Məzmun
  1. I
  2. II
  3. III

Bazar-bazar ki deyirlər, cavahirat deyil.
Cavahirat bu gün ziynəti-həyat deyil.

I

– Oğul, niyə elvənmirsən, niyə qəşəng bir ailə qurmursan ki, yazıq anan da baxsın, qanadlansın. Gözümün ağı-qarası bir balamsan, sənə də ümid bağlamayım, kimə üz tutum?

Kəhrəba xanımın həmişəki giley-güzarı otağı başına almışdı. Ancaq bu dəfə otaqda Vəkil tək deyildi: qonşu Sonya, Rəfiqə ilə əyləşib çay içirdilər. Oğlan qalstukunu düzəldə-düzəldə anasının əzbərlədiyi danlağı etinasız eşidirdi. Məna vermirdi.

– Hər şeyin vaxtı var, ay ana! Xəstə tələsər, armud vaxtında yetişər.

– Vaxtı çatmayıb, bala?

– Çatmayıb, yox!

– Armud çoxdan yetişib, neyləyim ki, sən bir dönüb gözünün ucu ilə də baxmırsan!

– Sən havaxt bir halal süd əmmiş göstərdin ki, mən baxmadım?

Sonya xanım kənardan söhbətə qarışdı:

– Odur ey, Tellinin maral kimi qızını görmürsən, xala? Gündə şəkli qəzetlərdədir!

Rəfiqə əlavə etdi:

– Adı da Maraldır, özü də maraldır!

Rəfiqə sözünün ahəngini dəyişdi, peşman olmuş kimi ahəstəcə dedi:

– Amma onun deyəsən adamı var. Çoxdan gözaltı eləyiblər qızı. Vəkil Maralı tanıyırdı, özünün də ona meyli var idi. Amma heç kəsə, heç yerdə bir şey deməmişdi. Qonşunun təsadüfi sözü onu oyatdı.

– Rəfiqə xala, Maralı deyirsən, kim gözaltılayıb?

– Kim olacaq, bir məktəbdə oxuduğu oğlan – Təmkin!

Kəhrəba xala Rəfiqənin sözünü kəsdi:

– Kim deyirsən, Təmkin?

– Bəli, Təmkin! Qəzet yazan oğlan!

Vəkil sifətinə şillə dəymiş kimi güzgü qabağından çəkildi, qalstukunu da açıb yerə qoydu, təzəsini götürdü.

Kəhrəba xala Təmkinin adını eşidəndə quruyub qaldı.

– Balam, Şərbətin oğlu yumurtadan təzə çıxıb, nə tez evlənmək eşqinə düşdü.

Rəfiqə bildiyini təfsilatla danışmağa başladı:

– Şərbət zirəng arvaddır, oğluna yaxşı tədarük görür, üzük-müzük axtarır, qız evinə də gedib-gəlir.

Kəhrəbam od götürdü:

– O nə bilir üzük nədir, sırğa nədir?

– Niyə bilmir, zəmanə adamı deyil!

Vəkil Rəfiqənin cavabında ha istədi dinməsin, özünü saxlaya bilmədi:

– Təmkin kimilərinin üzünə baxan olmaz, Rəfiqə xala! Məktəbdə oxumaq şərt deyil, mən tanıyıram, o gədə lütün biridir!

– Niyə baxan olmaz, elə demə, şəkil kimi oğlandır.

– Maral hara, o hara!

– Mən onu Maral ilə cüt gəzən görmüşəm. Görmüşəm, gözümnən görmüşəm!

Rəfiqənin deyəsən Maral haqqında məlumatı çox idi.

Vəkilin xatirinə dəysə də, fürsəti fövt eləmək istəmədi:

– Harda görmüsən, xala?

– Lap qapımızda, öz qapımızda, qonşu deyilikmi? Səhər qapıdan çıxanda Təmkini pəncərədə tamaşa eləyən görərsən, hə! Necə deyərlər, can bir qəlb!

Bu sözləri Vəkil zahirdə vecinə almadı:

– Baxma, Maral onun üzünə tüpürmək də istəməz.

Vəkilin Maral haqqında belə qəti düşünməyi Kəhrəbaya xoş gəldi, oğlunun sözünə qüvvət verdi:

– İstəməz, istəməz!

Sonya da söhbətə qarışdı.

– Sən hardan bilirsən, xala?

– Mən Maralı yaxşı tanıyıram!

– Tanıyırsansa, bəs niyə durub tamaşa eləyirsən? Niyə oğluna bir işarə eləmirsən? Yaxşı qızı oğlanlar qızılquş kimi ovlayırlar. Zəmanə cavanları yaman olub, məhəl vermirlər.

– Oğlum bəgəm mənə, ana yazığa bir "hə" deyir ki, mən də işarə verəm?

Kəhrəba sözünü qurtarmamış Vəkil üzünü Rəfiqəyə tutub bərkdən, bir az da hirslə danışdı:

– Təmkini mən tanıyıram, cibində bir abbası marojna pulu yoxdur. Maral da tanıyır, görünür, o gədə azıb, öz yerini bilmir. Sabah Maralı daş-qaş içində qoyaram. Təmkin görər ki, analar necə oğullar doğub. Vəkilin bu cavabı anasının qəlbini tərpətdi. Köksü körük kimi qalxdı: "Belə ha! Bax, dilinə qurban, oğul, belə!"

– Günü sabah Maralın başına gəlin örpəyi salım, necəsən, bala, Vəkil?

Ana bu sözü deyəndə, oğlunun üzünə baxdı. Bir cavab almayanda irəli yeridi. Vəkilin yaxasından tutub silkələdi:

– Nə çox deyirsən, Maral, Maral! Ürəyin çəkir, sən "hə" de, sonası bizim borcumuza!

Sonya da, Rəfiqə də Kəhrəbanı danladılar:

– Ay xala, uşağı belə dara qısnamaq olmaz. Qoy bir düşünsün, daşınsın. Oxumuş cavanlar hələm-hələm qol qoymurlar. Yüz ölçür, bir biçirlər. Tələsmək yaxşı deyil.

Sonya qızı tərifləyir, deyirdi ki, Maral doğrudan da bu evə layiq gəlindir, əlində diplomu, savadlı, özü yaraşıqlı, şəkil kimi gözəlliyi! Yox, əldən vermək olmaz! Xüsusilə, Vəkilin daş-qaş haqqında danışması qonşuya həm xoş, həm də həqiqət göründü. Vəkil hirslənmişdi, "Maralı daş-qaş içində qoyaram, onda görər..."

Onun bu əsəbi halı anasına nə qədər fərəhli idisə, qonşularına da aşkar bir həqiqət idi.

Vəkil indi şəhər cavanları arasında sayılıb-seçilən oğlan idi. İkinci il idi institutu qurtarmışdı. Xarici ezamiyyətdə, tərcüməçi işləyirdi. "Volqa" maşını altında, belədən-belə gəzir, hər gələndə ana-bacısına çamadan ilə ipək, şal, paltar gətirirdi.

Sonya doğru düşünürdü: "Maral belə oğlanı qoyub Təmkin kimi lütün birinə getməz. Yox, getməz! Çox da məktəb yoldaşıdır. Yoldaş yoldaşlığında, indi qızlar daş-qaş, geyim-kecim istəyirlər."

II

Rəfiqə xanımın sözü Vəkili lap ayıltmışdı. Təmkin kimi bir oğlanın Maral iştahasında olmağı ona qəribə, həm də gülünc gəlirdi. Ürəyində deyirdi: "ay həpənd!"

Əlbəttə, Maral bilsəydi ki, varlı-karlı oğlanların, xüsusən, Vəkil kimi "Volqa'Tı igidlərin onda gözü var, bəlkə də Təmkinə heç fikir verməzdi. Amma yazıq qız hardan bilsin? Ovcunu iyləməyib ki.

Belə yerdə tərpənməmək, açıq-aşkar əfəllikdir. Marala bildirmək lazımdır, qoy bilsin ki, ona gözü düşən var! Səhərisi gün Maral dərsə gedəndə trolleybus ayağında qız Vəkilə rast gəldi. Oğlan maşından düşən kimi qızı çağırdı:

– Maral, yolun uzaqdır, maşına buyur, aparım!

Maral razılıq elədi:

– Çox sağ olun, iki dayanacaqdır, gedərəm, zəhmət çəkməyin!

– Zəhməti-zadı yoxdur, yolum oyanadır, gedək, utanma, öz maşınındır.

Oğlanın təkidi Marala qəribə gəldi, istər-istəməz razı oldu, maşının dal yerində əyləşmək istədi, Vəkil ərk ilə onun qolundan tutub qabaq yerə çəkdi:

– Bəri gəl, a qız, utanma, iki addım yoldur, yanımda otur!

Maral rədd eləmədi. Əyləşdilər. Vəkil içki məclisindən çıxmış kimi, kəhər at çapan igidlərtək yüksək əhvali-ruhiyyə ilə maşına hərəkət verdi. "Nə olaydı, bu dəqiqələrdə Təmkin qabaqdan çıxaydı, görəydi ki, Maral qəpik-quruş adamı deyil, milyonlara dəyən qızdır. Görə idi ki, dünya xali deyil, qız tanıyan igid oğlanlar var. Daha belə yerdə "xırda-xuruş" nə iş var! Get otur yerində, ay həpənd. Bu fikirlər Vəkilin ürəyindən siyrilib keçməmişdi ki, Maralın zərif, xoş səsi eşidildi.

– Çatdıq, çox sağ olun!

Qız ceyran kimi çırpınaraq düşmək istəyəndə Vəkil maşında yuxudan ayılmış kimi, səhvini anladı. Anladı ki, belə fürsət zamanında təklikdə Maralın yanında susub oturmaq da, içində danışmaq yox, mərifətlə söhbət eləmək, qızın qəlbini almaq, şirin sözlərini eşitmək fürsət idi, vacib idi. İri, qara əllərini şapalaq kimi dizinə vurub təəssüf elədi: "Bay, başın batmasın, ay Vəkil."

Nə isə, keçmişdi. Cəld və səsli addımlarla məktəb qapısına yaxınlaşan Maralın dalınca hirslə baxmaqdan başqa əlacı qalmadı. Gözlədi ki, qız məktəb həyətinə girəndə dönüb arxasınca yola salan oğlana, heç olmasa onu gətirən maşına baxacaq. Heç olmasa yaraşıqlı əli, fındıqçalı barmaqları ilə "sağ ol" işarəsi verəcək.

Heyif ki, olmadı, qız elə sürətlə getdi, deyərsən bu təntənəli bina onu ağuşuna almağa çoxdan müntəzir idi.

"Get, ay namərd, get, ay namərd, əlbəttə..."

Vəkil ürəyindəki arzunu dilinə gətirmək, "əlbəttə bir əlimə keçərsən" demək istəyirdi, ancaq söz boğazında ilişib qaldı. Maşını çevirib yoluna düzəldi.

Şəhərin izdihamlı, geniş küçələrilə gedirdi. Amma hara, niyə getdiyini bilmirdi. "Zalım balasının adı da, özü də maraldı! Anam nahaq demir ki, arvad bilib deyir, lap düz deyir."

III

Bir həftə çəkmədi ki, qız evinə bir dəstə elçi daxil oldu. Kəhrəba xala bacılarını, yaxın qonşularını götürüb Maralgilə gəlmişdi. Elçi kimi yox, sadəcə icazə almağa, məsləhətə gəlmişdi. O qızın anası haçan, saat neçədə evdə olur, xeyir iş söhbətinə münasib vaxt haçandır?..

Vəkil anasını qız evinə göndərəndə bərk tapşırmışdı:

– Ay ana, handa bir ipək-şal paltarlarını geyin, daş-qaşıvı tax! Qoy görsünlər ki, gələn kimdir. Qız evində, təzə qohumlara artıq-əskik danışmayın! Oxumuş, ali məktəb qurtarmış Maralı özünüzə güldürməyin. Hərçənd belə yerdə qız özü qonaq qabağına çıxmaz, hər halda ehtiyatlı olun. Soruşan olsa, deyin Vəkilin "Volqa"sında gəlmişik! Eşitdinmi, artıq söhbət gərək deyil!

– Deyərəm, oğlumun öz maşınında gəlmişik!

– Maşınında yox ey, "Volqa"sında. İndi nə çoxdu maşın, amma "Volqa" ayrı maşındır. Qoy Maral eşitsin, bilsin!

Anası oğlunu qucaqlayıb oğlunun üzündən öpdü, onu arxayın salmaq istədi:

– Bala, xatircəm ol! Anan səni utandırmaz. Arxayın ol.

Kəhrəba xala Maralgilə gəlməkdə, Maral da institutun alimlər dəstəsilə Moskvaya yola düşməkdə!

Telli qızı yola salanda, qapıda qonaqları görüb tez içəri qayıtdı. Gələnlərə xoş gəldin deyib maşının qabağına qaçdı, qızıyla öpüşüb, qucaqlaşıb yola saldı:

– Uğur olsun, bala, sağ get, salamat gəl!

Kəhrəba xala bu səfəri görüb heyran qaldı. Əlini sağa-sola oynatdı: "Bu nə işdir? Nə səfərdi?" Qız anası başa saldı:

– Maral Moskvaya daklada gedir. Taxıl zəmilərinə ziyan verən cücülərin dərmanını tapıb. Onu yuxarıdan istəyiblər.

– Buyurun içəri, xanım.

Telli gələn qonaqları tanımasa, məram-məqsədlərini bilməsə də, hörmət eləməyi vacib sayırdı:

– Keçin içəri, əyləşin.

Maralın maşını səslənib uzaqlaşandan sonra arxayın, rahat içəri qayıtdı, qonaqlarla söhbətə başladı.

– Qızın heç başını daramağa macalı yoxdur. Evdə oturmağa da qoymurlar. Gah ministr çağırır, gah direktor axtarır, məktəb bir yandan, sayuz bir yandan, bunun işi qəribədir. Məsul iş belədir. Bacım, indiki qızlar, maşallah, oğlanlardan geri qalmırlar, hey çalışırlar, yorulmaq bilmirlər...

Qonaqlar bir qədər oturdular. Qızın ev-eşiyinə diqqət yetirdilər. Bir-birinin üzünə baxıb işarə ilə məsləhətləşdilər. Əsl məsələni açıb-ağartmağı sonraya qoydular.

– Maral Moskvadan qayıtsın, gəlsin. Bir də sizə zəhmət verərik, Telli xanım, hələlik salamat qalın!

Vəkil elçilərinin qayıtdığını eşidəndə anasına bərk acığı tutdu:

– Bir dəstə arvad atıla-atıla gedib beş kəlmə danışmağı da bacarmamısınız? Qız səfərə gedib, nə olar, ailəsi ki yerindədir! Nə olar, məsələni deyəydiniz ki, xeyir işə gəlmişik, qoy bilsinlər! Burada bir siqret-zad var bəyəm?!

Bir ay çəkmədi Maral məzuniyyətdən gəldi. Gələn kimi də təzə xəbər bütün qonum-qonşuya yayıldı. Sən demə, qız Moskvada ikən elçisiz-filansız Təmkin ilə alışıb-verişibmiş. Yetən Tellini təbrik edirdi:

– Xoşbəxt olsunlar, cavanların toy məclisində bizi unutmayın.

Kəhrəba gözləmədiyi bu xəbəri eşidəndə bilmədi neyləsin, Vəkilə nə cavab versin.

Vəkil axşam od kimi evə girib az qaldı anasını ağır söz ilə söysün:

– Adamı qızışdırıb ortaya salırsınız, əlinizdən də bir abbasılıq iş gəlmir. Duran öküz yatan öküzün başına oturar. Kirdarsız adamın işi belədir. Sizə söz tapşırmalı deyil. Gərək özüm çərmənib, qız ilə özüm danışaydım. Heyif, heyif!

Qızlarda baş yoxdur ki, gör kimə gedib? Təmkin özünə bir kostyum ala bilmir. Elə kübar qızı necə geyindirəcək. Heç Maral yazığa bunu başa salan olmayıb ki, ay qız, nə eləyirsən, kimə gedirsən? O gədə səni teatrda, kinoda gəzdirəcək, ya taxıl zəmilərində kəpənək qovalayacaq?

Bir istədi anasını yaxşı hazırlayıb tədarük ilə qız evinə bir də göndərsin: "Nə olar, qız ağacı qoz ağacı, yetirən bir tolaz atar."

Bir də fikirləşdi ki, işi korlayan özüdür: köhnə üsul ilə təzə ailə qurmaq səfeh işdir. Təmkin ezamiyyətdə qız ilə üzbəüz danışıb məsələni həll elədiyi halda, sən vacib məsələni arvadlara, özü də savadsız arvadlara həvalə eləyirsən. Atalar yaxşı deyib: "Kor atın kor da nalbondi olar." Mənim kimi bəyin, anam kimi də elçisi olar. Vay sənin halıva, ay Vəkil, qal başıva döyə-döyə. Cibində qat-qat çervonları nəyə yığmısan. Av həpənd, aşıq oynayırsan, ay həpənd?..

Birinci dəfə idi ki, Vəkil həpənd sözünü özü haqqında işlədirdi. Özü də yerində, doğru işlədirdi: "Aşıq oynayırsan, ay həpənd?"

Cibindəki göy əlliliklərə əli ilişəndə, onların bu dar gündə köməyinə gərəksiz olduğunu, heç olmasa - Maralın yolunda sərf olunmağa da yaramadığını düşünəndə az qaldı çəngələyib dənizə atsın: "Bu pul ki düşünəndə sevgi yolunda sərf olunmayacaq?! Nəyimə gərəkdir?!"

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Göz

1– Yəhya Kamal! Böyük məscidə yolunuz düşsə, ayələrdən çox, bu adı oxuyarsınız. Qoca çinar ağacları gövdəsində, yağ tutmuş, kirli, naxışlı qapılarda, kəci qopan divarlarda iti xətlə, səliqəsiz yazılmışdır:

193420 dəq
“Matışqə”

Məşədi Hənifə şəhərə yaxın kəndlərdən birində yaşayırdı. Yayda biçinə gedər, qışda kənkanlıq edər, payız vaxtı kürəxanalarda günəmuzd kərpic kəsərdi. Arazı bu taya keçəndən sonra Məşədi Hənifə bütün qorxu və qeydlərdən qurtarmışdı. Onu aylarla işlədib, pulunu kəsən, biyara çağıran, qamçılayan xan və mirbaşılardan canı qurtarmışdı.Şəhərə çox az gələrdi. Xüsusilə, bu dəfə İrandan gələndən sonra Bakını heç görməmişdi. Bircə dəfə "şuluqluq" vaxtlarda gəldiyi idi.

19344 dəq
Kartoşka məsələsi

1Pansionda ikən bir müdirimiz vardı. "Kartoşka yevropeyski xörəkdir, kartoşka qərblilərin yumurtasıdır", deyərdi. O, bizi "avropalaşdırmaq" üçün "aziyatski" xörəkləri qadağan etmişdi. Çoxlu qartoşka yedirdərdi. Biz də alışdıq. Evə dönəndə kartoşkanı külə basdırır, "kabab" eyləyib yeyərdik. Sonrakı evimizin buxarısı yox idi. Demək, kartoşka basdırmağa kül də yox idi. Anamın əlacı kəsilib qazanda qaynadırdı. Mən səhər tezdən qalxıb, yağda qızardırdım. Yağ canına hopdurulmuş, yumşalmış kartoşkanı yedikcə ləzzət verirdi. Adamı bir kasa yağ kimi tutur, doydurur, qızışdırırdı. Odur ki, Çirdəxan kəndi komsomol özəyində kartoşka məsələsinin bu qədər qızğın müzakirə olunmasına təəccüb etməyin.

193413 dəq
Sınaq günü

1Məni məktəbə, pansiona götürdülər. Anamdan ayrıldığım gün birlikdə sevindik də, ağladıq da... Səhər açılar-açılmaz o, yataqxanaya girib, şirin yuxuda yatan uşaqlar arasından məni tapmışdı.

193510 dəq

Başqa şairlərin şeirləri