İntizar
Sevda nadir, bilməzdim.
O da gəldi başıma.
Məcid sakit, fikirli və yavaş addımlarla gedirdi. Qəlbini dolduran şirin, həm də intizarlı xəyala elə qapılmışdı ki, yanında top atılsa duymazdı.
Deyəsən, xarici aləmdən tamam üzülmüşdü. Ürəyində isə təkcə bir hiss hakim idi: Nazlı ilə görüşmək! Bunun üçün münasib fürsət, xoş söz axtarırdı. Düşünürdü ki, bu saat onun işə gedən vaxtıdır. Yolun üstündə dayanıb gözləmək, ürək sözünü demək lazımdır. Çəkinmədən, açıq, həm də xoş bir dil ilə demək lazımdır. İntizar qiyamətəcən sürə bilməz ki? Ürəkdə qaynayıb-coşan təlatümlərin bir hüdudu olmalıdır, axı?
"Nazlı ilə mən on il məktəb yoldaşı olmuşam. Partada yanaşı oturmuşuq. Zarafatlaşmışıq. Demişik, gülmüşük, dərdləşmişik, dilləşmişik. Uşaqlıq günlərindən o deyən mənə, mən deyən ona xoş olub. Bu illərin ilıq və mehriban dəqiqələri qəlbimizi elə almışdı, güman edirdik ki, biz burada parta arxasındaca, birlikdə doğulub böyümüşük. Heç bilməzdik ki/ bir gün gələcək məktəbi bitirəcək, ayrılacaq, hərə bir yana gedəcək, hərə bir həyat yaşayacaq.
Heç bilməzdik ki, bu şirin, mehriban günlərimizə də soyuq hicran küləkləri əsəcək, tufanlar qopacaq, hər şeyi dəyişdirəcəkdir.
Bizə elə gəlirdi ki, dünyada nələr baş versə heç vaxt bizi ayıran, uzaqlaşdıran bir qüvvə olmayacaqdır. Nə qulluq, nə ailə, nə vəzifə, nə zaman, nə məkan! Hər şey, bunlann hamısı bizim uşaqlıqda yaranıb-bərkiyən təmiz ünsiyyətimizə bağlanacaqdır, heç bir zaman bizi ayıran qüvvə olmayacaq. Bir yaranmışıq, daim bir yaşayacaq, birlikdə də həyatı tərk edəcəyik..."
Məcid bu xəyallarla gedirdi. Özü də duymadan addımlarına sürət verirdi. Ətrafında qaynaşan izdihamı nə duyur, nə də düşünürdü.
Küçəni dönəndə birdən ayılmış kimi başını qaldırdı, ətrafa baxdı. Birdən Nazlını gördü. Nazlının hər iki tərəfdən bulud kimi sallanan qara hörükləri ay kimi ağ girdə çöhrəsinə, mütənasib boyuna, mənalı sükutuna xüsusi gözəllik verirdi.
Məcid güman etdi ki, qarşısına uğur mələyi çıxmışdır. Nazlı həmişəki xoş baxışları, zərif təbəssümü ilə sanki çoxdan dayanıb yollara baxır, sevgilisini gözləyirmiş. Dodaqları tərpəndi.
– Xoş gördük, ay etibarsız!
Nazlı bunu dedi və görüşmək üçün əlini Məcidə tərəf uzatdı. Məcid qızın atmacalarına alışmışdı, hətta onları xoşlayırdı.
"Xoş gördük, ay etibarsız!"
Məcidin deyəsən dili tutuldu. Sanki bayaqdan bəri yol uzunu içində danışan, tədbirlər tökən, qız ilə küsən-barışan, təkrar küsən, təkrar barışan, keçən günlərin, saatların, dəqiqələrin hesabını soruşan o deyilmiş!.. Bir qədər sükutla dayanandan sonra başını qaldırıb gözünü qızın üzünə dikdi.
– Nazlı, neçə gündü avarayam.
– Nəvin avarası?
– Nəyin olacaq, sənin!
– Mən neyləmişəm?
– Səndən savayı qayğım yoxdur, Nazlı.
– Deyəsən, sözün var?
– Əlbəttə ki, var!
– Mən hazır, sözünü de!
– Sözüm odur ki, vaxt ver, anam sizə gələcək!
– Bizə nə üçün gəlir anan?
– Sənin üçün.
Nazlını fikir götürdü. Kirpiklərini endirib yerə baxdı. Sonra dedi:
– Sən darıxırsan, deyəsən.
Məcid cavab verməmiş əlavə etdi:
– Onu da darıxdırırsan.
– O, məndən çox darıxır!
– Darıxanda nə olar?
– Az gözləməmişik!
– Haçan gəlmək istəyir anan?
– Sən haçan desən.
– Anam bilər!
– Soruş, mənə de!
Bu gün Nazlıya elçilər gələcəkdi. Nazlı bu xəbəri anasına yetirəndə Nisə xanım təəccüb elədi.
– Ay bala, hardan bilirsən? Bəyəm, oğlan evindən xəbər var?
– Xəbər olanda nə olar. Bilməsəm demərəm, ay ana! Qonağın olacaq!
Nisə xanım mühüm bir xəbər eşitmiş kimi tələm-tələsik otaqları sahmana salıb çay süfrəsi hazırlayırdı ki, birdən qapı döyüldü.
Salam-kəlam ilə üç nəfər qadın otağa daxil olub, əyləşdi. Qadınlar yaşlı olsalar da, müasir libasda, yaraşıqlı geyinmişdilər. Əyləşdilər, amma hamısının gözləri o yan-bu yanda idi. Biri Nisənin otaqlarını seyr edirdi, biri mebellərə, biri divardakı şəkillərə, pəncərə qabağındakı dibçəklərə, güllərə baxır, cürbəcür suallar verirdilər:
– Bacı, Nazlı hansı məktəbi qurtarıb?
– İşləyir, ya hələ yox?
– Atası nə işdədir?
– Nazlının neçə qardaşı var?
– Elə bir bacı?
Nisə xanım bir ucdan çay tökür, qonaqlara təqdim edir, bir ucdan dalbadal yağdırılan suallara cavab verirdi. O, kişinin qulluq işindən, qızın qardaşlarından, təhsilindən, otaqların təmirindən, ustaların səliqəsindən iştaha ilə danışırdı.
Evdə Nisə xanımdan başqa Nazlının böyük bibisi Kəmalə xanım da qonaqları əyləndirməyə çalışırdı.
Ev sahibi də, qonaqlar da mətləbin açılmasını intizarla gözləyirdilər. Kəmalə xanım bu məclisə təsadüfən düşsə də, Nazlının xeyir işi ilə, xüsusən, elçilik mərasimi ilə ciddi maraqlansa da, hamıdan çox intizar çəkirdi: "Canım, mətləbə keçin!"
Birdən qapı döyüldü. Kəmalə tez dəhlizə qaçdı. Gözləmədiyi mənzərəni gördü: Nazlı geyimli-kecimli bir oğlanla dayanmışdı. Kəmalə yavaşca əyilib Nazlının qulağına dedi: "Elçilər evdə oturub, ay ərkansız, gözə görünmə."
Nazlı güldü və ucadan dedi:
– Gəliblər, xoş gəliblər, ay bibi. Onlarla tanış olmaq lazımdır! Məcidin qolundan tutub evə tərəf gətirdi, salam verib qonaqlara "xoş gəldin" elədi. Əlindəki gül dəstəsini masanın üstünə qoyub əyləşdi. Elçilər özlərini itirdilər. Bir-birinə baxıb işarə ilə soruşdular:
– Bu nə işdir, bacım?
– Elçi qabağına qız çıxmaz, axı?
– Məciddən nə əcəb elçiliyə özü gəlib?
Hamı sual dolu nəzərlə bir-birinə baxanda Məcid üzünü elçilərə tutub soruşdu:
– Necədir, Nisə xalanı təbrik eləmisiniz, ya yox? O da sizi təbrik edibmi?
Nazlı anasının hayına çatdı.
– Ana, – dedi, – oğlan evi səni təbrikə gəlib. Üzr istəyirik, biz Məcid ilə ZAQS-a gedirik. Hamınızı sevindirmək istəyirik. Sizi də, qonaqları da şad xəbərlə salamlayırıq. Söz veririk ki, bizim qurduğumuz gənc ailə sizin köklü ailələr qədər möhkəm, eyni zamanda, ata-analara layiq olacaq, hamınız arxayın ola bilərsiniz.
Nisə xanım Nazlını danlamağa başladı:
– Ay qızım, dağ kimi iş başlayırsan, mübarək olsun, bunu qabaqcadan niyə demirsən ki, hazırlıq görək?
– Nə hazırlıq, ay ana?! Təki iki qəlb qovuşsun.
– Bunun paltarı, cehizi, toy tədarükü var, – deyə elçilərdən biri Nisə xanımdan soruşdu.
– Ay ana, mənim də, Məcidin də paltarımız var. Cehiz də. Bir otağa lazım olan cehizi Məcid özü alıb. Toy tədarükü sabah-biri gün olacaq. Daha fikir çəkmə, nigaran qalma!
Nisə xanım quruyub qalmışdı. Böyük bir təlaşla söhbəti Nazlının atasına danışanda dizlərinə çırpıb təəccübdən qızarırdı. "Belə iş görməmişik, ay kişi, zəmanə ayrı cür olub. Nə bilim, qız gör nə danışır!"
Kişi təzə bir söz eşitmirmiş kimi sakit tərzdə sözünü dedi:
– Ay arvad, toyun sahibi evlənənlərdir. Qızdır, oğlandır, mübarək olsun! Necə istəyirlər, qoy elə etsinlər. Onlara xoşbəxtlik arzusundan başqa nə istəyimiz olacaq? Qızıma da de ki, nə çatışmazlıq olsa, hazıram əlimdən gələni eləməyə!
– Oğlanı tanıyırsanmı?
– Nazlı yaxşı tanıyır. Məktəb yoldaşıdır.
– Nisə xanım, bu xeyir işdir, mübarək olsun. Qızım sevəni mən də sevirəm! Komsomol toyu ilə aran necədir?
– Nə olar, lap komsomol toyu. İndi zəmanə başqadır, adət ayrı cürdür. İndiki cavanlar komsomol toyu istəyirlər, mübarək olsun!
Gənclər qohum-əqrəba ilə birlikdə toy tədarükünə başladılar. Nazlı da, Məcid də işin lap adi məsələlərini birlikdə həll edirdilər. Səadət sarayına, məclisin səliqəsini, xörəklərin keyfiyyətini yoxlamağa, dərziyə, xanəndə, çalğıçı dalınca...
...Bir payız axşamında Bakının təzə, geniş, abad, izdihamlı küçələrində bəzəkli maşınlar musiqi-mahnı içində bir-birinə macal vermədən süzürdülər. Ötüb-keçənlərin hamısı yeni həyat quranları salamlayırdı.
Nisə xanımın intizarı və təlaşı sevincli mərasimdə itib getmişdi. Onu qonum-qonşu əhatə edir, öpiib qucaqlayırdı. Qadın həyəcandan bilmirdi kimə nə desin. Əziz, yeganə qızının toyu Nisə xanımın öz toyu kimi şirin və fərəhli idi.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-intizar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yay axşamıdır. Ucaboy, uzunpaltar bir kişi zəmilərin içi ilə, başıaşağı, daş-kəsəyi, kol-kosu basa-basa yeyin yeriyir. Keyimiş qıçlarını əsa kimi qabağa atır, ayaqladığı daş-torpağı hiss etmir. Düz yolu qoyub dağa-daşa düşməyindən, qaraltı görcək yayınıb kənar getməyindən adam şübhələnir.Bu, saçı-saqqalı qar kimi ağarmış, sifətinə yuxu kimi qaranlıq çökmüş yüz yaşlı bir qoca idi. Elə quru, arıq bir adamdı ki, yeriməsə, canlılığına inanmazsan, deyərsən kölgədir, ya xəyaldır.
Boz adamKomandir soruşanda ağzımdan çıxdı ki: "Mən gedərəm!" Deyəsən, rəhmətliyin oğlu çoxdan ürəyində məni tutubmuş. Qırağa çəkib tapşırıq verdi. Mən də təkrar edib xudahafizləşdim.Gedirdim, çox çətin işə gedirdim. Mən hara, kəşfiyyat hara!.. Özü də necə kəşfiyyat! Gərək təkbaşıma soxulam düşmən qərargahına, vəziyyəti öyrənəm, işlərindən halı olam, dörd saatacan xəbər gətirəm. Almanların da elə zamanıdır ki, hirslərindən cilov gəmirirlər. Üç gündür səngərlərimizə dalbadal güc vururlar, hər gələndə bir-iki yüz soldat papağını boş qoyub qaçmağa məcbur olur. İşləri fırıq olanda gedib bir-birini danlayırlar, təzə əmrlər yazırlar. Biz də sabahısı gün bu əmri ölülərin cibindən çıxarıb "işə tikirik." Ona görə deyirəm ki, almanlar bu saat qızıl əsgər qanına susayıblar. Ələ düşsən, tikə-tikə doğrayacaqlar.
FitnəBəhram şahın ay üzlü, çöhrəsindən min bir gözəllik yağan bir kənizi var idi. Bu kənizin adı Fitnə idi.Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən-gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.
AtaZəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.
Başqa şairlərin şeirləri
Ey verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Dolana-dolanaDağlar, səndən duman qalxar,Çərxə dolana-dolana.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.