Səhifə 1 / 2

Gəldiyev partkom otağında, əli cibində, paltolu, lakin başı açıq oturmuş, gözünü stol üstündəki dolu və bağlı iş qovluğuna dikmişdi. Qıraqdan baxan elə bilərdi ki, idarəyə yenicə gəlmişdir.

Bəlkə Gəldiyev üşüyür? Üşüyən adam papağını götürməz, stol üstünə atmaz, düymələrini açmaz. Bir də divar peçi yanır, otaq istidir Siniflər bumbuz olanda, bura hamam kimi buxar verir. Bu da Gəldiyevin zabitəsindəndir. Bir dəfə Katyanın üstünə çığırmışdı ki: "Səni qulluqdan elə itirərəm ki, izin-tozun qalmaz". Katya o gündən Gəldiyevin otağında qaza, işığa, səliqəyə xüsusi fikir verirdi. Kim isə ona demişdi: "Gəldiyev tam direktor yerindədir".

Direktorun otağına Katya o qədər məhəl qoymazdı. Direktor acıqlansa heç vecinə almazdı. Ona görə ki, Katya on beş ildir qulluq eləyirdi, işinin həmişə "zamlardan" aşdığını görmüşdü.

Gəldiyev isti və sakit otaqda nədənsə narahat idi. Gözünü səqfə dikmişdi. Səqfə baxanda o, keçən günləri, payızın əvvəllərində Rübabə ilə görüşdüklərini xatırladı. Bu xatirələr ona, yetişməyi gözlənən, lakin yetişməyib, çağala qalan meyvə kimi gəlirdi. Rübabə ilə son görüş, daha doğrusu Rübabənin onunla son görüşü həmin bu otaqda olmuşdu. Onda hələ Rübabə ona bir Gəldiyev kimi olmasa da, bir tələbə kimi hörmət edirdi.

Çağıran kimi gəlmişdi. Təklif edən kimi keçib oturmuşdu. Əhval soruşan kimi razılıq eləmişdi...

Gəldiyev "məsələni" qurtarmaq üçün çağırmışdı. Nəzakətlə sözə başlamışdı:

– Rübabə, sizi çağırmaqda məqsədim, bəlkə də özünüz yaxşı bilirsiniz... Bilməmiş də olmazsınız, çünki mən qəlbdən-qəlbə yol tapan bir şeydən danışıram. İnsanın jizni, yaşayışı müəyyən bir şəraitdə keçər, gedər. Bu şərait də hər kəsin özündən asılıdır. Mən ürəyimin sirrini sizə açmaqda, kanişna, bir pis iş görmürəm, çünki biz azad sovet gəncləriyik. Daha ana, bacı, xala, bibi vəkalətinə möhtac deyilik. Mən bu gün sənin qarşında durub sıneli öz ürəyimi açıram...

Gəldiyev bunları mülayim bir səslə demişdi. İki şeydən çox xoşu gəlmişdi: sevgisini izah edərkən "sevgi" sözünü dilinə gətirməməyindən və bir də bu təmənnasında özünü vəzifə sahibi kimi yox, sadə bir "qrajdan" kimi tutmağından!

Ani bir xəyaldan, bəlkə də Rübabənin susmasından doğan peşmançılıqdan sonra o, fikrini dəyişmişdi. Sanki Verdiyevdən tutmuş Qurd oğluna qədər bütün yoldaşlar, sirkdə gördüyü tamaşalar, eşitdiyi söhbətlər tökülüb ona ağıl öyrətməyə gəlmişdi:

"Sən nə qayırırsan, ay səfeh! Qadın ovunda iki silah var: rütbə, dil! Vəzifəni hiss etdirınək istəmirsənsə, qəlb çalan şirin sözlərə nə gəlib? Nəzakəti məclislərə saxla, burda, ikilikdə Rübabə ilə məhrəm bir qadın kimi danış! Ona konfet, kişmiş vermirsən, heç olmasa məhəbbətdən de! Dilindəkini yox, ürəyindəkini de, ürəyindəkini söylə, söylə, yeridir!"

Gəldiyev Rübabənin üzünə, lap gözlərinin içinə baxmışdı. Əllərini döşünə qoyub and içən kimi əyilmiş və demişdi.

– Niyə gizlədim. Mən səni lap sevirəm! Rübabə, sənə vurğunam! Lap nastoyaşşisindən!

Gəldiyev bu sözləri deyəndə nə əsmiş, nə də rəngi dəyişmişdi. Ancaq qız pul kimi qızarmış, tər tökmüş, dodaqlarını çeynəmişdi. Həmin dəqiqədə həm Rübabəyə, həm Gəldiyevə yeni bir mətləb aydınlaşmışdı. Rübabə bilmişdi ki, Gəldiyevin ona hörməti, xoş danışığı, bir ictimai vəzifə sahibinin danışığı deyilmiş, Gəldiyev də anlamışdı ki, Rübabənin ürəyində qətiyyən onu sevdirən niyyət yoxdur. Bu duyğulardan birincidə nifrət, ikincidə məsuliyyət əmələ gəlmişdi.

Gəldiyev niyyətinin nəticəsizliyini Rübabənin hövlündən, həyəcanından, az qala divarı yarıb qaçmaq istəməsindən, əli ilə rədd işarəsi verib "Ayıb olsun! Ayıb olsun!" cavabından anlamışdı. Ancaq nə edəsən ki, aylardan bəri başında yer eləyən şirin niyyətlər Gəldiyevi əldən qoymurdu.

Qıza nə vədələr verməmiş, nələr danışmamışdı... Ürəyinin parçalandığını isbat üçün nə vəziyyətə düşməmişdi. O, açıq sinəsinə yumruqlar vuraraq, qəlbini dindirmək istəyəndə, Rübabə bir əli qapının əlcəyində, o biri əli ilə dizinə çırpıb demişdi: "Ayıb olsun! Ayıb olsun sənə!".

Gəldiyev keçib Rübabənin önündə diz çökmüşdü: "Öldür məni, atqaz eləmə. Başımı kəs, yox demə! Qul elə, sat! Rübabə, sənsiz Kərim məhv olacaq. Bir gəncin jizninə bais olma! Yəqinini deyirəm sənə!".

Rübabə qapını bərk itələmiş, ilan ağzından qurtulan quş kimi qaçmışdı. Gəldiyev tez qalxıb üst-başını sahmanlayıb, stolun başına keçmişdi...

Ondan bir ay sonraya qədər Gəldiyev çox intizar çəkmişdi. Hər gün qulağı səsdə idi. Qorxurdu ki, qız gedib şikayət edər. Axırda məsələnin açılmadığını görüb sevinmişdi, zənni ayrı şeyə də getmişdi:

"Yəqin qızın könlü var. Məsələni sekretni saxlamağından, bir yerdə dilinə gətirmədiyindən görünür ki, ürəyi var. Axı, bir də mən lap kəndli- kəndliyana tərpəndim. Küçənin əxlaqsızına yanaşıb birdən-birə təklif edəsən, yenə də razı olmaz. Gerək sümük sındırasan, aylar ilə bişirəsən. İllah da Rübabə... Eh, buna vaxt hanı... Yox, Rübabənin rəyi var, ancaq başarınıram..."

Şairlikdən başı çıxan yoldaşı Qədir ona bir məsləhət görmüşdü: müfəssəl bir məktub yazmağı, ürəyinin mətləbini orada şərh etməyi, səhvlərini bolşevikcəsinə boynuna almağı demişdi. O da təxirə salmadan məktub hazırlatmışdı.

Gəldiyev, doğrudur, bir kəsə məktub yazmaz, bir kəsdən də məktub almazdı. Ancaq evdə, məktəbdə, yar-yoldaş arasında çox məktublar görüb. Bir neçə məktub tutub iclasa qoyub. Lakin Rübabəyə göndərmək üçün hazırladığı məktubun tayını heç kəsdə görməyib və görməyəcəkdir.

Əvvəl başdan ox ilə deşilmiş bir ürək şəkli səkilib. Sol tərəfdə bir gül ağacı, onun budağında oturan bülbül boynunu uzadır. Ağacın dibində bir tülkü çəkilib, həsrətlə yuxarı baxır (bu şəkli Gəldiyev, deyəsən, hansı kitabdasa gönnüşdü), ortadan bənövşəyi rəngdə mürəkkəb ilə iri sərlövhə yazılıb: '

"Şanlı məktub Sevdiyimə"

Üç xətt ara verdikdən sonra əsil məktub başlanır. Cümlələrin baş hərfləri iri və kölgəli yazılmışdır. Hər iki sətirdən sonra qırmızı xətt ilə yazılmış şeirlər gəlir. Axırda bir neçə müəmma var! "Yaz görüm bənövşəyi çernilin mənası nədir. Məhtaba qarşı düşüncələrdə xatırlanmayan bədbəxt sayıla bilərlərmi? Qönçələr havaxt açılacağını kimdən sormalı?.. Cavab! Cavab! Cavab! Cavabınızdan mənim üçün iki yol ayrıla bilər: İzn, ya ölüm! O da sənin insafına bağlıdır. Ax!.. Bilsəniz bu sətirləri yazanda nə qədər göz yaşı axıtmışam! Taleyim, əcəba, məni güldürəcəkmi? Heyhat! Ah... İnsafsız, gözəllər nə qədər insafsız olurmuş! Bu qədər..."

Son cümləsi budur: "Ürəyimin ən dərin guşəsindən əlinizi sıxıram!".

O vaxt, beş gün oldu, bu məktuba cavab gəlmədi, on gün oldu, bir ay oldu səs çıxmadı. Gəldiyev Qədiri tapıb məktubun kəsərindən şikayətləndi: Qədir lağa qoydu.

– O məktub mənə kimdən gəlsəydi müzakirəsiz bənd olardım. Gör qızın səndən nə qədər zəhləsi gedir! Nə düşmüsən onun dalınca, qardaş! Zorba- zorluq deyil ki! Köhnə zaman olaydı, götürüb qaçardın, aldadardın. İndi əlac yoxdur. Sən bir ayrısını tap. Eybi yoxdur, mən yenə yaxşı bir məktub hazırlayaram. Onun surəti məndədir.

Gəldiyevin qol-qanadı qırılmışdı. Rübabədən təmiz əl üzmüş, intiqam fikrinə düşmüşdü...

İndi bütün bu əhvalatdan neçə ay keçmiş, gözləri səqfə ilişəndə onun damarlarında əvvəlki hisslər oynadı. Özü də bilmədi ki, nə ağıl, nə iradə ilə Rübabədən əl çəkmişdir. Odlu təəssüf vücudunu yandırdı. Ürəyindən soyuq, qılınc kimi iti bir səda keçdi:

"Mən artıq evlənmişəm. Ağca xanım məni sevir, mən də Ağca xanımı sevməli olmuşam!" Sinəsinden qopan ah duman kimi havanı örtdü. Ani külək onun arzularını kül kimi göyə sovurdu, üfüqlər tutuldu, göz qapaqları, xatirələrini örtən pərdə kimi endi, qabağındakı qovluqda bənd aldı.

Bu qovluq şəhər rayonundakı mədəni hücum əsgərlərinin və mənətəqələrin siyahısıdır. Rayon komitəsi Gəldiyevi bu işə təhkim etmişdi. O, siyahıları almışdı ki: "Bir-bir özüm yoxlayım!".

Dolu qovluğun içindəki kağızları görendə gözü bərəldi: "Bunu kim oxuyacaq?".

Qalxıb dəhlizə çıxdı, göz gəzdirdi, boş adam tapmadı. Yadına nə düşdüsə, qırx birinci otağın qapısını açıb içəri girdi. Qoca, gödək və ağbaş professor dərs deyirdi. Gəldiyev girən kimi tələbələrin nəzəri qapıya çevrildi. Gəldiyev dedi:

– Bağışlayın, yoldaş professor, mane oluramsa da, yoldaş Səttarzadə bir zəhmət çəksin!

Rübabə durmaq istəmədi. Gəldiyev bir də təkid elədi:

– Vacib iş üçündür, yoldaş Səttarzadə, ləngiməyin!

Rübabənin gözü professorda idi. Professor icazə verdi, qız çıxanda Geldiyev öz otağına yollanmışdı. Rübabə Gəldiyevi stol dalında oturan gördü, qutusunu çıxarıb papiros eşirdi. Gəldiyev yer göstərdi:

– Əyləş!

Rübabə qayıtmaq istədi:

– Əyləşınək zamanı deyil, dərsdən çıxmışam, sözünüzü deyin!

Gəldiyev bükdüyü papirosu dili ilə yaşlaya-yaşlaya, etinasızlıqla bir də "əyləş!" dedi. Rübabə qayıdanda Gəldiyev qovluğu göstərdi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dardanel

I– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?

194010 dəq
Mirzə

İki Mirzə Şəfi var. Birisi - bildiyiniz məşhur Mirzə Şəfi, ikincisi - mənim məşhur etmək istədiyim Mirzə Şəfidir.– Ədə, sənə demirəm, başını dik tut? Qoduq kimi nə qaş-qabağını sallamısan, dərsi söylə!

19306 dəq
Hacının xəyalı

"Dünyanın işi belədir. Zahirdə dəhşətli görünən qanunlar insanların özləri tərəfindən verilir və rədd olunur. Vay o adamın gününə ki, bunu başa düşməsin, qəzetlərə, deyilənlərə inansın. Elə götürək mənim özümü. Bir zamanlar dəli pristavın qaradavoyu oldum; onda gəncdim, qoçaqdım, gözümü ağardanda qorxudan boğaz inəklər bala salardı.Fələk vurdu, müsavat taxta çıxdı, qulluqlar dəyişdi, tanış olmadığım adamlar iş başına keçdi. Xosrov bəyə bir qırqovul, bir də damazlıq inək bağışlamaqla kəndin yüzbaşılığını aldım. Əsl ömür-günüm buradan başladı...

19306 dəq
İlk günlər

1Köhnə və alçaq möhrə arasına qoca bir daxma sığınmışdır. Toyuq hininə oxşayan bu daxma üzərində bitən otlar, yuxarıdan baxanda, əl ilə sancılmış quru çöpə bənzəyir. Daxmanın qırıq novdam da çoxdan su görmür, daş, torpaqla dolmuşdur. Evin balaca, kirli qapısı böyük alma, armud bağına baxır. Bir tərəfi çalı tikanı ilə hasarlanmış həyət ağır ayaqlarla tapdalandığından xırman kimi, çılpaq və qurudur. Burada qoca bir tut ağacı vardır.

193124 dəq

Başqa şairlərin şeirləri