Səhifə 2 / 2 · 50%

– Fayton, fayton, bəri sür!

Uzunətək, gödərək faytonçu lap yanımıza, səkinin qırağına sürdü. Mirzə məni göstərib dedi:

– Bizim bu oğlanın xatırına elə sürərsən ki, tozun da görünməsin!

Biz faytona oturduq. Mirzə çaparaq gedən faytonun sürətindən nəşələnərək deyirdi:

– Andır evimiz bir balaca şəhərdən qıraqdır, həmişə faytonla gedirəm. Tanış faytonçumuz var, ancaq bu gün xəstədir. Bir damaqlı oğlandır.

Evə çatanda Mirzə Qulam şeyləri qoltuğuna vurub, tez faytondan düşdü, həyətə girdi. Mən faytonçuya bir beşlik verdim. Razı olmadı, "azdır", - dedi. Bir üçlük də verdim, sağ ol da demədi, sürüb getdi. Fayton gedən kimi Mirzə alçaq və nazik torpaq divarlı həyətin köhnə, işdən düşmüş qapısını açıb, içəridən çağırdı:

– Buyur, gəl!

Mən içəri girdim. Balaca su arxının yanlarında əkilmiş qızılgül, ərik, armud ağaclarının arasından keçdik, Mirzə Qulamın evinə girdik. Saat beş, ya altının yarısı olardı. Yorulmuşdum. Aclıq məni dildən salmışdı. Tez stul çəkib oturdum. Mirzə şeyləri o birisi otağa apardı; təxminən bir on dəqiqə heç bir səs-səda eşitmədim. Darıxdığımdan, acımdan yenə saata baxdım. Yoldaşlarımla axşam görüşünə vədə verdiyim vaxt keçmişdi. Yəqin onlar beş-on dəqiqə məni gözləyəcək, pərt olacaq, dalımca deyinəcək, çıxıb gedəcəkdilər. Nə isə, bu Mirzənin, mənim bu təzə dostumun naharı çox uzun çəkdi.

Mən başıaşağı, əlimdəki saatın əqrəbinə baxır, vaxtımı keçirirdim. Mirzə Qulam tələsik içəri girdi:

– Ay filankəs, - dedi, - oradan cibindən bir on beş manat da mənə ver, vacib iş var, bu saat gəlirəm.

Mən lap məəttəl qaldım. Bu pulsuz vaxtımda, Mirzənin kisəmə daş atmağına müəyyən məna verə bilmədim. Fikirləşməyə vaxt yox idi. Mirzə başımın üstünü kəsmişdi, tələsdirirdi:

– Bircə, mən ölüm, tez ol ki, vacib iş var, bu saat gəlirəm!

O bu sözləri elə qəti, elə ərklə, elə etibarla deyirdi ki, hər kəs olsa cibini boşaldıb, var-yoxunu verərdi. Mən onun dəm-dəsgah düzəltdiyini, nə təhər olmuşsa pulunun çatışmadığını zənn etdim, əsirgəyə bilmədim. Cibimdə qalan son iyirmiliyi çıxardıb verdim. Mirzə, iyirmilik olduğuna daha çox heyifsiləndiyimi duyduğu üçün dedi:

– Eybi yoxdur, beş manatını qaytarar. Tez ol görüm!

Pulu əlimdən qapıb, küçə qapısına tərəf qaçdı. Mən aclıqdan, əsəbilikdən, taqətsizlikdən otura bilmədim, qəbahət sayılsa da, yük yerindən balınc alıb, palazın üstünə atdım və uzanıb dirsəkləndim.

Mirzədən səs çıxmadı. Saat yeddiyə işləyirdi, lap içim üzülmüşdü. Bu saat kabab, qovurma, ya da bozbaş iyinin məni vuracağını, o biri otaqdan samovar cızıltısının başlanacağını, Mirzənin başqa qonaqlarını bir-bir gəlib çıxacağını, ev sahibinin məndən üzr istəyəcəyini, geniş və iştahalı bir süfrə açacağını güman edirdim. Gözüm qapıda, qulağım səsdə idi... Nədənsə həyətdə bir ölüm sükutu hökm sürürdü. Mən təəccüb elədim: "Deyəsən Mirzənin xörəyi başqa yerdə hazırlanır, deyəsən heç bu həyətdə adam yoxdur; bəlkə qonaqlar başqa həyətə, başqa otağa yığılmışlar; bəlkə Mirzənin başı bərk qarışmışdır, mən yaddan çıxmışam..."

Pəncərədən boylanıb həyətə baxanda, arxın bulanıq suyundan, divar dibində eşələnən toyuqdan, əncir ağacının altında yatan ağ pişikdən başqa bir şey görmədim. Yan otağın qapısında da kimsə yox idi. O, otaqla mən olan otağın arasında iki taylı qapı vardı. Qapıya yanaşıb, qorxa-qorxa açar yerindən baxdım. Diqqətlə baxdım, qapı ağzında çömbəlib oturan, corab toxuyan bir qadın gördüm. Daha başqa adam yox idi. "Görəsən bu kimdir? Mirzənin arvadıdırsa, bəs nə üçün belə arxayındır? Qonşudursa, nə üçün Mirzə şeyləri o evə apardı? Qulluqçudursa, gərək bu saat əldə-amanda ola, hazırlıq görə..."

Mən donub qalmışdım. Dedim, bəlkə o mənim burada olduğumu bilmir. Qoy bir səs salım, görüm nə olur. Əvvəl yavaş, sonradan bərk öskürdüm. Qulaq asdım, görüm qadın nə deyəcək. Bir səs gəlmədi. Açar yerindən baxdım, qadın öz işində idi, ip corab toxuyurdu. Deyəsən, o qadın, ağac altında yatan pişik, sarı toyuq, evi bürüyən sükut, həyətdə hiss olunan arxayınlıq - hər şey, hər şey tox idi, yuxulayıb rahatlanırdı. Mən isə bütün əsəbiliyimlə, hirsimlə, aclığımla, qaranlıq bir sərgüzəştə düşmüş kimi, çaşıb-qalmışdım. Nə dinə bilirdim, nə otura bilirdim, nə də dura bilirdim. Belə yerdə səbrə, utancaqlığa, xatir-hörmətə lənət oxudum, eyvana çıxdım, qadından soruşdum:

– Bacı, Mirzə hara getdi?

Qadın özünü yığışdırdı, örpəyini çəkib, başını aşağı saldı, nazik səslə cavab verdi:

– Bir söz deməyib, nə bilim!

– Siz onun əyalı deyilsiniz?

– Onun başı batsın, evdəkilərə sözmü deyər? Kim bilsin harda indi başı qumara, çaxıra qızışıb!..

– Bəs gec gələr?

– Nə deyim, ay qardaş, başı qızışsa, getdi gecə yarısına. Nə işiniz var idi?

Mən qadının bu qəribə sualına cavab tapa bilmədim.

– Heç, - dedim, - ürəyim onu çox istəyir.

Qadın dinmədi. Mən kor-peşman qalxıb, evdən çıxdım; uzaq, tozlu, qaranlıq yolları ac qarına yüyürə-yüyürə, güc-bəla ilə özümü mehmanxanaya saldım.

Odur-budur Mirzə Qulam gözümə görünmür. Görünmür ki, soruşam:

– Dostum, iyirmilikdən qalan beş manatı neylədin?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri