Əsgər oğlu
Səhifə 1 / 3
1
– Başı xeyirlilər çörəyi-suyu da vaxtında yeyib-içmirlər. Belə də dərs olarmı, belə də candan keçmək olarmı. Müəllimlərinə bir deyən, bir çatdıran yoxdurmu. Nədir bu axı...
Ehtiyat xala çay məcməyisini hirslə stolun üstünə atıb, deyinə-deyinə içəri evə, Hüsniyyənin yanına getdi. Getdi ki, Hafizdən şikayət eləsin. Ancaq bacısını şirin yatan görüb qayıtdı.
İndi o, aynabənddə, qırmızı abajurlu çırağın altında bitib qalmışdı. Bilmirdi kimə desin, hirsini necə soyutsun.
Gündüz ayrı bir həvəslə bişirib-düşürdüyü xörək, hazırladığı süfrə də belə olmuşdu. Hafiz alayarımçıq bir-iki tikə alıb qaçmışdı ki, "M üəllim məsləhət verəcək!" Axşam yoldaşları ilə hazırlaşmağa oturmuşdular. İndi də Ehtiyat xalanın isti çayı soyuyub qayıdır, sərin suyu qızıb qalırdı. Nə Hafiz, nə də yoldaşları kitab-dəftərdən baş qaldırmır, gəlib-gedənə göz ucu ilə də baxmırdılar. Dərsə elə cummuşdular, barmaqlarını kəssəydin xəbər tutmazdılar.
Ehtiyat xala dəmiryoldan xeyli uzaq, sıralanmış meşəli dağlar qoynunda, səfalı yaylaq şəhərində yaşayırdı. İpək fabrikində, boyaq-naxış sexində çalışırdı. Ay olmazdı ki, onun mükafatı çıxmasın, adı qəzetdə, ya iclasda çəkilməsin. İşində də, həyatında da onun özünəməxsus səliqəsi var idi. Balaca ailəyə həm ana, həm ata idi. Cəbhədən qayıtmayan Tapdıq oğlunun yeganə yadigarı Hafiz indi onun təsəllisi, ümidi, böyüyən sevinci, güclənən iftixarı idi. Vaxtilə Tapdıq üçün bəslədiyi bütün arzuları indi böyüyən, ağıla-kamala çatan Hafizin boyunda, baxışında, duruşunda, danışığında, gülüşündə görürdü.
Deyirlər, ana qəlbi böyük hisslərin beşiyidir. Dünyada ana məhəbbətindən güclü nə var! Ana qarşısında sellərin dayandığını, mühit dənizlərinin çəkildiyini, dağların baş əydiyini, tufanların kəsdiyini, ildırımların susduğunu, hökmdarların təslim olduğunu ədiblərdən biri daha gözəl yazmışdır.
Nakam məhəbbət isə baharqabağı başı kəsilmiş cavan ağac kimi yüz yerdən pöhrələyir, qol-budaq atır.
Ehtiyat xalanın da Hafizə məhəbbəti belə idi. Varlığım ona bağlamışdı. Oğlundan əl üzdüyü ilk gündən səkkizyaşlı nəvəsini igid oğlunun yerinə qoymuşdu. Xüsusilə gəlini – Tapdığın xatirəsinə hörmət qoymayan o nanəcib başqasına qoşulub gedəndə Ehtiyat xalanın dərdi daha da artmışdı. Uşağı bağrına basıb doyunca ağlamış, sonra and içmişdi ki, nə qədər canında can var, Hafizə qulluq edəcək, onu Tapdıq kimi bir igid böyüdəcəkdir...
Qadın bütün səadətini, müqəddəs hisslərini "əsgər oğlunun" – Hafizin oxumasına və boya-başa çatmasına bağlamışdı. Hafizin pioner şəklini gecə-gündüz qoynunda, can köynəyinin altında gəzdirər, bütün dost, yoldaşlarına göstərər, sevinib fəxr edərdi. Hafiz bir saat gecikdimi, Ehtiyatı məktəb qapısında görərdin. Hafizin başı ağrıdımı, dünya qadının gözündə qaralardı. Hafiz güldümü, qadının ürəyi çiçək kimi açılardı.
Ehtiyat xalanın adını əlli il bundan əvvəl anası qoymuşdu. Amma elə münasib qoymuşdu ki, deyərsən, başqa heç bir ad bu qadına yaraşmazdı. Ehtiyat! Ehtiyat insanın yaraşığıdır. Ancaq bu bəstəboy qadının yaraşığı yox, bütün varlığı ehtiyat idi. İyirmi ildən artıq idi ki, o, fabrikdə çalışırdı, bir dəfə gecikməmiş, bir dəfə də işdən qalmamışdı. Həmişə yarım saat qabaq sexə gələrdi. Fit səsi eşidəndə səkidə dayanardı, maşını ötürməmiş küçəni keçməzdi. Pasportunu da cibindən kənara qoymazdı: Bəlkə soruşan oldu". Jaketinin yaxalığından iynə-sap əskik olmazdı. Jaket cibində saxladığı balaca yaylıqda xırda pul, aspirin, karandaş qırığı, adres kağızı, haşiyə naxışı görmək olardı. "İşdir, adamdır, lazım olar..."
2
Aylar, illər bir-birini təqib edib ötdü. Gün o gün oldu ki, Hafiz orta məktəbi bitirdi, ali təhsil eşqinə düşdü. Bu gün isə Ehtiyat xalanın böyük bayramı idi.
– Uşaq necədir, Ehtiyat xala?
– Keyfin yaxşı olsun, bu il universitet dərsinə gedir.
Qadın "universitet", ya "institut" adım xüsusi ahəng və iftixarla çəkər, təkrar-təkrar deyərdi. Hələ dərs ilinin qurtarmasına neçə ay qalmış o, Hafizin "universitetindən" şirin-şirin danışardı. Yəqin ki, bu "dərsin" məzmun və təfsilatı haqqında dürüst bir şey bilmirdi. Oğlunun hansı ixtisas sahibi olacağını soruşan olsaydı, yəqin ki, müəyyən cavab verə bilməzdi. Ancaq onu bilirdi ki, "universitet" dərsi böyük dərsdir. Hər adam bu dərsə çata bilmir. Onu yaxşıca dərk edirdi ki, "boyaqçı Ehtiyatın universitetdə oğul oxutmağı başqa yerdə, başqa zamanda görünən iş deyil, bu ancaq Sovet hökumətinin gücünədir..."
Bir səhər Hafiz çay stolunda oturanda nənəsinə lavaş kimi enli, süfrə kimi şəkilli bir jurnal göstərdi. Səhifələr boyu böyük, çoxqatlı, yaraşıqlı binaların, "göyün yeddi qatına ucalan" binaların şəkli çəkilmişdi. Sağdan sola uzanıb-gedən, bir-birindən qəşəng, uca qülləli binaların lap kəlləsində qırmızı ulduz parlayırdı. Qabaqda da qoşa dirəklərdən sallanan gur işıqlı fənərlər gün kimi yanır, geniş həyət meydançasında cavan ağaclar, gül-çiçək xiyabanları görünürdü:
– Bu nə qəşəng yerdir! – deyə Ehtiyat xala maraqla soruşdu.
– Ana, bilirsən bura haradır?
Ehtiyat xala həmişəki kimi, yanılmamaq üçün birdən-birə cavab vermədi. Bir oğlunun yanına keçdi. Jurnalı bir o yana çevirdi, bir bu yana çevirdi, pəncərə qabağına gətirdi.
– Mən, – dedi, – Bakıda çox olmuşam. Bunu görməmişəm. Tiflisdə də olmaz. Deyəsən, bala, bu təzə əhvalatdır axı.
– Təzə binadır. Ancaq nə binası olduğundan xəbərin varmı?
Çətin bir sual qarşısında qalmış kimi, qadın gözlərini Hafizə zillədi.
– Nə binası olacaq, əlbət ki, hökumət binasıdır.
– Necə yəni, hökumət binası?
Qadın oğlunun sualını yersiz sayıb səsini ucaltdı:
– Ədə, Sovet hökumətindən savayı belə dəsgahı kim qura bilər! Hafiz təkrar soruşdu:
– Hökumət tikməyini demirəm. İçində kim olur, onu soruşuram! Ehtiyat xala bu suala cəld cavab verdi:
– İçində olur hökumətin adamları, böyük-böyük ministrlər, direktorlar!
Hafiz başını buladı:
– Bilmədin, ana!
Qadın təəccüblə oğlunun üzünə baxdı:
– Bəs kim olur?
Hafiz əlini bərk-bərk jurnal səhifəsinə vurub dedi:
– Ay ana, burada tələbələr olur, müəllimlər olur. Bura universitetdir ey!
– Necə universitet?
– Bəli, təzə tikilmiş universitet!
Qadın şəkillərə bir də baxdı:
– O boyda da universitet olar?
– Heç yerdə olmasa da, Moskvada olar!
Hafiz jurnalı əlinə alıb, bu nəhəng elm ocağından anasına şirin-şirin danışdı, izahat verdi:
– Yer üzündə dünyanın heç yerində belə nəhəng məktəb yoxdur, bunu Moskvada təzə tikiblər, 25 min otağı var.
Qadın bu rəqəmə heyrət elədi:
– Necə! İyirmi beş nə?
– İyirmi beş min!
Ehtiyat xala təkrar etdi:
– İyirmi beş min! Bu hara yerləşir! Böyük şəhər olar ki.
– Universitet elə bir elm şəhəridir. Otaqların sayını ondan bil ki, təzə doğulan uşağı həmin binaya gətirəsən, ötürəsən, deyəsən ki, "hər otaqda bircə gün yaşa!" Axırıncı otaqda onun yetmiş bir yaşı olar!
Ehtiyat xala əlini dodaqlarma aparıb dayandı, baxdı-baxdı!
– Bax, bu orta bina 32 mərtəbəlidir. Kəllədəki minarəni görürsən, burada böyük saat qoyulub. Əqrəbinin uzunluğu bir metr yarım, yəni mənim boyumca! Təkcə əqrəbi!..
Hafiz jurnala baxıb rəqəmlər oxuduqca, bu şöhrətli tikintinin vəsfini dedikcə qadının maraq və təəccübü daha da artır, oğluna suallar verirdi:
– Ora çıxanacan adamda taqət qalmaz ki.
– Hər qapıda bir lift işləyir. Bir göz qırpımında adamları istədiyi mərtəbəyə qaldırır.
– Haçan tikiblər bunu, belə.
– Son beş il ərzində. Bu il də burada dərs başlanır.
– Bəxtəvər orada oxuyanlara!
– Ana, istərsənmi, oğlun da onların cərgəsində olsun?
– Niyə istəmirəm, oğul. Təki sən böyük-böyük dərslərə çatasan, səsin elə yerlərdən gəlsin!
– Ana, mən də oraya imtahan vermək, Moskva universitetində oxumaq istəyirəm.
– Allah muradını versin, oğul!
Mətləbinə çatmış kimi, Hafiz yerindən qalxdı, uzun, güclü qollarını açıb nənəsini qucağına aldı, gəzdirmək istədi.
– Bəsindir, ədə, bəsindir, ürək-göbəyin düşər!
"M ətləbinə çatmış kim i" deyirik. Çünki burada bir həqiqət var. Hafiz uzaqlara, Moskva məktəblərinə getmək niyyətini nənəsinə birdən-birə demirdi, deyə bilmirdi. Qorxurdu ki, qadın etiraz edə, "uzağa getmə, təkəm", deyə. "Gözüm ün qabağında ol!" İndi, nənəsi universitetə valeh olanda, Hafizə xeyir-dua verəndə Hafizin sevincinin həddi-hüdudu yox idi. O oraya, məhz bu böyük elm ocağına, dünyanın milyon gənclərinin həsrət çəkdiyi universitetə daxil olmaq əzmində daha bərk durdu. O, otağına keçib kitablar aləminə cumdu...
İmtahan söhbəti indi hər yerdə ən şirin söhbətdir.
Cavanlar arasında bu söhbəti daha çox eşitmək olar: kitabxana, məsləhət saatı, zaçot kitabçası, imtahan biletləri, yazı mövzusu, müsabiqə, qiymət... Bu sözləri hər yerdə eşidərsən: Hafizin mənsub olduğu kiçik bir ailədə də, rayonda da, vaqon kupelərində də, yaylaqlarda da, mərkəz şəhərlərdə də...
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-esger-oglu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
" Toxucu sənayenin zərbəçi briqadası - Qasım İsmayılov kolxozçuları pambıq planını noyabrm 5-nə 100 prosent ödəmişdir. İllik planı 25 prosent artıq yerinə yetirmək üçün tarlalarda hücum gedir. Rayona qızıl bayraq ana südü kimi halaldır..."Siz, səhərin sərinliyində bu xəbəri qəzet sütunlarında şirin-şirin oxuyub düşünürsünüz:
Səsimizi dünya eşitsin!Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...
BoyGünəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağların ardma aparır. Kölgələr ağaclara dırmanır, tarlaları yiyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.Bizim qapımızda isə ölüm sükutu vardır. Qaranlıq daxmanın rütubətli döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri cızır, torpaqdan təsəlli arayır.
Analar yarışıÖzünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:
Başqa şairlərin şeirləri
Dedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz