Dost görüşü
Məzuniyyətdə idim. Cibim dolu, kefim saz. On-on beş günümü şəhərdə keçirtdim. Sonra doydum, darıxdım. Əziz dostlarımdan biri, uşaqlıqdan məktəb yoldaşım olan Fətulla yadıma düşdü. Onun şəhərə yaxın kəndlərdən birində evlənib kök saldığını, müəllimliklə məşğul olduğunu bilirdim. Bazar ağzına çıxıb maşınların birinə oturdum. Birbaş kəndə yollandım.
Fətulla mənim dostum idi. Özü də, münəqqidlər demişkən, "sözün əsl mənasında" dostum idi. Bilmirəm, lüğət yazanlar dost sözünə nə məna verirlər, amma mən öz "lüğətimdə" dost o adama deyirəm ki, öz qəlbimi onun köksünə, onun qəlbini öz köksümə qoymağa razı olum, o da razı olsun. Bu razılıqdan doğan bütün nəticələr gərək ki, öz-özünə məlumdur.
Fətulla ilə belə dost idik. Mən həyatımda olan bütün işləri (xeyir, şər, fərqi yoxdur) hamıdan qabaq ona bildirməyi, məsləhətləşməyi borc və daxili bir ehtiyac sayırdım. Beş-on gün görüşməyəndə, bu müddətdə yaşadıqlarını, təsirlərim mənə yarımçıq və natamam gəlirdi. Bütün ləzzətlərin dadı o zaman damağımda duyulurdu ki, onlar haqqında Fətulla ilə söhbət etmiş olam.
Ancaq həyat özü qəribə, bizdən asılı olmayan və izahı çətin qanunlarla qurulub. İş dəyişir, yaş dəyişir, baş dəyişir, bunların nəticəsində zövq də dəyişir. Əziz dostunun bəzi hərəkətləri sənə artıq xoş gəlmir, səninki də ona. Görürsən, onun səndən də əziz dostu tapıldı, sənin ondan da mehriban dostun var imiş. Hər şeyin təzəsi deyirlər, dostun köhnəsi. Mənim zənnimcə, təzəlik, ya köhnəliyin burada əhəmiyyəti azdır. Dostun sədaqətlisi yaxşıdır. Sədaqət olmayandan sonra, yüz ilin köhnəsi olsun, nəyə lazımdır?
Əslinə baxsan, belə söhbətlər Fətulla ilə mənim barəmdə lap artıqdır, çünki biz dost olanda müzakirəyə qoyub dost olmamışıq və hələ aramızda belə müzakirələrə səbəb olan heç bir hadisə baş verməyib.
Bəli, dedim ki, dostum Fətulla yadıma düşmüşdü, maşına oturdum. Elə anlaşılmasın ki, Fətullam bu neçə ildə unutmuşdum, birdən xatırladım. Heç vaxt, nəinki unutmaq, hələ mən həmişə xəyalımda özümü məzəmmət edərdim ki, onun işi kənddədir, külfət sahibidir, hər saat gələ bilmir, mən getməliyəm axı. Məhz məzuniyyət vaxtında Fətulla ilə görüşməyi niyyətimə qoymuşdum.
Bazar ağzında həmin bu niyyətim yadıma düşdü. Maşına oturub getdim.
Maşın məni xəzəlli, əyrim-üyrüm yollarla gətirib Çanaqçı kəndinə çıxartdı. Bir kəndlidən soruşdum ki, Fətulla müəllimin evi haradadır? Göstərdi. Çay qırağında, alçaqdivarlı, taydarvazalı bir həyət idi. İçində meyvə ağacları da var idi. Maşını yola salıb, dar küçə ilə ora yanaşdım, qapını döydüm.
Ayağında köhnə, böyük bir başmaq sürütləyən qız uşağı qapıya gəldi. Beş-altı yaşı olardı. Belə başa düşdüm ki, Fətullanın evləndiyi dörd il, ya dörd il yarım ancaq olar. Onun bu yaşda qızı haradandır?
– Fətullanın evi budurmu? - deyə soruşdum.
– Bəli, - deyə qız cavab verdi.
– Özü evdədirmi?
Qız ikinci sualıma cavab vermədi. Qayıdıb evə getdi. Bir dəqiqə çək326 mədi ki, qaça-qaça gəldi:
– Deyir, buyursun!
Mən eyvanda qaloşumu çıxarıb, evə girəndə ayrı bir mənzərə gördüm. Hərarətli görüş üçün, sevinmək, gülüşmək, qucaqlaşmaq niyyətilə daxil olduğum evdə bir qış soyuqluğu məni dondurdu. Fətulla evin yuxarı başında, çarpayıda yaman gündə yatırdı. Onu çətin tanımaq olurdu. Dolusifətli, qırmızıyanaq, şən və gülümsər müəllimdən quru bir qəfəs, şam kimi işıldayan bir cüt göz qalmışdı. Məni görən kimi, Fətullam qəhər tutdu, gözləri yaşardı. Başını yastıqdan götürməyə, dirsəklənməyə çalışdı. Dodaqları tərpəndi, zəif səs ilə nə isə dedi.
Xəstənin yanında oturdum. Nəbzini əlimə aldım, halını soruşdum. Arvadının deməyinə görə, xəstələndiyi bir aydan artıq idi. On beş gün rayon xəstəxanasında yatmışdı. Özünü babat hiss edən kimi, uşaqları üçün qəribsəyib dözməmiş və onu evinə gətirmişdilər. Evdə sinəsindən qan açılmış, get-gedə vücudu əriyib, qüvvətdən, taqətdən düşüb...
Kənd həkimi hər gün müalicəyə gəlirmiş. Onun yazdığı reseptlərə baxdım. Mənə elə gəldi ki, bu dərmanların Fətullanın xəstəliyinə dəxli azdır. Xəstəyə zəhmət də olsa, onu mən əməlli-başlı müayinə etdim. Bütün bacardığımı işlətməyə baxmayaraq, kənd həkiminin diaqnozundan bir əlamət tapa bilmədim. Yəqin ki, həkimi qorxudan xəstənin sinəsindən gələn qan imiş. Qanı kəsmək üçün isə belə dərman vermək olmaz. Bu dərmanı xəstə qadınlara, özü də bir az miqdarda vermək olar.
Fətullanın ailəsi: arvadı və körpə uşaqları ailə başçısını ağır naxoş görüb, külək vuran zərif bağ bitkiləri kimi soluxmuşdular.
Qadm mənim Fətullam diqqətlə müayinəmi ümid və intizarla gözləyirdi. Cəld hərəkətlərilə xəstəyə və mənə kömək edir, hər dəmdə xəstənin gecələr sayıqladığını, çay və dərmandan başqa heç nə içmədiyini, yemədiyini şikayətli bir ifadə ilə deyirdi.
Dostumun bu vəziyyəti məni çox kədərləndirdisə, kənd həkiminin müalicəsi də lap əsəbiləşdirdi. Dərman kağızlarını cırıb tullamaq, evinə adam göndərib, çağırtdırmaq istədim. Belə bir təlaşdan ailənin daha da təşvişə düşə biləcəyini düşünüb, özümü sükuta məcbur etdim. Fətullanın başaltısını hündür etdirdim, oturub həkimin gəlməyinə müntəzir oldum.
Bəli, axşama yaxın bir də gördüm, əlində bir itdöyən ağac, qoltuğunda nə iso, qəzetə bükülmüş bir bağlı, ortayaşlı, gödərək bir kişi içəri girdi. Onıın adını bilmirdim, ancaq "Mirzə" deyirdilər. Mirzə çox arxayın və ərkyana bir əda ilə soyunub, yuxarı başa keçdi. Üzünü qadına tutdu:
– Hə, - dedi, - necədir, öskürək çoxalıb, azalıb, qan gəlib, ya yox?
Qadın nə isə cavab verdi. Mirzə xəstənin nəbzinə baxdı, o yan-bu yanına keçdi, çəliyini əlinə aldı və bağlamasını qoltuğuna vurdu:
– Dediyim qayda ilə dərmanı içirdərsən, gecələr üstünü də möhkəm örtərsən...
O çıxmaq istəyəndə mən dilləndim:
– Mirzə, - dedim, - bu yazığın bir sürü külfəti var, mümkün etsəniz, müalicəsilə ciddi məşğul olun, halı ağırdır.
Mirzə qayıdıb mənə əyri-əyri baxdı:
– Ciddi, ya qeyri-ciddiliyini siz nədən bilirsiniz? Təbabətin qaydaqanunu var. Necə ki, lazımdır, rəftar olunur. Bu, pambıq planı deyil artıqlaması ilə, necə deyərlər, vaxtından əvvəl zad eləyəsən...
Mənim səfər geyimim bir o qədər yaxşı deyildi. Sakit oturmağım da həkimə başqa təsir bağışlaya bilməzdi. Hətta, o mənim xahişimi lağa da qoyurdu. Bundan məlum idi ki, Mirzə məni çöl adamı, ya təsadüfi yolçu sayırmış. Mən qalxdım, onun yazdığı resepti götürüb, latınca yazılan sözləri ona oxudum və dedim:
– Doktor, məni bağışlayın, sizin yazdığınız dərman qadın xəstəlikləri üçündür. Sizin diaqnozunuz yanlışa oxşayır...
Latın sözləri mənim ağzımdan çıxanda Mirzə bir diksinən kimi oldu. Özünü yığışdırdı, yaxın gəlib resepti məndən aldı. Baxa-baxa qaldı. Guya oxuyurdu. Halbuki, qıpqırmızı qızarmışdı, gicgahında tər damcıları işıldayır, xəcalətindən başını kağızdan qaldıra bilmirdi. Mən ona kömək etdim:
– Doktor, - dedim, - mənim fikrimcə, xəstənin dərdi belədir.
Mirzə mənim danışığımdan həkim olduğumu yəqin etmişdi.
– A səni sağ olasan, - dedi, - bu qüvvəniz var idi, niyə bir az qabaqdan gəlmirdiniz?
Mirzə xəstənin dərmanını mən dediyim kimi dəyişdi, mənim kim olduğumu, haradan gəlib, hara getdiyimlə maraqlandı. Mən hamısını danışdım.
Lakin Mirzənin canına düşən qorxu bir dəqiqə də olsun, simasından çəkilmirdi, bütün hal və hərəkətində hiss olunurdu. Qalxıb getmək istəyəndə məni həyətə çağırdı:
– Görürəm, - dedi, - siz bir alicənab adamsınız, gəlin mənim çörəyimə bais olmayın. Bildiyinizi, bir daş üstdən, bir daş altdan, qoyun burada qalsın.
– Necə bilirsiniz, - dedim, - Mirzə, Fətulla sizin müalicənizlə dirilə bilərmi?
Mirzə dinmədi. Ağacını ata-ata başıaşağı bir az yeridi. Sonra mənə tərəf döndü:
– Bilirsiniz, günah bizim müəllimlərimizdə olub, siz alan bilik, əlbəttə ki, bizə qismət olmayıb...
Mirzəni qapıya qədər yola saldım, qayıtmaq istəyəndə qolumdan tutdu:
– Xahişimi yerə salmayın. Mən də bir bölük külfət sahibiyəm...
– Qorxmayın, - dedim, - Mirzə, mənim heç kəsə pisliyim dəyməz. Ancaq bu barədə sonra danışarıq.
Mən qollarımı çirməyib, Fətullanın müalicəsilə məşğul oldum. Fayton tutdurub, rayona, aptekdən bəzi şeyləri almağa adam çağırtdım. Fətullanın evində, demək olar ki, xəstəxanaya yaraşan bir şərait düzəltdim.
Xəstənin yaxşılaşması, irəli gəlməsinin bir səbəbi də onun mənəvi cəhətdən, ruhən dinc və arxayınlığıdır. O, mənim müalicəmə və özümə inandığı üçün bütün tapşırıqlarıma boyun əyir, öz-özünə diqqət yetirməyə çalışırdı. Həm də darıxmağa qoymurdum. Özüm darıxsam da, yanında oturub söhbət edir, yuxu vaxtında ətrafda sükutu təmin edirdim. Ayıq zamanında Fətullanı əyləndirir, xəstəliyini unutdurmağa çalışırdım.
Mirzənin vəziyyəti Fətullanı da düşündürürdü. O da hərdən hirslənir, Mirzənin məsuliyyət duymayan adam olduğunu deyirdi.
Gəlişimin on dördüncü günü Fətulla tamam sağalıb durmuşdu. Hətta kənd həkimi bu gün bizi evinə qonaq çağırmışdı. Mən gedə bilməyəcəyimi bildirdim. Fətulladan qabaq arvadı razı olmadı:
– Yox, mümkün olsa, ürəyini sındırmayın, - dedi. - Bir də siz çıxıb şəhərə gedəcəksiniz, biz həmişə Mirzə ilə üz-üzə gələcəyik, işimiz düşəcək. Elə olmasın ki, incisin, yaxşı olmaz...
Mən o gün şəhərə qayıdırdım. Mirzəni yol ağzına çağırıb dedim:
– Neçə ildir buradasınız?
– On bir il var.
– Bu qəbiristanlıqda yatanların neçə faizindən xəcalətlisiniz?
Mirzə qarşıda, yamacda düşən qəbiristanlığa, mənə və sonra çəkməsinin ucu ilə eşələdiyi torpağa baxdı:
– Onların hamısından artıq sizin yanınızda xəcalətliyəm. Ancaq bir xahiş idi, elədim. Nə olar, adamın adama işi düşər.
– Mirzə, - dedim, - sizə pisliyim dəyməyəcək, buna lap arxayın ola bilərsiniz. Camaatı belə, baytarcasına müalicənizə qarşı isə susa bilməyəcəyəm, bunu da yəqin edin.
Mirzə qızardı və duruxdu:
– Bildim, deməli, mənə nə etsəniz, hökumət əlilə edəcəksiniz. Hə! Həm öz əlinizlə, həm də hökumət əlilə!
– Necə yəni! - deyib Mirzənin qolundan tutdum və onu yoldan kənara çəkdim. Divar dibində, daş üstündə oturduq.
– Ayda neçə alırsınız? - deyə sual verdim.
– Beş-altı yüz.
– Sizə bir yüngül qulluq düzəltsəm, özünüzü də tibb işçilərinin ixtisas kursuna qəbul etdirsəm, necədir!
Mirzə sevindi:
– Oxumağa mənim başmaqlarım da razıdır. Ancaq ailə dolansın.
– Ailəli olduğunuz üçün sizə təqaüd də verərlər. Qulluqdan da alarsınız, heç olmasa, bir-iki il oxuyun, onda görərsiniz elm aləmində yeni nələr var. Səhvinizi anlarsınız, hazırlaşıb düz-əməlli həkim olarsınız, mənim kimisinin yanında diliniz də gödək olmaz.
Doğrudur, Mirzə mənim sözlərimə "bəli" - deyir və əlini gözü üstünə qoyurdu, amma sifətindəki nigarançılıqdan bəlli idi ki, vədlərimə inanmır, onun səhvini aləmə yayacağımdan, vəzifədən qoyduracağımdan qorxur.
Mən artıq heç bir şey demədim, Fətulla ilə xudahafizləşib, şəhərə gəldim.
Mirzəyə verdiyim vədi yerinə yetirmək üçün rayon səhiyyə işçiləri də mənə kömək etdilər. Mirzə ilə şəhərdə görüşəndə o, əlimi sıxır və vicdanına and içirdi:
– Ya loğmana bərabər həkim olacağam, ya da ki bu sənətdən tamam əl çəkəcəyəm. İndi görürəm ki, mən necə avam imişəm!..
O, kursla kifayətlənmirdi, tibb institutunda mühazirələrə də davam edirdi.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-dost-gorusu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ünsiyyət insanlığın birinci şərtidir.*Atalar deyib: “Dağ-dağa qovuşmaz, adam adama qovuşar”.*
UlduzDirektorla əl verib tanış olandan sonra Qələndərov bir silisçi ədası ilə soruşdu:– Sizdə Ulduz Qələndərov adlı oğlan işləyirmi? – cavab gözləmədən əlavə etdi: – Qarayanız, arıq, uzun bir oğlan!
Yuxu və külək(El məsəlindən)*Mayil eyvanda kökə yeyirdi. Xallı pişik oturub ona baxırdı. Xallı qulağını şəklədi, gözünü bərəldib ha baxdı, Mayil kökədən pişiyə vermədi. Axırda Xallı dilləndi:
Anamın qeydləriMartın yeddisində qayğıkeş kişilərin çoxuna hədiyyə mağazalarında rast gəlmək olar. Axı, sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür! Bu bayramı hökumət idarələri, təşkilatlar, qəzetlər qeyd edirlər. Necə ola bilər ki, bu ümumi bayramı hər kəs öz evində qeyd etməsin. Qadın olan evlərin hamısmda, qadm olmayan evlərin isə (belə evlər də vardır) çoxunda martın səkkizini qeyd edirlər.Bizim evdə bu bayram hər il vaxtında, qayda ilə qeyd olunur. Qadm cinsindən təkcə bir anam var ki, mən onun xatirini, demək olar, tanıdığım qadınların hamısından çox istəyirəm. Bu bayramın adını da, dəsgahını da, onun adı ilə - ailəmizin bünövrəsi olan ağsaçlı qadının adı ilə bağlayırıq. Özündən soruşsan, o, heç belə bir bayramda mənim zəhmətə düşməyimə, mağazaları gəzib hədiyyə almağıma razı olmaz. Ona görə yox ki, qadın bayramını əzizləmir, yox! O da bütün qadınlar kimi bu bayramın qədir-qiymətini yaxşıca bilir. Hələ yadımdadır, biz rayonda yaşayan zaman iclaslara həvəslə gedərdi. Klubda qadınlar yığıncağında tribunaya çıxıb ucadan nitq də deyərdi.
Başqa şairlərin şeirləri
Göydə qövsi-qüzeh naxışlananda,Otlar şeh altında par-par yananda,
QalıncaŞikar olub əldən ələ düşməsin,Qurulmuş torlara, felə düşməsin,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi