Səhifə 2 / 2 · 50%

Qüdrət bir addım da qabağa çıxıb aprelin dördündə başına gələni dərin bir peşmançılıq hissi ilə danışdı. Məhkəmənin də, danışanların da sözünü təsdiq etdi, öz təqsirini boynuna aldı. Ancaq məhkəmədən bir xahiş elədi:

– Yoldaş məhkəmə, yoldaş əyləşənlər!..

Bu müraciətində Qüdrət üç adamın üzünə diqqətlə, təkrarən mənalı-mənalı baxdı və susdu, xeyli müddət məyus dayanıb danışmadı.

Bunlardan biri öz sevimli arvadı, altı aym gəlini Adilə, biri basılan uşağın anası, cavan müəllimə Əminə, üçüncüsü də bizim yaxşı tanıdığımız Əlihüseyn əmi idi.

Demək olar ki, Qüdrətin gözü bu kişinin gözünə sataşanda lap çox xəcalət çəkir və başını aşağı salırdı.

O mətləblər ki, bu hadisə baş verəndə Əlihüseyn əminin xəyalında cəmlənmişdi, indi də Qüdrətin qəlbində bir daş kimi yumrulanıb qalmışdı. Qüdrət ustasının üzünə baxmağa da əzab çəkirdi. Əlacı olsa baxmazdı. Ancaq baxırdı və baxışı ilə ustasına nə isə uzaqdan-uzağa demək, izah etmək istəyirdi.

Məhkəmə ona sual verəndə əlinə fürsət düşdü, köynəyinin yaxasını bir az da açdı, qollarını yuxarı çəkdi. Üzünü camaata tutub nazik, mülayim və xoş bir səslə dilləndi. Hadisəni və ittihamı təsdiq etdi. Təfsilatı danışdı:

– Yoldaş məhkəmə üzvləri! Adətdir, müqəssir həmişə özünü təmizə çıxarmağa, ittihamını boynundan atmağa, heç olmasa yüngülləşdirməyə çalışar. Məndən bunları gözləməyin. Mənim təqsirim çoxdur və bağışlanmalı deyil. Bəlkə belə bir xahişi heç kim etməməlidir. Ancaq məhkəməyə bir şey aydınlaşdırmaq üçün hadisə baş verən şəraiti dürüst təsvir etməliyəm. Burada dedilər və yazılanlarda da var ki, guya "qaranlıq olub, Zığ yolu sürüşkən olub, şofer yuxulu"... və sair, mən bunların heç birini təsdiq edə bilmərəm. Bunlar bir səbəb deyil. Hər şofer üçün bunlar mümkündür. Əsl səbəbi demək lazımdır. Ya da heç nə demək lazım deyil, maddədə necə varsa, işi kəsin və hökmü verin! Əsl mətləb də budur ki, üç nəfər cavan oğlan top dalınca maşının qabağına qaçanda mən təhlükəni görüb fövrən maşını sola döndərməli olmuşam və bu halda maşının qanadı uşağa toxunub, bir az da bərk toxunub. Mən gərək maşını döndərməyəydim. Döndərməsəm də üç adamı, azı cavanların ikisini basardım, çünki o sürətlə ki, mən sürürdüm, top oynayanların tindən nagahani yola atılmağı mənim vəziyyətimi ağırlaşdırdı və mən olmasam, kim olsa, vəziyyətdən çıxmaq üçün bir şeyə, bir tədbirə əl atmalı idi. Sükanı sola döndərmək yeganə çıxış yolu idi, uşağın yola çıxmağı ikinci bədbəxtlik oldu. Onda, yenə də maşını dayandırmaq lap möcüzə oldu. Nə yaxşı ki, tormoz tutdu. Yoxsa uşaq... Təkər altında qalacaq idi. Xoşbəxtlikdən uşaq yüngül yaralandı. Yüngül yaralandı deyəndə, mən heç də günahımı azaltmaq istəmirəm. Uşaq, cavan ananın yeganə övladıdır, onun taleyi var. Ananın bütün iztirablarını başa düşürəm. Qanun nə buyurursa, mən cəzamı çəkməyə hazıram. Ancaq məhkəmədən xahiş edirəm ki, avariyanın baş verdiyi şəraiti lap aydın və təfsilatı ilə yazıb göstərsin. Bu sənədlər ayrı yerlərə gedəcək, çox adam baxacaq, mən vicdan əzabı çəkirəm, bunu da nəzərə alın.

Orada yazılıb ki, guya mən yuxulu olmuşam, qətiyyən yox, gündüz saat üçdə nə yuxulu? Bu vaxt sükan arxasında kim yatar? Qoca deyiləm. Kefli olmamışam, mən lap ayıq, nagahani bir vəziyyətdə avariya eləmişəm. Ondan bir gün qabaq axşamdan öz mənzilimdə rahat, şirin yatmışam. Mən heç bir zaman yuxulu, sərxoş sükan arxasında oturmaram. Az-çox məni tanıyanlar var, lazım olsa çağırıb soruşa bilərsiniz.

Bu sözü deyəndə Qüdrət zala nəzər saldı, gözləri ustasına sataşan da tez başını aşağı saldı, səsini kəsdi.

Əlihüseyn əmi, sanki, Qüdrəti başa düşdü, istədi qışqırıb desin ki, "yoldaş məhkəmə, Qüdrət lazımlı adamdır. Onu biz yaxşı tanıyırıq!.."

Sonra yadına düşdü ki, bura iclas deyil, qanun kürsüsüdür. Qanun-qaydanı pozmaq, səs salmaq olmaz. Sözü lap dilinin ucundan qaytardı, özü də hiss etmədən ayağa qalxdı. Durdu, ancaq nə üçün durduğunu bilmədi. Usta pencəyinin ətəklərini yana açıb bir də qatladı, dərindən bir ah çəkib, təkrar yerində oturdu. Ustanın bu hərəkəti nəzərdən qaçmadı, yanındakıların hamısı bunu hiss etdi və dönüb kişiyə baxdılar. Hətta oturanların çoxu ustanın Qüdrətin atası olduğunu güman etdilər. Bəziləri də "yox, bu, basılan uşağın babasıdır", - deyirdilər. Danışıqlar qurtaranda fasilə elan olundu, məhkəmə qərar çıxarmağa getdi. Qüdrət müttəhim kürsüsündə tək-tənha məyus halda oturub ayaqlarının ucuna baxırdı. O, məhkəmənin qərarından, cəzalanacağından yox, ayrı şeydən ehtiyat edirdi.

Uşağın valideynlərinin töhmətindən də o qədər qorxmurdu. Çünki ana özü oğlunun dəcəlliyindən danışıb, uşağını danlayırdı. Qüdrəti narahat edən bir şey idi. O, qorxurdu ki, illər boyu onu oğul kimi sevən, sənət öyrədən, ona zəmanət verən, onunla fəxr edən usta Əlihüseyn bu saat yerindən durub ağır addımlarla onun yanma gələcək, salam-zad da vermədən, ucadan deyəcək:

– Qüdrət, üzün qara olsun! Bu qoca vaxtımda məni camaat yanında üzüqara elədin, əməyimi itirdin, onu saxsı kasa kimi yerə çırpıb sındırdın.

Qüdrət salonda addım səsləri eşitdikcə həyəcanlanırdı. Bu səslər uzaqlaşanda sakit olur, ürəyinin döyüntüsü azalırdı: "Birdən usta gəlib, ağzından çıxanı desə, camaat içində nə cavab verəcəyəm. O da bir məhkəmədir, usta rəsmi məhkəmədən əskik adam deyil. Nə desə eləyər?.." Qüdrət bu məzəmmətdən qorxurdu və ona görə də başını qaldırıb bir yana baxmırdı.

Əlihüseyn əminin vəziyyəti heç də Qüdrətdən yaxşı deyildi. O, yəqin eləmişdi ki, şoferə iş kəsəcəklər, mütləq kəsəcəklər. İş kəsəsi olmasalar, bu qədər həngamə düzəltməzdilər. Aktlar, şahidlər, həkim kağızları, silis, prokuror... Əbəs yerə deyil. Bunların müqabilində Qüd rətə bir-iki il iş verəcəklər...

Bəs, ondan sonra, Qüdrəti dustaqxanaya aparandan sonra Əlihüseyn kişinin təklifi nədir? Necə eləsin, nə desin?

Bəlkə, məhkəmənin qərarını camaat kimi təsdiq eləsin, xəlvətcə qayıdıb evinə getsin? Bəlkə də qabağa düşüb ərizə versin, şagirdini təmizə çıxarmağa cəhd eləsin.

Usta bu niyyətlər arasında mat-məəttəl qalmışdı. Fikir-xəyalat onu aparmışdı. Birdən məhkəmə katibinin məktəb zəngi kimi yeknəsəq səsi eşidildi.

– Məhkəmə gəldi!

Məhkəmənin hökmü oxundu, nə Qüdrət, nə də Əlihüseyn əmi gözləyən qərar oldu. Tamam ayrı cür bir hökm çıxdı: hökmün ümumi, izah hissəsini oxuyandan sonra hakim işə qısaca nəticə vurdu:

– Maşın sürəndə Qüdrətin yol verdiyi səhlənkarlıq ictimai ittiham xarakteri daşıdığından onun işi zavoda, yoldaşlıq məhkəməsinin sərəncamına göndərilsin...

Bu hökm nə Qüdrəti, nə Əlihüseyn kişini intizar və qayğıdan qurtardı. Əksinə, onların hər ikisinin yeni bir ictimai xəcalətlik məqamına, camaat qabağına çıxmağa çağırdı.

Qoca üçün də, cavan üçün də el qabağında dayanıb cavab verməkdən çətin bir iş olmasın gərək!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri