Səhifə 1 / 2

Təsadüf

Kənddə, tanışlarımdan birinin evində Mirzə Qulamla tanış oldum. O, şəhərdən gəlmişdi. Deməyinə görə, istəkli dostunun ailəsilə bir yaylaq yerinə getmək istəyirdi. Onu vəkil eləmişdi ki: "Get, yer seç, ev tut, mənə xəbər ver!"

Nədənsə Mirzə Qulam mənə çox hörmət eləyirdi. İlk tanışlığımız olsa da, uzun illərin dostu, yaxın qohum kimi danışırdı. Mən onun hər sözünə "bəli" deyirdim, lakin söhbətimizi uzatmaq istəmirdim. O, yəqin bunu hiss etmişdi. Səsini dəyişdi, mənə yaxınlaşıb, yavaşcadan dedi:

– Qardaşoğluma başağrısı vermirəm ki?

– Yox, - dedim, - xoşdur, söhbətinizə qulaq asıram.

Mənim bu sözüm ona cəsarət verdi; özünə xam məclis tapmış hoqqabazlar kimi sevinə-sevinə danışdı, böyük bir müqəddimə ilə başladı:

– Sizləri görəndə, sizin kimi irəli gedən cavanları görəndə elə bilirəm öz oğlumu, öz kiçik qardaşımı görürəm. Qardaşoğlunun canına and olsun, sənin canına yalandan and içmərəm, məni qəbrə öz əlinlə qoyasan, əgər yalan deyirəmsə, sənin kimi müəllimləri görəndə ürəyim dağlar boyda böyüyür. Çünki görürəm siz qultura barəsində, maa rif barəsində, elm-ürfan barəsində doğrudan da mərhaba çalışırsınız. Halal olsun Sovət hökumətinin sizə verdiyi çörək! Halal olsun sizə çəkilən zəhmət!

Mirzə Qulam danışırdı. Ev yiyəsi bizi bostana, yemiş-qarpız yeməyə çağırdı.

Mən ev yiyəsinin əkdiyi, becərib yetirdiyi dirriyə tamaşa edirdim. Gömgöy kəvər, nanə, reyhan ləklərini, uzun yemiş tağlarını, tağlardakı yemişləri gördükcə baxmağım gəlirdi. Mənim fikrim zəhmət sevən, səliqə sevən təsərrüfatçı kəndlilərdə idi. Mirzə Qulam isə danışırdı. O, elmin xeyirli şey olduğundan, oxumağın lüzumundan, özünün qocalmağına baxmayaraq dərsə artan həvəsindən, çoxdan mənim kimi bir dost axtarmağından deyirdi. Ev yiyəsi, görünür, onun xasiyyətini bilirdi, səsləndi:

– Mirzə, qonağı yorma! Sənin çənənə hər adam dözə bilməz axı!

Mirzə ev yiyəsinin sözünü zarafat sayıb güldü.

– Ələkbər, - dedi, - sənin bu qonağın lap mənim ürəyimə yatan oğlanmış. A sağ olmuş, bizi nə üçün indiyəcən tanış eləməmisən?

Söhbətimiz elə tutur ki, gəl gör!

Ev yiyəsinin başqa qonaqları da vardı. Hamı evin qabağında qoyulan və üstünə xalça salınan taxda əyləşdi, yemişi kəsib dilimlədilər.

Qonaqlar yemiş yeyirdi. Mirzə Qulam danışırdı. Ancaq indi onun sözünə qulaq asan azdı. Ona görə də danışanda mənim üzümə baxırdı. Mən başımı aşağı salırdım.

Mən tələsirdim. Qalxıb gedəndə, Mirzə Qulam ev yiyəsi ilə bərabər bir qırx-əlli addım məni poçt yoluna qədər ötürdü. Addımbaşı elmdən, mərifətdən, səxavətdən, sədaqətdən dəm vururdu. Əlimi sıxıb ayrılanda, söhbətinin yarımçıq qaldığına heyifsiləndi, çox xahiş etdi ki, şəhərə gedəndə mütləq onu axtarıb tapım. Adresini də dedi. Xahiş elədi ki, dəftərimin qulağına yazım.

– Yadımda qalar, - dedim, - arxayın olun.

Ayrılandan sonra daha mən Mirzə Qulamı görmürdüm və tamamilə unutmuşdum. 1930-cu ilin yayında təzəcə tətilə çıxmışdım. Yay maaşını da almışdım. Cibim dolu, kefim saz idi. Gürcüstan kurortlarından birinə istirahətə getməyə hazırlaşırdım. Şəhərə gəlmişdim. Balaca, səliqəli, sulu, ağaclı, bağlı-bağçalı rayon şəhəri yay vaxtı yaxşı olur. Dost-aşna hər tərəfdən məzuniyyət alıb gəlir. Yar-yoldaşla görüşüb əhvallaşırsan, şəhər bağının sərin, musiqili, şənlik axşamlarında gəzirsən...

Acmışdım, yeməkxanaya nahar etməyə gedirdim. Fikrimdə tutmuşdum ki, gedib naharımı yeyərəm, qayıdıb mehmanxanada bir saat istirahət edərəm, axşam geyinib-kecinib, yoldaşlarımla vədələşdiyim yerə - kluba gederəm.

Bir ortaboylu, qarapaltar adamın qarşımda durduğunu hiss etdim: o, dümdüz dayanmışdı, bığlarının altından yüngülcə qımışırdı, əlini də mənə tərəf uzatmışdı.

– Xoş gördük, ay etibarsız qırışmal! - deyə dilləndi.

Mən ilk baxışımda onu tammadım. O, əlimi sıxdı, bir əli ilə də çiynimdən tutub silkələdi və qayımdan dedi:

– Hələ elə olar... Daha Mirzə Qulam dayını tanımazsan. Böyüklüyün xasiyyəti belədir, səndə günah yoxdur.

Adını çəkəndə, üç il bundan əvvəl kənddəki görüşümüz, Mirzə Qulamla söhbətimiz yadıma düşdü. İstər-istəməz əhvalını soruşdum:

– Necəsiniz, kefiniz, damağınız?

Mirzə Qulam cavab vermək əvəzinə soruşdu:

– Bəs harda düşmüşsən?

– Bu yaxında, mehmanxanada.

Bunu deyəndə Mirzə geri çəkildi, mənə bir tünd baxdı:

– Necə yəni mehmanxanada?

– Necəsiz-zadsız. Yerim də rahatdır. Mirzə bərkdən dedi:

– Bəyəm mən ölmüşəm? Bəyəm mənim evim-eşiyim yoxdur ki, gəlib ayrı yerdə qalasan?

– Təfavütü nədir, - dedim, - ay Mirzə, bir-iki gün qalacağam. Nə eybi var?

– Çox eybi var. Adam olana, mən öz payımı deyirəm, çox eyibdir. Təvəqqe eləyirəm bunu mənə dedin, daha bir kəsə deməyəsən. Mən də özümə görə bir adamam axı! Mənim də dostum var, düşmənim var. Sabah şəhərdə biri desə ki: "Mirzə Qulamın dostu filankəs gəlib qəstində gecələyir", onda daha mən gərək el içinə çıxmayım. Eyibdir. Boynuna al qardaşoğlu, çox eyib iş görmüşsən. Gedək, gedək evə!

Mirzə Qulam qolumdan tutub məni evə sarı çəkəndə, dayandım. Fikirləşdim ki, qonaqpərəstlik buralarda çox olsa da, hər evə getmək yaxşı deyil. Fəlkə kasıb adamdır, niyə xərcə salım. Nə lazımdır. Bəhanə gətirib, ayrılmaq istədim. Mirzə Qulam daha da möhkəm yapışdı:

– Bu da kənd deyil ki, söhbətimizi yarımçıq qoyasan. Bu can ölsün ki, səni əldən buraxdı yoxdur!

O, qolumdan çəkdi; gedəsi oldum. Özüm də bərk acmışdım.

– Gəl, - dedim, - Mirzə, aşxanada nahar eləyək, söhbətə evə gedək.

Mirzə yenə üzümə tərs-tərs baxdı. Bir müddət dinmədi. Sonra başını aşağı salıb dedi:

– Elə zarafatları bir yana qoy ki, aramız dəyər. Xarabamızda sənin qarnını doydurmaq üçün bir tikə çörək tapılar.

Mən onun acıqlandığını görüb, bir söz demədim. Yanına düşüb getdim. "Qoy, - dedim, - qəlbi sınmasın".

Mirzə Qulam məni bir qəssab dükanının qabağına apardı. Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mirzə Qulam məni ona göstərib dedi:

– Məmmədhəsən, bizim bu oğlana bir üç-dörd kilo... - Bunu deyib Mirzə Qulam mənə tərəf döndü. - Nə deyirsən, qardaşoğlu, dörd kilo azlıq eləməz ki?

