Məşriq
Səhifə 2 / 4 · 25%
II
Ləbbeyk evin işıq səmtində, arşın yarım endə bir dəzgah qurmuşdu. On beş gün idi ki, gecəli-gündüzlü çalışır, boyaqdan yenicə çıxmış əlvan ipləri yan-yörəsinə tökür, urusun şəklini qabağına qoyur, həvəni qayışına taxır, yumaqları top kimi oynada-oynada həvəslə işləyirdi. Bəzən nahara da durmurdu. Qoca atası Məşriq kişi, onun çörəyini də, suyunu da dəzgah başında verirdi.
Sahibkar hər iki-üç gündə Ləbbeykin işinə tamaşa edir, kürəyinə əl vurur, sevinə-sevinə gedirdi. Çox çəkmədi, Ləbbeyk xalçanı başa vurdu.
Bir axşam Ləbbeykgilin qapısını döydülər. Məşriq kişi sahibkarı görəndə baş əydi və:
– Döymək nə üçün, buyurun! - dedi.
Doğrudur, ağa nökər qapısı döyməz, lakin ərbab bu dəfə ona görə döyürdü ki, özü ilə müştərilər gəlmişdi. Bir də yanındakılar adi müştəri deyil, əcnəbi vilayətin adamları idilər. Ərbab onların yanında nəzakətli tərpənirdi.
Müştərilər Ləbbeykin hünərinə heyran qaldılar. Onların biri ucaboy, qarayanız, ortayaşlı firəngilibas bir kişi idi. İkincisi lap cavan, ağbəniz, nazik oğlandı. Hər ikisi Ləbbeykin əlini sıxdı, qabiliyyətinə afərin dedi. Firəngilibas kişi farsca bilirdi.
Gülə-gülə Ləbbeykə dedi:
– Bilirsən kimin şəklini toxuyursan?
– Bəli, urusdur.
– Urusluğunu bilmək azdır, onu tanımaq lazımdır.
– Tanımıram, xeyr!
– Bil: o, Lenindir, Lenin! Sənin bu xalçana Moskvada milyonlar baxacaq. Bizim həssas, qədirbilən bir xalqımız var. Səni şəxsən tanımasa da, sənətinə mərhəba deyəcək, alqışlayacaqdır. Sən bizim rəhbərin şəklini yaratmısan. Sağ ol, çox zəhmət çəkmisən!
Sahibkar, Ləbbeykin müştəriləri maraqla dinlədiyini hiss etmişdi. Xəlvəti gözünü ağartdı, çağırıb kimin dalısıncasa göndərdi, başdan elədi. Müştərilər xalçaya bir də baxdılar, ölçdülər, rusca nə isə danışdılar, sonra ərbabla sövdələşib, beh verdilər ki, bu bizim malımızdır, xahiş edirik, tez əldən çıxardasınız.
Ağası Ləbbeyki karxanaya göndərdi ki, görsün gələsi müştərilər oradadır, ya yox. Ləbbeyk isə bu bəhanəni hiss etmişdi. Bilirdi ki, ağası onu əkmək, firəngilərdən aralamaq istəyir. Xalçanın baha qiymətə getdiyini görməsin deyə, qulluğa göndərdi. Bir də düşündü ki, belə deyil, sahibkar sövdəsini məndən gizlətsəydi, heç müştəriləri dəzgahıma gətirməzdi. Yox, ağa sövdədən qorxmur, o, kişilərin şəkil barəsində söhbətindən cinləndi, urusun adını mənə deyəndə, ərbabın kefi pozuldu.
Mənə göz ağartdı, araya söz qatdı. Hə, əlbət ki, hərif qorxur.
Ləbbeyk bu fikirlərlə karxanaya getdi. Orada, söz yox, sahibkarı axtaran heç bir müştəri-filan görmədi. Tələsə-tələsə evə üz qoydu, firəngiləri görməyə, uzun və mehriban kişi ilə, fars dilini danışan o qonaqla bir də söhbətə can atırdı. Ondan eşitdiyi sözləri xəyalında təkrarlayır və deyirdi. "Lenin! Şəkli məndə olan kişi, sən demə, kasıbların rəhbəriymiş, ona görə xalçanı göydə götürdülər. Ona görə ərbab belə dəsgah başlamışdır."
Ləbbeyk öz əlindən çıxan bir işin belə qarşılanmasına, kasıblar atasının şəklini toxumasına sevinirdi. Lakin bu sevinc ani bir ildırım işığı kimi onun tutqun, yoxsulluq və nökərlik qayğıları içərisində sönüb gedirdi. "Nə fayda, çox da iş mənimdir, pul gücünə alıb aparacaqlar, mənə yenə bu qabarlı əl qalacaq."
Ləbbeyk qayıdanda müştərilər çıxıb getmişdilər. Xalçanın satıldığını atasından öyrəndi. Həm ağasının sövdəindən xəbər bilmək, həm də karxanada adam görmədiyini demək üçün kontora getdi. Ağası razılıq etdi:
– Dağını görməyim, ay Ləbbeyk! Xalçanı bəyəndilər. Ancaq gərək sabah axşama kəsək, dəzgahdan çıxaraq, çünki onlar yola düşəcəklər.
Ləbbeyk sabah günortaya işi qurtaracağına söz verdi və qayıtdı. Qayıdan kimi dəzgaha oturub, son haşiyəni bitirməyə çalışdı. Sabaha yalnız saçaqlar, bir də kəsmə işi qaldı.
İndi xalça onun öz əl işi kimi yox, haradansa gətirilmiş hazır və gözəl bir şəkil kimi görünürdü. Sanki o mərhəmətli kişi, həvəslə çalışan toxucuya baxır, mənalı sükutu ilə ona sözlər deyirdi. Ləbbeyk bir ilmə vurur, bir də başını qaldırıb şəklə baxır, özünü saxlaya bilmirdi. Üzünü şəklə tutub dedi:
– Əziz qonağım, az qalıb, sabah ayrılırıq. Səni mən böyük bir həvəslə, tükənməz bir əməklə toxuyub hazırladım. Mənim evimdə də başım üstə yerin olardı. Əlac nədir, sahibkar səni məndən alacaq... - Ləbbeykin səsindən bir ah qopdu, dönüb qapıya tərəf baxdı. Yenə davam etdi: - Deyirlər kasıbların böyüyü sənsən. Kasıbların da xoşbəxti varmış. Yəqin Urusiyətdən uzaqlarda, Girman şəhərində gözü ilə od üfürən bir toxucudan, onun ac-yalavac həyatından sən xəbərsizsən. Bəl kə sənin dostların bu xalçanı sənin hüzuruna gətirdilər. Görürəm, həmvətənlərin səni çox əzizləyirlər. Bu xalça sənə çatanda yəqin məndən xəbər tutacaq və soruşacaqsan. Onu da deyim ki, kiçik qardaşım Salam çoxdan o tayda, sizin torpaqdadır. Onun sağ əli mənim başıma. And olsun bu qeybi tanışlığımıza və söhbətimizə, mən səni unutmayacağam. Səni yaxşı tanımağa çalışacağam. Arayıb axtaracağam. Gördüm ki, adına nə hörmətlər var. Sənin həmvətənlərindən çox razıyam, dünyada adamın sənin kimi böyüyü, onlar kimi də həmvətəni olaydı!
Səhərisi gün ərbab xalçanı götürüb, müştərilərə aparanda Ləbbeyki anlaşılmaz bir kədər basdı. İndi daha artıq hiss etdi ki, Leninlə möhkəm ünsiyyət bağlamışdır, o, şəkildən ayrılmağa çətinlik çəkirdi. Birdən yadına düşdü ki: " Kitab məndədir, kitabı birtəhər edim, ərbab almasın, bəlkə də yadından çıxıb..."
Ərbab xalçanı aparıb getdi. Ləbbeyk qayıdıb, kitabı vərəqlədi. Uzun zəhmətdən sonra ələ keçirtdiyi bir dost şəkli kimi baxdıqca baxdı, yazılara diqqət yetirdi. Əvvəldən-axıra qədər sanki bu yazılar arasında nə isə axtarırdı. Leninin sözlərini, ya Leninin barəsində deyilənləri axtarırdı. Lakin nizamla yan-yana düzülən və bir-birinə oxşayan hərflər Ləbbeyklə danışmırdı. O, kitabı qatlayıb əlinə aldı, öz-özünə dedi: "Görəsən burada nə yazılıb?"
Bu suala cavab tapa bilmədi, ürəyində rusca oxuya bilən bir yoldaş arzuladı:
– Deyəsən, bu kitab Leninnamədir. Leninnamə olmasaydı, şəklini başda vurmazdılar. Bu sözlər yəqin o kişinin olacaq. Bu sözlər, öyrənməli şeylərdir. Ax, oxuya biləydim! - Ləbbeyk yenə üzünü şəklə tutdu: "Yazılar mənimlə danışmır. Ey Lenin! Ey böyük adam, dillənsənə? Aləmə dediklərindən mənə də, bu kasıb toxucuya da danış. Axı mən də iş əhliyəm. Mənim də dərdim var..."
Ərbabın kontorçusu qapıda göründü. Ləbbeyk kitabı gizlədə-gizlədə:
– Buyurun, buyurun! – deyə onu içəri dəvət elədi. Kontorçu içəri gəlmədi, tələsik dedi:
– Ərbab deyir ondakı əmanəti gətirsin!
Bu tələbdən Ləbbeykin ürəyi qopdu. Bildi ki, kitabı alacaqlar.
– Get, - dedi, - özüm gəlirəm.
Ləbbeyk ürəyində qoymuşdu ki, iki-üç gün möhlət alaram, deyərəm kitab məndə qalsın. Sonra bunu məsləhət görmədi: "Deyər niyə qalsın? Sən iki gündə yeni bir xalça toxuyacaqsan? Kitabı oxuyası da deyilsən. Saxlamaqda nə hiylən var? Yoxsa bir adama göstərəcəksən?"
Belə bir bəhanənin qorxusu da var idi. Ərbab adamın yaxasından yapışa bilər ki, "Leninin kitabını niyə saxlayırsan? Görünür, sənin bunu oxuyan adamın var."
Üzrünün möhkəm olmadığını dərk edəndə Ləbbeyk çaşbaş qaldı, bilmədi neyləsin. Sonra özünə cəsarət verdi. "Açıqca deyərəm, itib. Xalçanı kəsəndə həyətdə qoymuşdum, bilmirəm kim götürüb... Bərkə qalar, pulunu çıxsın..."
Bu rəy xoşuna gəldi. Kitabı taxt altında gizlətdi, kontora getdi.
Sahibkarın vanında adam vardı. Haqq-hesab çəkib kisə-kisə pul sayırdılar.
Sahibkar gözünün ucu ilə Ləbbeykə baxıb dedi:
– Ver kontorçuya!
Ləbbeyk duruxdu:
– Nəyi?
– Əmanəti gətirməmişsən?
– Ağa, itirmişəm.
– Necə itirmişəm, ədə?
– Ağa, vallah, itib... Dünən həyətdən...
Sahibkar işarə elədi:
– İçəri gəl görüm, ədə! Necə yəni itirmişəm, bilirsən onun qiyməti on iki tüməndən yuxarıdır?
Ləbbeyk dinmədi. Ərbab bir az da bərkdən qışqırdı:
– İstəyirsən, əl muzdunu da əmanətin cəriməsinə çıxım?
– Ağa, kim istər cərimə versin? İşdir, olanda olur da. Axtararam, qonum-qonşudan soraqlaşaram. Bəlkə tapılacaq. Amma indilikdə deyirəm itib.
– Ədə, bilirsənmi ki, on iki tümən qiyməti var onun?
– Ağa, lap əlli iki tümən də olsa, əlacım nədir, itəndən sonra...
Sahibkar Ləbbeykin sözünə inanırdı. Bilirdi ki, o, avam fəhlədir, ailəsi də arxayın ailədir. Yüzyaşlı bir qoca atadan başqa kimsəsi yoxdur. Ancaq həmişə ac və ehtiyacda yaşayan əmələnin on iki tümən cəriməyə ağrımaması ərbabı şübhəyə salırdı. Halbuki, ərbab belə izah edirdi: "Yəqin Ləbbeyk ayrı xəyaldadır. Bu xalçadan xüsusi peşkəş umur. Odur ki, cəriməni vecinə almır." Sonra istədi ona xatırlatsın: "Oğul, peşkəşə-zada müştəbih olma. Kitabın pulu sənin xalis günəmuzdundan çıxılacaq, kefinə bax."
Sahibkar bu sözləri deyə bilmədi, çünki Ləbbeyk getmişdi.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-mesriq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:
Anaların üsyanıAvqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.
Ananın köynəyiOğlunu orduya yola salandan sonra, ananın qərarı gəlmirdi. Evdə otura bilmirdi. Qonşusu dərzi Cahangirin yanına getdi, artelə girmək üçün ondan kömək istədi. İki gün sonra ana yüzlərlə fəhlə qadınla yanaşı fabrikada, tikiş maşınının dalında əyləşmişdi. Bu maşın, bu sənət ona çoxdan tanış və yaxın idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sap ilə vurduğu naxışlar məşhur idi. Hər yerdə söylənər, təriflənərdi.Sonradan başı ailəyə, övlad böyütməyə qarışdı. Maşını bir tərəfə atdı.
GülgəzIGülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.
Başqa şairlərin şeirləri
İki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
YamandırBadi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır
Sin ayəsinəAxtaran dəricə dəryalar təkin,Dərs aldı, yetişdi “sin” ayəsinə.