Səhifə 2 / 2 · 50%

– Bəs harada qalmısan? Bəs niyə gəlib çıxmırsan?

Soldatlar tüfənglərini yerə qoyub sakit oldular. Biz "ər-arvad" o biri otağa keçib oturduq.

Riskina adlı sarıbəniz qadın Reçnaya kəndinin kolxozçu qadınlarındandır. Əri ordudadır. Almanlar onun evini zəbt etmiş, iki donuzunu, bir inəyini kəsib yemiş, indi də gündə iki-üç toyuğunu, qazını daş ilə vurub yeyirlər. Riskinanın məharətinə mən heyran, yaxşılığına minnətdar idim. O daima deyirdi: "Sizin mənə daha çox yaxşılığınız dəyəcəkdir. Bəsdir, bu bir ayı mən on ilin əzabını çəkmişəm. Daha dözməyəcəyəm. Reçnayada heç bir şeyim qalmamışdır. Əqrəbamızın bəzisi ölmüş, bəzisi də ordu ilə getmişdir. Qadınlar da, görürsən, nə haldadır. Şükür ki, uşağımız yoxdur. Allah səni mənə köməyə göndərib, iki donuz əvəzinə üç donuz kəsmək istəyirəm. Qoy onlardan hayıf alım, sonra nə olar, olar. Heç olmasa, ürəyim sərinləşin. İntiqam yaralarıma bir məlhəm olsun."

Səhər biz qazıyıb silahı yerdən çıxartdıq, meşəyə, həm "qonaqlarımız", həm də özümüz üçün odun yığmağa getdik. Qaranlıqlaşana qədər vaxtı yubatdıq. Tuman-köynəyi dəyişdirmədiyimi biləndə Riskina məni danladı. "Əsgər tuman-köynəyində, - dedi, - möhür var. Bu yolu vomrulmuşlar, kişi xeylağını küçədə saxlayıb soyundurur, baxırlar. Sən mütləq dəyiş!"

Həmin gecə Riskinanın planı ilə bizim çağırılmamış qonaqları "həmişəlik" rahatlayıb yolumuza düzəldik.

Riskina yollara bələd idisə də, getmək qorxulu idi. Addımbaşı tutur, vəsiqə tələb edir, komandanlığın yanına aparırdılar. Mənim bəhanəm almanların ürəyindən idi. "Bolşevik həbsxanasından qaçan" adamdan çəkinmirdilər, əksinə, bir məntəqə komendantı mənə iltifat da göstərdi.

– Gəl, - dedi, - cənab, radioda çıxışınızı təşkil edək. Bolşevik həbsxanalarında məhbusların çəkdiyi əzablardan danışın. Bununla siz milli vəzifənizi yerinə yetirmiş olarsınız...

– Cənab, - dedim, - bu saat mən ailəmin hayındayam. Mən bu tayda, külfətim o tayda. Arvadım, uşaqlarım...

– Bəs bu yanınızdakı arvadınız deyilmi?

– Bu ikinci arvadımdır, almışam.

– Görünür, müsəlmansınız.

– Bəli, müsəlmanlar çox arvad alırlar.

– Müsəlmanlar çox qeyrətli olurlar.

– Bəli, düz buyurursunuz.

– Biz istərdik ki, siz bolşeviklərdən intiqam almağınızla bunu bir daha isbat edəsiniz, millətinizin başını ucaldasınız.

– Siz nə bilirsiniz ki, mən belə bir intiqam almayacağam?!

Komendantın üzü güldü:

– Şübhə etmirəm, şübhə etmirəm. Bu yolda bizim sizə hər cür köməyimiz dəyə bilər.

– Mənə köməyiniz o olsun ki, bizə vətənimizə getmək ixtiyarı verin. Mümkün olsa, hərəmizə bir silah da verin, çünki qorxuram, yolda bolşeviklərdən məni tanıyan ola. Məhbusu tanısalar, buraxmazlar.

Komendant fikirləşdi.

– Sizin təklifinizi, - dedi, - komendantlığa çatdıra bilərəm. Ancaq əlimdə sübut, etimad olsa, daha yaxşıdır. Çünki komendantlıq sizə bəslədiyim etibar və əmniyyətə dəlil istəyəcəkdir. Buna görə də mən radio vasitəsilə əhaliyə müraciət etmənizi məsləhət görürəm.

– Cənab zabit, - dedim, - məni bərkə qısnamayın, bolşevik müs təntiqinin əlindən təzəcə qurtarmışam, mümkünsə, dincəlmək istəyirəm.

Komendant susdu. Başını aşağı salıb hirslə icazənamə yazdı.

II

Riskina meşəyə, əlaqə saxladığı partizanların yanına getdi. Mən piyada, yoluma düzəldim. İki-üç kilometr getməmişdim, yol qarovulçusu məni tutdu.

Reçnaya kəndində gördüyümüz iş, deyəsən, faşistləri qudurtmuşdu. Onlar tanımadıqları hər kəsdən qorxurdular. Məni medallı bir zabitin yanına gətirdilər. Zabit mənim məhbus olmağıma inanmadı, "təğyir-libas etmiş əsgərsən, - dedi, - boynuna al!"

O, əsgər dedi, mən məhbus dedim. Tapançanı çəkib başımı nişan aldı:

– Vurdum ha! Düzünü de!

– Düzü belədir!

İcazənaməni alıb cırdı, məni dama saldırdı.

Bura vaxtilə hansı kolxozçununsa evi imiş, indi at bağlamışdılar. Gecəyarısına qədər tövlədə oturub öldürülməyimi, ya təkrar dindirilməyimi gözlədim. Heç bir səs-səda yox idi. Tövlənin qapısında keşik çəkən soldat əlində papiros çəkir, var-gəl edirdi. Ondan xahiş etdim, məni eşiyə çıxartdı. İçəri dönəndə papiros təklif etdim, papirosumu yandırmaq bəhanəsilə hərifin boğazından yapışdım. Tüfəngini qaldırmağa macal olmadı. Onu boğdum, qaranlığa qarışıb yox oldum. Ən çox yol getdiyim, ən çox yorulub taqətdən düşdüyüm gecə bu idi. Teleqrafdan da yeyin getmək, qarovulçunun öldürülmə xəbəri çatan yerlərdən uzaqlaşmaq istəyirdim. Mən indi öz hissələrimizin mövqelərinə yox, cəbhənin cənub tərəflərinə yaxınlaşırdım. Günün istisində qan-tər içində yol gedirdim. Pərişan geyimli cavan bir oğlanın da tək-tənha, əliyalın getdiyini gördüm. Mən onu ötmək istədim. O, mənə yanaşdı:

– Cənab, hardan belə?

Mən məhbus olduğumu, evimizə qayıtdığımı söylədim. "Taleyimiz birdir, - dedi, - hansı rayondansan?" Bir yerin adını ona dedim. Cavan oğlan, cəsarətlənmiş və sevinmiş kimi, "gedək, - dedi, - yoldaşıq, gedək".

Ancaq mən bu saat hər kəsdən çəkinirdim. Cavan oğlanın faşist olmadığına inanırdımsa da, bizim adam olduğuna da inanmırdım. Ona görə də uzaqlaşmaq istəyirdim. O, böyüklərindən tapşırıq almış kimi, məni izləyir, tez-tez müharibədən söz salırdı. Məndən nə üstə tutulduğumu, neçə il yatdığımı soruşdu. Cavab verdim ki: "Arvadımı öldürmüşdüm. On il kəsmişdilər, üç ilin çəkdim". Sonra o danışmağa başladı: "Mənim, - dedi, - günahım siyasi günah idi. Qolçomaqlar ilə əlbir olub..."

Cavan oğlan sözünü kəsib diqqətlə mənə baxdı, sonra tez dönüb ətrafa, tüstü ilə dolu, barıt qoxusu ilə kəsiflənmiş havaya baxdı. O, qəribə bir səmimiyyətlə gülümsədi:

– Bura bax, - dedi, - yoldaş, düzünü de, leytenantsanmı?

Mən heyrət və ehtiyatla onun gözlərinin içinə baxdım, cavabımı gözləmədi:

– Görürəm, - dedi, - dost olsan da, indi dustaqsan, almanın dustağısan. Allahdan gizlin deyil, səndən niyə gizli qalsın, mən serjantam, əsirlikdən qaçıram. Kolxozçular kömək etdilər.

Cavanın səmimiyyəti, cəsarəti mənim də ürəyimi açdı. Hər ikimiz xəlvəti kəndlərdən keçən yollarla, kəndlilərdən azuqə ala-ala beş gün yol gəldik. Bu yollar mənə, dağılmış, göylərə sovrulmuş xanimanını seyrə məcbur etdirilən, əli, dili bağlı bir əsirin fəlakətini andırırdı. Bir dəqiqə olmurdu ki, gözümüz dinc və günahsız əhalidən öldürülmüşlərin meyidinə, yandırılmış evlərə, sökülmüş dəmir yollarına, dağıdılmış azuqə anbarlarına sataşmasın. Yer-göy ağlayır, torpaq nalə çəkib müdhiş macərasını danışırdı. Cəmisi bir ay əvvəl burada sakit və məsud bir həyat çağlayırdı. Abad şəhərlər, şən kəndlər yerində indi məzar xərabəliyini görmək nə qədər ağır idi.

Xəlvətilik olanda yoldaşım yerdən bir ovuc torpaq götürür, gözümün qabağında tuturdu:

– Bunda inikas qabiliyyəti olaydı, başına gələnləri nəqş edəydi, ən böyük ittihamnamə olardı.

– Torpaq deyil, - dedim, - göylər, yerlər də, quşlar da bu cinayətləri unutmayacaqdır. Bax, qaralmış üfüqləri seyr et, kədərindən, qəzəbindən necə qılınca dönmüşdür.

Biz hər ikimiz intiqam üçün, ancaq intiqam üçün yaşayacağımıza and içib, yaralı vətənin qanlı, gözüyaşlı torpaqlarını öpdük, özümüzü cəbhəyə, döyüşçülərimizin sırasına saldıq. Yoldaşlar buna: "Uzaqlara doğru axşam səfəri" deyir, danışırdılar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Vicdan mühakiməsi

– Divardan boylanan uşağı görürsənmi?– ...

24 dəq
Dağların qəlbi

Nuxadan yuxarılara, dağlara doğru dırmaşdıqca quru və ya çəmən yerlər azalır, meşəlik, cəngəllik çoxalır.Qafqaz dağlarının cənuba sallanıb gələn ətəklərində hər qarış yer yaşıllıq, kolluq, ağaclıqdır. Göyün vüsətini yerə, yerin qüdrətini göyə göstərən zümrüd gözlü şamlar baş-başa verir, günəşdən nur, torpaqdan qürur alır, ətrafa sağlamlıq yayırlar. Ağaclar, otlar arasından, hər addımda sağa-sola burulan nazik cığırlar içindən həzin bir şırıltı eşidirsiniz. Əvvəlcə göyə baxır, ağac başında hansı bir quşun səsləndiyini güman edirsiniz. Diqqətlə fikir verəndə kollar altından bulaq suyunun işıldadığını, şırıldadığını görürsünüz. Bu sular nə qədər təmiz, duru, nə qədər də sərin olur! Buralarda elə kənd olmaz ki, bu cür bulaqları ilə fəxr eləməsin, elə kəndli olmaz ki, yayın istisində, beşdə-üçdə bir, işini qurtarandan sonra uşaqlarını başına yığıb bu yerlərə dincəlməyə, süfrə açmağa, kabab yeməyə gəlməsin.

9 dəq
Zəhmət, ağıl, bəxt

(Nağıl kimi)*Yamacda, qara torpaqda kotan sürən bir kişinin başında mübahisə düşdü.

3 dəq
Havapərəstlər

Həkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.

1 dəq

Başqa şairlərin şeirləri