Səhifə 4 / 4 · 75%

Öz vəziyyətindən utandı. Ürəkdən qopan bir kədər soyuq cərəyan kimi bütün damarlarından keçdi. Vücudu sustaldı. Nəzərləri söndü. Ona elə gəldi ki, küçələrə çıxan bu yüzminlər, yerindən oynayan bu kütlələr arasında, tamaşaya duranlar içərisində ondan küskünü, ondan bəxtsizi yoxdur. Bu talesizliyinə odlandı. Qəzəbmi, hirs, ya təəssüfmü, hansı bir alovdansa alışan qəlbilə bütün bədəni yandı. "Hanı mənim yoldaşlarım? Dostlarım? Hanı könül vermək istədiyim? İndi mənim könlüm - kənara atılmış köhnə bir kitab onun nəyinə lazımdır..."

Fikirdən baş qaldıran Vahidin gözü dalğalanan dəstələrə düşdü. Elə bil yuxudan ayıldı:

– Bu nə aləmdir!

Milislər vurnuxaraq cəld ötən, özünü haraya isə yetirməyə can atan bir gənci yolundan qaytardılar. O, şəfəq kimi tez o biri tərəfdə görünür, eyni sürət, eyni təlaş ilə yüyürür, qarşısını kəsən milisin üzünə baxmırdı. Elə hiss ilə danışırdı ki, hamı təəccüb edirdi.

Kənardan baxan, hər dəstəyə diqqət yetirdiyini görən olsaydı, onun kimi isə bərk axtardığını düşünərdi; çünki o gah dəstələrin yanınca yeriyir, gah qabağa qaçır, gah da dala qalırdı; bir an da sakitləşmir, özünə gəlmirdi. Bu gənc doğrudan da adam axtarırdı, ancaq birini yox, çoxunu, çoxları axtarırdı.

O, səkkiz yaşından indiyə qədər hər bayramda və mərasimdə qoşalaşıb, əl-ələ verib gəzdiyi, deyə-gülə oynayıb sezdiyi pioner, şagird yoldaşlarını axtarırdı. Məktəb həyatından tutmuş instituta qədər kənddən şəhərə, pionerlərdən komsomola, tələbədən müəllimə və qulluqçuya qədər hər yerdə onun yoldaşları vardı. Onlar hanı? Onların hamısı bu gün nümayişdə, bayram keçirən dəstələrdədir. Onlar etibarlı yoldaşlar bu saat yanlarına baxırlar, "Vahid hanı?" - deyə bir-birindən soruşmurdumu?

Yox, soruşmurdular. Xəyallarına da gəlməzdi ki, Vahid cərgədən çıxmış ola. Onlar inanırdılar ki, Vahid bu gün harada isə ləpələnən bayraqların altmda, dəstələrdə öz yerindədir. Ümumi ahəng ilə atılan addım səsləri içərisində Vahidin hənirtisini də hiss edirlər. Onun, yəqin ki, arxada və ya qabaqda, kənddə və ya şəhərdə, Moskvada, Bakıda və ya Daşaltı kəndində dəstələrin birində olduğunu bilirdilər. Eşitsələr ki, Vahid kənarda qalmışdır, eşitsələr ki, Vahid bu günlərin sevincindən məhrum edilmişdir, addımlarını dayandırar, komandanı çağırar, tələb edərdilər: "Vahid gəlsin!"

Komandan dərhal Vahidi yoldaşlarına çatdırar.

Yox, komandan Vahidə yaxın da düşə bilməz. Vahid ilə onun arasında, Vahid ilə yoldaşlar, nümayişlər, bayramlar, şənliklər, sevinclər arasında kağızdan, lakin uçurulmaz bir sədd durınuşdur. Komandan bu səddin qarşısında dayanar, oxuyar. Bu əmri hamı eşitmək üçün ucadan oxuyar, nə cərgələr ləngiyər, nə bayraqlar dayanar, nə şənliyə xələl gələr, nə rəsmi- keçidə gələnlər bir şey bilər, yalnız Vahid məhrumiyyət payını alıb, həyatın unudulmuş guşələrində tərk olunar...

Bu əmr nə qədər güclüdür? On beş illik tərbiyəni, dərsi necə puç edir? Bu əmrin gücü ilə pəncələşınək olmazmı? Hanı? Yoldaşlarım hanı?..

Vahidə elə gəldi ki, direktorun əmri bütün camaata elan olunmuşdur. Hamı baxışlannda bunu bir-birinə deyir, ancaq dillərinə gətirmirdilər. Vahidin ürəyi quş kimi çapaladı, o üzünü tutub nümayişçilərə qışqırmaq istədi:

– Nə üçün məni qovursunuz? Mən haman Vahidəm, sizinlə böyümüşəm, sizinlə oxumuşam, sirdaş olmuşam, sizinlə də baş ağartmaq, ölmək istəyirəm. Məni atmayın!

Lakin Vahidin səsi çıxmırdı.

Torpaqlardan, yerin damarlarından qopan kimi görünən orkestr səsləri onu özünə qaytardı. Uzun, enli bir bayrağı çəkə tutmuş iki nəfər qız göründü. İnşaat institutunun tələbələri, müəllimləri bir-bir göründükcə, elə bil, Vahid qürbətdən qayıdıb, öz ailəsini görürdü. Balıq suya atılan kimi özünü dəstəyə tulladı: "Rübabə!" deyən həsrətli səsi əlli addım aşağı-yuxarı hamı eşitdi.

Vahid Rübabənin əlini sıxdı, Rübabə Rəşid ilə dünəndən Vahidi axtardığını dedi. Yoldaşları soruşurdular:

– İşin düzəldimi?

Vahid onlara qoşulub, sevinclə yoluna davam etdi. Lakin dəstəbaşı araya soxulan bu artıq adamı çıxartmaq istədi. Yoldaşların ona hörmətini görüb, öz-özünə dedi: "Bir az söhbət edib gedəcəkdir".

Gəldiyev nizam gözləyən məsul bir adam kimi dəstəbaşını çağırıb danladr.

– Yadların cərgədə nə işi var?

Dəstəbaşı Vahiddən üzr istədi:

– Zəhmət çəkin, razı olmurlar.

Vahid yanındakıları göstərdi:

– Bunlar mənim yoldaşlarımdır axı, mən də tələbəyəm...

Gəldiyevin hirsi soyumadı. Haradansa bir milis tapıb işarə elədi. Milis Vahidə yanaşdı:

– Yoldaş, - dedi, - çıxın. Yad adamların dəstəyə girməsi qadağandır.

Vahid dedi:

– Burada bircə nəfər yad adam var, odur bax, o göygöz!

Gəldiyevi göstərəndə o üzünü yana çevirdi, dəstələrin arasında yox oldu. Beş dəqiqə keçmədi ki, başqa bir inzibati işçi ilə gəldi. Bu adam Vahiddən vəsiqə tələb elədi, onu sıradan çıxartdı. Vahidin yanında milisi görəndə Sadıq kişi dəstəyə cumdu. Oğlunu çəkib aparmaq istədi. Gəldiyev onu itələdi:

– Qoymayın aradan çıxsın, yoldaş milis, bunların fitnəsi var, nümayişi pozmağa gəliblər, yoxlamaq lazımdır! Bəlkə düşmən tapşırığı...

– Kəs səsini axmaq, özün başdan-ayağa fitnəsən!

Gəldiyev ha boylandı, bu cavabı deyəni görmədi. Tələbələr hamısı gülür, onun qəzəbdən qızarmış üzünə baxırdılar. Gəldiyev axtarırdı.

– Onu deyən kim idi? İfşa olunmamış ünsürü tapmaq lazımdır.

Sayıqlıq lazımdır.

Heç kəs Gəldiyevə qulaq asmırdı. Bu onu daha da özündən çıxarırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri