Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Səhifə 3 / 4 · 50%

– Yoxsul cavanları təşkilata çək! Savad kursuna cəlb elə. Pionerləri topla! Sinfi düşməni yaxın qoyma!

Cəmil ilk zamanlar komsomol işində təcrübəsiz idi. İclasda hansı məsələni nə cür qoymağı, nə cür həll etməyi bilmirdi. İş yerinə gələndə qorxur, bəzən iclas da çağıra bilmirdi. Qəza komitəsindən gələn kağızları müəllimə oxudur, nə etmək lazım gəldiyini bilmirdi. Kənddə yeganə kommunist Əhməd də çox zaman şəhərdə və qəzada olur, Cəmilə əli çatmırdı. Bir dəfə "MOPR" təşkilatı düzəltmək üçün gələn kağızı götürüb qəza komitəsinə getdi ki, soruşsun: "Bu kimə çatacaq?"

Qarsatanlı ona izah etdi. Onun dili bir az dolaşıq olduğundan Cəmil heç bir şey başa düşmədi. Ancaq bunu Qarsatanlıya bildirmədən yenə soruşdu:

– İndi mən bu kağızı necə eləyim, yoldaş Qarsatan?

Qarsatanlı onu başa sala bildi ki, iclas keçirmək, məruzə etmək, hərədən üzvlük haqqı yığmaq lazımdır.

Oktyabrın altısında kənd sovetinin otağında çağırılmış iclasda Cəmil bu cür "məruzə" elədi:

– Yoldaşlar, bu gün məsələmiz hərədən bir abbası almaq barədədir. Bir abbasıları yığıb, qəza komitəsinə verməliyik. Bizə bir cür knişka verəcəklər. Özü də bir yer var, oraya yazacaqlar.

Cəmil yadından çıxarmışdı. Ha fikirləşirdi, "MOPR" xatirinə gəlmirdi.

– Bir təşkilatdır, komsomol kimi, orada dustağa düşən fəhlələrə kömək yığırlar.

O, sözünü qurtaranda Lətif ayağa qalxıb dedi:

– Mən başa düşmədim. Nə bir abbasıdır?

– Deyəsən, komsomol puludur. Üzvlük haqqı, - deyə yerdən kimsə səsləndi.

Cəmil cavab verdi:

– Bu ayrıdır, üzvlük haqqı da ayrıdır.

– Bunu hər ay verəcəyik, yoxsa birdəfəlikdir?

Bu suala Cəmil cavab verə bilmədi, lakin yaxasını qurtara bildi:

– Bir halda ki, Ukom indi istəyir, verərik, sonrasma baxarıq. Otur, yoldaş!

İclas bununla bitdi. Cəmil on dörd abbasım götürüb qəza komitəsinə yüyürdü. Fikrində tutmuşdu ki, əvvəla, bu pulların nə üçün yığıldığını yenidən qəti öyrənəcək, sonra da təşkilatın adını əzbərləyəcək. Əhmədin sualım Nəimova verəcək və gələn iclasda neyləmək, nə məsələ danışmaq lazım olduğunu biləcək, qayıdacaqdır.

Qəza komitəsinin qabağı al-əlvan geyimli uşaqlar və komsomolçularla dolmuşdu. Camaat küçəyə sığmırdı. Musiqi səsi hamını cəlb etmişdi. Nəimov komitənin pəncərəsindən boylanıb, yanındakılara nə isə deyirdi.

Cəmil öyrəndi ki, Tiflis komsomolçuları qonaq gəliblər. Qızıl əsgər gedənləri yola salmaq üçün komsomolçular stansiyaya gedirlər. Komitə işçilərinin başı qarışıq idi. Cəmil heç kəslə arxayın danışa bilmədi. Nəbiağalı özəyinin katibi Mövlanı gördü. Gələn iclasda nə məsələ olacağını soruşdu. Onun deməyinə görə, qəza komitəsinin özündən məruzəçi olacaqdır. Bu xəbər Cəmili sevindirdi. Daha o, xalqın qabağında qızarmayacaq, hazır məruzəçi ilə iclası açacaqdı.


Axşam olurdu. Dağların uzanan və böyüyən kölgələri narıncı və uzun əbasını sürüyən günəşi qovaraq ucalırdı. Mal-qara kəndə qayıdırdı. Çöldən qayıdıb doqqazlarda görüşən adamların səsi dağlara düşür, sularda əriyirdi. Lampalar yanırdı. Uzuntuman və iribədənli kənd qadınlarının çıraq qabağından o tərəf-bu tərəfə keçməsindən anlaşılırdı ki, evlərdə axşam yeməyinə hazırlıq gedir. Doqqazın başında kimsə uca səslə oxuyurdu:

Biz sinəsi qovğalarla, alovlarla doluyuq,

Komsomoluq, pionerik, biz Leninin oğluyuq...

Bir az sonra kənd kiridi.

Küçələrin tozu çoxdan yatmışdı. Evlər, qayalar, alçaq divarlar, qapılar ay işığı ilə qalaylanmış kimi, yuxarıdan par-par parıldayırdı. İtlər də susmuşdu, toyuqlar da büzüşərək ağaclarda yatmışdı. Uzaqdan dərə sularının xəlvət pıçıltılara bənzəyən səsi gəlirdi. Qurbağalar ağız-ağıza verib vaqqıldaşırdı.

Evlərdə çox az adam yuxuya getmişdi. Bəziləri əkin işinin fərəhilə qanadlanır, səhərin tez açılması intizarım çəkirdi. Kimisi də Hacı kimi əlindən gedən torpağının, çəmən və yoncalıqlarının ağrısı ilə yatağında ilan çalmış kimi çırpınır, dincələ bilmirdi, sağa-sola çevrilir, ah-uf edib, dabanı ilə yer eşirdi.

Telli xala yatağına girmişdi. Cəmil isə şəhərdən göndərilmiş paltarları öz aləmində ölçüb-biçirdi. Nədənsə bugünkü iclasa çox böyük məna verirdi.

– Ana, on dörd gündən sonra böyük bayramdır: Nikolayın yıxılan günüdür. Bu gün İskəndərov yoldaş yaman danışdı! Fəhlələr hökuməti necə alıblar. Qızıl Ordu necə düzəlib, Kerenski bizi necə aldatmaq istəyib. Lenin yoldaş necə fəhlələri ayıldıb - hamısını danışdı. Bayram günü bütün uşaqlar yığılıb qəza komitəsinə gedəcəyik. Fəhlələr bizə on bir dəst paltar, bir təzə ipək bayraq göndəriblər. Bayrağı da götürüb gedəcəyik. Bütün şəhər nümayişə çıxacaq, ana... Bəs sən kənd sovetini aparmayacaqsan?

– Mənə hələ deməyiblər. Bilmirəm, bala.

Cəmil Böyük Oktyabr inqilabı ildönümü bayramına bütün qüvvəsilə hazırlaşırdı. Seminariya komsomolçuları divar qəzetini yazıb hazırlamışdılar. Bircə rəngləməyi qalırdı. O, qəza komitəsindən verilən şüarları, qırmızı parçanı və şəkilləri fikrində ölçüb-biçirdi. Sovet yerləşən evin qabağını yaxşı bəzəmək istəyirdi. Bayram münasibətilə aşıq Paşanın oğlu Yəhya, Eldar komsomola keçirildilər. Bunların hamısından maraqlı bir nəfər qızın - Məşədi Əkbərin qızı Şövkətin komsomola keçməsi idi. Kənddə bu təzə iş idi.

Bərk hazırlıq gedirdi. Qəza komitəsindən verilmiş pula Cəmil nə alacağını bilmirdi. Əhmədə məsləhət elədi.

Noyabrın altısında axşam kənd Sovetinin qabağı çıraqban idi. Axşam yeməyini yeyənlər tələsərək, təntənəli bayram iclasına qaçırdılar.

Məruzədən sonra şəhər komsomolçuları tərəfindən teatr tamaşası verildi. Kişi, qadın o qədər gəlmişdi ki, otaq tutmurdu. Koridorda stul düzülmüşdü. Qapı tərəfdəki basabas içəridəkilərə də mane olurdu.

Tamaşanın ikinci pərdəsi oynanırdı ki, küçədə dalbadal iki güllə atıldı. Sonra ayaq tappıltıları və haray səsi eşidildi. Tamaşaçılar çıxdılar. Otaq boşaldı. Hacı Həsənin oğlu Xanlar camaatı başına yığıb deyirdi:

– Oğru evləri yarırdı. Məni görəndə güllə atıb qaçdı.

Bunun yalan olduğunu çoxları bildiyi kimi, Cəmil də yaxşı anlayırdı. Xanlar bu hərəkətilə bayram təntənəsini pozmaq istəyirdi. Adamlar yenə otağa doluşdu, tamaşa da bayaqkı şirinliyilə davam etdi.

Səhər tezdən uşaqlar nümayişə çıxmağa hazırlaşanda Lətif tələsik gəlib dedi:

– Qapıdakı bəzəkləri, divar qəzetini cırıblar.

Cəmil yumruğunu düyünlədi, dodağını dişlədi, cəld ayağa qalxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri