Elçilər qayıtdı
Səhifə 2 / 4 · 25%
2
Şərəbanı xalanın evi şəhərin yuxarı tərəfındə, Mirzə Fətəli küçəsində idi. Bu, bir köhnə həyət idi. Darvazası çoxdan laxlamış, əyilmişdi. Həyətə gedən dalan yarımçıq qalmışdı. Küçədən ötənlər həyətin içini görürdülər. Ancaq sonralar qapı təmir olundu. Həyətin ortasına sement töküldü, balaca bir bağça salındı. Burada gül-çiçək əkilir, ağac basdırılırdı. Yaşıllıqdan, gözəllikdən başqa bu bağça həyət uşaqlarına bir məşğuliyyət idi. Hərə orada yeni bir ağac basdırmaq, bəsləmək istəyirdi. Həmin həyətə, Şərəbanı xalanın nəvəsinə çox elçilər gəlmişdi. Şərəbanı xala onların heç birini ümid ilə yola salmamışdı; çünki qızı vermək fıkrində deyildi. Əlbəttə ki, açıq-açığına: "Vermirəm" demirdi. Qızın uşaq olmağını deyir, dərsini qurtarmamış ərə getmək istəmədiyini, ya bir başqasına "dil verdiyini" bəhanə gətirərdi.
Ancaq bugünkü elçilərin işi ayrı cür idi, qarşılanmağı da ayrı cür idi. Qızın işarəsindən sonra Şərəbanı xala idarədən izn alıb, bütün günü evdə qaldı, başını daradı, paltarını dəyişdi, aralığı yığışdırdı, otaqları sahmana saldı, hazırlıq gördü. Qonşulara da xəbər verdi ki: "Adam gələcək!"
Həyətdə səkiləri süpürən, xalça çırpan, toz tökən, samovar sürtən, cuna pərdələrə bağ salan, güldanları sulayan və kağızlayan, qapı zəngini düzəldən, divan üstünə döşəkcə salan, süfrə açan kimi... Həyətin qız-gəlini hamısı Nəcibənin elçilərini qarşılamağa hazırlaşırdı.
Nazim də Nəcibə kimi atasız-anasız böyümüş bir oğlan idi. Ancaq dayısı Mirzərəhman kitab mağazasında çalışırdı. Görüb-götürmüş, təcrübəli kişi idi. Bacısı oğlunun xeyir işində çirmənib qabağa düşmüşdü. İki nəfər öz yoldaşlarından çağırmışdı. Nazimin xatirini istəyən İlyas müəllim də Mirzərəhmanın xahişini qəbul etmişdi. Bəli, aprelin axırlarında, mülayim yaz günlərindən birində, gün günorta yerindən ağzı aşağı enəndə, elçilər qoşa qapının rəzəsini tərpətdilər. İçəridən bir qadın səsi gəldi:
– Buyurun, buyurun!
Mirzərəhman: "Bismillah" deyib, həyətə girdi, onun dalınca da yoldaşları daxil oldular. Mirzərəhman hələ evdən çıxmamış elçilik qaydalarından söhbət salıb məsləhətləşmişdi. O istəyirdi ki, məclisdə söhbəti İlyas müəllim açsın. İlyas müəllim boynuna almadı.
– Bu şəhər qayda-qanununu mən yaxşı bilmirəm. Bir də ki, oğlanın atası yerində Mirzərəhmanın danışmağı münasib olar. Elə söhbəti siz başlayın, biz də köməkləşərik, - dedi.
Mirzərəhman elçilik işinin şərəfıni də, məsuliyyətini də bilirdi. Zarafat deyil, iki canın birləşməyi, ailə qurmağı, məhəbbətin qələbəsi kimi bir işə bais olmaq bizim zəmanəmizdə hər bir insan üçün xeyir işdir. Burada gərək söz biləsən, fənd biləsən, mərifət, ədəb-ərkan ilə danışmaq biləsən. Gərək elə olsun ki, müqabil tərəfdə oğlana rəğbət, hörmət oyansın...
İlyas müəllim kimi kamil bir adamın bu işi öhdəsinə götürməməyi Mirzərəhmanın əndişəsini daha da artırdı. İndi o, ürəyində fikirləşir, plan tökür, söz öyrənirdi ki, məclisdə qabiliyyətli çıxsın.
Mirzərəhman yol boyu yavaş addımlarla yeriyərək, fikirləşirdi ki, mətləbi necə başlasın: "Söz yox, çatan kimi ev sahibi salam-kalam ilə bizim qabağımıza çıxacaq. Əyləşən kimi qənd-çay da gələcək. Qızın adamlarından da gəlib stol başında əyləşəcəklər. Bəs sonra? Elə məsələ də buradan başlanacaq, sonra nə deyəsən, necə deyəsən?"
– Necə məsləhət bilirsiniz, istəyirəm elə mətləbdən başlayam. Bu ağır vəzifəni ki, öhdəmə qoyursunuz, istəyirəm çayı içməmiş xahiş eləyəm: qızın hərisini almamış stəkana əl vurmayacağıq. Ev sahibindən iki cavanın birləşib, məqsədinə çatmağını xahiş eləməyə gəlmişik. Necə deyərlər, bu qapıya təmənnaya gəlmişik, hamılıqca!..
İlyas müəllim bunu məsləhət bilmədi:
– Yox - dedi, - Mirzərəhman, münasib düşməz, hər halda bir müqəddimə lazımdır. Kiçik də olsa, lazımdır. O yandan-bu yandan, havaların xoş keçməsindən-zaddan...
Mirzərəhmanın qonşusu Əsəd də müəllimin sözünə qüvvət verdi:
– İlyas müəllim düz deyir. Əvvəl başdan gərək bir söhbət salaq. Güman ki, oğlan barədə, Nazim barədə. Hərçənd tanıyırlar, qız onu tanımamış deyil, amma yenə beş-üç kəlmə söz açmaq pis olmaz.
Kimdir, kimin oğludur, nə sənətin sahibidir, səriştəsi nəyədir, filan...
Mirzərəhman şərik oldu:
– Əsəd, onu mən unutmamışam. Nazimə, əlbət ki, necə lazımdır, xasiyyətnamə verəcəyəm. Düşünmüşəm. Amma istəyirəm söhbət açılandan sonra eləyəm, çünki damdandüşdü olmasın.
– Damdandüşdü olmaz. Bilirlər ki, qız almağa gəlmişik və qızı da Nazim Əliyevə istəyirik. Bunu bilirlər, oğlan barədə də çox maraqlanacaqlar.
İlyas müəllim də Əsədin sözünə tərəfdar idi:
– Sual verəcəklər. Mümkündür ki, oğlanın lap tərcümeyi-halını da soruşacaqlar.
– Soruşmağa da ixtiyarları var, çünki xalq qız böyüdüb, özü də tərifli bir qız! Xalq bilmək istəyəcək ki, görək qızı kimə veririk, necə veririk.
Mirzərəhman sözün uzandığını görüb yekunlaşdırdı:
– Qardaş, belə yerdə ehtiyat lazım deyil. Necə sorğu-suala tutsalar, cavabımız var. Şükür ki, oğlumuz qızlardan əskik adam deyil.
Mərifətli, əsil-nəsəbi, zəmanəyə görə... Nə soruşsalar, cavabını verərik, müzayiqə yoxdur!
Mirzərəhman doğrudan da qız evində rastlaşacağı sorğu-suala cavab hazırlamışdı. O, yəqin bilirdi ki, əvvəlcə oğlanın ailəsini, əsil-nəsibini soruşacaqlar. Qızın nənəsi köhnəpərəst adamdır. Yəqin deyəcək görüm atası kim imiş, anası hardan imiş. Zatı, südü... Sonra ev-eşiyini, var-dövlət babətindən halını soruşacaq, qohum-əqrəbasından, yerindən, yurdundan xəbər tutmaq istəyəcək. Bunların hamısına cavab vermək gərək...
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-elciler-qayitdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dil bilmək yaxşı şeydir. Üç dil bilsən, üç adamsan, beş dil bilsən, beş adamsan.Ataların dediyi bu hikmətli sözü, mən əvvəllər o qədər başa düşməzdim. İşə girəndən, camaat içinə çıxandan, bəzi yoldaşlarla tanış olandan, cürbəcür əhvalat eşidəndən sonra lap aydın dərk elədim. Dərk elədim ki, dil bimək yaxşı şeydir. Dilsiz iş keçmir.
Ədəb söhbətiQonaqlar gedəndən sonra atası Kamilə dedi :Bala, sənə neçə dəfə demişəm, evə qonaq gələndə adam qabağa çıxar, qarşılayar, xoş gəldin eləyib, yer göstərər...
XəzinədarBu elə bir vəzifə idi ki, keçmişdə şahlar, hökmdarlar öz var-yoxlarını, qızıl-gümüş, ləl-cavahiratlarını etibar etdikləri sadiq adama verərdilər. Şahın xəzinədarı külli-ixtiyar idi. Ancaq xəzinəni də qoruyan, hər xırda məsrəf üçün rövnəqi pozmazdı.Doğrudur, biz nə xəzinə, nə saray, nə xəzinədar görmüşük. Bu barədə söhbət salmağın, yəqin ki, bir səbəbi var. Mənaca bu vəzifə sahibinə oxşar bir adam var ki, onu indiki zəmanədə bütün oxumuşlar tanıyır və əzizləyirlər. Mən özüm lap məktəbli vaxtımdan bu xəzinədarı tanıyıram, bugünə qədər də həmin yerində görürəm. Sakitcə işləyir və deyəsən, qocalmaq, yorulmaq-zad da bilmir.
MaşındaMaşında gedəndə hərənin bir fikri olur. Biri getdiyi yeri, biri çıxdığı yeri, biri işini, peşəsini fikirləşir. Amma mən, nədənsə, maşında oturanda qabaqdakını, yəni sürücünü düşünürəm. Düşünürəm ki, bunlar çox çətin, məsul bir vəzifədə çalışırlar və hər cəhətdən hörmətə, diqqətə layiqdirlər. Bəzi yoldaşlar arasında şofer adı gələndə ağız büzənlər, ikrah hissi ilə danışanlar var, bu lap əbəsdir, haqsızlıqdır.Mən bunları fikirləşir, düşünürdüm ki, məni aparan sürücü, görəsən, nə düşünür.
Başqa şairlərin şeirləri
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Bala xanımYazdım sənə bu naməni, dilbərim,Oxu məzmununu qan, Bala xanım.