Müharibə qurtaran illərdə, komandirlik kurslarında təkmilləşməyə gedəndə yoldaşlar ilə çox görüşür, çox dilləşirdim. Moskvada, Qorki küçəsində bir ucaboy kapitan qabağımı kəsdi:

– Müəllim, xoş gördük, necəsiniz, kefiniz necədir? Şükür, yaxşısınız, elə həmən həmənsiniz, on beş il əvvəlki!

Mən cavan oğlanın üzünə baxa-baxa qaldım.

Əhvallaşmasına mülayim cavab verirdim, həm də fikirləşirdim, "harda görmüşəm bu igidi, ilahi!"

– Deyəsən, məni tanımadınız, müəllim?

– Hardansa mənə tanış gəlirsiniz, amma yadıma sala bilmirəm, keçən gündür, tələbəm olmamısınız?

– Necə tələbə, sizi çox incitmişəm, bağışlayın!

– Yadıma gəlir, orta məktəbdə.

– Mənə neçə il dərs demisiniz, dəcəl Rüstəmi tanımırsınız?

Dəcəl Rüstəm deyəndə məktəb gözümün qabağına gəldi, müəllim otağının qabağında Rüstəmi danladığım elə bil dünən idi!

– Ay Rüstəm, maşallah, marşala oxşayırsan, necə tanıyım? Daha səndə uşaqlıqdan, dəcəllikdən əsər-əlamət qalıb ki, tanıyım? Xalis komandir, döyüşçü!

Rüstəm başladı döyüş günlərindən, cəbhə epizodlarından danışmağa. Mən də onun əziz, qayğısız məktəb günlərini yadıma saldım. Özümün də gəncliyim, komsomol vaxtlarım dilə gəldi...

Bu həmən Rüstəmdi ki, nadinclik üstündə tez-tez məsələsini qoyur, atasını çağırtdırırdım. Çox zaman da "atam xəstədir" - deyib ayrı qohumlarını gətirirdi. Bir dəfə küçədən hambalı tutub bir manat vermişdi: "Dayımdır!" - deyib məktəbə gətirmişdi.

Mən də inanıb, ağzıma gələni kişiyə deyirəm:

– Canım, bu bacıoğlunuza bir nəsihət versəniz, yoldaşlarına tənəffüsdə bir-bir badalaq vurub üzüüstə yıxır! Dalınca baxıb gülür. Uşaqlar ağlayır. Bu da arsız-arsız gülür.

"Dayı" sağ olmuş da, deyəsən, Rüstəmdən yanıqlı imiş, uşağın sirrini açdı:

– Müəllim, – dedi, – mən bunun dayısı, qohumu-zadı deyiləm. Məni küçədən tutub yalvardı, bir manat pul vəd elədi, məktəbə, xahişə çağırdı. Manat da lazım deyil. Yazığım gəldi, mən də xahiş eləyirəm bu uşağın günahından keçəsiniz. Bir də belə qələt eləməz!

Kişi qəzəblə üzünü Rüstəmə tutdu:

– Bir manat sənin olsun. Mən məktəbi də, müəllimi də tanıyıram. Səndən bir də dəcəllik eşitsəm, özüm gedib sənin atanı buraya gətirəcəyəm, qulaqlarını dibindən çəkib çıxaracağam. Bəsdir müəllimləri incitdiyin, şələ-şüləni dalına verib elə qovarlar, bir də məktəb üzü görməzsən, bəsdir!

Müəllimlər də güldülər, uşağı danladılar:

– Rüstəm, müəllimi aldatmaq da təzə bir günah! Necəsən səni direktorun yanına aparım, məktəbdən təmiz qovlatdırım? Bizim də, sənin də yaxan qurtarsın!

Hambal ilə köməkləşib Rüstəmə o ki var abır verdik. Gözünün yaşını tökdü, tövbə dedi.

O oldu, daha Rüstəm şuluqluqdan əl çəkdi. Sağ olsun, dediyinə əməl elədi.

Günün birində eşitdim ki, Rüstəmi hərbi məktəbə aparıblar. 15 ilin söhbətidir.

Bir də indi, Vətənimizin mərkəzində, qəşəng bir igid libasında, döşü ordenlərlə dolu görürəm!

Görürəm, sevinirəm ki, dəcəl Rüstəm indi Vətən qəhrəmanı, düşmənlərin qənimi kimi el içində tanınıb, oxuduğu məktəbin də, müəllimin də başını uca eləyib!

Rüstəm əl çəkmədi, məni mehmanxanaya, öz otağına apardı, cəbhə xatirələrini danışdı, albomlardakı şəkillərini göstərdi. Başına gələnlərin çoxunu şirin bir əhvalat kimi danışdı, yazıya salmağımı xahiş elədi.

– Yazıya salaram, ancaq hambalı da unutmayacağam. O, sənin üçün bir ibrət oldu, eləmi?

– Haqqın var, müəllim, – dedi. – Sizin ogünkü məzəmmətiniz mənə böyük dərs oldu. Sizdən də, o kişidən də utandım, tutduğum işin peşmançılığı indi də xatirimdən çıxmır, uşaqlıqda insan bəzən çaşır, elə səfeh işlərə də rast gəlir.

– Rüstəm, sağ olsun o hambal kişi. Sənin də, məktəbin, ailənin də hörmətini saxladı. Sənin yalanını açmasaydı, qızartmasaydı, doğru yol tutmazdın!

– Doğrudur, müəllim, yaxşı kişiydi!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Çıraqlar yandı

1Bəlkə, bu ona görədir ki, Kübranın taleyi ilə mənim taleyim arasında bir yaxınlıq var. Mənim də Kübra kimi səkkiz yaşlı bir qardaşım var. Onu evdə tək qoyub, səngərlərə gəlmişəm. Mənim də Kübranınkı kimi səliqəli, üzəgülən bir həyətim, növraqlı bir mənzilim var. Eyvanımda lumu ağacı bəsləmişəm. Axırıncı dəfə onun meyvəsini üzməyə əlim gəlmədi. Dibinə su tökdüm, başına dolandım. Uşağa baxdım, ağaca baxdım. Deyəcək sözüm olmadı. Dilim tutuldu, nə dedisə, gözlərim dedi.

19446 dəq
Dissertasiya

– Həmin bu qaşıq dərmanını içərsən, həbləri atarsan, gündə iki dəfə yaş dəsmal qoyarsan, iki gün sonra yanıma gələrsən.Həkim deyənləri etmək çətin deyilsə, asan da deyil, belə tapşırıqlarla məşğul olmağa vaxt hanı, hövsələ, səliqə hanı? Ancaq mən dözən adamam. Hansı həkim nə deyib, eləmişəm. Xeyir görməsəm də, hörmət qoyub eləmişəm. Həkimlərin bir sözü mənə lap çətin gəlir. Elə ki, müayinəni qurtarır, dərmanı yazır, məsləhətlərini eləyir, axırda qayıdıb qəti tapşırırlar:

19449 dəq
Ailə

1Biz xəstəxanadan çıxdıq. Sanitar maşını bizi vağzala qoyub qayıtdı. Qaranlıq, həm də küləkli bir gecə idi. Külək uğuldayaraq aləmi ağzına almış, ağacları sağa-sola bükərək köklərinə qədər tərpədir, sanki torpağı oyatmaq istəyirdi. Biz saat yarım qatarı gözləməli idik. Mən çantamın üstündə oturub papiros çəkir, vaxtımı keçirirdim. Qapı ağzına çıxan Valeri pis bir xəbər gətirdi:

19458 dəq
Həpəndovun məqaləsi

Tənqidçi Həpəndov arvadı ilə dərdləşirdi:– İndi də deyirdi, başlayıb ki, yaza bilməyənlər ittifaqdan çıxsın. Qoymayacaqlar girlənək. Gözləri də hamıdan qabaq məni görür, guya ki, yaza bilməyən bir mənəm.

19455 dəq

Başqa şairlərin şeirləri