir, bir saat bundan qabaq təzə ərusinin gözlərini öpüb gəlib məscidə. Qeyri bir cavanı görürsən ki, sinəsini şapalaqnan döyüb qızardıb, yarım saat bundan qabaq başını qoyub təzə nişanlısının sinəsinə, sonra da gəlib təziyə məclisinə.
Və bunu lazımdır bilmək və yadda saxlamaq ki, indiki əsrdə müsəlman cavanlarının bir azını çıxandan sonra qalanlarının zifaf gecələri məhərrəm ayının matəm gecələrinə düşür, yəni toyları məhərrəmliyə qarışır və kim bilsin, bəlkə elə bunun nəticəsidir ki, şaxseybazlıq müsəlman uşağının qanına işləyib.
Mən bu məsələni tapşırıram insaf əhlinin zaiqəsinə və keçirəm söhbətə.
Bəli, bir ay zilhiccə toyları, on gün məhərrəmlik, sonra təkyələr, mərsiyələr, məscidlər. Yenə təzə bir mərsiyəxan gəlib və bunun təzə qədəmini təbrik etmək üçün yenə təkyə tərtib verilib. Məhərrəm və səfər ayları, beləliklə, keçdi getdi və istəyirsən ki, nəfəsini alıb gözünü açasan və görəsən ki, dünyada mərsiyədən savayı dəxi nə var, nə yox, bir də eşidirsən ki, bir mötəbər vücud Allahın rəhmətinə gedib. Bəli, dəxi işin tamamdır… Meyiti götürmək, məclisdə əyləşmək, mərsiyə, siparə, ehsan, yenə mərsiyə, bir yandan da arı vızıltısı kimi dabanı çatdaq xalaların ağlaşması, yenə məclis, yenə plov, yenə mərsiyə, yenə məclis, buyur, xeyir, zəhmət çəkmə, xudahafiz, təşrif gətiribsən, Allah rəhmət eləsin, fatihə, yenə plov qazanları, yenə yeyib içmək, yenə dilənçilik, yenə bikarçılıq, yenə gözəl vaxtı zay etmək, yenə fatihə, yenə fatihə, yenə fatihə (vallah mən yaza-yaza yoruldum, amma zalım oğlu mərsiyəxanlar yorulmadılar!).
Bəli, vücudu millətimiz üçün qənimət olan ağaların bir-ikisi-üçü bir minvalla Allahın rəhmətinə getsə dəxi iki-üç ay da beləliklə keçib gedəcək.
Bəli, sən hələ istəyirsən məni məzəmmət eləyəsən ki, ay Molla Nəsrəddin, bu qədər vaxt ki, jurnal yazmırdın, bəs, necə bikar oturmuşdun? İnsan da məgər bikar qalarmı?
Mən də bunun cavabında deyirəm ki, ay qardaş, vallah, billah, mən bikar deyildim. Mən nə qədər işə getməyəm, ticarətlə məşğul olmayam, sənət öyrənməyəm, nə qədər ki, bu saydığım dünya işlərindən uzaq olsam da, yenə bikar deyiləm; çünki mən müsəlmanam.
Hələ götür bu rəməzanı.
Bircə oruc tutmağı demirəm və orucluq günləri ağayi-Şirazinin risaləsində xəbər verilən məsaili-ruzə söhbətlərini demirəm və bu barədə açıq-açığına yazmıram, çünki ayıbdı, mənim jurnalımı balaca uşaqlar və xanım bacılar da oxuyur.
Cənab ağayi-Hacı Mirzə Məhəmmədhəsən ağa kitabını bir para siğəbaz və lotu hacı və məşədi və mollanümalardan ötrü yazıbdır. Əgər biz də duraq ağanın kitabında yazılanı rəvayət edək, senzor bizi töhmət altına salar (o qədər bihəya sözlər və mətləblərdir).
Bəli, rəməzan gəlir. Bəs, rəməzan tədarükünü sən az işmi bilirsən? Tamam şaban ayını mən rəməzan tədarükünə sərf edirəm. Deyirlər Hacı İbadda xalis inək yağı var, amma zalım oğlu zalım putunu səkkiz yüz manata deyir. Çarəm yoxdu, gərək alam; axır mən oruc tutacağam.
Bəs, bunun düyüsü? Hacı Muradda deyirlər, yaxşı akulə düyüsü var. Amma deyirlər gizlədib. Çarə yoxdu, gərək yalvaram-yaxaram, orucluq ayı lazım olan qədər alam; axır mən oruc tutacağam.
Əzizim, qardaşım, mənim canım və ciyərim, sən Vilsonun notasından söhbət salırsan, amma axır bir fikir elə gör ki, şaban ayıdır, orucluq tədarükü görmək lazımdır. Bəs, plovun qarası? Bəs, əriyi, kişmişi, xurması, badamı?
Sən ingilis və rusla İran politikası danışırsan. Amma mən sənə deyirəm ki, bəs, tək bir plovla oruc açmaq olmaz. Bəs bunun yanındakı xuruşları?
Sən orta məktəblərdə ana dili söhbəti salırsan. Amma mən də sənə deyirəm ki, axır ana dili-zad qanmıram. Sən mənə bunu de görüm sən orucluq tədarükü görübsənmi?
Bəli, bir ay şaban, bir ay rəməzan; bu da beləliklə keçdi getdi. Sonra da istəyirdim qəzeti açam görəm, bu, nə gürcü-müsəlman məsələsidir, elə istəyirdim bu məsələni öyrənim, bir də gördüm ki, anam girdi içəri və ağlayır… Nə var, ana? Ki, ay bala, nə olacaq? Görürsən, Kərbəlayı Qasım anasını bildir də ziyarətə apardı, bu il də aparır. Amma səni mən böyüdüb yekə kişi eləmişəm, heç xəbər alırsanmı ki, bəlkə mənim də bir para arzularım var. Deyirəm, ay ana, bir insaf elə, səni altı dəfə mən Kərbəlaya və Xorasana aparmışam, altı dəfə də məşədi Qulam Əli oğlun aparıb. Dəxi, bəs, deyilmi?
Pəh, pəh, asan imiş başa salmaq! Ziyarətə nə haqq-hesab? Ziyarətə on iki dəfə də getmək yaraşar, yüz on iki də yaraşar. Dəxi nə deyə bilərəm?!
Əhvalat bu qərar ilədir, əziz oxucularım. Əgər durasan şəriətmədarların və müctəhidlərin yazdıqları və bizə təlim etdikləri yol ilə müsəlmançılığı saxlayasan, o vədə görəcəksən ki, tamam on iki ay müsəlmançılığa məşğulsan.
Mən əsli müsəlmançılığı deyirəm, yoxsa qəlp müsəlman olmaq istəsən, onda gərək özünə bir iş axtarasan.
Molla Nəsrəddin
“Şəriət[mə]dar” dedim, məşhur şəriətmədar yadıma düşdü (Allah rəhmət eləsin). Həmin şəriətmədarı deyirəm ki, oğlu İran təbəəliyindən çıxıb, indi əcnəbi hökumətlərin birinin konsulxanasında “attaşe”lik xidmətindədir.
Allah vücudunu bibəla eləsin.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 9 fevral 1917, №1
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-idareden-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dərədə yatmış idim, oyatdılar, oyanmadım,Bumuma tikanlan uzatdılar, oyanmadım,
Lal ol və danışma!Ey dil, dəxi dinmə və sükut et, səni tarı,Lal ol və danışma!
Danabaş kəndinin müəllimiKomediya, 4 məclisdəƏhvalat vaqe olur İrəvan quberniyası, Danabaş kəndində, miladi tarixinin 1895-ci ilində.
Birinci məclisDanabaş kəndinin kənarında xirmən. Bir bütün taxıl tayası, bir başı açılmış taya, haman kəndli Məşədi Ağakişi on iki yaşlı oğlu Əsəd ilə bahəm xırman döyürlər. Məşədi Ağakişi əlində yaba, küləşi eşələyib qarışdırır. Bir vələ iki öküz qoşulub; Əsəd minib vəlin üstə və öküzləri çubuq ilə sürür. Tayanın kölgəsində bir köpək yatıb, dilini çıxardıb istidən ləhləyir. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. Məşədi Ağakişi başına dəsmal bağlayıb; ata və oğul, isti olmağa görə, köynəkçəkdirlər. Hər ikisinin ayağında çarıq. Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi ki, qonşuları Kərbəlayı Mirzalı tələsik xırmanə çatıb, tövşüyə-tövşüyə xəbər verir.Kərbəlayı Mirzalı. Məşədi Ağakişi, bilirsən nə xəbər var? Evin tikilməsin, bu sabah kəndə, mən deyə bilərəm ki, yüz də olmasa, bəlkə əlli atdı gəldi; hamısı da böyük-böyük adamlardı. Qanmıram bu nə sirdi?
Başqa şairlərin şeirləri · Satira
Aman, ay Kirpi dayı, aç, oxu peymanımızı,Yaz, bütün hər yerə bildir bizim elanımızı.
Kişilər deyirlərVallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.
Knyaz Xasay Usmiyev haqqında həcvRəhim bəy Uğurlubəyova*Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,
Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,