– Yox, - dedim, - bəs elər.

Mirzə yenə üzünü qəssaba tutdu və barmağı ilə mənə işarə elədi:

– Bizim bu oğlana bir dörd kilo kabablıq erkək əti ver. Məmmədhəsən, xatır üçün əməlli-başlı elə, yağlı tikəsi çox olsun, çünki bizim bu qardaşoğlu şəhərimizdə qonaqdır...

Qəssab kənardan asılan ətləri bir-bir göstərib, məndən soruşdu:

– Bu necədir, burasmı bəyənirsinizsə, kəsim?..

Mən razılıq verdim. Qəssab əti çəkib ikiəlli tərəzidən götürdü, mənə tərəf gəldi. Mirzə məndən soruşdu:

– Qabdan-zaddan nə təhər eliyək?

Mən əlimdə bükülmüş qəzeti verdim. O, əti qəzetə bükməkdə idi, qəssab mənim üzümə baxırdı. Baxdı, baxdı və dedi:

– On bir, on bir, elər iyirmi iki, o da iyirmi iki, cəmisi qırx dörd manat. Düz qırx dörd manat!

Mən tez əlimi cibimə atıb, ətin pulunu verdim. Mirzə Qulam əti götürdü. Çıxdıq. Lavaşçı dükanına çatanda Mirzə Qulam gülümsəyərək dedi:

– Kababla bürüştə lavaşın ayrı ləzzəti olur!

– Bəli, - dedim, - ləzzətli olar!

Mən cavabımı qurtarmamış Mirzə Qulam lavaşçıya dedi:

– Bizim bu oğlana bir beş kilo ağ lavaş ver. Bürüştə olsun... Mirzə məndən soruşdu:

– Beş kilo azlıq eləməz ki?

– Bəsimizdir, - dedim, - neçə adamıq ki!

Söz arası "neçə adamıq", - deyə soruşmaqda mənim məqsədim vardı: bilmək istəyirdim görüm Mirzənin daha neçə nəfər qonağı var? Mirzə buna cavab vermədi. Lavaşı çəkdirib, qoltuğuma vurdu. Mən pulunu verdim, qayıtdıq.

Bazarın başından ötəndə Mirzə içki dükanına girdi. Stolun dalında bir cavan oğlan dururdu. Mirzə onunla ermənicə danışdı. Sonra məni göstərib dedi:

– Bizim bu oğlana bir beş-altı butulka araq, çaxır ver. Lap əlasından ver, özü də cür ver. Məclisi rəngarəng eləyən olsun...

Cavan oğlan göstərdikcə, Mirzə seçdi. Şüşələri də lavaşın üstündən qoltuğuma yığdı. Mən içkinin də pulunu verdim. Çıxdıq. Mirzə Qulam geriyə döndü, qolumdan çəkdi:

– Yadımızdan çıxıb, - dedi, - burada bir yaxşı qənnadı dükanı var, ətirli konfetlərdən keçmək insafdan deyil!

Mən konfet xoşlamadığımı dedim. Mirzə başa saldı ki: "Konfeti yalxı yeməzlər, ancaq uşaqlar elə yeyər. Amma məclisdə içki ilə, kef-damaqla ayrı ləzzəti var! Xanımlar konfetsiz adama kəlmə verib, kəlmə almazlar!..."

Anladım ki, Mirzənin nahar üçün, deyəsən, böyük məclisi olacaqdır. Tədarükünə mane olmaq yaxşı deyil. Konfetin də pulunu verib çıxanda, cibimə fikir verdim. Pulum azalmışdı. Axşam yeməyinə və mehmanxanaçıya bir gecəlik mənzil pulu verməyə ancaq çatardı. Bir də fikirləşdim ki, Mirzə Qulam qanacaqlı adama oxşayır; nə bilirsən: bəlkə mən xərclədiyim pulların hesabını saxlayır. Bəlkə evə çatan kımı ovcuma sayacaq! Bəlkə kişi hazırlıqsız bazara çıxıbmış, məni gördü, qonaqlıq fıkrinə düşdü. Puldan ötrü bir də evə getməmək üçün mənim xərcləməyimə razı oldu, evdə qaytaracaqdır. Bu fikirlərlə məşğul idim. Mirzənin səsi gəldi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri