Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4

Səhifə 1 / 3

Direktorla əl verib tanış olandan sonra Qələndərov bir silisçi ədası ilə soruşdu:

– Sizdə Ulduz Qələndərov adlı oğlan işləyirmi? – cavab gözləmədən əlavə etdi: – Qarayanız, arıq, uzun bir oğlan!

Direktor Ulduzun qız adı olduğunu zənn etsə də, zəngi basdı, katibəyə tapşırdı:

– Gör Dadaş getməyibsə, bura çağır.

Zavodun kadr şöbəsində çalışan Dadaş^damların anketini əzbər bilirdi. Hafizəsi iti olduğundan bir dəfə əmrə düşən adamın adını unutmazdı.

Əlində uzun açar oynadan gödək, ətlisifət, qarasaç bir adam içəri girdi. Ulduzun adını çəkən kimi, Dadaş tanıdı.

– Bizdədir. İki ay olar götürmüşük. Model sexinə göndərdik. Gərək ki, məktəbdən gəlmişdi.

– Özüdür, məktəblidir. Doqquzuncunu qurtarıb.

Qələndərov direktorun da, Dadaşın da bu arayışa maraqla yanaşdığını görüb stulunu qabağa çəkdi:

– Bilirsinizmi, Ulduz mənim tək bir oğlumdur. Ailədə söz olub, ondan küsüb gedib. İki aydır, axtarmamış yer qoymamışam. Sorağını buradan verirlər. Şükür ki, tapıldı. Yoldaş direktor, xahiş edirəm çağırtdırasınız, götürüm gedim, evdə nigarandırlar.

Direktor qonağın danışığından xoşlanmasa da, üzə vurmadı:

– Bəyəm, siz oğlunuzun burada işləməyinə razı deyilsiniz?

– Xeyr, canım, nə işləmək, onuncuya keçir. Nə işləmək! Onun maaşına qalmamışıq ki, səfehlik eləyib gəlib.

Direktor qonağın üzünə baxır, susurdu. "Ö z iradəsi ilə gələn bir oğlan sizin sözünüzü eşidəcəkmi?" Bu sualı verməmiş Dadaş dilləndi:

– Fəhlələr işdən çıxıblar, zəhmət çəkin, sabah gəlin.

– Mən onun mənzilinə gedə bilərəm. Xahiş edirəm, adresini versinlər.

Qələndərov oğlunun adresini alıb çıxandan sonra Dadaş direktora, direktor Dadaşa baxdı. Direktor dedi:

– Bu adamdan gözüm su içmir. Öyrən, gör nə əhvalatdır.

Dadaş bir söz deməyib, kabinetdən çıxdı.

Qələndər Qələndərov boru zavodunun böyründən ötüb fəhlə mənzillərinə yaxınlaşanda Ulduz aşxanada oturub kotlet yeyirdi. Onun gözü pəncərədə idi. Atasını yerişindən tanıdı. Ayağa qalxıb diqqətlə baxdı. Bu yana gəldiyini yəqin edəndə rəngi dəyişdi, çətinliklə tikəsini uddu. Çəngəli atıb dəsmal ilə əlini sildi. Kassaya bir beşlik verdi, artığını almamış cəld qapıdan çıxdı.


Ata-oğul!

Yanaşı yazılan bu iki kəlmə hər kəs üçün müəyyən, məlum bir münasibətin ifadəsidir. Dünyada bir-birinə bundan yaxın kim ola bilər?

Oğul böyütməkdən, ayaq alıb yeriyən, dil açıb danışan, şirin-şirin qımışan bir körpənin simasında keçmişini, gələcəyini, bütün həyat və zəhmətini görməkdən, cəmiyyətə layiq bir adamın, budur, sənin evində, sənin gözünün qabağında böyüdüyünü, məhz sənin tərbiyən, sənin adınla böyüdüyünü hər gün görməkdən xoş və fərəhli nə ola bilər!

Əsl məhəbbəti duyan gənclər öz sevgiləri üçün hər fədakarlığa gedirlər, çünki belə bir məhəbbət alovunu nə tufan, nə sel, nə ölüm, nə ayrılıq söndürər. Bu məhəbbətin bitməz dastanı cild-cild kitablarda yazılır! Ancaq onu deyən və yazan azdır ki, əsl ata əsl övladı, ciyərparası üçün oda girməkdən çəkinməz. Hər kəsə aydın olan bu söhbəti biz ona görə təkrar edirik ki, bəzən buna uymayan təsadüflər olur. Doğrudur, az olur, ancaq olur.

Məsələn, bu saat iti addımlarla aşxana qabağından ötüb, fəhlə mənzillərinə doğru gedən hesabdar Qələndərov özü də bir atadır. Atadır, ancaq bunun atalığında başqalıq var.

Qələndərov Ulduzu niyə itirmişdi və niyə axtarırdı? Aydın olmaq üçün başdan danışaq.

1

Qələndər Qələndərov əvvəllər Xaçbulaqda qoyunçuluq fermasında hesabdar idi. Güllər adlı bir qadının evində yaşardı. Bu evdə ünsiyyət bağladı, Güllərin cavan qızı Böyükxanımla evləndi. Sonra Qələndərovu şəhərə mühasibat kurslarına göndərdilər. Hərçənd ki, bu kurslar altı aylıq idi, ancaq Qələndərov bir də qayıtmadı. Böyükxanımla həmişəlik vidalaşdı. Arada qalan körpə uşağa xərclik də vermək istəmədi. Məhkəmə uşağa xərclik kəsəndən altı ay sonra Böyükxanım yatalaq xəstəliyindən vəfat etdi. Uşağı Qələndərovun evinə gətirdilər. İndi o, rayon maliyyə şöbəsində müfəttiş idi. Əminə adlı bir tatar qızı ilə yaşayırdı. Əminə uşağı qəbul etmədi. Ulduzu uşaq evinə verdilər. Qələndərov bir müddət bunu və sonra başqa bir şeyi bəhanə edib: "uşağın olmur", – deyə, Əminəni də boşamağa müvəffəq oldu.

Günlərin, ayların, illərin necə keçdiyini bəzən hiss etmək olmur. Ulduz isə uşaq evində sanki xüsusi bir sürətlə böyüyürdü. Səkkiz yaşından sonra onu atasının evinə gətirdilər. Uşaq burada təzə bir ana gördü. Bu da özgə cür ana idi. Uca, kök, həmişə bəzəkli bir qadın idi. Bu qadın sanki bəzəyinin, yaraşığının pozulacağından qorxur, adama yovuşmurdu. Bir dəfə də Ulduzun əlindən tutmadı, başını tumarlamadı, üzündən öpmədi.

Ulduzun məktəb həyatı, təhsil illəri başlandı. Atasının, aylarla rayonlara yoxlamaya gedən meşin qovluqlu maliyyə müfəttişinin harada, kimlə, necə yaşadığını uşaq hiss etmirdi.

Evi süpürən, uşağa çay-çörək verən qonşu qadın Səkinə xala həmişə Q ələndərovun dalınca deyinər və Ulduza təsəlli verərdi:

– Oğul, dərsində ol, atan da rayonlardan qurtarar, inşallah, sən böyüyənəcən, onun da ağlı başına gələr.

Doğrudan da, Qələndərov rayonlardan qurtardı. Bir müddət evdə çox göründü. Ulduzun yanında oturub dəftərlərinə baxdı, kitablarını varaqladı, uşağın cibinə bir üçlük qoydu.

– Oğul, – dedi, – məndən adam çıxmadı, heç olmasa, sən bişüur olma!

Birinci dəfə atasının nəvazişli səsini eşidən Ulduz nə qədər sevinib fərəhlənmişdi! Üçmanatlığı isə uşaq bəlkə otuz dəfə cibinə qoyub çıxartdı, gah iki, gah dörd qatlayır, gah sağ, gah sol cibində saxlayırdı, dəqiqədə bir əlini salıb yoxlayırdı...

Ulduz indi daha 9-cu sinifdə idi. Bir axşam dərsdən qayıdanda, atasını evdə başqa bir qadınla qabaq-qabağa oturan, yeyib-içən gördü. Soyunmamışdı ki, Qələndərov durub gəldi. Oğlunun qulağına pıçıldadı:

– Ulduz, sənə bir analıq gətirmişəm ki, doğma anadan yaxşı.

– Mən çox analıq görmüşəm.

– Beləsini görməmisən, gəl tanış ol! Adı da Aqibət. Atalar necə ki deyib, aqibətin xeyir olsun! Bu çox nəcib yerdəndir.

Ulduz soyuq bir şeyə toxunurmuş kimi, ürəksiz əl verdi, xoş gəldin elədi. Aqibət isə isti-ətli ovcunda Ulduzun əlini bərk-bərk sıxdı.

– Oğlumuz budurmu? – deyə soruşdu. Əyilib üzündən öpmək istəyəndə Ulduz ilan görmüş kimi, başını qaçırtdı.

Atası acıqlandı:

– Dəlilik eləmə, anandır!

Aqibət stəkanın dibinə bir az araq töküb Ulduza təqdim etdi:

– İç bunu görüm!

Qələndərov da təkid etdi:

– Ananın sağlığına iç! Aqibətin sağlığına!

Hər iki tərəfdən təzyiq görən Ulduz sıxıldı. Gəldiyinə peşman oldu. Nədənsə üzünü görmədiyi, səsini eşitmədiyi, ancaq şəkildən və Səkinə xalanın söhbətlərindən tanıdığı doğma anası Böyükxanım gəlib onun gözü qarşısında dayandı, həsrət-həsrət baxdı. Ev isə bu dəmdə Ulduzun başına dolandı. Elə sürətlə dolandı ki, deyirdin bu saat hər şey yerindən uçacaqdır. Ulduz cəld qayıtdı. Paltosunu geyindi, çantasını götürüb evdən çıxdı.

Qələndərov stəkanı Aqibətin stəkanına vurub başına çəkdi, iri, ağ bir soğanı dişləyib, sifətini turşutdu:

– Aqibət xanım, sən gərək onu bağışlayasan. Uşaqdır, anlamır, axı o nə qanır? Dünyada nə görüb ki!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yol açıqdır

Məmmədrza lap qabaq cərgədə idi. Komandirin əmrini alan kimi xəlvətcə sürünə-sürünə irəlilədi.O, düşmənin atəş nöqtələrini öyrənməli, miqdarını, vəziyyətini təyin etməli idi. Zəmilərin içindən sürünərək gedir, sünbülləri belə səsləndirməkdən ehtiyat edirdi.

19412 dəq
Yollar

Dan yeri ağarır, göylərə gümüş kimi bir parıltı gəlir. Xəfif və sərin yay küləyi bağlardan, bostanlardan, çiçəklərdən, lalələrdən ötərək hər yerə ətir gətirir.Böyük şəhər öz uca və əzəmətli binaları, geniş və açıq küçələri, səsli sahilləri ilə oyanır.

19414 dəq
Şahin və Sona

Gəmi uzun əsrlər dalğalarla döyülmüş qaya kimi sahildən ayrıldı. Sular onu, bir daha quruya qovuşmasın deyə, quzunu qoyundan ayıran kimi itələyib apardı. Sahildən içərilərə doğru uzanan dərin bir iz qaldı. Sanki, şəhər gəmini buraxmaq istəmirdi. Körpüdə yığılıb ayrılıq mərasiminə dayanan, yaylıq oynadan adamlar hər hansı bir qəzanın əli iləsə müsafirlərdən uzaqlaşırdılar. Gəmidəkilərin üzü şəhərdən dönmür.Sona göyərtədə bir məsumluq heykəli kimi donub qalmışdı. Gözlərindən axan yaş damlaları Xəzər sularına qarışırdı. Keçmişin mənasını gələcəyə söyləyən, doğma məhəbbətin qiymətini verən bu dürdanələr dənizin lap təkinə batırdı.

19413 dəq
Şərbət

Ostapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.

19415 dəq

Başqa şairlərin şeirləri