Səhifə 2 / 2 · 50%

Güləndamın qəlbinə və zehninə dolan, onun bütün vücuduna iynə kimi batan şey nə idi?

İsmayıl ilə başlanan sevgi macərasının aqibəti və bəlkə də lap davamı idi. Deyəsən, onu götürüb mübhəm və yeni bir aləmə atmışdılar. Nə oradan çıxmaq, nə də orada qalmaq haqqında bir niyyət, nəticəyə gəlmək mümkün deyildi, hər dəqiqə İsmayılın müraciəti, ağızdolusu dediyi şirin sözlər qulağında səslənirdi:

"H əyatım qədər sevdiyim!", "Qəlbimin soltanı, ömrümün baharı, Güləndam xanıma!"

Bunlar, gəlişigözəl deyilən sözlər, romandan gətirilən sitatlar deyildi. Bunları deyən oğlan Güləndamın qarşısında fır-fır fırlanır. C əm iyyətdə şiş udm uş kimi dik, m əğrur gəzən oğlan, sevgilisinin önündə mum kimi əriyir, kölgə kimi yerə sərilirdi.

Bu nəvazişlər nə üçün idi? İsmayılın, ali təhsilli bir mühəndisin kasıb bir kitabxanaçıya nə ehtiyacı var idi? O, yaraşıqda, şəkil kimi boy-buxunda, naz-nemət içində üzən bir cavana, evlənmək üçün qızını az idi? Elə oxuduğu institutda, bəlkə də onun üçün əldən gedən, vasitə salanlar az deyildi. Ancaq İsmayıl, görünür, elə-belə evlənməyəcək. Sevdiyini alacaq. "Q əlbim in soltanı!" – Bu söz ancaq odlu ürəkdən gələ bilərdi.

Oğlanın Güləndam qarşısında kiçilməyi, əyilməyi də, ancaq sevgiyə görədir, ürəyinin hökmü ilədir: məhəbbətə zor yoxdur, könül sevən gözəldi. Sevənlərin xəmiri haqdan yoğrulub, taleyi əzəldən yazılıb...

Güləndam bu düşüncələrlə küçələri dolaşıb, özü də bilmədən evə qayıtdı.

Darvazanı açıb astanaya ayaq basanda yadına düşdü ki, doğrudan da gələn ola bilər, adətə görə ehtiyat eləmək, görünməmək lazımdır.

Eyvana çıxanda, anasının samovar qabağında dayandığını, qonaq otağından səslər gəldiyini duyanda anladı ki, bəli, doğrudan da gələn var. Gözlənən əziz qonaqlar gəlmişdilər. Güləndamın gözə görünməsi eyib olacaq. Qız özünü itirdi. Bilmədi harada gizlənsin.

Nəinki qonaqların, hətta evdəkilərin də gözündən yayınmağa çalışdı. Tez səkidən düşüb dəhlizə keçdi. Oradan qonaq otağına açılan, indi isə kətan pərdə ilə bağlı pəncərəyə yanaşdı. Cəsarətini toplayıb pərdə dalından qonaqlara baxmaq istədi. Süfrə başında şəstlə oturub çay içən, öz evində imiş kimi, dirsəyini stola söykəyən İsmayılı görəndə təəccüb elədi.

İsmayıl qıza bunu deməmişdi. Gözləmək də olmazdı...

Bir qurtum çay içir, sonra büllur stəkanı nəlbəkiyə qoyub danışırdı. Onun öz elçiliyinə gəlməyi təəccüblü, qız evində hamıdan qayım danışmağı isə lap dəhşət idi. Axı, İsmayıl burada, m əsləhət-m əşvərətə yığılan ağsaqqal kişilərin qarşısında nə danışa bilərdi? Nə üz ilə danışardı?

Güləndam təəccübdən pərdənin dalında donub qaldı və gözünü içəriyə zilləyib dinlədi. İsmayıl lap komsomol iclasındakı sərbəst ahəng və ədası ilə əl-qolunu ölçərək deyirdi:

– Yoldaşlar, mən çox yaxşı bilirəm ki, bizim adətdə elçiliyə oğlan adamları gedər, amma oğlan özü getməz! Bunu bilirəm. Görürsünüz ki, mən İsmayıl Kəbirov özüm durub gəlmişəm. Siz bunu üzlülük, ya da cəsarət saymayın. Xahiş edirəm. Bu bir yenilikdir. Hər bir komsomol gərək yeniliyə meyil eləsin. Yoxsa utanmaq, nə bilim, nə deyərlər, yaxşı düşməz, filan, bunlar mövhumatdır, yoldaşlar! Biz cavanlar mövhumatın düşməniyik, mənim ürəyim Güləndamı tutub, özümü onun qədəmlərinə atmışam, lazım gəlsə, canımı da qurban verməyə hazıram. Xahiş edirəm qız atası, eyni zamanda mənim atam saydığım yoldaş bunları nəzərə alsın ki, iki qəlbin birləşməsinə maneçilik törətməsin. Qaldı o biri tərəfi. Yoldaşlara məlumdur ki, mənim əlimdə sənətim var, mühəndisəm, bu yaxınlarda da povişeniyəm olacaq. Nazirlikdə xətrimi istəyirlər, dəfələrlə də mükafata təqdim eləyiblər. Bax, qolumdakı bu saatı noyabr bayramında mükafat pulundan almışam. Çünki, nazirlik bilir ki, ona yaxşı işçilər lazımdır, əfəllər yox! Mən ki bir işin qulpundan tutdum, sağlığınıza, aşıranam! Özü də hər barədə mən başaranam. Lap yüz faiz!

Qocalar İsmayılın nitqini sükutla dinləyir, cavab vermirdilər. Hərdənbir qızın atası öskürür, papiros çəkirdi.

Oğlan adamlarından kimsə, çalbaş kişi İsmayılın xasiyyətnaməsini verdi:

– İsmayıl işində qabil, fərasətli cavandır. Onunla qohum olmaq, məncə, Güləndam xanımın bütün ailəsində sevinclə qarşılanacaq. Xeyir işdir, şükür, hər ikisi oxumuş, ağıllı cavanlar, zəmanəmizə də belə mədəni ailələr, mədəni nəsil lazımdır. Usta İbrahim qardaşım da yəqin ki, bu xeyir işi alqışlayaçaqdır. İcazə verin bu çayları içək! Məşədi İbrahim, sizin möhtəbər sözünüzə müntəzirik!..

Bu yerdə Güləndamın ürəyi şiddətlə döyünməyə başladı. Məşədi İbrahim papirosuna bir qullab da vurub dedi:

– Vallah, İsmayıl özü hər işi aydın danışdı. Danışdı ki, indi yenilik əyyamıdır. Belə əmrlər qızın, oğlanın rəyi ilə həll olunur. Mən doğrusu, bir ata kimi, bu işə Güləndamın münasibətini bilmirəm, gərək öyrənəm.

İsmayıl yerində qurdalandı, nəsə demək istədi, çalbaş əlini ağzına qoyub sükut işarəsi verdi, İsmayıl dinmədi. Usta İbrahim izah elədi:

– Qızın, deyərlər, sirdaşı anasıdır. Bəlkə ona bir şey deyib, ancaq mənə məlum deyil, bu, ağır və məsul bir işdir, xahiş edirəm bizə bir həftə möhlət verəsiniz. Öz aramızda bir məsləhətləşək. İsmayıl da darıxmasın, bizim m əsləhətləşməyimizin ziyanı yoxdur. Yenilik də pozulmaz. Qızın dayısı, xalası var, elə olmasın ki, desinlər, biz onları saymadıq.

Güləndam indi həyəcan içində idi. İsmayılın hərəkətləri ona qəribə yox, əcaib görünürdü. Onun əvəzinə utanırdı.

Bu barədə söhbət açanda da İsmayıl cavab tapırdı:

– Ay Güləndam, mən nə qəbahət iş görmüşəm, sifariş eləməmişəm, özgəyə danışmamışam. Öz sözümü atana açıq demişəm. Bu mənim həyasızlığım ı yox, açıqürəkli olmağımı, sadəliyimi, müasirliyimi göstərir. Sən gərək belə qiymət verəsən, əzizim, gülüm!..

Güləndam bir tərəfdən alışdığı adətlərin, bir tərəfdən arzuladığı xoş mənzərələrin, üçüncü tərəfdən də İsmayılın əcaib hərəkətlərinin təsiri ilə daim fikirli, qayğılı görünürdü.

Bu mənzərələrin ən güclüsü İsmayılın hərəkətləri idi. Çünki bu, adət və xəyalət, arzu deyil, bir həqiqət idi. Göz qabağında idi. Bəlkə də get-gedə şiddətlənə, sonra pərişanlığa çevirə bilərdi. Bunu İsmayıla demək lazım idi. İsmayıl haqq üçün, Güləndamın rəyi ilə hesablaşardı:

– Güləndam, mənim əzizim, tutaq ki, mən bir səhv eləmişəm. Lap sən deyən düzdür, gərək getməyəydim, getdim. Bir səhv üçün adamı öldürməzlər ki, bağışla, bir də eləmərəm. Xeyir işimizdə, bu toy-tədarük qabağı istəmirəm ki, sənin o gül üzündə kədər, məyusluq işarəsi olsun, məni bağışla, keçənləri unut, əzizim!

Məşədi İbrahim oğlanın hərəkətlərindən narazı qalsa da, qızının ona meylini görüb nəhayət, elçilərə razılıq verdi, mübarək olsun dedi.

Bir-iki ay ərzində toy tədarükü görüldü, cavanların xeyir işi baş tutdu.

Evlənəndən üç ay sonra cavan ailənin həyat puçurları köpürəndə, Güləndamın yenilik arzuları göyərmək istəyəndə İsmayıl haradansa ezamiyyət götürüb Tiflisə getdi.

"Güləndam, – dedi, – sən də darıxma, imtahanlarına hazırlaş, beş-on günə qayıdaram, kurorta gedərik..."

İsmayıl yoldan bir məktub yazmışdı. Sonra arası kəsildi, bir dəfə də fotoməktub yazıb işinin çoxluğundan şikayətləndi.

Üçüncü məktubunu Güləndama yoldaşları xəbər verdilər: qəzetdə kiçik bir elan var idi ki, İsmayıl Güləndamı boşamaq barəsində məhkəməyə ərizə verib.

Güləndam bu xəbərə əvvəl inanmadı. Sonra məhkəmədə İsmayılın öz ərizəsini oxudu.

"Xasiyyətimiz tutmadığı üçün yaşaya bilmirəm", – deyə şikayətləndiyini bildi. İndi ərinin "Qəlbimin soltanı, ömrümün baharı" deyən məktubları qəlp pullar kimi qarşısında açılıb tökülmüşdü. Bilmirdi bunları məhkəməyə, redaksiyalara versin, ya ocağa basıb yandırsın!

Çox düşündü, axırıncını məsləhət bildi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İgid oğlan

1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.

193811 dəq
Vətən oğlu

1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.

193813 dəq
Hilal dayı

Ləklərin arasında pişik kimi kiçik və boz bir şey tərpənir. Yaxın gedəndə görürsən, belini düzəltdi və başı ilə salam verdi.– Ay Hilal dayı, qışın günündə soyuqda nə gəzirsən burada. Yorğanı başına çəkib isti evdə rahatlana bilmirsən?

193811 dəq
Dost görüşü

Məzuniyyətdə idim. Cibim dolu, kefim saz. On-on beş günümü şəhərdə keçirtdim. Sonra doydum, darıxdım. Əziz dostlarımdan biri, uşaqlıqdan məktəb yoldaşım olan Fətulla yadıma düşdü. Onun şəhərə yaxın kəndlərdən birində evlənib kök saldığını, müəllimliklə məşğul olduğunu bilirdim. Bazar ağzına çıxıb maşınların birinə oturdum. Birbaş kəndə yollandım.Fətulla mənim dostum idi. Özü də, münəqqidlər demişkən, "sözün əsl mənasında" dostum idi. Bilmirəm, lüğət yazanlar dost sözünə nə məna verirlər, amma mən öz "lüğətimdə" dost o adama deyirəm ki, öz qəlbimi onun köksünə, onun qəlbini öz köksümə qoymağa razı olum, o da razı olsun. Bu razılıqdan doğan bütün nəticələr gərək ki, öz-özünə məlumdur.

19388 dəq

Başqa şairlərin şeirləri