İkinci hissə, ikinci fəsil
Səhifə 2 / 2 · 50%
Vahidi onun yanında görüb pərt oldu. Adəti üzrə dodağını gəmirdi, əlini kəmərinə keçirib bir az dayandı. Sonra fikirləşdi ki: "Düşmənə bu kökdə görünmək ayıbdır... Mən bu konsertə Rübabədən gözəl bir qız ilə gəlməli, Vahiddən qabaq cərgədə oturmalı, Səttarzadəni etinasız dinləməli idim..."
Gəldiyev özünü, Rübabəyə göstərməmişdən gedə bilməyəcəkdi. "Qoy bilsin ki, Vahidi özünə ər elədiyini seçənlər var!"
Bir də Gəldiyev onların rahatlığını pozmaq, təşvişə salmaq istəyirdi. Vacib bir iş üçün adam axtarırmış kimi, bir neçə dəfə Vahid oturan cərgədən o yan-bu yana keçdi. Birində Rübabənin dönüb baxdığını duyub, yeyin addımlarla saymazyana qapıdan çıxdı.
O axşam Gəldiyevin əsəbiliyi, ovqat təlxliyi tamamilə təmin olunmuşdu. Heç yerdə təsəlli tapa bilmədi. Evə gəldi ki, ürəyindəkiləri unuda bilsin. Təəssüf ki, ayrı bir aləm, gözlənilməz bir mənzərə gördü. Başı aşağı, hirsli içəri girəndə sarısaç, yad bir qadının divanda oturduğunu gördü. Hazırlaşdı ki, qonağa xoş gəldin desin, onu bir təhər gördü: "Necə qonaqdır ki, ev sahibinə etina eləmir? Necə qonaqdır ki, kişinin ayağına qalxmır?",
Diqqət edəndə, küncdə təkərək kimi dığırlanan oğlan uşağını görəndə hər şey ona aydın oldu. Sanki bütün dünyanı bir dəyirman daşı kimi əldə gəzdirdilər, gətirib Gəldiyevin boğazına keçirtdilər. Ağırlıq onu yıxası oldu. Gəldiyev əlini boğazlığına atdı, düzəltdi, bir udqundu, bir öskürdü, başı hərləndi, vücudu elə bir vəziyyət aldı ki, oturmaqmı, durmaqmı istədiyini seçmək olmazdı. Deməyə söz axtarırdı. Ağca xanımın kəsərli səsi eşidildi:
– Gör bu arvad kimdir?
Gəldiyev boğazından şerfı aça-aça, Zoyaya tərəf baxdı, etirafdan başqa çarəsi olmadı.
Когда приехали?
Это вам не интересно, держите своего ребенка, я уезжаю!
Gəldiyevin boğazı qurudu. Arvadı dilə tutmaq istəyirdi ki, Ağca xanım onun peysərindən bir yumruq endirdi:
– Belə işlərin də var imiş, a küçədən gəlmə şortu?!
Ağca xanımın bu yumruğu Gəldiyevə güllədən ağır idi. Xəyalında o Zoyanın həsəd edəcəyini, köhnə ərinin yeni həyatına küsənəcəyini güman etmişdi. İndi isə onun ürəkdən güldüyü, Gəldiyevin Ağca xanım kimi bir əjdahaya tuş gəldiyini bilib sevindiyi yəqin idi. Zoyanın səsi də Ağca xanımın səsinə qarışdı:
– Прашу не задерживать меня, на поезд, опаздываю. Дайте мне раписку о том, что своего ребенка вы в здоровом состоянии получили! Zoya bunu deyib, uşağını ayağa qadırdı, çənəsindən tutub, başını qaldırdı. Uşağın iri və diri gözləri muncuq kimi parıldadı.
Ağca xanım keçib uşağın qolundan tutub murdar bir pişik balası kimi çıxarıb eyvana qoydu, kürəyinə bir də yumruq güpsədi. Uşaq üzüstə yerə gəldi. Sonra dikəlib ağzını göyə açdı, qışqırıb ağladı. Ağca xanım dedi:
– Mən bicxana açmamışam. Bir saat qoymaram evimdə belə qoduqları! - Üzünü Geldiyevə tutdu: - Yığışdır şələ-şüləni, qoduğunu da götür, hansı cəhənnəmə gedirsən get!
Gəldiyev çaşıb qalmışdı:
– Ay Ağca, uşağın nə günahı var. Bir dözümün olsun, bir səbir...
– Dözdüyüm bəsdir. Bir də sənin kimi qurumsaqlar ilə baş yastığa qoymayacağam. Bil! Haydı!
Gəldiyev dinmədi. Eyvanda ağlayan uşağa baxdı. Zoyaya nə isə demək istədi. Ağca xanım hirsini boğa bilmədi.
– Mənim adresim bu şortuda nə gəzir, hə? Bəs sən oğlan idin?
Oğlan vayına oturum, inşallah!
Ağca xanım erkək pişik kimi atılıb onun saçlarını çəngələdi, toyuq tükü kimi yolmaq istəyəndə Gəldiyev, ət qaçırdan itə qışqırırmış kimi, səsləndi:
– Ay ərkansız, nə qayırırsan?
Onların bu hərəkəti Zoyanı sevindirınəkdən çox qəzəbləndirirdi.
– Ocвободите ради бога меня, потом можете играть сколко хотите. Gəldiyev keçib kağız-qələm gətirəndə Ağca xanım tutub əlindən aldı:
– Sənə deyirəm, mənim evim piryut-zad deyil, götür uşağını da, çıx burdan! Gedin davanızı harda istəyirsiniz eləyin!
– Ağca xanım, bəsdir, bir toxta, adamın evinə qonaq...
– Kəs səsini, binamus! Elə sən də qonaq gəlmişdin. Sənin kimi qonaqları çay aşağı axıdım, çay yuxarı axtarım!
Gəldiyevin sinəsindən elə itələdi ki, kişi az qaldı samovarın üstünə yıxılsın. Cin vurdu Gəldiyevin başına, istədi onu götürüb mıxlasın yerə. Partiya biletini yadına salıb, hirsini yedi. Heç olmasa bir neçə saatlığa, Ağca xanım özünə gələnə kimi, evdən uzaqlaşmağı, sonra qayıdıb arxayınlıqda danışmağı, qılığına girməyi məsləhət bildi. Papağını başına qoyub qapıdan çıxdı. Zoyanı da çağırdı:
– Paşli, davay!..
Zoya çıxanda Ağca xanım dalısınca ürəkdən dedi:
– Haydı, bura sizə görüşxana deyil!
Zoya nə qədər azərbaycanca az bilsə də kürkünü sudan çıxara bilirdi. Qayıdıb dilucu cavab verdi:
– Ayıbdı, xanım, mərifətiniz olsun!
Ağca onun azərbaycanca danışdığını görəndə çəkindi, duruxdu. Bayaqdan bəri dediklərinin hamısını anlamış olduğunu, bəlkə də bir hiylə üçün əri ilə rusca danışdığını fikrinə gətirdi. İstədi onun abrını ətəyinə büksün, ancaq mərifətdən danışmağı qabağını aldı. Ağca xanımın ağzını bağlayan isə bu deyildi, başqa şey idi. Zoya mərifətdən deyib eyvana çıxanda, Gəldiyev qapıda üst-başını çırpır, papağını düzəldirdi. Onlar cüt yeriyəndə, qabaqlarında da uşaq görünəndə Ağca xanımın gözündən od töküldü, sinəsi tez-tez enib qalxdı, rəngi qaçdı, əsə-əsə eşiyə yüyürdü. Gəldiyevin ətəyindən tutub, bərk geri çəkdi və gücü çatdıqca qışqırdı:
– Qayıt içəri!
Gəldiyev dinmədi. Ağca xanım daha da bərk qışqırdı:
– Bu saat içəri, deyirəm sənə!
Gəldiyev dedi:
– Bu saat gəlirəm!
Ağca xanım keçib onun yolunu kəsdi:
– Bir gir içəri! Bir o qalmışdı ki, evimdə svidani düzəldib, kefə gedəsən! A boyunu yerə soxum!
Gəldiyev bilmədi nə elesin:
– Ay Ağca, bayaqdan özün qovurdun?
– Hə, ürəyindən keçir? Yağlı xörək tutub səni... Ay sənin başın üçün! İkiəlli Gəldiyevi itələdi, içəri salıb qapını bərk çırpdı. Zoya uşağın qolundan tutub qapıya sarı yaxınlaşdı:
– Xanım, qoy bizi yola salsın.
– Ay... nə istəyirsən? Nə istəyirsən ay dambov! Xalqın kişisindən əl çəkəcəksənmi?
Zoya onu daha da yandırmaq istədi:
– Xanım, ərində gözü olan yoxdur. O mənim ərim olanda heç səni tanımırdı... Mənim artıq-urtuğumdur, sənə tuş gəlib! Qoy uşağını tapşırım özünə, ondan sonra məni burada görsən, basıb döyməyə də haqqın var.
Ağca xanım qapının rizəsini vurdu, pərdəsini saldı, gəlib oturdu. Pərdəni salmaq, sakitcə evə girməklə Zoyaya acıq vermək, "yandırmaq" istəyirdi.
Ancaq Zoya əl çəkmədi. Qonşu qapıları döyüb qadınları oraya tökdü:
– Camaat, - dedi, - bilin, bax bu binamus öz yetiminə yiyə durmur. Rayondan bura yanıma salıb gətirmişəm, yaxın qoymur. Bu saat gedib milis çağıracağam.
Uşaq da bu hay-küyün onunçun olduğunu duyur, balaca yumruğunu gözünə basıb ağlayırdı. Qonşular tökülüşüb ana-balanı kiridirdilər.
– Ayıb olar, bacı! Gəldiyev gərək elə kişi olmasın. Dayan, bu saat çıxar.
Qapını döyür, Gəldiyevi eşiyə çağırırdılar. Zoya da səsə gələnlərin hamısına Gəldiyevin onun necə evlənməsindən, uşağından, uşaq pulundan danışırdı. Bunları eşitdikcə Ağca xanım içəridə kabab kimi qovrulurdu. Bütün xanımanı yanan bir adamın əlacsız dayanıb baxdığı kimi bu vəziyyətə dözür və bu saat bir şey olacağını, əzabdan qurtulacağını güman edirdi. Ancaq heç kəs onu əzabdan qurtarmayacaqdı, Zoya qapıda ağzına gələni deyəcək, Gəldiyevin arvadı olduğunu car salacaq, Gəldiyev də içəridə başını ovcuna alıb oturacaqdı. Gəldiyevin bu sakit oturuşu, xiffət çəkən adamın oturuşuna oxşamır. O, köhnə arvadının sözlərinə qulaq asır Bəlkə də lap söyüş eşitsə də onun səsindən həzz alır. Bəlkə də bu söyüşlər onlara keçmiş, mehriban ailə həyatlarını xatırladır, Zoya bunları danışmaqdan, Gəldiyev də eşitməkdən ləzzət alır. Od da öz işindədir, şiş də. Arada bağrı parçalanan, yanan, tüstüsü göyə qalxan kababdır. Ağca xanım Zoyanın səsini, bəhanəsini kəsmək üçün şaraqqıltı ilə qapını açdı, çölə çıxıb, uşağın qolundan tutdu.
– Gəl içəri, - dedi, - ədə, yetim, gəl!
Uşaq evə girdi. Zoya onun dalınca baxıb hönkürtü vurdu... Zoya həmişə uşağına Gəldiyevin oğlu kimi baxmış, Gəldiyevin hayıflarını çox vaxt ondan çıxmağa çalışmışdı. Ürəyi soyumamışdı... Gəldiyevin başqa qadınlar yanında "oğlanam" deyə evlənməsini yalana çıxarmaq, kefinə mane olmaq üçün uşağı gətirib, üstünə atmağı qət etmişdi. Onun üçün sadə, asan görünən bu işin belə qarışıq, dəhşətli bir mənzərə alacağını güman etməmişdi.
Əvvəla, Gəldiyevin belə bir ailədə yaşadığını, deməli uşağı saxlamağa və bununla heç də kefdən qalmamağa şəraiti olduğunu gördü. İkinci tərəfdən o, uşağı atasına tapşırmağa gətirmişdi, ögey anaya yox! Üçüncü tərəfdən, Ağca xanımın bir dəfə çağırışı ilə uşağın etibarsızlığına yox, özünün günahlarına hirsləndi. Xəyalında dedi: "Yəqin onun evində oyuncaq şeyləri görür, dəm-dəsgah görür; mənim kasıb daxmamın nəyinə meyl salsın!.."
Bu fıkirlər Zoyanın qəlbindən bir ildırım kimi keçdi. Riqqətə gətirdi, onu qovurdu. İllərdən bəri ürəyini daşa döndərən qəmlər, kədərlər tutqun bir bulud olub könlündən qopdu. Uşaq evə girəndə Zoya, son ümidləri əbədi olaraq əlindən getmiş kimi, fəryad çəkib elə ağladı ki, eşidənlər suya döndü. Qonşu qadın içəri keçdi, uşağı dilə tutub qucağına aldı, anası ilə görüşdürməyə gətirdi. Zoya son dəfə onu bağrına basdı, göz yaşları macal vermədi. Ana-balaya, bala-anaya qarışdı. Küçədən keçənlər böyük bir müsibət üz verdiyini güman edib dayanırdılar. Kimisi dillənirdi: "Ay uşaq, görün o biçarəyə nə olub, kömək eləmək lazımdır".
Kimisinin də ürəyi dözmür, tez ötüb getməyə çalışırdı.
Zoya uşağından ayrılıb getmək istəyəndə Gəldiyev çıxıb, iki otuzluq ona tərəf uzatdı:
– Biletə verərsən!
Ağca xanım yüyürüb pulu kişinin əlindən qapdı:
– Bircə o qalmışdı. Aşnalarının da xərcini mən çəkəcəkdim, a binamus?!
Bütün gecəni qəzəb və pərtliklə keçirən Ağca xanım səhər tezdən başı- yaxası açıq, nəfəs almaq üçün həyətə çıxdı. Başında köhnə şal, əllərini duaya açmış kölgə kimi dayanan bir qadını görəndə qorxdu, geri-geri çəkildi.
Zoya səsləndi:
– Balamı ver!
Ağca xanıma elə gəldi ki, Zoya dünəndən bəri burada dayanıb nəyi isə gözləyirmiş, bəlkə də Gəldiyev evdən çıxanda onunla görüşəcəkmiş, bəlkə bir hiylə var, bəlkə məni sınayır, bəlkə...
Hər halda fürsət idi, Ağca xanım tez içəri qaçdı, yuxulu-yuxulu gözünü ovuşduran uşağı qabağına qatıb getirdi:
– Apar matahını!
Zoya illərdən bəri ayrılmış kimi, uşağını bağrına basdı:
– Xanım, - dedi, - acından ölsəm də balamı sənin ümidinə qoymaram, Kərim istəsə, ancaq səni boşayandan sonra bunun atası ola bilər.
Bu söz Ağca xanımı yandırdı:
– Kül başıva, - dedi, - xaxol matişkə, Kərim onun anasının üzünə tüpürmək də istəmir...
– O istəmir, gün olar ki, mən ölsəm də, bu uşaq Kərimin üzünə tüpürər.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-aciq-kitab-ikinci-hisse-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Beləsi iki cür olur. Biri teatrda yaxşı sənətkar, mahir aktyor!Biri də həyatda özünü böyük mövqedə olanlar arasında göstərmək iddiasında, meylində olanlar. Mən bunlardan birini tanıyıram. Heç bu tanışlığıma da peşman deyiləm. Çünki kişini görəndə ürəyim açılır. Vallah, başdan-ayağa tamaşadır. Teatrdan, kinodan, sirkdən, konsertdən artıq tamaşadır. Adama ləzzət verir, baxmaqdan doymursan.
Sözün yeri varŞəfiqə xanımla Şirin xanımın qonşuluq, dostluq münasibətləri təmiz, möhkəm və fərəhli idi. Hər ikisinin yeganə balası bir yaşda, bir boyda idi, bir bağçada tərbiyə alırdı. Analar görüşəndə, hər şeydən əvvəl, uşağın kefini soruşardılar:– Ziyafət necədir?
İki qız, bir oğlan– Məktubunuza müfəssəl cavab almaq istəsəniz, vağzala gəlin. Ayın on dördündə saat dörddə Hökumət evinin qabağında görüşə bilərik!Əsəd dəstəyin şəbəkəsinə çox qışqırıb "alo", "alo" dedi, ancaq gec idi. Novella telefonu qoyub getmişdi.
Yad adamMən bu idarəyə təzə gəlmişəm, özü də müdir gəlmişəm. Vəzifəm ağır, işim çox, məsuliyyətim də ki öz qaydası ilə.Onu yaxşı dərk eləmişəm ki, kollektiv ilə dil tapsam, hörmət qazansam, işçilər ilə insan kimi rəftar eləsəm, istədiyimə nail olacağam. İctimai tərbiyə, sağlam əxlaq yolunda öhdəmə düşənin öhdəsindən gələ biləcəyəm. Yox, əgər kollektivdə hörmətim olmasa, adamlara özümü sevdirə bilməsəm, vay mənim halıma.
Başqa şairlərin şeirləri
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Gər səninçün qılmayam çak, ey büti-nazik bədənGər səninçün qılmayam çak, ey büti-nazik bədən.Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən.
Hali-vətənUcundadır dilimin,Həqiqətin böyüyü.