Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Səhifə 1 / 4

1

Köhnə və alçaq möhrə arasına qoca bir daxma sığınmışdır. Toyuq hininə oxşayan bu daxma üzərində bitən otlar, yuxarıdan baxanda, əl ilə sancılmış quru çöpə bənzəyir. Daxmanın qırıq novdam da çoxdan su görmür, daş, torpaqla dolmuşdur. Evin balaca, kirli qapısı böyük alma, armud bağına baxır. Bir tərəfi çalı tikanı ilə hasarlanmış həyət ağır ayaqlarla tapdalandığından xırman kimi, çılpaq və qurudur. Burada qoca bir tut ağacı vardır.

Daxmamn içərisi də bayırından qalmaz: aşağı başda, kələ-kötür bir bucaqda su sənəyi, qab-qaşıq, Telli xalanın öz hanasında toxunmuş iki nazik palaz, köhnə bir stol. Stolun üstündə bir fotoşəkil gözə çarpır. Bu, altıyaşlı Cəmilin şəklidir.

Bu ikinəfərlik balaca ailənin roman qədər uzun, faciə qədər ağır bir keçmişi vardır.


Kazım Həmid oğlu Məmmədin atlarına baxardı. O, dünyada yeganə arxası və həmdəmi Tellisinin güzəranı üçün hər zəhmətə qatlaşardı. Günəşdən tez durar, Aydan sonra yatardı, gününü tövlədə və samanlıqda keçirərdi.

Uzaq səfərə gedən ağası onu yanına salıb, ata qulluq etmək üçün özü ilə aparardı. Yaxşı bəslənən, kükrəyib uçmaq istəyən atın yerişilə Kazım da ayaqlaşmalı idi. O, qan-tər içində və ürək döyüntüsü ilə mənzilə çatar, ölümcül yorğun olsa da, ata qulluq etməyə başlardı.

"Biz insan deyilikmi? Bizi dülgər yonmamışdır ha! Yuxu bizə də şirindir. Bizi kim belə yaradıb?"

Bu suallar Kazımın fikrindən çıxmırdı, bunlara cavab da tapa bilmirdi. Ancaq mollalar deyirdi: "Hər kəs bu dünyada zillət çəksə, axırı yaxşı olacaq. Ağalara qulluq etmək Allah əmridir...".

Bu sözlər ağalardan başqa heç kəsi təmin etmirdi. Lakin çıxış yolu da görünmürdü. Qabaqda Kazımı bundan da ağır fəlakət gözləyirdi.

Yeni doğulmuş uşağını saxlamaq üçün onun ehtiyacı daha da artırdı. O, təhqir və zillətə dözməkdən başqa çarə tapmırdı. Lakin onun qulağı səsdə idi. Eşidirdi, hiss edirdi ki, ruzgar belə getməyəcək. Hər gecənin bir gündüzü, hər qaranlığın bir işığı vardır. İllah da son zamanlar ağanın yanına tez-tez gəlib-gedənlər, gecə yarısına qədər gizli söhbətlər, Məmməd ağanın qaş-qabağı Kazımın ümidlərinə əsas verirdi.

Çox keçmədi ki, şəhərdə düşən "qarışıqlıqların" səsi aləmə yayıldı. "Nikolayın taxtdan düşməsi və hürriyyət" xəbərləri həyət süpürən, tövlə kürüyən Kazımların da mübahisə mövzusu oldu. Kazım gecə atları yemləyib, evə qayıdandan sonra yoldaşı İsmayılla dərdləşməyə vaxt tapırdı:

– Deyirlər, azadlıq verilib axı!

– Yalandır!

Ot tayaları və çardaqları dalında min ürək döyüntüsü ilə edilən bu söhbətlərdə Kazım ümid aradığı və azadlıq dilədiyi üçün aydın bir gecənin dərin sükutu içərisində Məmməd ağanın qəzəbinə gəldi:

– Kəsik baş söyləməz olar. Bu da sənin "azad" yerin!

Ölüm sükutu içərisində axan qızıl qan yumşaq torpağı islatdı, bir çökəyə doldu, silinməz ləkə kimi bərkidi, qaraldı...

Gümüş Ay duru göy dənizindən yerlərə baxıb, qatilin yolunu işıqlandırdığına xəcalət çəkirdi. Sanki gizlənmək üçün ahlardan bərkimiş bulud parçasına çatmağa can atırdı.

Yer süd kimi dümağ, üfüqlər açıq, hava durğun idi. Aləm sükut içində idi. Yalnız qaranlıq bir daxmada ağlayan uşaq "ata" deyib, dincəlmirdi. Telli quru və boş məməsini uşağın ağzına salıb, təsəlli verirdi:

– Kiri, bala, atan sənə qaqa gətirəcək!.. Laylay, balam laylay!..


Aralıq get-gedə qarışırdı. Hər gün şəhərdən gələn bir-birinə zidd xəbərlər kənddə vəziyyəti dəyişdirdi. Bir müddət kənd tamamilə hərki-hərkilik oldu. Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi.

Kənddə nəsil davası düşdü. Mirzəlilər, Yusiflilərdən qan iddiası etdilər. Bir gecədə yeddi nəfər Yusiflilərdən öldü. Yusiflilər silaha sarıldı,

– günün günorta çağı məscid qabağında Mirzəlilərdən dörd nəfəri yerə sərdilər. Kənddə iki nəsil canavar kimi bir-birinə daraşdı. Get-gəl kəsildi. Kimsə evdən kənara çıxmırdı. Yalnız qadınlar və gəlmələr küçədə görünürdü.

Hadisələr sürətlə cərəyan edirdi. Daxili qarışıqlıqlardan sonra diqqət osmanlıların basqınına cəlb olundu. Varlılar bu basqını qurbanla qarşıladı.

Kəndlərə osmanlıların "asayiş gətirəcəyi" haqqındakı ümidlər boşa çıxdı: ağzı söyüşlü, əli zopalı osmanlılar yeni soyğunçu sifətilə kəndlərə daraşdı. Onlara nökərçilik edən, addımbaşı kürsüyə çıxan "millət carçıları" bəylər, xanlar atlarını oynadanda qara camaat dost-düşmənini daha yaxşı tanımağa başladı. Şəhərdən gəlmiş toxucu qadın həmin tut ağacının dibində pıçıldayaraq, Telliyə deyirdi:

– Qız, bunlar hamısı keçər. Darıxma! Budur, bolşeviklər işləyirlər. Fəhlələr hazırlaşırlar. Burjuyların, bəy-xanın haqq-hesabına baxılacaq! Sən nə fikirdəsən, elə bilirsən, bu zülmlər yerdə qalacaq? Yoxsulların qoşunu düzəlir. Bizim fabrikdə gecə səhərəcən iclasdır. Fəhlələr əlbir olub işləyirlər. Bu gün-sabah görərsən!

Telli xala bu xeyirxəbər qadının dodaqlarından öpmək istəyirdi. O, Telli xalanın ürəyindən xəbər verirdi.

– ...Bəy-xanın haqq-hesabına baxılacaq! Yoxsulların qoşunu düzəlir...

Bunlar Telli xalaya yuxu kimi gəlirdi. O, gecə-gündüz fikirləşirdi. Gələcəyin məchul pərdələri və hadisələri içərisində qəlbi işıq üçün çırpınırdı. Ona elə gəlirdi ki, yoxsullar bu yükü apara bilməyəcəklər. Bəylərin zəhmi, topların səsi, jandarmların rəhmsiz sifəti, çapqın, talan, qanlı xəncərlər onun gözü önündə dikəlirdi. Öz-özünə: "Bunların qabağına yoxsullar nə ilə çıxacaqlar?" - deyirdi.

O, bəzən ümidsizliklə başını aşağı dikir, ərinin mehriban dəqiqələrini xatırlayırdı. Telli xalanı yaşadan iki şey idi: o, dünyanın bu cür getməyəcəyinə inanırdı; özündəki həyəcanı bütün yoxsullarda görür və bu həyəcanın böyük bir hərəkatla qurtaracağını güman edirdi. Lakin o bu hərəkatın necə və nə vaxt olacağı haqqında aydın bir şey təsəvvür edə bilmirdi.

Cəmil də Telli xalaya böyük bir təsəlli idi. O, yetim qaldığı gündən uşağını bəsləmək üçün istirahəti, yuxunu özünə haram eləmişdi. Bir müddət xanımlara odun daşıdı, çörək bişirdi, hana toxudu, biçinə getdi, alaq elədi. Sonralar Hacı Həsənin qapısında bir qarın çörəyinə yun əyirməyə, paltar yumağa başladı.

Cəmil isə ağır günlərin dərin ehtiyacı, ağrıları, yetimlik əzabları ilə böyüyür, boy atırdı. Bu yaz onun altı yaşı tamam olurdu. İndi Cəmil də anasının qolundan yapışırdı. Anasilə bərabər odun yığır, su daşıyırdı. Hətta onu qapılara nökər istəyirdilər. Ehtiyacı olsa da anası rədd edirdi:

– Gözümdən qırağa qoya bilmərəm. Bir dənədir. Ürəyimin bəndi, dizimin taqətidir. Nə qədər ki, mən sağam, əsir olmayacaq!

Telli xala Cəmilə baxmaqdan doymurdu. Onun gözləri və girdə üzü tamamilə atasının surəti idi. Telli uşağını qoruyur, hər uşaqla oynamağa qoymurdu.

– Varlı uşaqlarına yaxın getmə! Öz taylarınla gəz! Hidayət, Cəlal, Cahanla...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri