(El məsəlindən)

Mayil eyvanda kökə yeyirdi. Xallı pişik oturub ona baxırdı. Xallı qulağını şəklədi, gözünü bərəldib ha baxdı, Mayil kökədən pişiyə vermədi. Axırda Xallı dilləndi:

– Myau!

Mayil pişiyə baxmadı. Pişik Mayilin dizinə dırmaşdı, yenə myauldadı və əlini atıb kökəni almaq istədi.

Mayil onu dirsəyi ilə itələdi, yerə saldı.

Külək pişiyə lağ elədi:

– Sən bacarmadın. Dayan, mən kökəni Mayildən alaram!

Külək bunu deyib, qanad çaldı, var gücü ilə əsməyə başladı. Budaqlar tərpəndi, ağaclar səsləndi, xəzəllər töküldü, toz qopdu, hava soyudu.

Mayil tez yaxasını düymələdi, əlindəki kökəni bərk-bərk tutub dişinə çəkməkdə davam etdi.

Yuxu da küləyə güldü və dedi:

– Sən çox hay-küy salsan da, uşağa gücün çatmadı. Kökəni ala bilmədin. Dayan, mən səssizcə iş görəcəyəm. Mayildən kökəni elə alım ki, özünün də xəbəri olmasın.

Yuxu qara paltara bürünüb yumşaq-yumşaq yeridi və gəlib Mayilin gözlərinə doldu.

Mayilin kirpikləri ağırlaşdı, göz qapaqları endi, gözləri ehmal-ehmal yumuldu. Gözlər yumulan kimi, barmaqlar aralandı, əllər açıldı. Kökə uşağın əlindən düşüb, döşəməyə dığırlandı. Xallı pişik fürsət tapdı: - Myau! - deyə sevincək kökənin üstünə atıldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri